Nə üçün ordu müqavilə əsaslı olmasın?

Milton Fridman, 19/07/10

Hal-hazırda bizim silahlı qüvvələrimizə amerikalı gənclərin çox az hissəsi tələb olunur. Bizim iyirmi altı yaşına kimi gənc kişilərimizin maksimum üçdə biri hərbi xidmət keçir. Gələcəkdə “bebi bumerlər” nəsli böyüyəndə bu rəqəm daha da aşağı düşəcək. “İxtiyari” hərbi mükəlləfiyyətin bu və ya digər sisteminin tətbiqi qaçılmazdır. Ordunun müasir komplektləşdirilməsi metodu nəinki sərfəli deyil, o həm də ədalətlilik prinsipləri və azad cəmiyyət qaydalarına uyğun deyil. 
Bununla demək olar ki, hamı razılaşır. Hətta hərbi mükəlləfiyyət tərəfdarlarının əksəriyyəti belə indiki durumda bu sistemi ən yaxşı halda qaçılmaz bəla kimi qiymətləndirirlər. <>Bundan əlavə, çağırışın əleyhinə fərqli siyasi baxışlara malik insanlar çıxış edirlər - Con Kennet Qelbreytdən (Galbraith) tutmuş Barri Qolduoterə (Goldwater), “yeni solçulardan” tutmuş respublikaçı “Ripon Society” üzvlərinə kimi.  

Mövcud icbari komplektləşdirmə sisteminin çatışmazlıqları və müqavilə əsaslı ordunun (All-Volunteer Force) üstünlükləri o qədər geniş məlumdur ki, bizim üçün onları iki sözlə ifadə etmək kifayətdir. Daha vacib sual isə budur - nə üçün bu məcburiyyət davam edir? Cavab belədir: müəyyən mənada bu, ətalətlə - müqavilə əsaslı ordu xeyrinə arqumentlərin daha inandırıcı göründüyü “total müharibə” dövrünün düşüncə stereotiplərilə bağlıdır. Amma daha çox bu vəziyyət “status-kvo tiranlığı” ilə şərtlənir. Rəhbərin iri, mürəkkəb və işlək bir layihəni təbii idarə etmək istəyi - onun hazırkı həyata keçirilmə üsulunu yeganə mümkün üsul kimi nəzərdən keçirməsi və təklif olunan hər hansı digər alternativləri fantastik və qeyri-real adlandırmaqla qəti şəkildə onlara qarşı çıxması (hətta baxmayaraq ki, üsulun dəyişməsi halında həmin inzibatçı yeni sistemi eyni çılğınlıqla müdafiə edər).

Belə bürokratik inadkarlıq çağırış əsaslı ordunun saxlanılması xərcləri ətrafında qeyri-müəyyənliklə daha da dərinləşir. Bu anlaşılmazlığa görə belə bir fikir formalaşır ki, guya müqavilə əsaslı ordu ölkəyə daha baha başa gələcək və ona görə də, çağırışdan imtina maliyyə nöqteyi-nəzərindən məqsədəuyğun deyil. Əslində isə, əgər peşəkar orduya sərf olunan xərclər dəqiq hesablanarsa, demək olar, tam aydınlaşacaq ki, o, çağırış əsaslı ordudan daha ucuzdur. Silahlı qüvvələrin könüllü-kontraktçılardan(müqavilə əsaslı şəxslərdən) komplektləşdirilməsi zamanı mövcud hərbi güc səviyyəsinin saxlanılması tam real bir şeydir. 

Müqavilə əsaslı orduya digər potensial çatışmazlıqlar da aid edilir: orada irqi balans pozulacaq, silahlı qüvvələrin sayını çevik tənzimləməyə imkan verməyəcək, onun tətbiqi hərbçilərin həddən çox  nüfuzundan irəli gələn siyasi təhlükə doğuracaq. Bütün bu problemlər real olsa da, onlardan birinci və üçüncüsü komplektləşdirmə prinsipi ilə heç cür əlaqəli deyil və ona görə də, çağırışın saxlanılması xeyrinə əsaslı arqumentlər ola bilməz. İkinci səbəbə gəldikdə isə, onun daha çox əsasları olsa da, müqavilə əsaslı ordu üçün də müqayisəli çeviklik təmin etmək üsulları mövcuddur.

Get-gedə daha cəlbedici hərbi xidmət şərtləri yaratmaq məcburiyyətinə olan tələbat öz-özünə aradan qalxana kimi, bizim peşəkar orduya tədrici keçidimizə mane olan heç bir səbəb yoxdur. Fikrimcə, biz məhz bu istiqamətdə hərəkət etməliyik və nə qədər tez hərəkət etsək, bizim üçün bir o qədər yaxşı olar. 

Peşəkar orduda yalnız bu cansıxıcı mükəlləfiyyəti mümkün qədər tez başa vurmaq barədə düşünən çağırışçılar (ən azı qismən) yox, hərbi karyeranı könüllü seçmiş şəxslər xidmət edəcək. Döyüş ruhunu yaxşılaşdırmaqla yanaşı, bu, hərbi qüvvələrdə kadrların tez-tez dəyişməsini aşağı salacaq və beləliklə, bu gün hər yeni çağırış kontingentinin hazırlığına hədər yerə sərf olunan iş saatlarına qənaət etməyə imkan verəcək. Bundan əlavə, hərbi xidmətçilər üçün təlimin intensivliyi və peşəkarlıq səviyyəsi yüksələcək ki, bu da öz növbəsində, daha mütərəqqi avadanlıq və texnikanın yaradılmasına şərait yaradacaq. Sayca az, amma daha hazırlıqlı və silahlı, daha savadlı texniki ordu ölkə üçün eyni və ola bilsin, daha yüksək hərbi güc səviyyəsi təmin edər. 

Müqavilə əsaslı orduya keçid insanlara xidmət edib-etməmək məsələsində sərbəstlik verəcək. Başqa sözlərlə desək, belə olduqda, gənc insanın həyatının bir neçə kifayət qədər vacib ilini nə cür keçirməli olduğuna (bundan məhrum olmaq riski nəzərə alınmamaqla) dair qərar vermək səlahiyyətinə malik çağırış komissiyalarının özbaşınalığına son qoyulacaq. Bunun əlavə üstünlüyü siyasi müzakirələrin keyfiyyəti və tonallığının yaxşılaşdırılması olacaq. 
Müqavilə əsaslı orduya keçid həmçinin bu gün çağırış kontingentinə daxil olan, amma xidmət göstərməyən şəxslərin müstəqillik səviyyəsini yüksəldəcək. “Orduya getmək” perspektivi  söz, toplaşma və etiraz aksiyaları keçirmək azadlığının məhdudlaşdırılması üçün bir alət kimi ( hər halda gənclər belə düşünür) istifadə olunur. Gənc insanların xaricə səfər etmək və ya emiqrasiya etmək hüquqları da bilməyərəkdən qanun pozucusuna çevrilməmək üçün çağırış komissiyasından icazənin alınması zərurəti ilə məhdudlaşır.

Komplektləşmənin müqavilə prinsipinin insan azadlığına müsbət təsirinin ən bariz nümunəsi o fakt ola bilər ki, bu, dini əqidələrinə görə (həqiqi və ya zahiri) ağrılı və qarşısıalınmaz ordudan “boyun qaçıranlar” problemini tamlığı ilə aradan qaldıracaq.  

Hərbi xidmətə dair məsələdə seçim azadlığının digər bir nəticəsi sosial-qrup prinsipinə əsasən hazırda mövcud ayrı-seçkiliyin ləğv edilməsi olacaq. Hal-hazırda cəmiyyətin yoxsul təbəqələrindən olan bir çox çağırışçılar fiziki və əqli inkişaf göstəricilərinə görə yararsız hesab edilir. Eyni zamanda, imkanlı ailələrdən olan gənc insanların öz təhsillərini bitirmək üçün möhlət almaq şansı daha çox olur. Beləliklə də, çağırış yükü daha çox aşağı sinfin yuxarı təbəqələri və orta sinfin aşağı təbəqələrinin çiyinləri üzərinə düşür. Orduya düşən orta məktəb məzunlarının sayı tələbələrin və ya natamam orta təhsilli şagirdlərin sayından lap çoxdur.
Ordunun peşəkarlaşdırılması həm xidmət edən və həm də xidmət etməyən gənc insanlara uzunmüddətli maraqlarına uyğun olaraq, öz  təhsillərini, əmək fəaliyyətlərini, nikah və övlad dünyaya gətirmək məsələlərini planlaşdırmaq imkanı verir. İndi çağırış “Domokl qılıncı” kimi onların bütün qərarlarının üzərindən asılıdır. Bu da çox vaxt hansısa hərəkətlərinin hərbi xidmətdən yayınmaq riski yaratdığına görə (haqlı və ya haqsız), onları düşündükləri  kimi hərəkət etməkdən çəkindirir.

Çağırışın komplektləşdirmənin müqavilə(və ya püşk)  prinsipi ilə əvəzlənməsi kollec və universitetlərə öz təhsil funksiyalarını tamlığı ilə yerinə yetirməyə, ali məktəblərə yalnız çağırışdan yayınmaq üçün daxil olan “boyun qaçıranlar”dan (onların sayı isə yəqin ki, yüz minlərlədir) və təhsil məsələlərinə heç bir aidiyyatı olmayan müzakirələrdən yaxa qurtarmağa imkan verər. Bizim təhsil sisteminə əlbəttə ki, müzakirələr lazımdır; amma bu müzakirələr çağırış komissiyaları tərəfindən tələbələrə möhlət hüququnun verilib-verilməməsi yox, elm və tədris məsələləri barədə olmalıdır.

Eyni qaydada, cəmiyyət ümumən, hal-hazırda çox vaxt çağırış “dəyənəyi altında” bağlanan düşünülməmiş erkən nikahların və müvafiq doğuşların sayının ixtisar edilməsindən yalnız qazana bilər. Biznes və dövlət isə möhlət hüququna görə yox, onların peşə hazırlığına görə gənc insanları işə götürə bilər.

Əgər məcburiyyət hələ də saxlanılırsa, qeyri-bərabərlik, vəsaitlərin sağa-sola xərclənməsi və vətəndaş azadlıqlarının pozulması qaçılmaz olacaq. Püşkatma yolu ilə çağırış hazırkı sistem üçün səciyyəvi olan özbaşınalığın yalnız daha açıq forması olacaq. Ümumi hərbi mükəlləfiyyət isə yalnız çağırışın zərərli nəticələrini daha da gücləndirəcək; bəzi gənc insanların həyatlarının tənzimlənməsini gizli saxlamaq üçün bu halda bütün gənclərin və ola bilsin ki, hətta qızların həyatları da tənzimlənəcək.

Əgər hərbi qüvvələrə müvafiq yaş qruplarından olan gənc insanların kifayət qədər yüksək payı lazımdırsa və ya onlar bu yüksək payı həqiqi tələbatlardan azad tətbiq etmək niyyətindədirlərsə, müqavilə əsaslı ordunun üstünlükləri bir çox cəhətdən sıfıra enir. Texniki baxımdan komplektləşdirmənin müqavilə sisteminə keçid bu halda da mümkündür və bu halda hansısa güclü cəhətlər saxlanılacaq. Çünki hərbi xidmətə namizədlərin tam 100%-nin həqiqətən orduya yazılacağı real deyil, amma əgər fiziki cəhətdən yararlı şəxslərin əksər çoxluğu bu və ya digər şəkildə xidmət edəcəksə, seçim azadlığı, müəyyənlik və s. üçün məkan daralacaq. Belə vəziyyətdə silahlı qüvvələrə lazımi miqdar könüllü-kontraktçıların(müqavilə əsaslı şəxslərin)  cəlb edilməsi məqsədilə, hərbi qulluqçuların maddi təminatını çox yüksəltmək lazım gələcək ki, bu da bütün cəmiyyət üçün ağır yük olacaq, siyasi və inzibati xarakterli ciddi problemlər yaranacaq. Eyni nəticəni başqa cür də formula etmək olar (iqtisadi elm terminləri ilə): bu konkret şəraitdə kontraktçılara(müqavilə əsaslı şəxslərə) üstünlük verildiyi halda məlum olacaq ki, məcburi hərbi xidmətlə bağlı dolayı vergi müqavilə əsaslı ordunun maliyyələşdirilməsi üçün nəzərdə tutulan birbaşa vergilərdən daha az ağırlıqlıdır.

Beləliklə də, böyük müharibə halında məcburi hərbi xidmət kifayət qədər əsaslı görünür və təcrübədə Birləşmiş Ştatlarda hərbi mükəlləfiyyət məhz bu cür vəziyyətlərdə tətbiq edilmişdir: Vətəndaş Müharibəsi, Birinci və İkinci dünya müharibələrinin gedişi ərzində. Hərbi dövrün səfərbərliyinə dair xatirələr hələ bu qədər təzə olmasaydı, onu yenidən, tutaq ki, 1950-ci ildə tətbiq etməyin mümkünlüyünü təsəvvür etmək çətin olardı. Əslində isə, silahlı qüvvələrin insan resurslarına olan tələbatı artanda biz çox da uzaq olmayan tarixdə, 1941-1945-ci illərdə mövcud olan komplektləşdirmə sisteminə qayıdaraq, ən az müqavimət yolunu tutduq. 

Hazırkı sistemdə silahlı qüvvələrin sırasına könüllü daxil olanların sayı onların komplektləşdirilməsi üçün açıq-aşkar kifayət etmir. Bundan əlavə, əksəriyyət ona görə könüllü gedir ki, istənilən halda onları çağıracaqlarından əmindirlər. “Həqiqi” könüllülərin sayı bizim ordumuzu indiki səviyyədə saxlamaq üçün şübhəsiz ki, çox azdır. Bu bariz fakt daim müqavilə əsaslı orduya keçidin mümkün olmadığının sübutu kimi təqdim olunur.

Əslində bu, o bunu yox, silahlı qüvvələrdə maddi təminatın miqdarının həddən az olduğunu sübut edir. Silahlı qüvvələrə qoşulduqda ilkin ödəniş cəmi həftədə 45 dollardır (özü də burada tək maddi təminatdan yox, həm də hərbi geyim, qidalanma, yaşayış və əsgərlərə “natura”da təmin edilən qalan digər şeylərdən söhbət gedir). “Adi həyat”da əksər gənc insanlar ikiqat artıq qazana bildiklərinə görə, könüllülərin sayının az olmasına təəccüb etməyə dəyməz. Təəccüblü odur ki, könüllü xidməti ümumiyyətlə arzulayanlar var.

Ordunu kontraktçılarla(müqavilə əsaslı şəxslərlə) komplektləşdirmək üçün tək maddi təminatı yüksəltmək yox, yaşayış şəraiti və s. yaxşılaşdırmaqla daha əlverişli müqavilə əsaslı xidmət yaratmaq lazımdır. Mənə etiraz edə bilərlər ki, gənc insanlar üçün pul məşğuliyyət seçimi zamanı yeganə şey deyil. Bu əlbəttə ki, düzdür, amma işə heç bir aidiyyatı yoxdur. Ola bilsin ki, müvafiq ödəniş qeyri-qənaətbəxş stimuldur, amma qeyri-qənaətbəxş ödəniş şübhəsiz ki, insanı hərbi karyeraya son qoymağa vadar edə bilər. Hərbi xidmət gənc insanlar üçün tək pula görə yox, həm də vətənə xidmət etmək, sərgüzəştlər yaşamaq, dünyanı görmək, xüsusi vərdişlərə yiyələnmək və s. görə də cəlbedicidir. Komplektləşdirmənin müqavilə prinsipinə keçidin bir üstünlüyü ondan ibarətdir ki, bu halda silahlı qüvvələr öz kadr siyasətini dəyişməli, əsgər və zabit heyətinin tələbatlarına daha çox diqqət yetirməli olacaq. Hal-hazırda buna heç bir zərurət yoxdur, çünki ordu daim çağırış kontingentlərinin hesabına dolur. Bundan əlavə, humanizmə görə hazırkı komandanlığa hətta tərif də demək və siyasi mexanizmlər vasitəsilə cəmiyyət tərəfindən hərbçilərə dolayı təzyiqin effektivliyini qiymətləndirmək olar: çünki mövcud hərbi xidmət sistemində hərbi xidməti indi olduğundan daha az cəlbedici etmək olardı.  

Silahlı qüvvələrdə kadr siyasəti dəfələrlə tənqidə məruz qalsa da, “təkan” olmadığına görə hər dəfə dəyişməz qalmışdır. Silahlı qüvvələrin tələblərinə cavab verən (üstəgəl ona görə bu xidmətin hazırda həbs edilməyin sinoniminə çevrildiyi “məcburiyyət”in ləğv edilməsi) kontingent üçün hərbi xidmətin cəlbediciliyinin yüksəldilməsi sahəsində yaradıcı həll yolları bizim ordunun imicini gənc insanların gözündə kəskin dəyişmək iqtidarındadır. Bu sahədə nəyi etməyin mümkünlüyünə dair ən dəqiq təsəvvürü bir çox cəhətlərdən çoxdan kontraktçılara(müqavilə əsaslı şəxslərə)  güvənən HHQ-nın kadr siyasəti verir.

Silahlı qüvvələrə lazımi miqdar könüllü kontraktçıların (müqavilə əsaslı şəxslərin)  cəlb edilməsi üçün maddi təminatını nə qədər qaldırmaq lazım gələcəyinə dair sual müdafiə Nazirliyi tərəfindən aparılmış xüsusi tədqiqatda hərtərəfli təhlil edilir. Bu tədqiqat zamanı toplanmış müxtəlif məlumatlara əsasən Uolter Oi öz məqaləsində ilkin ödənişin (yenə də həm pul təminatı və həm də “natura” ilə təminatı nəzərdə tutur) lazımi miqdarını ildə 4000-55000 ABŞ dolları həcmində qiymətləndirir-yəni həftədə təqribən 80-100 dollar [1]. Bu miqdarı çox yüksək adlandırmaq olmaz. Oinin qiymətləndirməsinə görə, könüllüləri hazırkı cəlbetmə metodlarında pul təminatına çəkilən ümumi xərclər (“kadrların axıcılığı” təlimatçıların sayının ixtisara salınmasına görə qənaəti nəzərə almaqla) 2.7 milyon nəfərlik silahlı qüvvələr üçün ildə 3-4 milyon təşkil edir. Eyni sayda peşəkar orduya keçiddə isə (3.1-3.2 milyon adam) bu rəqəm ildə yalnız 8 milyona qədər artacaq. Federal büdcənin ümumi xərclərinin 175 milyard olmasını nəzərə alaraq, hətta bu miqdar belə real görünmür.

Ümumiyyətlə, istənilən rəqəm komplektləşdirmənin məcburi prinsipindən müqavilə prinsipinə keçidlə bağlı xərclər barədə dolğun təsəvvür yaratmır. Əgər biz könüllü-kontraktçılara(müqavilə əsaslı şəxslərə)  lazımi miqdarda hərbi qulluqçuların cəlb edilməsi üçün kifayət qədər cəlbedici şərtlər təmin etsək, bu bizim üçün “zərər” yox, təmiz mənfəət gətirər.  

Bu rəy heç şübhəsiz ki, ədalətlilik nöqteyi-nəzərindən əsaslandırılmışdır: əsgərlərin sayı bütün başqalarından az deyil, onlara öz işçi əllərini layiq olduqları dəyərə satmaq hüququ verilməlidir. Öz istəyi ilə xidmət etməyə hazır olduğu miqdarla müqayisədə onun əməyinin bu cür aşağı qiymətləndirilməsinə nə ilə bəraət qazandırmaq olar? Və ümummilli miqyasda fövqəladə hallardan söhbət getmədiyi bir dövrdə faktiki olaraq, “həddən çox”luğa nə ilə bəraət qazandırmaq olar? Bizim sivilizasiyanın ən böyük nailiyyətlərindən biri feodal və ya monarxların insanların icbari əməyindən istifadə hüququnun ləğv edilməsi olmuşdur. 

Sırf büdcə nöqteyi-nəzərindən müqavilə əsaslı ordunun baha olacağına dair arqumentlər sadəcə, həqiqi xərclər anlayışını formal xərclər anlayışı ilə dəyişik salır. Bu cür arqumentlərə görə, qul əməyindən istifadə edilməklə Misir ehramlarının tikintisini ən rentabelli layihə kimi tanımaq olardı. Hazırkı şəraitdə könüllü xidmət etməyə razılıq verməyəcək əsgərin orduya çağırılması ilə bağlı faktiki xərclər – pul təminatı və onun digər təminatlarına çəkilən xərclərin miqdarı deyil: bu, onun orduya könüllü getməyə razılıq verəcəyi miqdardır. Bununla belə, birinci və ikinci miqdarlar arasındakı fərqi çağırışçının özü çəkir. Onun üçün bu – cəmiyyətin silahlı qüvvələrin saxlanılmasına çəkdiyi xərclərə əlavə edilməli olan xərclərdir. Məsələn, bu xərci peşəkar ulduz futbolçu və işsizə çəkilən xərclə müqayisə edin. Onların hər ikisi hərbi karyeraya (həm müsbət və həm də mənfi) eyni cür yanaşa bilər, amma “mülki həyat”da alternativ məşğuliyyət müqayisəyəgəlməz dərəcədə böyük gəlir gətirdiyinə görə, onun silahlı qüvvələrə cəlb edilməsinə əlbəttə ki, daha böyük miqdar lazım ola bilər. Onu xidmət etməyə məcbur edəndə dövlət həmin şəxsdən onu orduya cəlb etmək üçün lazım olan miqdarla onun orduda real aldığı miqdar arasındakı fərqə bərabər “təbii vergi” tutur. Bizim silahlı qüvvələrə çəkilən real xərcləri müəyyən etmək üçün bu dolayı vergini bizim hamımızın ödədiyimiz “adi” vergilərə əlavə etmək lazımdır. 

Əgər biz bu əməliyyatı aparsaq, o zaman aydın olacaq ki, çağırışdan boyun qaçırmaq demək olar ki, mütləq qaydada orduya real xərclərin azalmasına gətirib çıxaracaq, çünki bu halda silahlı qüvvələrdə o şəxslər xidmət edəcək ki, onlar üçün hərbi karyera – mümkün variantların ən yaxşısıdır və ona görə də onların cəlb edilməsi ucuz başa gələcək. Çağırışdan boyun qaçırılması dövlətin formal xərclərini artıra bilər – sadəcə ona görə ki, gənc insanların bir hissəsinin ödədiyi dolayı təbii vergi bütün əhalini əhatə edən pul vergisi ilə əvəzlənəcək.

Amma hətta formal xərclərin artması zamanı çağırışın aradan qaldırılması bir sıra vacib kompensasiyaedici təsirlər göstərəcək. Kadrların axıcılığının (bu artıq yuxarıda verilmiş qiymətləndirmələrdə nəzərə alınmışdır) azalması ilə yanaşı, hərbçilərin ümumi peşə hazırlığının səviyyəsinin yüksəldilməsi silahlı qüvvələrin sayının və dövlətin xərclərinin ixtisar edilməsinə imkan verəcək.  Hal-hazırda ordudakı işçi qüvvəsi ucuz olduğuna görə ondan qeyri-rasional istifadə olunur: əsgərlər mülki qulluqçulara tapşırıla biləcək, mexanikləşdiriləcək və ya ümumiyyətlə aradan qaldırılacaq vəzifələri yerinə yetirməkdədirlər. Bundan əlavə, xidmət ərzində kontraktçıların (müqavilə əsaslı şəxslərin)pul təminatının artırılması ehtiyata buraxıldıqdan sonra veteranlara təqdim edilən imtiyazların siyasi əhəmiyyətini zəiflədə bilər. Bu gün bu məqsədlərə çəkilən xərclər ildə 6 milyard dollar təşkil edir ki, o da silahlı qüvvələrin hazırkı saxlanmasına çəkilən ümumi xərclərin üçdə birinə bərabərdir və hazırkı vəziyyətin saxlanması halında bunlar heç şübhəsiz yalnız artmaqda davam edəcək.

Amma bu da hələ hamısı deyil. Kollec və universitetlər yaşayış yeri, sinif otaqları və yüz minlərlə gənc insanın asudə vaxtına qənaət edə bilərlər. Bu gənc insanlar işləyəcəklərinə və mümkün çağırış gözləntisi ilə müvəqqəti gəlirlər qazanmaq əvəzinə, yüksək peşə hazırlığı tələb edən iş yerlərinə düzələcəyinə görə, ölkənin ümumi ÜDM həcmi artacaq. Ola bilsin ki, buna əks təsirlər də mövcuddur, amma mən onları müəyyən edə bilmədim.

Bununla belə, formal xərclərlə bağlı vəziyyət nə cür olsa da, peşəkar orduya çəkilən real xərclər demək olar ki, mütləq çağırışa çəkilən xərclərdən az olacaq. Lakin  ümumən cəmiyyət arasında paylaşdırmaqla düzgün hesablasaq, hətta formal xərclərin də artacağını əminliklə söyləmək olmaz. İstənilən halda şübhə etməyə yer qalmır ki, hazırkı sayda könüllü ordunun saxlanması ABŞ üçün iqtisadi və maliyyə baxımından mümkündür.  

O da iddia edilir ki, peşəkar orduya keçid zamanı hərbi xidmət imkanlı insanlardan çox yoxsullar üçün cəlbedici olacaq. Buna görə onda cəmiyyətin yoxsul təbəqələrindən çıxanların payı qeyri-mütənasib dərəcədə yüksək olacaq və bizim ölkədə aşağı gəlirli insanların az olmayan hissəsini Afrika mənşəlilər təşkil etdiyi üçün, verilmiş arqumentdə bildirilir ki, könüllü silahlı qüvvələr əsasən “qaradərili”lərdən ibarət olacaq. 

Amma burada dərhal belə bir sual yaranır: bu, mövcud faktlara nə dərəcədə uyğundur. Axı bu gün belə vəziyyət artıq mövcuddur və özü də daha aşkar formada – pul təminatının hazırkı səviyyəsi müqavilə əsaslı ordudakı daha yüksək ödənişdən ağlar üçün daha az cəlbedicidir (və müvafiq olaraq ilk növbədə qaraları daha çox razı salmalıdır). Bununla belə, onların silahlı qüvvələrdəki payı təqribən ölkənin qaradərili insanların ümumi payı ilə düz mütənasibdir. Qiymətləndirmələrə görə hətta əgər bu gün xidmətə yararlı olan, amma ordudan kənar qalan xidmətə yollanarsa, ağlar istənilən halda bizim hərbçilər arasında əksəriyyəti təşkil edəcək. Silahlı qüvvələrə ən müxtəlif vərdişlərə ehtiyac hiss edir və ən müxtəlif imkanlar təklif edirlər. Orduda xidmət həmişə istənilən sosial təbəqə, ən müxtəlif mənşəli insanları cəlb etmişdir və bu cür olmaqda da davam edəcək. Əgər pul təminatı və digər təminatlar daha cəlbedici olarsa, ehtimal etmək olar ki, orduya cəmiyyətin bütün təbəqələri yollanacaq.

Bir mənada bu arqument hazırkı çağırış əsaslı ordudakı vəziyyətin müqavilə əsaslı ordudakı vəziyyətlə qeyri-düzgün ekstrapolyasiyasını ifadə edir. Axı biz indi hərbi xidmətə insanları məcburi apardığımıza görə, onlara yalnız ən yoxsul insanları qane edəcək əməkhaqqı veririk.

Bundan əlavə, burada daha fundamental bir sual durur – prinsip məsələsi. Aydındır ki, əgər biz ən yoxsul insanlara cəlbedici alternativ təqdim etsək, bunda heç bir pis şey yoxdur. Bunun əksinə dair fikirlər siyasi xarakter daşıyır: Afrika mənşəlilərin silahlı qüvvələrdə yüksək payı guya cəmiyyətdə irqlərarası gərginliyin artmasına gətirib çıxaracaq. Bundan əlavə, zorakılığa əl atacaq hərbi hazırlıqdan keçmiş “ehtiyat” qaradərililər ordusu yaranacaq. Ola bilsin ki, bunda həqiqət var, amma mənim üçün bu cür arqument tamamilə uydurma görünür. Bizim dövlət heç bir yerdə ayrı-seçkilik siyasəti aparmamalıdır – nə “mülki” həyatda və nə də orduda. Bizim siyasətdaxili problemləri qaradərililəri hərbi xidmətlə bağlı əlverişli imkanlardan məhrum etməklə yox, həll etməklə yoluna qoymaq lazımdır.

Çağırışa aid edilən üstünlüklərdən biri onun silahlı qüvvələrin sayını çevik tənzimləməyə imkan verməsidir. Əgər canlı qüvvəyə olan tələbat qəflətən artarsa, çağırışın sayını da müvafiq qaydada artırmaq və ya buna əks hərəkət etmək olar.  Bu üstünlük real olsa da, ona layiq olduğundan artıq qiymət vermək olmaz. İstənilən fövqəladə vəziyyəti komplektləşdirmə prinsipindən asılı olmayaraq, kadrlı ordu qarşılayacaq. Çağırışın sayının artırılması silahlı qüvvələrə təlimləndirilmiş əsgərləri yalnız bir neçə aydan sonra verəcək.

Əsas məsələ bizim üçün lazım olan çeviklik səviyyəsinin nə cür olmasıdır? Lazımi çevikliyi könüllü komplektləşdirmə sistemi təmin edə bilər – düzdür, bunun öz qiyməti var. Bunun üçün pul və xidmət təminatını silahlı qüvvələrin sayının sadəcə saxlanılması üçün zəruri olduğundan daha cəlbedici etmək lazımdır. O zaman könüllü kontraktçılar(müqavilə əsaslı şəxslər) çoxluğu yaranacaq  - onlar “növbəyə düzüləcəklər”. Əgər canlı qüvvəyə olan tələbat artarsa, bu növbə qısalacaq və ya əksinə.

Başqa bir məsələ, əgər söhbət hazırkı vəziyyətdən daimi total müharibə vəziyyətinə keçiddən gedərsə. Əgər hərbçilər bu cür vəziyyətlərdə bizim silahlı qüvvələrin sayının çox dəfə artırılmasına vaxt və əsaslarımızın olacağını hesab edirlərsə, o zaman təlimləndirilmiş ehtiyata malik olmaq və ya “bir kənara qoyulmuş” çağırış sistemini tətbiq etmək üçün ümumi hərbi hazırlığı əsaslandırılmış hesab etmək olar. Həm bu, həm də o biri sülh dövründə və ya lokal konfliktlər şəraitində, yaxud Vyetnam müharibəsinə bənzər müharibələrdə kadrlı orduya çağırışdan fərqlənir. Orada bizim gənclərin yalnız çox az sayı iştirak edir. 

Bundan əlavə, çağırışın təmin etdiyi çevikliyin əks cəhəti də var. O ən azı müəyyən dərəcədə ABŞ hökuməti və hərbi komandanlığa bizim silahlı qüvvələrdən istifadəyə dair qərarların qəbulunda yüksək dərəcədə özbaşınalıq etmək imkanı verir. Komplektləşdirmənin müqavilə prinsipi faktiki olaraq, bütün cəmiyyət miqyasında permanent referendum kimidir. Silahlı qüvvələr qarşısında qoyulun vəzifələrin populyarlığı və ya qeyri-populyarlığı heç şübhəsiz ki, könüllülərin cəlb olunması imkanına təsir edəcək. Yəqin ki, bu fikri kimsə çağırışın saxlanması lehinə arqument kimi şərh edəcək, digərləri isə buna tam əks fikirdə olacaqlar.

Şübhəsiz ki, böyük ordu və onun saxlanılması üçün zəruri olan sənaye kompleksi siyasi azadlığa daimi potensial təhlükə törədir. Əgər beynəlxalq vəziyyət bizə silahlı qüvvələrin sayını ixtisar etməyə imkan versəydi, bizim demokratik institutlar şübhəsiz ki, daha təhlükəsiz vəziyyətdə olardılar.

Bu tamamilə əsaslandırılmış bir təhlükə olsa da, müqavilə əsaslı orduya qarşı əsassız arqumentlərə yol açır. İddia edilir ki, bu halda peşəkar silahlı qüvvələr cəmiyyətlə əlaqəni itirəcək və müstəqil siyasi faktora çevriləcək, halbuki çağırış əsaslı ordu həmişə “xalq” ordusu olaraq qalır. Bu arqumentin əsassızlığı ondadır ki, belə təhlükə ilk növbədə ali komanda heyətindən gələ bilər və istənilən ölkənin zabit heyəti həmişə peşəkar-kontraktçılardan(müqavilə əsaslı şəxslərdən) ibarət olub və indi də ibarətdir. Tarixdən bir neçə misal çəkmək kifayətdir ki, bu məsələyə aydınlıq gətirilsin: siyasi stabilliyə təhlükələr əsasən, əsgər və zabit heyətinin komplektləşdirilməsi prinsipi ilə bağlı deyil. Napoleon və Franko çağırış əsaslı ordunun başında dayanaraq hakimiyyətə gəlmişdilər. Bu yaxınlarda Argentinada baş vermiş çevrilişi həmçinin çağırışçılardan ibarət silahlı qüvvələr həyata keçirdilər. Britaniya və ABŞ kimi demokratik dövlətlərdə ordu ənənəvi olaraq, müqavilə əsaslı, digər demokratik ölkələrdə, məsələn, İsveç və İsveçrədə çağırış əsaslı olub. Tarixi təcrübə əsgər və zabit heyətinin komplektləşdirilməsi sistemi ilə ordudan qaynaqlanan siyasi təhlükə arasında heç bir əlaqə müəyyən etməyib. 

Bizim əsgər və zabit heyətini nə cür yığmağımızdan asılı olmayaraq, ordunun vətəndaş qurumları ilə əlaqəni itirərək özünəməxsus loyallıq təsəvvürləri olan qapalı kastaya çevrilməsinin qarşısını almaq üçün ehtiyat tədbirləri görmək lazımdır. Xoşbəxtlikdən, bizə əsasən bu təhlükədən qaçmaq hələ ki, müyəssər olur. Həm coğrafi prinsipə görə, həm də sosial-iqtisadi amilləri nəzərə almaqla, hərbi məktəblərə seçim üçün geniş bazanın olması ehtiyatda olan zabitlərin ali məktəblərdə ordudan kənar hazırlıq sistemi, zabit korpusunun “aşağı çinlilər” siyahısından tamamlanması və s. kimi lazımi nəticənin əldə edilməsinə şərait yaradır. 

Gələcəkdə biz zabit korpusuna “mülki həyat”dan insanların gəlməsinin qayğısına qalmalıyıq ki, o, əsasən “daxildən” tamamlanmasın. Silahlı qüvvələrə kadrların rotasiyası dövlət aparatında olduğundan az lazım deyil. Siyasi üstünlüklər naminə biz, nisbətən yüksək “axın” və zabitin qısa xidmət müddəti ilə bağlı maliyyə xərclərinin artırılmasına getməliyik. Elə bir kadr siyasəti aparmaq lazımdır ki, o, ən müxtəlif ixtisaslı gənclər üçün orduda zabit kimi “müvəqqəti” xidməti cəlbedici etsin.   

Ordu tərəfindən potensial siyasi təhlükəni tam aradan qaldırmaq mümkün olmasa da, biz onu minimuma endirmək iqtidarındayıq və bu tədbirlərin səmərəsi komplektləşdirmə prinsipindən asılı deyil.

Əgər siyasi iradə varsa, bizə müqavilə əsaslı orduya dərhal keçmək, onu sınaq və səhvlər metodu ilə tədricən həyata keçirmək üçün mane olan heç nə yoxdur. Amma bunun üçün tələb olunan pul təminatı və digər imtiyazların həcmini əvvəlcədən bilmək mütləq lazımdır. Dəyişməz məsələlərə heç bir gərək yoxdur.

Əsgər və zabitlər üçün pul təminatının yüksəldilməsi və məişət şəraitinin yaxşılaşdırılması adi ədalət prinsipindən çıxış etdikdə, istənilən halda lazımdır. Əgər kimsə bu məqsədlər üçün açıq şəkildə əlli faizlik vergi tətbiq etməyi təklif edərdisə, cəmiyyətdə etiraz dalğası baş qaldırardı. Amma çağırışla birlikdə orduda bizim hazırkı ödəniş sistemi məhz buna bərabərdir. Əgər biz bu ədalətsizliyi aradan qaldırmağa başlasaq, “həqiqi” könüllülərin sayı hətta çağırış saxlanıldıqda belə artar. Təcrübə təklif edilən şərtlərin hansı sayda könüllü cəlb etməyə imkan verdiyini və lazımi sayda hərbçi toplamaq üçün onları nə cür yaxşılaşdırılmalı olduğunu göstərəcək. Arzulayanların sayı artdıqca, çağırış “qamçısı”ndan tədricən azad olmaq lazım gələcək.  

Bununla belə, təsvir edilən ssenarinin bir elementi də çatışmır. Çağırışın nisbətən qısa müddətlərə aradan qaldırılması məsələsinə aydınlıq gəlməyincə, silahlı qüvvələrin komandanlığının kadr və “verbovka” siyasətinin təkmilləşdirilməsi üçün lazımi stimulu olmayacaq. Onlarda çağırış “çəliyinə” daha çox söykənərək vaxtı uzatmaq istəyi baş qaldıracaq. Çağırışın “yaşama qabiliyyəti” onun hərbi komandanlığın həyatını çox yüngülləşdirilməsi ilə bağlıdır. Ona görə də çağırışdan imtina etməyin dəqiq müddətlərini müəyyən etmək arzuolunandır.

Mənim qənaətimə görə, çağırışı aradan qaldıraraq müqavilə əsaslı komplektləşdirmə prinsipinə keçid üçün səbəblər lazım olduğundan çoxdur. İnsanın azad edilməsi işində ən böyük irəliləyişlərdən biri natural verginin pul vergisi ilə əvəzlənməsi olmuşdur. Hərbi sahədə isə biz varvar ənənəsinə qayıtdı və burada sivil prinsiplər tətbiq etməyin vaxtı çoxdan çatıb.

Qeydlər
[1] Oi W. The Real Costs of a Volunteer Military // New Individualist Review. Vol. 4. № 4 (Spring 1967).
24 fevral 2010-cu il İlk dəfə: Why Not a Volunteer Army? // New Individualist Review. Vol. 4. № 4 (Spring 1967).

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat