Korelyasiya: İqtisadi artım və siyasi azadlıqlar

Məhəmməd Talıblı, 12/03/2012

Demokratiyanın üçüncü dalğası

Dünyamızın həm coğrafi mənzərəsi, həm də siyasi sistemi sürətlə dəyişir. Ölkələrdəki siyasi azadlıqların açılımı dövlətlərin ardıcıl olaraq azadlıq coğrafiyasını genişləndirir. Artıq dünyadakı dövlətlərin ¾-ü azad ölkələrin yolunu tutaraq öz müstəqilliklərinə qovuşub. Hansı xalqlar ki, müstəqil olmaq sıralarına düzülübsə, bir az gec, bir az tez bu uğurlu sonluğu başa vururlar. Çağdaş demokratiya tariximiz 3 epoxadan keçdi. Demokratiyanın birinci dalğası 1980-90-cı illəri əhatə edir ki, bu mərhələdə əsasən Şərqi Avropa ölkələri öz müstəqilliklərinə qovuşdular. İkinci mərhələ, 2000-ci illərdə şərti olaraq “Narıncı inqilab” adlanan possovet respublikaları olan - Ukrayna, Gürcüstan və Qırğızıstanı əhatə etdi. Demokratiyanın üçüncü dalğası isə 2011-ci ildə oldu. Bu isə yaddaşlarda “Ərəb baharı” kimi qalıb. Bu sıraya Tunis, Misir, Liviya kimi ərəb-müsəlman ölkələri daxildir.

Demokratiyanın üçüncü dalğası hesab olunan Şərq dünyasındakı baş verən inqilabı dəyişiklilər hələ uzun illər tədqiqat (beyin-think thank) mərkəzlərinin və ekspertlərin müzakirə mövzusu olacaq. Çünki məhz həmin ölkələrdə “resurs lənəti”(resource curse) hökumətlərə 10 milyardlarla ölçülən daha “isti” pullar gətirməyə başlamışdı, iqtisadi artımlar daimi olaraq yüksəlmişdir və s. Bu iqtisadi situasiyanın diqtəsi altında hansısa siyasi surprizlər gözlənilən deyildi. Amma bu ssenariləri tarixi hadisələr pozdu. Fikrimcə, səbəblər təkcə politoloqları, dövlət adamlarını deyil, beyin mərkəzlərini də dərindən düşünməyə və daha fundamental mülahizələr formalaşdırmağa vadar etmişdir.

Həmin ölkələrdən olan Tunis, Misir, Liviya(bu sırada artmaqda davam edə bilər- Suriya,Yəmən) kimi ölkələrin bəzi makroiqtisadi göstəriciləri, ölkələrindəki sosial-iqtisadi vəziyyət, rifah səviyyəsi, başqa sözlə inqilabi situasiyanı doğuran səbəb-nəticə əlaqəsini təhlil etməsi zəruri meydana çıxmışdır. Çünki, bu dəyişikliklər təkcə siyasi transformasiya deyil, eyni zamanda iqtisadi nəticədir. O baxımdan, Tunisdə sadə bir göyərti satan 26 yaşında Məhəmməd Buəzizinin üstünə benzin tökərək yandırması sadəcə bir qığılcım idi. Əslində, bu cəmiyyətin uzun illər ərzində özündə uzun müddət topladığı narazılığın ifadəsi idi. Mən istərdim ki, hər 3 ölkədə baş verən siyasi kataklizmləri deyil, onların iqtisadi parametrləri ilə tanış olaq.

Tunisdə adambaşına düşən ÜDM 9 min dolların üzərində idi. Tunis eyni zamanda Dünya Ticarət Təşkilatının üzvü idi. Əhalisi 80 milyon nəfər olan Misirdə yoxsulluq səviyyəsi böyük idi. Əhalinin 45 faizi və ya 30 milyondan çoxu yoxsulluq həddində yaşayırdı. Ölkə üzrə hər 4 nəfərdən 1-i işsizdir. Bu isə 20 milyon nəfər deməkdir.

Ən parlaq Liviya nümunəsi

Əhalisi 6,5 milyon olan Liviya əsasən neft ixracatçısı kimi tanınır. Belə ki, bu ölkədə gündəlik neftin istehsal gücü 1,6 milyon barel olmaqla, o, dünyanın 17-ci neft istehsalçısı kimi tanınır. Liviyada neftdən əldə olunan gəlirləri adambaşına böləndə 8000 min dollar düşürdü. Dünya üzrə neft istehsalının 2%-i Liviyanın payına düşürdü. Liviyanın ildə 1,6 milyon barrel hasil edilməklə, neft ehtiyatlarını 80 il bu templə saxlaya bilərdi. Liviyada neft satışından hər liviyalının payına düşən pul bank hesabına köçürülürdü. Benzinin 1 litri 14 sentə satılırdı. 2010-cu ildə valyuta ehtiyatları 100 milyard dolları keçmişdi. İqtisadçıların hesabalamalarına görə, Qəzzafi effektiv iqtisadi siyasət həyata keçirə bilsəydi, bu vəsait ildə 20 milyard gətirməklə 200 milyard ola bilərdi. Bu ölkədə büdcə balansı 32-35 milyard dollar arasında dəyişirdi. Ölkənin heç bir xarici ölkəyə borcu yox idi. Adambaşına düşən ÜDM-in həcmi 15 min dollar idi. Gündəlik istehlak olunan məhsullar dövlət nəzarətində idi. Ölkədə gündəlik malların qiyməti də ucuz idi. Təkcə  40 ədəd çörəyi 15 sentə almaq ölkədə istehlak mallarının qiymətindəki göstəriciləri təhlil etməyə kifayət edir. Liviyada əhalinin elektrik enerjisindən istifadə, o cümlədən təhsil və tibbi yardım pulsuz idi. Liviyada hər 4 nəfərdən biri ali təhsilli idi. Banklar hökumətdən asılı olduğu üçün kreditlər faizi sıfır idi. Yenicə ailə qurmuş gənc ailələrə yaşayış yerinin təmin edilməsi üçün 50 min dollar təzminat verilirdi. Ali təhsilli Liviya vətəndaşı müvəqqəti olaraq iş tapa bilmirdisə, bu zaman hökumət ona iş əldə edənə qədər alacağı əməkhaqqının yarısını təzminat kimi ödəyirdi. Hər doğulan uşaq üçün anaya 5 min dollar verilirdi. Hər bir liviyalı avtomobil almaq istəyirdisə, bu zaman dövlət onun 50%-i özü ödəyirdi. İstənilən bir liviyalı kənd təsərrüfatı ilə məşğul olmaq istəyirdisə, bu zaman ona dövlət tərəfdindən torpaq sahəsi, maşın və avadanlıq, mal-qara və s. təminatlar ödənilirdi. Xaricdə təhsil alanlara və müalicə olunanlara dövlət ayda 2300 dollar pul ödəyirdi. Bu qəbildən olan dövlətin sosial güzəştlərini bir az da sadalamaq olar.Amma bu çoxsaylı “sosal” dövlət siyasəti məni Liviyanın inkişafı fonundakı parametrlərin Azərbaycanla müqayisə etməyə məcbur etdi. Hərçənd ki, sosial güzəştlər sahəsində Liviyanın üstünlükləri birmənalıdır. Amma bəzi müqayisələrin maraq doğurduğunu nəzərə alıb, paralellər aparaq.

Liviyada adambaşına düşən ÜDM 15 min dollar idi, Azərbaycanda 6 min dollar.

Liviyada büdcə gəlirləri 35 milyard dollar idi, Azərbaycanda 20 milyard dollar.

Liviyada illik neft hasilatı 75-80 mln ton həddindədir, bizdə bu rəqəm 53 mln ton

Liviyada valyuta ehtiyatları 100 milyard dollar idi, Azərbaycanda 40 milyard dollar.

Liviyada 3 çörəyin qiyməti təxminən 1 sent idi, Azərbaycanda 1 dollar.

Liviyada dünyaya gələn uşaq üçün birdəfəlik müavinət  5 min dollar verilirdi, Azərbaycanda 100 dollar.

Liviyanın heç bir xarici borcu yox idi, Azərbayacanın (2012-ci il dövlət büdcəsində nəzərə alsaq) isə xarici borcu 7,2 milyard dolları ötür.

Avtoritar hökumət rəhbərlərinin əcaib xarakterləri onunla bağlıdır ki, özləri üçün daha böyük büdcə formalaşdırırlar, nəinki dövlət üçün. Qəzzafinin xarici banklardan çıxan şəxsi varidatının 200 milyard və əlavə olaraq 20 min ton qızılını da nəzərə alsaq, görürük ki, ölkə diktatorunun şəxsi “büdcəsi” dövlət büdcəsindən 2-3 dəfə böyük olub.

Bu ölkələrin hər birinin makroiqtisadi parametrləri və əhalisinin rifah göstəricilərini təhlil edəndən sonra qərara gəlmək olar ki, çoxlu sayda sosial güzəştlərin olmasına baxmayaraq, idarəetmənin səmərəliliyi,demokratik şərait və mənəvi-psoxoloji azadlıqlar olmasa orada rifahın yüksək olması heç bir təsir gücünə və dominant rola malik olmayacaq. Çünki həmin ölkədə iqtisadi rifah vətəndaş məmnunluğu ilə uzlaşmayıb. Liviyadakı prezidentin ölümünə qədər davam edən  vətəndaş müharibəsi bir daha göstərdi ki, belə iqtisadi qüdrət heç də sıravi vətəndaşların istədiyi deyilmiş. Belə sosial rifah göstəricilərinin mümkün olduğu ölkədə inqilablar baş verirsə və bunun üçün minlərlə insanın ölümü xalqı mübarizədən çəkindirib əl-qolunu soyutmursa, demək burada əhali üçün daha əlçatan dəyərləri hökumətlər verməlidir. Belə inzibati və “dəmir əllə” idarə olunmaqla yetərli sayıla biləcək iqtisadi potensiala gövənmək olmaz. Liviyadakı vəziyyəti təhlil edən məşhur milyarder(maliyyəçi) və filantrop C.Soros deyirdi ki, Liviya çox böyük gəlirlər götürüb, lakin Qəzzafi bu gəlirləri şəxsi gəlirə çevirib. Ona görə də xalq ona qarşı qalxıb. Sadə bir həqiqət ondan ibarətdir ki, böyük gəlirləri mənimsəyən diktatorlar sonda xalqın kütləvi inqilablara qalxmasına rəvac verirlər. Əslində bütün problemlər sistemdə və sistem yaradıcılarında olur.

Sistem problemi – Açıq yoxsa qapalı cəmiyyət?

Sistemin xarakteri daha çox siyasi elitanın baxışları və idaəetmənin xüsusiyyətləri ilə bağlı olur. Əğər islahat çevik və davamlı proses deyilsə, o, cəmiyyətin maraqlarınında ifadəedicisi ola bilməyəcək. Bütün təşəbbüslərə arxa çevirən və cəmiyyətin içərisindən gələn səsləri qulaqardına vuran siyasi komandalar özlərini izolyasiyaya salırlar. “Lənətlənmiş” dairəyə düşmüş komandalar isə sonda özünü ifadə vasitəsini islahat tələblərində deyil, zorakı metodlarla silahlanmasında görür. Bu inqilab yoludur. Bütün vasitələrlə susdurulmuş cəmiyyətdə hökumətlər ictimai gəlirləri mənimsəyir, şəffaflıq və hesabatlılıq anlayışların leksikondan silir və sanki cəmiyyətə “müharibə” elan edir. Ona görə, qurduqları sistemdə də elə sonda faciəvi sonluqda boğulurlar. Ərəb dünyasınadkı baş verən hadisələr bir daha göstərdi ki, islahata gedilmədən və açıq cəmiyyət qurmadan güclü və neft “iynəsi” üzərində oturmuş iqtisadiyyatlar sonda “sabun köpüyü” effekti yaradır. O cəmiyyətdə ki, hökumətlər  dialoqdan qaçır, onlar sonda inqilablarla “danışmalı” olur. Bu baxımdan qapalı sistemlər daha çox monoloqlar üçün münasibdir.Tarixi təcrübə də göstərir ki, qapalı sistemlər birmənalı olaraq inqilablara hamilə olur.

Açıq cəmiyyətldə isə daim dialoqlar, təşəbbüslər və rəqabət elementləri üstünlük təşkil edir. Bu zaman siyasətlər cəmiyyətin istədikləri dillə ifadə olunur, nəticələr çıxarılır və səhvlər islah olunur. Bu zaman hökumətə qarşı cəmiyyət qisas “baqajı” yığmır. Onun “əyləci” zaman-zaman mənfi enerjini ixrac edir və sonda cəmiyyətin ruhu sakitləşir. Belə cəmiyyətlərdə əsəbi ovqat və qarşılıqlı kin aparıcı olmur. Məmnunluq və ölkə segvisi hər cür dəyərlərin fövqündə olur. Ona görə, sosialoqlar hesab edirlər ki, cəmiyyət plastilinə bənzəyir, hansı əl ona toxunursa, plastilin də həmin əlin formasını almağa başlayır. Ona görə “yaxşı xalq”, “pis xalq” anlayışlarının heç biri özlüyündə mükəmməl deyil. Xalqları xalq edən sistemin mükəmməlliyi və ya naqisliyidir.

Cəmiyyət daha çox hansı dəyərlərlə (pozitiv və ya neqativ) silahlansa, həmin “əlin də” formasın alacaq. Adətən, təbii resurslarla zəngin ölkələrdə hökumətlər sosial gərginliyin artmasını heç cür proqnozlaşdıra bilmirlər. Həmin ölkələrdəki rəhbərlər daha çox cəmiyyətlə “seyid cəddinə arxayın” kimi davranırlar. Hakimiyyət budaqları arasında asılılığın və “yaxşı idarəetmənin” olmaması, təbii resursların satışından cəmiyyətin xəbərsiz olması üçün qapalı sistem yaradır. Əslində, açıq sistemlər daha çox bölüşmə və ya paylaşma siyasəti tələb edir. Xalqa heç nə burxamayan və bütün iqtisadi resurlar üzərində nəzarət paketinə sahib diktatorlar sonda bütün varidatların da elə Qəzzafi kimi itirirlər. Vaxtıilə Qəzzafiyə hətta yalvararaq az da olsa islahatlar istəyən xalq inqilabi vəziyyət yetişəndə hətta Qəzzafinin fundamental islahat xahişini əllərinin arxası ilə rədd etdi. Çünki islahat qərarı vaxtında verilməmişdi. Necə deyərlər, qar qapıya yağanda qar təmizləyən olmasa da olar...

Ümumiyyətlə, zəngin ölkələrdə maliyyə genişliyi ilə şəffaflıq arasında təzadı ifadə edən 2 tədqiqat təqdim edəcəyəm. “Kapitalın intibahı” təşkilatının ekspertləri 150 ölkənin son 60 illik tarixində apardıqları araşdırmanın nəticələrinə görə, istənilən bir dövlətdə zəngin subyektlərin (biznes oyunçularının, ev təsərrüfatların) avtoritar sistemə adaptasiya edərək yaşamasını qeyri-mümkün hesab edirlər. Ona görədir ki, avtoritar ölkə başçıları və ya diktatorlar ac ölkələrini daha sərt idarəçilik altında saxlaya bilirlər, amma tox vətəndaşları siyasi azadlıqlar olmadan qapalı sistemdə saxlamaq olduqca çətin və ya mümkünsüzdür. Çünki tox vətəndaş daha çox azadlıqlar istəyir. Əslində isə, bu inkişaf göstəricisi və rəqabət qıcığıdır. Ona görə, hər bir halda belə qərara gəlmək olar ki, sərt idarəçilik hətta avtoritar üsul, qapalı sistemlərdə belə qələbəyə gətirib çıxarmır. Əksinə, sərt idarəçilik və milli gəliri yüksək olan ölkələrdə bir qayda olaraq büdcə-vergi şəffaflığı aşağı səviyyədə olur. Çünki həmin ölkələrdə ÜDM artır, amma maliyyə sahəsindəki şəffaflıq ciddi problem olaraq qalır. Məsələn, Açıq Büdcə İndeksinin (OBİ) tədqiqat nəticələrinə görə, yüksək səviyyədə olan milli gəlirə malik ölkələrdə büdcə şəffaflığa istiqamətində meyllilik aşağı səviyyədə olur. Məsələn, nisbətən rifah səviyyəsi yüksək olan ölkələrdə Səudiyyə Ərəbistanı ($23,221), Trinidad və Tobaqo ($19,818) və Malayziya ($13,770) kimi olkələrdə fiskal boşluqlar var. Əksinə olaraq, gəlirlilik səviyyəsi aşağı olan Hindistan (adambaşına UDM - $2,941), Şri- Lanka ($4,769) və Ukrayna ($6,340) indeksə gorə daha yuksək budcə şəffaflığına malikdirlər. Eyni zamanda, “Acıq Budcə İndeksi 2010”un nəticələri aydın şəkildə gostərdi ki, neft və qazdan asılı olkələrdə (Kolumbiya, Meksika və İndoneziya nisbətən istisna olmaqla), ciddi məbləğdə xarici yardım qəbul edən olkələrdə və avtoritar rejimli olkələrdə şəffaflıq və hesabatlılıq hələ də ciddi problem olaraq qalır.

Qarşılıqlı əlaqə: adambaşına düşən ÜDM və demokratiya

Bəzən belə fikirlərə rast gəlirik: siyasət burjua sənəti, demokratiya zəngin və yüksək siyasi şüuru yüksək olan xalqların idarəetmə formasıdır. Bu fikirdə böyük həqiqət var. Demokratiyanın varlı və zəngin ölkələrdə təkamülü və geridönməz xarakter alması məhz  siyasi sistemlə bərabər, istisadi zənginliklə də şərtlənir. Yəqin bu ritorika sizə yad deyil: Azərbaycanda ÜDM bu qədər artdı, bu qədər də artacaq, biz hətta inkişaf etmiş ölkələri belə geridə qoyuruq və s. Bu sözdə müəyyən həqiqət var, o da ÜDM-in artmasıdır.Amma necə artması və niyə artması sualına cavab daha genişdir. Mən dəfələrlə buna münasibətdə fikirlərimi sizinlə bölüşmüşəm,amma ona görə onu geniş şərh etmədən qısaca təkrarlayıram: Bizdə ÜDM-in artmasını şərtləndirən “Əsrin müqaviləsi”ndən irəli gələn neft hasilatının artması və dünyada neftin konyuktur qiymətinin bizim xeyrimizə dəyişməsidir. Bu, hökumətin uğurudurmu? Onda niyə qeyri-neft ÜDM-i bu qədər artmır? Çünki qeyri-neft sektoru inkişaf etməyib və qeyri-neft məhsullarının ixracatı üçün rəqabətə davamlılığı yoxdur. İxracatda neft və neft məhsullarının payı 94.5% olduğu halda, digər 5,5%-lik ixrac ÜDM-ni bu qədər yüksəldə bilmir? Bu, sadə həqiqətdir. Azərbaycanda həqiqətən iqtisadi artım var, lakin  tarazlı iqtisadi inkişaf  yoxdur. İqtisadi ədəbiyyatda  iqtisadi  tarazlıq  dedikdə əmtəə, əmək və kapital bazarlarında tarazlıq başa düşülür. İqtisadi inkişaf dedikdə isə iqtisadi artım, iqtisadiyyatda struktur dəyişiklikləri, həyat səviyyəsi və onun keyfiyyətinin yüksəlməsi başa düşülür. Bizdə həmin o yaşamda keyfiyyət dəyişiklikləri hiss olunmur. Elə ölkələr var ki, həmin ölkələrdə iqtisadi artımlar var, amma iqtisadi inkişaf yaranmır. Digər fəxarətlə söylənilən ÜDM ritorikası- hətta inkişaf etmiş ölkələrdə ÜDM-in artım tempi bizə çatmır məsələsidir. Peşəkar yanaşma ondan ibarətdir ki, inkişaf etmiş ölkələrdə ÜDM-in inkişaf etməkdə olan ölkələrə nisbətdə daha aşağı templə artması inkişaf etməkdə olan ölkələrin  üstünlüyü deyil, bu daha çox inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının(ÜDM-nin) nəhəngliyi və sistemin böyüklüyü ilə bağlıdır. Elə ölkələr var ki, iqtisadi inkişaf yaranır, amma azadlıqlar boğulur. Transmilli şirkətlərlə yerli avtoritar rejimlər birləşərək ölkədaxili narazılıqları zərərsizləşdirirlər. Azərbaycanda da transmilli neft şirkətlərinin səhnə arxasında hökumətə dəstək siyasəti açıq gözlə görünəndir. Bu zaman iqtisadi inkişaf azadlıqların boğulmasında vasitəyə çevrilir. Bizdə həmin proseslər gedir. Bir anlığa təsəvvür edin ki, iqtisadi artımlar 3 rəqəmlə ifadə olunur, amma siyasi azadlıqlar məhdudlaşdırılır. O iqtisadi artımların şəffaf uçotu və hesabatlılığı ictimai qurumlar tərəfindən təqib olunmayacaqsa, bunun üçün onu səsləndirildiyi tribunalar yoxsa, bu hökumətin etimad ifadəçisinə çevrilməyəcəksə, onda bu rəqəmlərlə oynamaq deyilmi? Ümumiyyətlə, iqtisadi artımlar ölkədə seçib-seçilmək hüququnun tapdanmasına əsas verirmi? Mülkiyyət hüquqlarının tapdanmasına bu artımlar haqq qazandırmaq gücündədirmi? İqtisadi qüdrət polis zorakılığı və ölkədə qorxu mühitinin güclənməsinə bəraət qazandıra bilərmi? Bu məsələ ilə bağlı dahilərdən misal gətirməyəcəm. Çox sıravı və müharibəni “dərisi” hiss etmiş Liviya vətəndaşının bu sözləri doğrudan da ibrətamizdir. Liviya diktatoru M. Qəzzafinin müqavimətini qıran  və onunla sona qədər vuruşan 30 nəfərlik qrupun üzvü və Qəzzafini şəxsən özünün silahı ilə öldürən Mənsurun müsahibəsində olduqca böyük sadə,eyni zamanda realistik həqiqət var. Ondan jurnalist soruşur ki, Liviyada adamlar pis yaşamırdılar, bəlkə onun(Qəzzafinin) haqqını tanımalıydınız? Bu suala o, belə cavab verir: “Məgər amerikalılar yaxşı yaşamırlar? Onlar niyə prezidenti dəyişir? Amerikada heç bir prezident xalqın yaxşı yaşadığını əsas gətirərək, “məndən başqa kimsə rəhbər ola bilməz” söyləmir”.

Amma iqtisadi artımı olan ölkələrdə hökumətlər hərtərəfli islahatlara getmirsə, onda ÜDM faktoru onlara kömək edə bilərmi? Onda yüksək ÜDM artımı, demokratiyanın və xalqın lehinə, ÜDM azlığı isə xalqın əleyhinə işləyəcək. Çünki fundamental tədqiqatlar göstərir ki, adambaşına düşən ÜDM səviyyəsi ilə demokratik sistem arasında bir qarşılıqlı əlaqə var.  Tədqiqatın nəticələrinə görə, o ölkələrdə ki, adambaşına düşən ÜDM-in səviyyəsi 3000 ABŞ dolları həddindədir,orada demokratiyanın elementlərindən olsa-olsa danışmağa dəyər. Əgər adambaşına düşən 6000 dollardan söhbət gedirsə, həmin ölkədə demokratiyanı əzmək elə də asan deyil. Sanki bu hədd demokratiyaya keçid həddindədir. Əgər adambışan düşən ÜDM-in səviyyəsi 10 min dollar və ya onun üzərindədirsə, həmin ölkədə demokratiyanın geridönməzliyindən danışmaq olar. Həmin o geridənməz və “ölməz” demokratik ölkələr kateqoriyasına daxil olan arasında Meksika, Braziliya, Türkiyə və Cənubi Koreya da var. Təbii ki, Avropa Bilriyinə daxil olan ölkələrdə bu rəqəm olduqca böyükdür. Öndə gedənlərdən Lüksemburqda artıq adambaşına düşən ÜDM-in səviyyəsi 80 min dolları keçir. Tədqiqatın müəlliflərindən olan Çarlz Robetson hesab edir ki, əhalinin gəlirləri aşağı düşəndə, əhalinin sosial-iqtisadi vəziyyəti gözlənilmədən aşağı düşürsə, demokratiyaya ciddi təhlükə yaranır: “Gəlin baxaq, nə vaxt ki, biz toxuq, mənzil problemlimizi həll edirik və maşın almaq haqqında düşünürük, o zaman siyasi hüquqlarımızı tələb edirik”. Yəqin ki, bu ÜDM və demokratiya arasındakı qarşılıqlı asılılıqdan(korelyasiya) sonra nəzərlər Azərbaycandakı adambaşına düşən ÜDM-in səviyyəsinə dikilir. Hazırda bizdə adambaşına düşən ÜDM-in səviyyəsi 6000 ABŞ dolları həddindədir. Amma 10 il bundan öncə (2000-ci il) Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 600 ABŞ dolları idisə, indi (2011-ci il) bu rəqəm 6000 ABŞ dollarından artıqdır. Yəni, 10 ildə adambaşına düşən ÜDM 10 dəfə artıb. Amma bu ölkədə demokratik azadlıqların sərhəddini nə qədər genişləndirə bilib? Bunun cavabı hamıya aydındır.

Demokratiyanın qlobal xəritəsinə baxanda isə daha fərlqi mənzərənin şahidi oluruq. Bu yaxınlarda “The Economist Intelligence Unit”in (Britaniya jurnalının “Economist” analitik bölməsi) tədqiqat şirkəti "dünyanın ölkələrinin demokratiyasının İndeksi 2011-ci ili" (Democracy Index 2011) üçün hesabatını açıqlayıb. Bu araşdırma dünyanın 167 ölkəsi üzrə aparılıb. Bu araşdırmada hakimiyyəti demokratiya ilə şərtlənən 4 formada ifadə ediblər. Tam (dolu) demokratiya, kifayət etməyən demokratiya, hibrid rejim və nüfuzlu rejim. Dolu demokratiya kriteriyasına dünyada cəmi 25 ölkə düşür. Bu isə dünya əhalisinin cəmi 12%-nin tam demokratik idarəetmə sistemində yaşadığını ortaya çıxarır. Bunlar əsasən Avropa İttifaqına daxil olan ölkələrdirlər. Öndə isə Norveç gəlir. “Kifayət etməyən demokratiya” bölməsində ölkələrin 30%-dən azı olan 53  ölkə var.  Demokratiya və avtoritar elementlərin birləşdiyi və şərti olaraq "Hibrid rejimlər" adlanan bloka isə 37 ölkə daxildir. "Nüfuzlu rejimlər" adlanan, əslində isə sərt idarəçilik, xalqlara sırınmış “xarizmatik” liderlərin və polis rejiminin möhkəm olduğu ölkələrin sayı isə 52-dir. Belə ölkələrdə yaşayan insanların sayı dünya əhalsinin 2,5 milyardını təşkil edir. “Nüfuzlu rejimlər” qrupuna daxil olan Çin bu əhali payında xüsusi çəkiyə malikdir. Yəni, bütün bu bölgü onu bir daha göstərir ki, dünya ölkələri sürətlə əsrin əvvəllərindən daha sürətli start götürən demokratiyaya doğru irəliləməkdədir. Bu marafon yarışından xalqları saxlayan və ya ləngidən isə “mental düşmən” anlayışı yox, mövcud rejimlərdir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat