Qaranlıq mağaradan demokratiyaya doğru...

Səadət Cahangir, 04/08/10

Qədim yunan filosofu Platonun “Respublika” adlı dialoqunda yer alan məşhur “Mağara bənzətməsi” tarixən insan, həqiqət və inkişaf arasında uzlaşmanın necə zor alındığını göstərən gözəl bir nümunədir: “Bəzi insanlar doğulduqları gündən bəri qaranlıq bir mağarada, mağaranın qapısına arxaları dönük şəkildə oturmağa məhkumdurlar. Başlarını da arxaya çevirə bilməyən bu insanlar, mağaranın qapısından içəri girən işığın aydınlatdığı qarşı divarda qapının önündən keçən başqa insanların və daşıdıqları şeylərin kölgələrini izləməkdədirlər. Nəhayət, onlardan biri qurtulur, çölə  çıxıb kölgələrin əsl  qaynağını görür və təkrar içəri girib gördüklərini anlatmağa başlayır. Amma onun içəridəkiləri divarda gördüklərinin zahiri olduğuna və gerçəyin mağaranın çölündə cərəyan etməkdə olduğuna inandırması imkansızdır.”

Platonun yaşadığı zamandan yüz illər keçir. Amma onun fəlsəfi baxışları bu gün də bəşəriyyətin yaşadığı ağrılı problemlərin kökündə dayanan səbəbləri açmağa işıq ucu verir. Antidemokratik sistemlər, tirançılıq, insan azadlıqlarının boğulması, fərqli baxışlara düşmənçilik...Günümüzdə bu bəlalardan nə qədər insan əziyyət çəkir?

Qədim Yunanıstandan 21-ci əsrə qədər yol gələn, siyasi idarəçiliyin ən yaxşı forması sayılan demokratiya indiyədək planetin hansı zolağını xilas edə bilib? Müqayisə göstəriciləri problem içində çapalayan cəmiyyətlərin çoxluqda olduğunu aşkara çıxarır. Hərçənd bir siyasi tələb olaraq günümüzdə bütün toplumların demokratiya istədiyi də açıq həqiqətdir.

Çünki demokratiya sadəcə bir siyasi idarəetmə şəkli deyil, bir yaşam tərzi, bir düşüncə forması və bir əxlaq sistemidir. Demokratiya çətin bir yol olsa da, bütün xalqların ruhuna asanlıqla işıq açır. Eyni zamanda, bu gün demokratik olduğunu iddia etməyən bir sistem tapmaq da çətin məsələdir. Mövcud dövlətlər, yerli idarəçilər, siyasi partiyalar, dərnəklər və başqa bütün sivil qurumlar tam demokratik prinsiplərə  bağlı fəaliyyət göstərdiklərini bəyan etməkdədirlər. Bu qurumlara müxalifətdə olanlar da, onları ittiham etdikləri zaman antidemokratiklikdən şikayətlənirlər.

Beləliklə, dövrümüzün "sehrli kəlimə"si bir yandan cəmiyyətdə gözəl prinsiplərə yol açır, başqa yandan müxtəlif baxışların ziddiyyətini doğurur. Bu mənada, demokratiya heç bir cəmiyyətə sehrli çubuqla gəlmir. Onun bir cəmiyyətdə bərqərar olması bir sıra önəmli prinsiplərin uğurla həyata keçirilməsindən asılıdır.

Hər şeydən öncə, insanlar öz  idarəçilərini seçmək və seçilmək üçün ciddi maariflənməlidirlər. Demokratik cəmiyyətlərdə  insanların onları idarə və təmsil edəcək şəxsləri seçməsi ciddi bir məsuliyyətdir. İnsanlar doğru seçim üçün  təlimatlandırılmaq məcburiyyətindədirlər. Bununla bərabər, seçilmək və təmsil etdikləri seçicilərin mənafeyini qorumaq daha böyük bir məsuliyyətdir. Bu cavabdehliyi daşımaq üçün də insan mütləq yetkin olmalıdır.

O cümlədən, insanların azadlığı da məhz maarifçiliklə bağlı bir məsələdir. Demokratiya fərdi azadlığı  qoruyur və inkişaf etdirir. Ancaq bu azadlıqların qalıcı ola bilməsi için toplumun bütün fərdlərinin insan haqq və azadlıqları haqqında bilgili olması önəmlidir. Çünki hər anlamda insan azadlıqlarının önündəki təməl əngəl yenə insanlardan qaynaqlanır.

Maarifçilik və təhsil yolu ilə hər bir şəxs özünü sonuna qədər inkişaf etdirməlidir. Bu yolla müxtəlif sahələrdə  dünyaca məşhur sənətçi, elm adamı və mütəxəssis yetişdirilə bilər. İnsan və onun zəkasına güvənməyən, yaxud  bu əsasda qurulmayan sistemlər demokratik ola bilməz.

Normal cəmiyyət üçün həm də açıq fikirli insanlar yetişdirilməlidir. Demokratiya xoş baxışlarla zənginləşir. Bu səbəblə  demokratik rejimlər açıq fikirli və xoş baxışlı fərdlərə ehtiyac duyur.
Çünki idarəedici orqanların başına aldığı səlahiyyəti bir borc hesab edən belə yetkin şəxslərin keçməsi  cəmiyyətin inkişafına təkan verən önəmli amillərdən biridir.    

“ ...İşini bilən məmurların barmaqla sayıldığı bu ortamda silahlı dövlət güclərinin həqiqi anlamda mafiyalaşması, dövlət mexanizmini dustaq hala gətirməsi, insan haqları pozuntularının  təbiiləşməsi, hüquq dövlətinin iflic edilməsi addım-addım qaçılmaz olmuşdur. Bu mahiyyətdən uzaqlaşma parlament rejimi ilə meydana gəlmiş, aydınlar da beləliklə təmsilçi demokratiyaya qarşı güvənlərini itirmişlər." (P.N. Boratav)

Bəzi arxaik düşüncə sistemindən xilas ola bilməyən rejimlər “mağara” qaranlığından çıxmağa can atan insanların azadlıq və demokratiya arzularını boğmaq üçün bütün güc vasitələrindən yararlanırlar. Bəzən illər ərzində hökm sürən belə anormal idarəçilik metodları insanları yetərincə yormağa müvəffəq olur. Zaman-zaman var-gücünü toplayıb qanuni dəyişikliklər etmək istəyən, cəhdləri hər dəfə boşa çıxarılan xalq hansı mərhələdəsə yeni bir uğursuzluq qorxusuyla addım atmağa çəkinir. Amma şübhəsiz ki, ən böyük dəyərlər böyük çalışma, əzab-əziyyət və səbr sayəsində qazanılır. O halda həqiqi demokratiyaya qovuşmaq istəyən bir xalq bütün bu uğursuzluqları böyük bir uğurun məşqi olaraq qəbul edərək irəli getməyi bacarmalıdır . Demokratiya, əslində, hamımızın məktəbdə həsrətlə başa çatmasını gözlədiyimiz sonuncu dərsə bənzəyir. O dərsin sonunda başınızı mavi göylərin sonsuzluğuna çevirib necə azad nəfəs aldığınızı xatırlayın...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat