Türkiyə dəyişikliyə “hə” dedi, bəs biz?

Səadət Cahangir, 22/09/10

Keçən həftə bütün dünya Türkiyədəki referendumu izlədi. Əslində, uzun zaman kəsiyindən sonra cəmiyyətdə əsaslı yeniliklərə yol açacaq konstitusiya  dəyişikliyini səsverməyə çıxarmaq ölkə üçün ciddi hadisə idi. Hazırda Avropa Birliyinə üzvlük məsələsi böyük mübahisələrlə gündəmi məşğul edən bir müsəlman ölkəsində baş verən siyasi proseslər təbii ki, dünyanın diqqətindən kənarda qala bilməzdi. Dünyanın və Türk intellektual kəsiminin özünün də bu gün ölkədə önəmli islahatlara ehtiyac olduğunu dönə-dönə vurğuladığı bir zamanda  Türkiyə AKP iqtidarının səsverməyə çıxardığı dəyişiklik paketinə “hə” dedi.

Bu nəticənin Türkiyədə çox faydalı islahatlara yol açacağı və sandıqdan çıxan “hə”nin Avropa Birliyinə üzvlük üçün də “hə” cavabı gətirəcəyinə ümid edirəm. Bu, ölkənin Avropanın bir parçasına çevrilməsini ürəkdən arzulayan bütün dünya intellektuallarının istəyidir. Məşhur ingilis liberal tarixçisi, Oksford Universitetinin professoru Timoti Qarton Əş də bu fikirdədir:

“...Türkiyənin üzvlüyü ciddi məsələdir. Aralıq dənizinin şərq sonucunda yerləşən, əhalisinin böyük qismi müsəlman olan demokratik bir dövlət Avropa üçün gözəl xəzinə olardı...

Türkiyədə dünyəvi dövləti qəbul edən bir mötədil islam partiyasının açıq və ədalətli seçkilər yolu ilə hökumətə gəlməsi və liderinin dərhal Avropanın paytaxtlarına səfər edərək öz ölkəsinin Avropa Birliyinə qəbul olunması üçün səy göstərməsindən gözəl nümunə nə ola bilər?.. Nədən Türkiyə dayanmadan yaxşılığa doğru gedir? Çünki AB-yə qoşulmaq istəyir. AB daxilində onun ən güclü tərəfdarı kim?  Öz tarixi düşməni Yunanıstan. Şans buna deyərlər! İslamın çağdaş dünyaya adaptasiyası və qanlı “mədəniyyətlərin toqquşmasından” qaçmaqla, terrorun dərin köklərinin qazılması üçün demokratiyanın yayılması və insan haqlarına hörmət məntiqi bizi “bəli” deməyə
Referendumun nəticələrini analiz edən BBC-nin İstanbul təmsilcisi Conatan Hed yazırdı:

“Çətin və bəzən də münaqişələrə səhnə olan kampaniya müddətinin ardından çıxan sonuclar Türkiyənin hələ də  Başbakan Rəcəb Tayyib Ərdoğanın islahat paketini dəstəkləyənlər və ona qarşı olanların başa- başa bir şəkildə ikiyə ayrılmış durumda olduğunu göstərir.”

Amma bu, əslində, nə deməkdir? Bir ölkədə tolerantlığın, şəffaflığın, demokratiyanın qələbəsi demək deyilmi? Şübhəsiz, belədir.

O zaman çoxlarının boşuna iddia etdiyi kimi, inkişaf üçün qapıları açmağa əngəl İslam dini və ya müsəlmanlıq deyil, arxaik düşüncə sistemi olduğu gerçəyi ortaya çıxmırmı?  

Bizə soy və kök baxımından yaxın olan Türkiyəni boşuna nümunə gətirmədim. Çünki bu gün Azərbaycan da dünyanın köklü siyasi islahatlara ehtiyac duyan ölkələri sırasında yer alır. Hələ keçən əsrin əvvəllərində şərqin ilk demokratik dövlətini quran Azərbaycan xalqı müasir dünyanın bir hissəsi olmağı əsas prinsiplərdən biri olaraq seçmişdi. Bu prinsip dövlətin atributlarında-bayrağında belə öz əksini tapmışdı. Amma bu gün, o dövrdən az qala bir əsr sonra ölkəmiz primitiv sovet düşüncəsinə bənzər bir rejimin məngənəsində çabalayır. Böyük iqtisadi resurslara və insan potensialına malik bir ölkədə yeniləşməyə, demokratikləşməyə, inteqrasiyaya mane olan təbii ki, siyasi idarəetmədəki köklü əngəllərdir.

Burokratik və despotik bir mərkəzdən idarə olunan bu sistemdə monopoliya özəl sahibkarlığın, korrupsiya azad bazarın, mütləq hakimiyyət vətəndaş cəmiyyətinin qarşısına keçilməz sədd çəkir.

Azərbaycan qərbin təkidli tövsiyələrini qulaqardına vuraraq, neft gəlirlərinin bölüşdürülməsində Norveç təcrübəsindən imtina etdi. Azərbaycan dünyanın korrupsiya əleyhinə mübarizə mexanizmindən üz çevirərək, rüşvət maşınının əsiri oldu. Azərbaycan inkişaf etmiş ölkələrin siyasi sistemini rədd edərək, köhnəliyin yedəyində sürünməyə üstünlük verdi.

İndi bu ölkədə hər kəs noyabr ayında keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. İllər boyu saxtalaşdırılmış seçkilərdən bezən insanlar ümidsizlik içindədir. Amma bir millət özü taleyini dəyişmək istəməzsə, onu kim dəyişəcək ki?

Dünya dəyişir və bu axına qoşulmayanları həyat özü vaxtı keçmiş əşya kimi bir kənara tullayacaq.   

Şübhəsiz, hakimiyyətdə olduğu 17 il müddətində azad seçki institutlarından imtina edən, söz azadlığı və insanların sərbəst toplaşmaq hüququnu tanımayan bir hökumətin bundan sonra qonşu Türkiyədəki kimi əsaslı islahatlara meydan açacağı o qədər də inandırıcı görünmür. O zaman problemin ağırlığını çəkmək, güc nisbətini öz xeyrinə dəyişib hökumət başına yeni bir qüvvə gətirmək missiyası üçün fədakarlıq yenə də xalqın üzərinə düşür. Dünyada öz hüquqları uğrunda qətiyyətlə, yorulmadan mübarizə aparıb sonunda məqsədinə çata bilməyən bir xalq yoxdur. Azərbaycanın köhnə düşüncə sistemi ilə indiki durumda qalması, yoxsa çağdaş dünya dəyərlərini qəbul edib irəli getməsi məsələsində açar rolunu da yalnız xalqın iradəsi oynaya bilər. O dəyişikliyin hansı formada baş verəcəyi isə hər halda real situasiyadan asılı olacaq.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat