Yeni sivil cəmiyyət: Siyasətsiz nələr etmək olar?
Rəşad Şirinov, 15/03/2010
Bu yaxınlarda çox hörmətli ziyalımız politoloq Leyla Əliyeva məni maraqlı bir konfransa dəvət etdi. Konfrans (dəyirmi masa) Azərbaycanda vətəndaş cəmiyyətinin mümkün yeni rolu ilə bağlı idi. Orada səsləndirdiyim bəzi fikirləri daha geniş kütlə ilə bölüşmək istəyirəm.
Çox zaman biz özümüz belə hiss etmədən. terminologiya məsələsində razılığa gələ bilmirik. Eyni sözlər müxtəlif insanlar üçün fərqli mənaları əks etdirdiyi üçün, nəticə etibarı ilə bu gördüyümüz işin həcmi, miqyası və keyfiyyətinə də təsir edir.
Con Loka görə sivil cəmiyyət azad insanların toplusudur. Mənə görə isə, bu, bizim istifadə etdiyimiz “vətəndaş cəmiyyəti” anlayışının ən geniş izahıdır. Ümumiyyətlə, sivil cəmiyyət və cəmiyyət arasında bərabərlik işarəsi qoymaq mümkündürmü? Zənnimcə, bu, çox gərəkli sualdır, çünki sualın cavabı ilə bizim görə biləcəyimiz işin həcmi də genişlənir.
Yəni siz cəmiyyəti (yəni dövlətlə ailə arasında olan sahəni) daha böyük və daha keyfiyyətli (sivil) görməklə uzun zamandır istifadə olunan “vətəndaş cəmiyyəti” anlayışının qəlibləşmiş mahiyyətini də dəyişmiş olursunuz. “Sivil” sözü bu halda cəmiyyətin keyfiyyətini əks etdirir (yəni mədəni, dinamik, modern və iştirakçı), nəinki onun müəyyən bir hissəsini. Uzun zamandır Azərbaycanda və keçmiş Sovet respublikalarının ərazisində formalaşmış cəmiyyətlərin bir zümrəsi, “vətəndaş cəmiyyəti” kimi tanınan müxtəlif birliklər, dərnəklər, qeyri-hökumət və qeyri-kommersiya təşkilatları insanların təhsili, bacarıqlarının artırılması və maarifləndirilməsi baxımından çox faydalı işlər görmüşlər. Eyni zamanda, insan haqları müdafiəçiləri və müstəqil media quruluşları da bu yolda inanılmaz işlər görmüş, haqq və azadlıqlar uğrunda mübarizənin önündə olmuşlar. Və təbii ki, siyasi partiyalar da, məqsədləri iqtidara gəlmək olsa belə, demokratiyaya can atan ölkələrdə keçid dövründə maarifçilik və təşkilatlanma baxımından olduqca vacib işlər görmüşlər.
Bütün bunlara rəğmən, ölkədə haqq və azadlıqların vəziyyəti 20 il əvvəlkindən daha ağırdır. Bunun obyektiv səbəblərinin subyektiv səbəblərdən daha çox olduğu görünür. Neft pullarının ölkəyə “amansız hücumu”, ictimai təsisatların və dövlətçiliyin zəif olması burada böyük rol oynadı. Müstəqilliyin 20 illiyinə yaxınlaşarkən Azərbaycanda “sivil cəmiyyət” hansı şəkildə olmalıdır ki, artan neft gəlirləri ilə inhisarlaşmış ölkənin uzunmüddətli gələcəyinin daha sabit və təhlükəsiz olmasını təmin etsin.
Burada çox vacib bir məsələ üzərində dayanmaq lazımdır. 1993-cü ildən etibarən Azərbaycan iqtidarı dəfələrlə siyasi müxalifətə sübut etmişdir ki, ölkədə böyük siyasi dəyişikliklər mümkün olmayacaq. Azərbaycan hökuməti siyasəti elə bir sahəyə çevirmişdir ki, orada müxalif siyasi qüvvə olaraq oynamaq çox çətindir. Yəni son 17 il əsasən Azərbaycanda hakimiyyətin konsolidasiyası dövrüdür.
Buradan avtomatik olaraq maraqlı bir sual ortaya çıxır. Siyasətsiz cəmiyyət nəsə edə bilərmi? Təbii ki, siyasət gücün, marağın və zəkanın konsentrasiya olduğu bir məkan kimi daha çox təşkilatlanma və uğur imkanı yaradır. Amma eyni zamanda siyasətin dəyişikliklər gətirmək imkanları mübahisə edilən bir mövzudur. Məşhur Türk liberalı, “Liberal Düşüncə Topluluğu”nun rəhbəri Atilla Yayla qeyd edir ki, cəmiyyətdəki gerçək, dərin dəyişikliklər siyasət yolu ilə deyil, düşüncə və yanaşma dəyişikliyi yolu ilə baş verir. Məşhur iqtisadçı Keynes bununla bağlı bildirir ki:
“Siyasət filosoflarının və iqtisadçıların fikirləri doğru da olsa, yanlış da, ümumiyyətlə, düşünüldüyündən daha çox güclüdür. Həqiqətən də, dünya başqa heç bir şey tərəfindən idarə olunmur. Özlərinin hər hansı bir intellektual təsirdən azad olduğunu düşünən praktik insanlar adətən bəzi vəfat etmiş iqtisadçıların kölələridir”.
Bəli, bir ölkənin inkişafı üçün fikir və düşüncə hərəkatları güclü olmalıdır. Fikir hərəkatı ifadəsi bəzən anlaşılmır, ona görə də bunu bir qədər aydınlaşdırmaq lazımdır. Fikir hərəkatları (siyasi yönü nə olursa olsun) insanları bugünləri və sabahları haqqında düşündürəcək, dünya intellektual təcrübəsindən istifadə edən qurum və institutların yaratdığı bir məhsuldur. Bununçün insanlar ideyanın gücünə inanmalı və fikirlərin insanlar üzərində böyük təsirini qəbul etməlidirlər. Bunun ən gözəl örnəyi dini düşüncənin minilliklərdən bəri insan şüuruna hakim olmasıdır. Məsələn, Məhərrəmlik institutu Azərbaycan düşüncəsi və mədəniyyətində çox dərin yerə sahibdir. Yüz illər keçsə də, ideya yaşayır və hər böyüyən nəsil ilə ənənəyə çevrilir. Azərbaycanda azadlıq düşüncəsinin belə geniş yayılmasına ümid etmək sadəlövhlük olardı.Amma yenə də insanları və zamanı aşan bir azadlıq düşüncəsi üzərində ciddi şəkildə çalışmaq lazımdır.
İkincisi, ölkədə müxtəlif birliklər, maraq dərnəkləri, assosiasiyalar, peşə birlikləri və s. artmalıdır. Orta əsrlərdə İngiltərədə “dostluq cəmiyyətləri” adlı qurumlar yaranmağa başladı. Bu qurumlar elə dərin ideya ətrafında deyil, sadəcə çətinliyə düşəndə bir-birinə yardım etmək istəyən insanların yaratdığı “fond”lara bənzər qurum idi. Üç, beş, on insan bir araya gəlib cəmiyyət qurur və fond yaradırdı. Hər ay öz maaşlarından o fonda müəyyən məbləğ ayırırdılar. Əgər cəmiyyət üzvlərindən birinin başına nəsə gəlirdisə, cəmiyyət həmin fonddan istifadə edərək o üzvün problemini həll edirdi. Bu həm xəstəlik, həm evlilik, həm də dəfn üçün istifadə edilə bilən fond idi. Bu baxımdan, çoxdandır fəaliyyətini izlədiyim, amma hələ ki heç cür qoşula bilmədiyim Yaşıl Velosipedçilər Klubunun gördüyü işi təqdir etmək istərdim. Daha çox “Facebook“dan izlədiyim, Xədicə Hacılı və Elşən Nuriyevin fəal olduğu bu klub gözəl sivil təşəbbüsdür və həm insanlar, həm də ətraf mühit üçün çox vacibdir. Eyni zamanda, bu, sivil cəmiyyət və ideya ətrafında birləşmənin gözəl nümunəsidir. Azad cəmiyyətin çox mühüm göstəricilərindən biri çeşidli birləşmə nöqtələrinin olmasıdır. Plüralist cəmiyyətin ruhu da bunu tələb edir. Demokratik quruculuq, əslində, bu qəbildən olan müxtəlif ideyalar ətrafında birləşən maraq qruplarının vəhdətindən ibarətdir.
Üçüncüsü, təəssüf ki, sivil cəmiyyət və icma qurulmasında istifadə olunan resursların (maliyyə də daxil olmaqla) çoxu kənardan gəlir. Müstəqillikdən sonra Azərbaycanda cəmiyyətin inkişafına verilən dəstəyin böyük bir hissəsi Qərb donorlarından alınmışdır. Bunun səbəbləri arasında hökumətimizin yerli xeyriyyəçilərin “ictimai və siyasi fəaliyyətə” dəstək verməsini xoş qarşılamaması da var. Son zamanlar Azərbaycan hökuməti “QHT-lərə yardım fondu” yaradaraq cəmiyyətin bəzi problemlərini həll etməyə çalışır. Lakin bu işin dövlət tərəfindən edilməsi cəmiyyət üçün müəyyən çətinliklər yaradır. Bu qurumun dövlət qurumu yox, ictimai bir qurum olması və rəhbərliyinə sivil cəmiyyətdən nüfuzlu insanların gətirilməsi (və rəhbərliyin seçkili olması) bu fondun insanlara daha çox yardım etməsinə şərait yaradardı.
Dördüncüsü, çox zaman biz böyük hədəflər arxasınca gedərək realistik, əldə edilə bilən hədəfləri unuduruq. Bilyard oynamağın bir qaydası var ki, deşiyə ən rahat sala biləcəyin kürəni birinci salmalısan. Hədəfləri bir-bir və əminliklə fəth etməlisən. Modern zamanda sivil cəmiyyətin güclənməsi və insan azadlığının təşviq olunması bir çox mühafizəkar və ənənəvi sədlərlə qarşılaşır. Unutmaq lazım deyil ki, mühafizəkarlıq və ənənəvilik modernizmin gətirdiyi texnoloji və elmi nailiyyətlərdən faydalanaraq daha çox nəzarət mexanizmlərinə sahib olmuşdur.
Beşincisi, hökumətlərlə işləmək. Bu ən ağrılı mövzulardan biridir və təcrübəli insanlar bunun təcrübədə müsbət nəticə verəcəyinin imkansızlığını vurğulayırlar. Buna baxmayaraq, mən hesab edirəm ki, hökumətlər nə qədər bizim gözümüzə rasional, vahid bir varlıq kimi görünsələr də, əslində belə deyil. İnsanların maraqları fərqlidir, islahat və dəyişiklik anlayışı da hər yerdə eyni deyil. Dövlət siyasəti - üzərində işlənə biləcək çox geniş bir sahədir. Sivil cəmiyyətdəki intellektual və peşəkar qruplar dövlət siyasətinin tərtib olunması, həyata keçirilməsi və monitorinqində fəal iştirak etməlidirlər. Bu fəaliyyət səmimi və qarşılıqlı olmalıdır. Nə qədər çətin olsa da, dövlət – cəmiyyət arasında olan mürəkkəb münasibəti asanlaşdırmaq üçün addımlar atılmalıdır.
Və son olaraq, Azərbaycanda yaranmış mövcud üsul-idarə sistemi haqqında. Göründüyü kimi, Azərbaycanda uzun zamandır uğrunda mübarizə aparılan demokratik üsul-idarə hələ ki, qurula bilməyib. Burada əsas məsələlərdən biri bizim buna yanaşmamızdır. Əgər bizim üçün demokratiya bir hədəf idisə, o zaman bu, fiaskodur. Yox, əgər demokratiya düşüncəsi daha azad, firavan, insan haqlarına və bərabərliyə hörmət edən, Azərbaycan hüquqi dövlətinə aparan vasitələrdən biri idisə, demək hələ hər şey itirilməyib. Burada “dəyərlər” və “məqsədlər” arasında bir fərq qoymaq lazımdır. İnandığımız şeylər (azadlıq, sosial ədalət, bərabərlik, qanunun aliliyi və s.) bizim dəyərlərimizdir. Biz düşünürük ki, bu dəyərlər ictimai və siyasi həyatda hakim olarsa, daha yaxşı yaşayarıq. Bunların həyatımızda daha çox rol oynaması uğrunda çalışmaq isə bir məqsəddir. Nəyəsə nail olmaq – bu, qoyduğumuz məqsəddir. Məqsəd daha çevik bir konsepsiyadır. Məqsədlər şəraitə və vəziyyətə görə dəyişə bilər. Önəmli olan dəyərlərin sabit qalmasıdır. Azərbaycanda demokratik üsul-idarənin qurulması bir məqsəd idi. Bu məqsədə çatmaq imkansızdır, ən azından bu gün. Çünki demokratik idarəçiliyin əsas ünsürü olan seçki yolu ilə çoxluğun təmsil olunduğu hakimiyyət prinsipi uğursuz oldu.
O zaman məqsəd necə dəyişməlidir? Mənim fikrimcə, Azərbaycanın hakim elitası və vətəndaşları arasında yeni bir dialoq imkanına cəhd göstərilməlidir. Rəsmi elita Azərbaycanda demokratiyanın imkansızlığı barəsində daha səmimi olmalıdır. Bu səmimiyyət həm iqtidarın hakimiyyət daxilində daha rahat hərəkət etməsinə, həm də cəmiyyətdə daha çox legitimlik qazanmasına səbəb ola bilər. Qazaxıstan və Rusiya bunun yaxşı örnəkləridir. Təbii ki, bunun açıq söylənilməsi çox çətin olacaq, çünki Azərbaycan hökuməti bir çox beynəlxalq təşkilatlar qarşısında demokratikləşməyə dair öhdəliklər götürüb. Hal-hazırda bunun necə baş verə biləcəyini təsəvvür edə bilmirəm. Amma bir şey aydındır ki, bu şizofrenik vəziyyət (üzdə bir, daxildə başqa) həm iqtidarı, həm də xalqı çaşdırmaqdadır və Azərbaycanın gələcəyi üçün də təhlükəlidir.









Şərhlər
Post new comment