Dar ağacına gülümsəyən fotolar

Səadət Cahangir, 27/02/12

Təbrizli yazar Səməd Behrənginin adı ədəbiyyat aləminə yaxşı tanışdır. Onu 1968-ci ildə qətlə yetirib Araz çayına atmışdılar. 29 yaşındaydı. Kəskin qələmli yazıçının şah rejimi tərəfindən öldürüldüyü kimsədə şübhə doğurmamışdı. Behrənginin “Balaca qara balıq” adlı çox gözəl bir hekayəsi var. O hekayəni oxuyan hər kəs sanki yazıçının öz həyatını qələmə almış olduğunu düşünər. Hekayə kiçik bir çayda yaşayan balaca qara balığın qapılıb qaldığı dar arealdan çıxmaq, geniş sulara doğru üzmək və dənizə qovuşmaq arzusundan bəhs edir. Bu arzu o qədər güclüdür ki, nə doğma anası, nə də yaxın çevrəsi onu bu təhlükəli yoldan saxlamaq iqtidarında deyil...

Balaca qara balıq azadlıq arzusuyla düşdüyü yolda qarşısına çıxan hər kəsin gözünü açmağa, qorxudan xilas olmağa və məğlubedilməz sayılan güclərə qarşı savaşmağa çağırır. Keçdiyi təhlükəli yolların sonunda o arzuladığı genişliyə- dənizə qovuşur. Amma burada da “böyük balıqlar kiçik balıqları yeyir” qanunu hökm sürməkdədir. Yaşamaq üçün ya çox güclü dayanmalı, ya da başqasının yemi olmalısan. Yazıçı sonda bir vağın dimdiyinə keçən balaca qara balığın xilas cəhdlərini təsvir edir. İlk cəhddə iti ağlı ilə quşun ağzından qurtulan balıq, sonrakı savaşda dayana bilmir, onun mədəsinə gedir. Amma orada da sakit dayanmır. Öz xəncəriylə quşun mədəsini didib anası üçün ağlayan kiçik balığı xilas etmək qərarı verir. O, vağı öldürüb həmin kiçik balığı azad edir. Özünün quşun ağzından qurtulub-qurtulmadığını isə yazıçı bir cavabsız sonluq olaraq saxlayır...

Əslində cavab bəllidir. Biri öz azadlığı, hədəf və məqsədləri naminə çıxdığı yolda köhnəlmiş, zorakı qaydaları dəyişmək istəyirsə, o yolda hər şeyini, hətta həyatını da itirə bilər. Bu mənada, o balaca qara balıq elə Behrənginin özünü xatırladır. Yaşadığı mühitə yenilik, hüquq və azadlıq gətirmək arzusuyla qələmiylə mücadilə verən və sonda əqidəsinin qurbanı olan bir qəhrəmandı o!

Yaxın günlərdə sosial şəbəkələrdə İran rejiminə qarşı çıxan siyasi fəalların dar ağacından asılmazdan öncə çəkilmiş fotoları yayılmışdı. Vətəndaşı olduğu ölkədə mövcud rejimdən siyasi hüquqlar, ədalət və azadlıq tələb edən bu gənc insanların dar ağacı qarşısında gülümsəyən fotoları insanın qanını dondurur. Onların günahı nədir, doğulduqları ölkədə azad nəfəs almaq, insani haqlardan yararlanmaq arzularını dilə gətirmək istəyimi? Yaxud bir balaca qara balıq kimi başqalarından fərqlənib normal cəmiyyət uğrunda çarpışmaq cəhdlərimi? 

Dünyanın hər yerində dəyişiklik və yenilik istəyən insanların azadlıq mücadilələri alovlanır. Cənubi Azərbaycanda gedən mübarizə də bu mücadilənin bir hissəsidir. Azadlıq insanı keçilməz yollardan atladan, yoxuşdan-yoxuşa yürüdən bir hissdir. Bir yerdə böyük ideallar naminə ölümü belə gözə almaq, o yerdə köhnə üsulla yaşamağın imkansız olduğunu işarət verən ən önəmli cizgidir. O cizgi dünyanın bugünkü mənzərəsini şəkilləndirən bir cizgidir və oradan bizə dar ağacına gülümsəyən minlərlə sima baxır. Qarşımızdakı tabloda dünyanın hər yerində haqqın qalib gəlməsi uğrunda həbsə atılan, işgəncə verilən, öldürülən minlərlə insanın fotosu var. Bütünlükdə bəşəriyyətin insanlıq borcu olaraq, bu acı mənzərəni dəyişib günəşə gülümsəyən fotolardan gözəl bir sərgi açmağın zamanı çoxdan yetişib...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat