İdeal siyasətçi hansi xüsusiyyətlərə sahib olmalidir?
Pərvanə Persiani, 08/04/11
Dəyişmək - inkişafın ən əsas şərtlərindəndir. Zaman zaman müxtəlif cəmiyyətlər özünəməxsus inkişaf ənənələri vasitəsilə dəyişərək siyasi kurslar və cərəyanların yaradıcısına çevrilmişlər. Lakin dəyişiklik və cərəyanların, siyasi istiqamətlərin yaranmasında nəyin rolunun daha böyük olduğu bir qədər mübahisə doğuran məqamlardandır.
Belə ki, Qustav Le Bonnun özünün məhşur "Kütlə psixologiyası" əsərində qeyd etdiyi kimi inkişafı kütlə və çoxluq deyil, fərdlər-liderlər gətirir. XVII-XVIII əsrlərdə Qərbi Avropanı bürüyən maarifçilik hərəkatında da bu geniş mübahisələr doğuran bir məsələ idi. Cəmiyyəti necə inkişaf etdirməli? Dəyişikliyi nədən başlamalı? Mərkəzləşmiş güclü dövləti necə yaratmalı? Və s. Bu kimi suallara cavab olmaq uğrunda iki fikir yarışırdı:
a) Xalq-kütlə özü tədricən maariflənməli və dəyişikliyi gətirməlidir (aşağıdan birləşmə)
b)İnkişaf və dəyişiklik güclü siyasi lider tərəfindən irəli sürülmüş və onun idarə etdiyi istiqamət üzrə getməlidir (yuxarıdan birləşmə).
Bu gün də cəmiyyət və onun siyasi lideri mövzusu inkişaf etməkdə olan ölkələrin başlıca polemika mövzusu olaraq qalmaqdadır. Xüsusilə, mübahisə doğuran sosial və siyasi dəyişikliklər fonunda siyasi lider obrazının konkret formulunu tapmaq asan deyildir.
İdeal siyasətçi necə olmalıdır? Suala cavab verməzdən öncə "ideal" və "siyasətçi" anlayışlarına bir qədər daha geniş ayddınlıq gətirək. "İdeal" – məqsəd olaraq çatmağa çalışdığımız hər hnası prinspi vı yaxud dəyərdir. Biz tamamilə qüsursuz (subyektiv baxımdan), mükəmməl bir şeyə ideal deyə bilərik. Lakin tamamən hər cür qüsurdan uzaq, mükəmməl və tənqidə məruz qalacaq heç bir xüsusiyyəti olmayan bir şey varmı? Fikrimin subyektiv səslənəcəyindən çəkinmədən belə bir şeyin olmadığını söyləsəm yanılmadığımı düşünürəm.
İkinci anlayış-"siyasətçi" isə daha geniş, konkret bir anlayışı ifadə etdiyindən burada məsələ bir qədər asandır. Siyasətçi kütləyə başçılıq etməyi öz öhdəliyinə götürərək, ona onun istəklərini müəyyən qanun və saləhiyyətlər çərçivəsində yerinə yetirəcəyinə söz verən, onun tərəfindən seçilərək onu təmsil edən şəxsdir. Deməli, o həm də liderdir. O, yaratdığı hökumətin fəaliyyətinə cavabdehdir. Bəzən isə bir partiya ilə rəqib olan digər bir partiyaya keçən və yaxud koalisiyada birləşə biləcək birisidir.Bir sözlə bəzən o, sadəcə "opportunist"-"imkançı"dır. Təbii ki, sadalananlar hər siyasətçiyə verilən qəti xarakteristika ola bilməz. Lakin biz məsələyə prizmanın müxtəlif bucaqlarından baxmağa çalışırıq.
Rast gəlinən digər bir obraz isə "Büt" yaxud "Yarım-Allah" siyasətçi obrazıdır. Tarixdə bir sıra ölkə başçıları, hökumət liderlərinin kütlə və yaxud müəyyən maraq qrupları tərəfindən bütləşdirildiyinin şahidi oluruq. Fikrimcə, bütləşdirmə daha çox demokratiyanın lazımi kondisiyasına çatmamış, xüsusilə inkişaf etməkdə olan ölkələrdə özünü biruzə versə də, bəzən ən demokratik regionlarda belə bundan yan keçilmir.
Düşünürəm ki, mövzunun əsasə məğzinə nəzər salsaq, qüsursuz insanın necə olduöunu araşdırmağa çalışdığımızı görək olar. Bu fikirdən çıxış edərək ideal siyasətçinin olmadığını söyləyə bilərəm.Lakin bu günkü dünya siyasi mühitindəki gərilmiş atmosferi (Gürcüstan-Rusiya-ABŞ, Ukrayna-Rusiya-ABŞ, İran-ABŞ-İraq və s.) nəzərə alsaq və yaxın keçmişdəki tarixə nəzər yetirsək, düçünürəm ki, qısa olaraq bizim istəklərimizi həyata keçirən –hükumətin fəaliyyıini quran, idarə edən və buna görə məsuliyyət daşıyan şəxsin mənəvi skeletinin konturlarını çəkə bilərik.Vətəni sevmək, tarix və psixologiyanı bilmək, regiona yaxşı bələd olmaq, xalqın problemləri ilə yaxından tanış olmaq, rifahı yaxşılaşdımağa cəhd etmək və s.kimi klassik xüsusiyyətlərdən başqa inkiçaf etməkdə olan ölkənin siyasətçisi üçün sadalayacağım şərtləri onun qarşısına qoyduğu xoş məqsədə uğurla çatması üçün vacib hesab edirəm.
Xülasə olaraq, o, verdiyi qərarların yalnız özünə deyil, bütövlükdə xalqa təsirinin olacağının tam fərqindədir. Bu qərarların hansı effekti verəcəyi barədə onu qəbul etməzdən öncə özünə suallar verir. Bundan əlavə, o, ona əks mövqedə dayananların fikirlərini öyrənməkdən də çəkinmir. Hətta bu fikirlərlə tamamilə razılaşmasa belə, ən azından qarşısındakının nıdın məhz bu siyasi ideologiyaya inandığını anlamağa çalışır. O nə etdiyini və nə istədiyini bilir və xalqla ünsiyyətə girərək məqsədini inamlı şəkildə çatdırmağı bacarır.Prinsiplərinə və verdiyi vədlərə sadiqdir. Onun ideologiyası tamamilə ona məxsusdur-seçki kampaniyası xatirinə yad bir ideologiyanı kirayə götürməmişdir. Əksinə, bu ideologiya onun real kimliyidir.Seçicilər-xalq isə bu ideologiyanı onun özəl yolu kimi qəbul edərək ona inanır və güvənir. Bir sözlə, "ideal siyasətçi" öz "istehlakçılar"ının tələblərinə əla bələd olan "istehsalçı"dır.









Şərhlər
Post new comment