Sadə dilli azadlıq yazarı
Rəşad Şirin, 31/05/10
Dünya tarixi göstərir ki, çox zaman insanlar mürəkkəb iqtisadi və siyasi nəzəriyyələri başa düşmür. Buna görə araşdırılmasına və formalaşmasına uzun zaman sərf olunmuş düşüncələr qəliz olduğu üçün geniş əks-səda doğurmamışdır. Liberalizm fəlsəfəsi bunlardan biridir. Azadlıq ideyası üzərində qurulduğu üçün liberal fəlsəfə geniş kütlələr arasında nə sosializm, nə də milliyyətçilik qədər rəğbət qazanmamışdır. Hələ dini düşüncə və inancları demirəm. Əlbət ki, azadlıq sözü sadə olduğu qədər də, sadə insanlar üçün anlaşılmazdır.
Amma elə insanlar var ki, çox qəliz mətləbləri belə sadə insanların asanlıqla anlaya biləcəyi dildə izah edir. Bunlardan biri Frederik Bastiat idi. Bastiat 1801-ci ildə Fransanın Bayonne əyalətində anadan olmuşdur. Yeddi yaşında anasını, doqquz yaşında atasını itirmiş, onu xalası böyütmüşdür. Gənc Frederik daha sonra Parisə köçmüş və burada onun universitet həyatı başlamışdır. O, universitetdə çoxlu siyasi və iqtisadi ədəbiyyat oxuyaraq biliklərini dərinləşdirmişdir. Universitet illərində eyni evdə yaşadığı dostu Feliks Coudroy qatı sosialist olduğu üçün Frederik onunla hər zaman mübahisə edirmiş. Sonradan Bastiat qeyd edirdi ki, onun liberal düşüncələrinin formalaşmasında Feliksin böyük rolu var, çünki Felikslə mübahisələr ona yeni arqumentlər axtarmağa, mövcud arqumentləri daha da cilalamağa şərait yaradırdı.
Həyatının daha sonrakı mərhələlərində Bastiat Fransa Azad Ticarət Dərnəyi quraraq Fransada sosialistləşən hökumətlərin siyasətini kəskin şəkildə tənqid etməyə başlamışdır. Bastiat siyasətə atılmış, Fransa parlamentinə seçilmiş, orada da proteksionizm və sosializmə qarşı mübarizəsini davam etdirmişdir.
Frederik Bastiat öz yazılarının sadə dili və iti zehni ilə insanların gözünü açır. Onun yazdığı ən məşhur “Hüquq” əsəri bu gün liberal iqtisadçıların və azadlıq fəlsəfəsini öyrənmək istəyən insanların masaüstü kitabına çevrilib.
Bu kitabda Bastiat deyir ki, hüquq oz vəzifəsini yerinə yetirmir. Hüququn əsas vəzifəsi insanların həyatını, azadlığını və əmlakını qorumaqdır. Bunun üçün o ədalətin qorunması və haqlara hörmət edilməsini təmin etməlidir. Amma Bastiat təəssüf edir ki, bunun tam tərsi baş verir: hüquq (qanunlar və qaydalar) insanların təbii haqq və azadlıqlarını qorumaqdansa onları məhv edir. Ədalət yaratmaqdansa, ədalətsizliyə xidmət edir. Hüquq sadəcə hakim elitanın əlində bir silaha çevrilib və hüququn ilkin anlamını təhrif edərək bəzi insanlar başqalarının hesabına yaşamaq istəyirlər.
Bastiata aid başqa məşhur ifadə də dövlət haqqındadır. “Dövlət elə bir fiksiyadır ki, burada hər kəs başqasının hesabına yaşamaq istəyir”.
Frederik Bastiat sosial elmlər ədəbiyyatına “qanuni soyğun” anlayışını gətirir. O deyir ki, hökumətlər aldıqları vergilər və rüsumlar, eləcə də əmlaka qoyulan digər məhdudiyyətlərlə vətəndaşları soyurlar. Bu soyğun adi, qeyri-qanuni soyğundan fərqlidir, çünki bu soyğunu dövlət özü üçün qanuniləşdirmiş, ona qanunilik və legitimlik donu geyindirmişdir.
Bu fikirləri Bastiat həyatının sonuna doğru yazdığı başqa bir əsərində, “Görünənlər və görünməyənlər” kitabında daha da genişləndirmişdir. Onun düşüncəsinə görə, bizim görə bildiyimiz çox zaman dövlətin bizə göstərdiyidir. Məsələn, salınan yollar və körpülər, inşa edilən binalar, məktəblər, uşaq bağçaları və s. Amma bəzi şeylər var ki, biz onları heç vaxt görə bilmirik. Əgər hökumətlər insanlar üçün daha çox ticarət və biznes imkanları yaratsaydılar, daha az məhdudiyyətlər qoysaydılar, monopoliyaları dəstəkləməsəydilər, qanuni və qeyri-qanuni müdaxilələrin azalmasını təmin etsəydilər – bunların nəticəsində biz indi görmədiyimiz daha nələri görə bilərdik?
Burada çox vacib bir məqama yaxınlaşdıq. Frederik Bastiatın düşüncəsinə görə hökumətlərin qanuni soyğunçuluğu sadəcə mənəvi çöküş yaratmaqla kifayətlənmir. Bu eyni zamanda cəmiyyətin firavanlığına ciddi təsir edir, çünki məhdudiyyətlərin çox olması istehsala və rəqabətə ağır zərbə vurur. Daxili tənzimləmələrin çox olması həm də qiymətləri artırır.
Yaxşı, bəs bu soyğunçuluq niyə baş verir? Bastiat burada iki əsas səbəb gətirir. Birincisi, təbiət etibarı ilə bəzi insanlar istehsal və ya işlə məşğul olmadan rahat pul qazanmaq istəyir. Çalışmağın əziyyəti soyğunun əziyyətindən daha ağırdır. Ona görə də, insanlar imkan olduqda, ikincini seçirlər. Yəni insanlar öz istəklərini mümkün olduğu qədər az əziyyətlə həyata keçirmək istəyir. Bunun qarşısı o zaman alına bilər ki, soyğun nəticəsində insanın çəkəcəyi əziyyət halallıqla çalışdığı zaman çəkdiyi əziyyətdən daha çox olsun. Bu isə ancaq dövlətin ədaləti təmin etməsiylə mümkündür. Yəni qanunlar əmlakı qorumalı və soyğunçunu cəzalandırmalıdır.
İkincisi, sosial mühəndisliyin təkəbbürlü mentalitetidir. Bu məntiqə görə, özünü daha ağıllı və daha güclü hesab edən insanlar cəmiyyəti həmişə bir palçıq kimi, bir gil kimi görür. Bu insanlar cəmiyyəti istədiyi şəklə sala bildiklərini düşünür. Onlar özlərini gildən əşya düzəldən dulusçuya bənzədir.
Bəs niyə hüquq qorumalı olduğu ədaləti və hörmət etməli olduğu haqları məhv edir? Bastait deyir ki, burada yenə də iki məsələ var. Birincisi, insanların tamahı, ikincisi isə yanlış insanpərvərlikdir.
Kitabda başqa çox maraqlı məqam soyğunçuluğun qurbanları haqqındadır. Soyğun qurbanları ara-sıra hüququ yaradanların arasına girib bu prosesə təsir etməyə çalışır. Bunun isə iki cür nəticəsi olur. Birincisi, qurbanlar hakimiyyətə gələrək ədalət və hüququn əsl mahiyyətini bərpa edir. İkinci halda isə, qurbanlar sadəcə soyğunçularla birləşir və soyğun davam edir.
Maraqlısı odur ki, Bastiat yaşadığı müddətdə onun fikirləri çox geniş yayılmamışdı. Bu düşüncələr daha sonra genişlənmişdir. Ancaq çox önəmli bir məqam ondan ibarətdir ki, ölümündən 160 il sonra belə onun səsləndirdiyi fikirlər Azərbaycan da daxil olmaqla, bir çox ölkələr üçün aktualdır.
Təbii ki, Bastiatın yazdıqları bəzi insanlara radikal gələ bilər. Amma mənim üçün onun yazılarının çox fərqli anlamı var. Bastiatın “Hüquq”u insan azadlığının, xüsusilə də iqtisadi azadlıqların çox ciddi təhdid altında olduğu bir dönəmdə səslənən həyəcan təbili idi. Bu, Fransada yaranan mərkəzləşmiş, avtoritar idarəçiliyin genişlənməsinin qarşısını almaq üçün sadə insanlara çox aydın bir səsləniş idi. Fəqət, Bastiatın özünün də qeyd etdiyi kimi, bu düşüncələr çox yayıla bilmir, çünki cəmiyyətlər adətən azadlığa qarşı qərəzli olur. Yeri gəlmişkən, bunu Adam Smit öz “Millətlərin sərvəti” kitabında da qeyd edir.
Bu gün məhdudlaşan azadlıqlarımız üzümüzü yenidən 160 il əvvəl yazılmış mətnlərə çevirir. Cəmiyyətimizdəki azadlıq qıtlığı hər zamankından daha çox hiss olunur. Bu gün “Hüquq”u oxumağın, düşünməyin və hərəkət etməyin əsl zamanıdır.









Şərhlər
Post new comment