Amma bu, Allah vergisi deyil...

Səadət Cahangir, 05/12/2011

Qədim şumer kitabələrindən birində yazılır: “Bir ağanız və ya bir kralınız ola bilər. Amma əsil qorxulacaq olan şəxs bir vergi məmurudur”.

Bu yazı yüz illər öncə şumerlərin yaşadığı ibtidai cəmiyyətdə məcburi vergilərdən necə boğaza yığıldığının  açıq-aydın sübutdur. Bəhs edilən həmin o dövr idi ki, şumerlədən bir yığın məcburi haqq-evlənmə, boşanma və ölüm üçün belə vergi alınırdı...

O gündən bu günə böyük  inkişaf yolu keçmiş bəşər cəmiyyəti azadlıq dəyərləri üzrə mühüm nailiyyətlər qazanıb. Amma insanın bu minilliklər boyunca heç cür azad ola bilmədiyi dəyişməz bir borcu qalıb-VERGİ. 

İlk vergini kim, harada, kimə ödəyib dəqiq bilən yoxdur. Amma verginin tarixi  miladdan öncə 2000-ci illərdə Misirə gedib çıxır. Qədim Misirdə gündəlik həyatın bir sıra sahələrinə tətbiq olunan vergi getdikcə başqa cəmiyyətlərə də yayılmış və ənənəvi hal almışdır. Məsələn, o dövrdə insanlar üzərinə qoyulan  ilkin öhdəliklərdən biri gündəlik yeməklərin hazırlanmasında istifadə olunan yağa görə alınan haqq idi. Böyük imkanlara malik olmayan əhali isə bu məcburi yükdən qurtulmaq məqsədi ilə vergi tələb olunan yağın əvəzinə, başqa yağlardan istifadə etmək üçün müxtəlif yollara əl atırdılar.

Tam formalaşmış ilk vergi sistemlərindən biri qədim  Romanın  vergi sistemi hesab olunur.  Roma  vətəndaşları  öz əmlaklarına və ailə vəziyyətlərinə  görə  təqdim etdikləri ərizə əsasında  vergiyə cəlb olunurdular.  Hazırda  ərizənin  bu  formasını  bəyannamələr  təşkil edir. 

İmperator  Avqust  Oktavian  (e.ə. 63-cü il  - eramızın 14-cü ili)  bütün əyalətlərdə  vergitutmanın  həyata keçirilməsinə nəzarət məqsədilə  maliyyə təşkilatlarını yaratdı.  Onun həyata keçirdiyi islahatlar nəticəsində  tribut adlı  pul  şəklində ödənilən ilk ümumi vergi yarandı. Ən  qədim  və  geniş  yayılmış  vergilərdən  biri tikililərdən  tutulan  vergi  idi.  Tüstü vergisi  adı altında  bu  vergi  növü  XX  əsrə qədər  mövcud  olmuşdur.  Orta əsrlərdə İngiltərədə tikililərdən  çıxan  tüstünün  sayına  görə 2   şillinq vergi  tutulurdı.

İnsanların tarixən bütün cəmiyyətlərdə ənənə olaraq möhkəmlənmiş  vergilərə qarşı narazılıq etdiklərinə dair də çeşidli nümunələr var. Onlardan bəzilərinə gülmədən keçmək olmur.

Bunlardan biri “vergiyə qarşı çılpaq üsyan” adlanır. Belə ki, 1057-ci ildə İngiltərənin hakimi Mercia Dükü Leofric Coventri kəndində yüksək dərəcədə vergi tətbiq olunacağını açıqladıqda, bu haqsızlığa ilk üsyan edən onun xanımı  Leydi Qodiva oldu. O, “belə bir şey edərsən, kəndi çıl-çılpaq dolaşaram” deyə ərini təhdid etdi. Bu təhdidə baxmayaraq, ağır vergilər tətbiq olununca, Qodiva çılpaq  soyunub bir ata minərək, kəndin küçələrini dolaşmağa başladı. Amma kənd əhalisinə də xəbər göndərərək, küçə pəncərələrinin pərdələrini qapadılmasını xahiş etdi...

Yalnız 1215-ci il tarixli Magna Carta sənədi ilə ingilis vətəndaşları ilk dəfə Kralın səlahiyyətləri məhdudlaşdırdılar. Beləliklə, vergi gəlirlərini xərcləmə hüququ kralda qaldı, vergi tətbiqetmə səlahiyyəti isə parlamentə keçdi.

Türkiyənin ilk ikinci və dördüncü hökumətlərində yer almış Yozqat millət vəkili Süleyman Sırrı isə subay kişilərdən vergi alınması təklifini irəli sürmüşdü. Buna cavab olaraq məşhur yazar Hüseyin Rahmi Gürpınar yazmışdı: “Evlənmədim, evlənməyi də düşünmürəm. Subaylığın cəriməsi neçə lirəsə, çəkməyə hazıram”.

1867-ci ildə isə Uruqvayın Durazino əyalət məclisi kişilərə bığ vergisi qoymuşdu. Bığın hər santimetri üçün 2 peso tələb edən vergiyə qəti etiraz çıxınca, bir müddət sonra o ləğv olundu.

18-ci əsrdə Polşa əhalisi də baca vergisindən boğaza yığılmışdı. Sonda xalq bu gülünc vergiləri ödəməmək üçün od vurub bacaları yandırdılar.

Verginin qanuniliyi  uzun mübarizələrdən sonra indiki hüquqi yerini almışdır. Amma müasir günümüzdə də vergi ilə bağlı insanların içindəki etiraz və narazılıq hissi heç bir halda silinib getməmişdir. Çünki bir çox insan günü bu gün də vergilərin qanun əsasında nizamlanması sahəsində ciddi əskiklər olduğunu, bunun da bir qrupu varlandırdığını və vətəndaşların “istismarına” yol açdığını düşünür. 

“Həqiqətən, indi bir çox ölkələrdə və böyük insanlıq tarixi üçün geniş şəkildə belə başa düşülür ki, zəngin ona görə zən¬gindir ki, onlar bunu başqalarından əldə etmişlər və xü¬susilə onların bugünkü terminlərlə ifadə olunan təşkil edilmiş güclə-dövlətlə bağlılığı var. Belə qarətçi elitalar bu gücdən inhisarlar qazanmaq üçün istifadə edir və vergilər yolu ilə başqalarının istehsal etdiklərini müsadirə edirlər. Onlar dövlət xəzinəsindən yedizdirilir, rəqabətdə döv¬lət tə¬rə¬findən himayə olunan inhisar və məhdudiy¬yət¬lər¬dən fayda¬lanırlar” (Tom G. Palmer, “Kapitalizm mənəviyyatı”).

Həqiqətən, dünyada milyonlarla insan müasir günümüzdə vergilərin qədim anlamının daha da təhrif olunaraq, onun bir “cərimə mexanizmi”nə çevrildiyini düşünür. Müşahidəçilərin fikrincə, əsrlərdən bəri vergidə könüllülük prinsipinin tam özünə yer tapa bilməməsi də bu düşüncə ilə bağlıdır. Min bir zəhmət bahasına əldə etdiyi qazanca görə boynuna qul kimi yüklənən belə ağır  vergiləri “cəza vasitəsi” sayan insanlar haqlı deyilmi?

İnsanın təbiət etibarı ilə azad yaradıldığı nəzərə alınsa, onun yaşamaq, yaratmaq, qazanmaq bacarıqları da Tanrının qarşılıqsız hədiyyəsi kimi qəbul olunmalıdır. O zaman bir insanın o birinə can vergisi tətbiq etməyi nə qədər gülüncdür, deyilmi? Axı bizə Allah vergisi olaraq verilmiş cana görə başqalarına niyə borc ödəməliyik ki?..

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat