Sınmış pəncərə...
Səadət Cahangir, 17/08/10
Məşhur fransız iqtisadçı filosofu Frederik Bastiatın “Sınmış pəncərə” hekayəsi var. Kiçik şəhərdə bir yeniyetmə mağaza vitrinini sındırır. Hay-küy qopur, hamı pəncərənin önünə yığılıb onu “xuliqan” adlandırır. Sonda bu şəxslərdən biri deyir ki, şüşəni dəyişmək lazımdır və mağaza sahibinin verdiyi o pul şüşəsalana təzə kostyum almaq imkanı yaradacaq. Beləliklə, kostyumu tikən dərzi də özünə yeni masa ala biləcək, pul dövr etdikcə şəhərdə hər kəs oğlanın xuliqanlığından fayda görəcək. Son nəticədə məsələnin mahiyyətinə varmayan şəhər sakinləri yaradıcılıqdan deyil, dağıdıcılıqdan faydalanmaqla “xoşbəxt” olacaqlar...
Paytaxtın sökük-tökük küçələrində hər gün qarşılaşdığım kösöv üzlü fəhlələr mənə bu hekayənin qəhrəmanlarını xatırladır. Onlar gerçəklikdə baş verən dağıdıcılığın fərqində deyillər, özlərini də qurucu sayırlar. Çünki hər gün ailələrinə çatdırdıqları beş-on manat 40 dərəcə istidə toz dumanına boğula-boğula yonduqları o daşdan çıxır. Onların çoxu uzaq kənd yerlərindən bir parça çörək arxasınca şəhərə üz tutan çarəsizlərdir. Orda iş-güc yox, torpaqdan bir şey çıxmır, ümid yeri paytaxtın “qara işləri”dir. Heç bir təhlükəsizlik qaydasına əməl olunmasa da, ölüm riski hündür binaların boyuyla bərabər qalxsa da, başqa yol yox. Təki iş olsun, aclığa, ehtiyaca, səfalətə boyun əyməmək üçün “qara bir iş”...
Bu “qara işlər”in də o qədər qaranlığı var ki... Burada insanlar zalım ehtiyac üzündən bir dağıdıcının əməllərinə alət olmağa məcburdurlar. Burada paytaxtın tarixi memarlıq göstəricisi olan qədim divarları düşməncə yonmaq var. Burada şəhərin ruhunu, simasını öldürən yöndəmsiz binaların saxta tikinti “reseptləri”ni həyata keçirmək var. Burada sement əvəzinə qum, daş əvəzinə kərpic, plastik boru əvəzinə rezin boru işlətmək göstərişi verilirsə, sən də o günaha, o harama, o qansızlığa bulaşmaq zorundasan...
Bu “qara işlər”in qaranlığında o qədər insan ölümü gizlənir ki... “Müqaviləsiz, sığortasız çalışan bu əlacsız adamları arayıb-axtaran kim?” düşüncəsi var axı... Indiki parlament deputatlarından birinin yaxın qohumuna bağ evi tikilərkən ikinci mərtəbədən düşüb ölən 26 yaşlı bir fəhlənin ailəsini tanıyıram. Ölümündən sonra fəhlənin yataqxanada bir otaqlı evə güclə sığan 4 nəfərlik ailəsini nəylə susdurublar, bilsəniz - 500 dollarla...
Balakəndən Bakıya çörək arxasınca yollanmış Şəhmir və Hüseynin acı hekayətini bilirsiniz...
Tikilib başa gəlməmiş, dağılıb tökülən binanın uçqunları altında qalan onlarla gəncin hekayətini də bilirsiniz...
Amma bilmədiyimiz çox hekayətlər, çox faciələr də var...
Bu gün Azərbaycanda bəziləri sınmış pəncərəsi qarşısında dayanıb, “nəhəng quruculuq işləri”nin onlara xoşbəxtlik gətirəcəyini gözləyir. Amma pəncərə sındıran ərköyünün şıltaqlığı insanların firavanlığına hesablanmayıb axı. O ya bunu kefindən, ya sərsəmliyindən, ya da mərdimazarlığından edir. Məncə, dünyada belə maneələrdən azad olan insanlar xoşbəxtliyə daha yaxındırlar. Yəni birinin işinə yaramırsansa, pəncərəsini də sındırma. Şəxsi təsərrüfatından götürdüyü qazancla ailəsini rahatca dolandıra bilən kəndçinin şəhərin qaranlıq işlərində nə azarı var axı? Bir dəfə XV Lüdovik bir qrup tacirdən soruşur: “Sizə necə kömək edə bilərəm?”. Onlar cavab verirlər: “Bizə toxunmayın, bizi yalnız buraxın. Dünya öz-özünə idarə olunur”.
"Azadlıq" saytından









Şərhlər
Post new comment