Diktatorluğa görə yalnız üzr istəmək yetərmi?
Səadət Cahangir, 07/09/10
“Demokratiyanın iki canavarla bir qoyunun nahara nə yeyəcəklərini səsə qoymasından daha böyük anlamı var.” (Ceyms Bovard)
Bəzən çevrəmizdəki insanlar, içi mən qarışıq, avtoritar rejimlər haqqında söz açarkən ironiya ilə “krallıq” ifadəsini işlədirik. Hər halda bu bizim “azadlıq”, “bərabərlik” və “demokratiya” deyimlərini mənaca “respublika” sözü ilə sinonim kimi qəbul etməyimizdən irəli gəlir. Əslində isə, həqiqət tam fərqlidir. Avropada demokratik dəyərləri ən yüksək səviyyəyə qədər inkişaf etdirmiş uzun ömürlü krallıqlar olduğunu bilirsiniz. Amma siyasi quruluşu respublika olan nə qədər ölkədə avtoritarizm cəmiyyəti iflic durumuna salıb irəli getməyə qoymur.
Bir cəmiyyətdə fərdin azadlıq və bərabərliyi demokratiyanın, vətəndaşlığın və millətin təməl daşıdır. Əminliklə deyə bilərəm ki, müasir düşüncənin və yeni fikirli insanın formalaşmasında bu prinsiplərin rolu əvəzsizdir. Dünyəvi dəyərləri mənimsəmək, irəli getmək, dünyanın bir parçası ola bilmək üçün insanın azadlıq və demokratiyaya hər şeydən çox ehtiyacı var. Çünki sözün əsl mənasında, həqiqi demokratiya insan əxlaqına əsaslanan bir idarəçilik forması deməkdir.
Bu gün dünyanın liberal düşüncəli intellektual kəsimində avtoritarizmə qarşı nifrət getdikcə güclənir. Bu o təbəqədir ki, diktat rejimlərə qarşı ən qəti ölçülər götürməyi təklif etməklə, insanların milli görüşlərinə və dəyərlərinə toxunmadan onları dünyanın bir parçasına çevirməyi nəzərdə tutur.
Üç il əvvəl ”Guardian” qəzetindən dilimizə bir məqalə (müəllifi Timothy Garton Ash) çevirmişdim.
“Azad ölkədə insanların istədiklərini söyləmək azadlığı olduğu kimi, istədikləri kimi geyinmək azadlığı da olmalıdır. O həddə qədər ki, başqalarının azadlığına heç bir təhlükə törətməyəsiniz... Amerikadan Hitrouya qayıtdığım gün yalnız üzü görünən qara hicablı bir xanımın məni salamlamasından məmnun oldum. Niyə də yox?
... Mənim özümü də aşırmalı şalvar, ağ yaxalıqlı köynək geyən, qalstuk taxan çəhrayı sifətli ingilis narahat edir. Amma mən xahiş etmirəm ki, o bu paltarını çıxarsın... Əgər kimsə azad olaraq hicab geymək istəyirsə, sən niyə bu işə burnunu soxursan?”
Müəllif XXI əsrdə belə dünyanın problemi olaraq qalan avtoritar rejimlərə görə Qərbi də ittiham edir. O belə həssas ölkələrə yanaşmada böyük səhvlərə yol verildiyini, insan azadlıqlarının başqa maraqlara güzəştə gedildiyini, bu bağışlanmaz yanlışların Qərbi uçuruma apardığını yazır. O “əgər Qərb “Hamlet”i oynamağa gedərsə, onda Asiya da Fortinbras kimi krallığın varisi olacaq” deyir. Əslində, özü Böyük Britaniya kimi demokratik bir krallığın vətəndaşı olan müəllif mənim yuxarıda bəhs etdiyim kimi, “krallıq” ifadəsini burada hakimiyyətin vərəsəlik yolu ilə ötürüldüyünü nəzərdə tutan diktat rejimlər anlamında işlədir.
Həqiqətən, bu gün dünyada yüzlərlə belə rejim insanlara zülm verir və onlardan heç bir hesab soran da yoxdur. Latın Amerikası ölkələrindən bir nümunə gətirmək istəyirəm. Panama hökuməti demokratiya yoluna qədəm qoyduqda, 1968-1989-cu illərdəki diktatorluq dönəmində işlədiyi cinayətlərə görə 20 il sonra xalqdan üzr istədi. O zaman Xarici İşlər naziri Juan Karlos Varela dəhşətli irtica illərində itkin düşənlərdən biri Heliodoro Portuqalın xatirə lövhəsinin açılışında dedi: ''Dövlət olaraq sizlərə bir borcumuz var və bu mərasim də Panama dövləti adına üzr diləmək üçündür.''
Doğrudur, Amerika hərbi müdaxiləsi nəticəsində iqtidardan uzaqlaşdırılan 76 yaşlı general Manuel Norieqa müxalif qüvvələrə qarşı etdiyi cinayətlərə və narkotik qaçaqmalçılığına görə 54 il həbs cəzası aldı, amma yaşanan acı gerçəyi heç nə dəyişmədi. Verilən günahsız qurbanlara, həyatı darmadağın olmuş insanlara, inkişafı on illərlə geri atılan Panamaya görə sadəcə bir üzr!
Adətən diktaturalar bir şəxsin, bir qrupun, bir partiyanın uzunmüddətli hegemonluğu sayəsində irəli gedə bilir. Zaman keçdikcə bütün dövlət resurslarını şəxsi məqsədləri üçün ələ alan hegemon qüvvə öz tabeliyindəki insanlara heç bir haqq tanımayacaq qədər cəsarətlənir. Şübhəsiz ki, özündə bu cəsarəti tapan hökumətlə qanuni yolla üzülüşmək də çox çətin olur. Bəzən belə rejimlərin yıxılması üçün mübarizə aparan demokratik qüvvələrə on illər lazım gəlir. Amma demokratiya və azadlıq qlobal dəyərlər olduğuna, diktaturalar bütün bəşəriyyət üçün təhlükə yaratdığına görə bu gün dünyada gedən proseslər də belə rejimlərin aradan götürülməsinə və onların yetişməsinin qarşısının alınmasına yönəldilməlidir. Yəni böyük bir topluma məxsus resursları ələ keçirib onu topluma qarşı silah kimi işlədən güc heç bir halda cəzasız qalmamalıdır. Onların sonu ən yaxşı halda C.Şarpın "Diktaturadan demokratiyaya" kitabındakı məşhur “Meymunların padşahı haqqında nağıl” kimi bitməlidir:
“On dördüncü əsr Çin rəvayətçisi Lyu Cinin bir pritçası çoxdan unudulmuş siyasi hakimiyyət anlayışını dəqiqliklə açır. Çu adlanan feodal dövlətində bir qoca varmış. Onun bütün nökər-naibi meymunlar imiş. Çulular onu meymunlar padşahı adlandırırlarmış.
Hər səhər qoca meymunları öz sarayına çağırar və onların başçısına əmr edərmiş ki, bütün meymunları ağaclardan kollardan meyvə yığmaq üçün dağlara aparsın. Qaydaya görə hər meymun topladığının onda birini qocaya verməliymiş. Qaydanı pozan amansızcasına şallaqlanarmış. Bütün meymunlar çox əzab çəksələr də, şikayət etməyi düşünmürlərmiş.
Bir dəfə balaca meymun o birilərdən soruşur: “Bu ağacları kolları qoca əkib?” O birilər cavab verirlər ki, yox, onlar özləri bitib. Balaca yenə soruşur: “ Biz qocadan icazəsiz meyvə yığa bilmərik?”. O birilər cavab verir ki, yığa bilərik. Onda balaca yenə soruşur:” Bəs onda nə üçün biz qocadan asılı olmalıyıq, hamımız ona qulluq etməliyik?”
Hələ balaca sözünü bitirməmiş bütün meymunlar qəfildən ayılır və hər şeyi anlayırlar. Elə həmin gecə qoca yuxuda olanda meymunlar çəpəri aşaraq qarşılarına çıxanı dağıdıb uçururlar. Onlar qocanın anbarında saxladığı bütün meyvələri də götürüb meşəyə çəkilir bir daha geri qayıtmırlar. Bundan bir az sonra isə qoca acından ölür.”









Şərhlər
Post new comment