Əmanətə xəyanət dözümlülüyü

Məhəmməd Talıblı, 20/03/2012

Əmanətlərin qaytarılması haqqında olan söhbətlər yeni mövzu deyil. Bu haqda ictimai müzakirələr hələ 1996-cı ildən başlayıb. Hər il büdcə müzakirələri zamanı əhali batmış əmanətlərinin qaytarılması ilə bağlı vəsaitin ayrılmasını böyük intizarla gözləməli olub. Amma bunların heç birində büdcə müjdəsi vətəndaşları sevindirməyib. XX əsri başa vurmuşuq və 2012-ci ildə yaşayırıq, amma bu mövzuya dair hələ də siyasi qərar verilməyib. Yox, təəcüblənməyin, mən səhv demirəm, çünki əmanətlər məsələsi sosial-iqtisadi məzmun daşısa da, onun reallaşması məhz siyasi iradə tələb edir. İndiyə qədər əmanətlər qaytarılmayıb, amma bir az da obrazlı desək,  əmanətimizə edilən xəyanətə dözərək yaşayırıq.

Qanunvericlik bolluğunun tətbiqsizliyi

Nəhayət, ölkə başçısı 14 mart 2012-ci il tarixdə 1992-ci il tarixinə qədər olan dövrdə banklarda batmış əmanətlərin qaytarılmasına dair fərman imzaladı. Ölkə başçısının fərmanı ilə  01.01.1992-ci il tarixə olan əmanətlərin qaytarılmasına start verildi. Fərmanın tələbinə görə, 2012-ci ilin iyun ayından başlayaraq 2013-cü ilin sonunadək əmanətlərin qaytarılması yekunlaşmalıdır. Məlumat üçün bildirim ki, bir neçə dəfə əmanətlərin qaytarılmasına dair prezident (həmçinin NK-nin) səviyyəsində fərman və sərəncamlar olub, amma heç birinin tətbiq mexanizmi olmayıb. Hələ 27 mart 1992-ci ildə NK-nin 151 saylı qərarı olub. 17 iyun 1992-ci il “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanun qəbul olunub. 03 iyun 1993-cü ildə NK-nin  “Azərbaycan Respublikasında əhalinin əmanətlərinin indeksləşdirilməsi üçün faiz tariflərinin artırılması barədə” 23 saylı qərar qəbul edib. 06 may 1993-cü ildə “Azərbaycan Səhmdar-Kommersiya Əmanət Bankında əhalinin əmanətləri üzrə kompensasiyalar verilməsi haqqında prezidentin növbəti fərmanı olub. 26 oktyabr 2005-ci ildə “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında” prezident sərəncamı imzalanıb. Əmanətlərin qaytarılmasında qanunvericilik bazasının  əhəmiyyəti baxımından parlamentdə "Əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında" qanun qəbul olunmalı idi. Amma parlamentdə qanun qəbul olunmadığı halda, yalnız bircə gün kifayət etdi ki, prezident fərmanı bu məsələyə nöqtə qoysun.Əslində, prosedur baxımından qanundan əvvəl bu fərmanın verilməsi anlaşılmazdır.

Bütün bu gecikmələrə baxmayaraq, keçmiş SSRİ məkanından əmanətləri qaytarmayan yeganə ölkə biz idik. Halbuki, postsovet məkanında bu prosesə hələ müstəqilliyin ilk illərindən başlanılıb. Əmanətlərin qaytarılması ilə bağlı prosesin ilk “qaranquşu” Litva olub. Daha sonra Rusiya Federativ Respublikası 1995-ci ildə, Qazaxıstan 1996-cı ildə, Qırğızıstan və Ukrayna eyni ildə - 1997-ci ildə və 2002-ci ildə isə Moldova əmanətlərin qaytarmasına nail olublar.

İqtisadi artımda birinci, əmanətləri qaytarmaqda sonuncu

Bizimlə eyni siyasi sistemdə yaşamış dövlətlərdə əmanətlər qaytarıldığı halda, bizdə hələ buna indi start verilməsi olduqca gecikmiş addım hesab olunmalıdır. Hətta gecikmiş bu addımı  belə hökumət qurumlarının təbliğat predmetinə çevirməsi təəcüb doğrur. Halbuki, bizim hökumət ənənəvi ritorikasında söyləyir ki, biz neft və büdcə gəlirlərinin sürətli artımına görə, nəinki  keçmiş SSRİ məkanında, dünyada lider ölkəyik. Necə deyərlər, iqtisadi artıma görə birinci olan Azərbaycan əmanətlərin qaytarmasına görə sonuncu ölkə kimi yddaşlarda qaldı. Necə olur ki, hətta Ermənistan kimi 2,8 milyard dollarlıq büdcəsi olan respublika əmanətləri 6 il bundan əvvəl qaytara bilir, amma 21 milyard büdcə gəliri olan Azərbaycan bunu edə bilmir? Halbuki, büdcə xərclərinin hər 100 manatının 34 manatı investisiya xərclərinə (təmir-tikinti, yol çəkilişi və s.) yönəldilir, amma əhalinin birbaşa cibinə daxil olan bu tip sosial proqramlar yada düşmür? Halbuki, bu əmanətlərin qaytarılması ölkədə 2 milyona yaxın insanı ("Kapital Bank"ın apardığı inventarizasiyaya görə, 1 milyon 986 min 104 nəfərdən söhbət gedir) əhatə edir və ailə büdcələrinə müsbət təsir göstərir. Ümimilikdə, bu qədər əhali qrupunun Sovet banklarında qalan əmanəti 4,8-5,4 milyard rubl arasında hesablanıb ki, bunun da manata ekvivalenti 1,9 milyard manat və ya 2,4 milyard ABŞ dolları deməkdir.

Öhdəliyə ən gec əməl edən hökumət

Bəzi vətəndaşlarımız fikirləşə bilər ki, əgər hökumətimiz heç olmasa gec və az da olsa, əmanətləri qaytarırsa, buna da şükür. Amma bəzi məsələləri dərindən təhlil etdikdən sonra  şükranlığın yerinə düşmədiyi meydana çıxır. Çünki, hökumətin hələ 1991-ci ildə əmanətlərin qaytarılması ilə bağlı öhdəliyi var. İndi sizcə, bu öhdəlikləri 20 ildən artıq müddətdə yerinə yetirməyən hökumət haqqında şükür etmək nə qədər yerinə düşür? Əmanətlərin qaytarılmasına maneə maliyyə çatışmazlığı deyilsə, ona niyə şükür etmək lazımdır ki? Axı büdcənin profisiti bu qədər vəsaitin qaytarılmasını imkan verir! Amma birmənalı olaraq bildirirəm ki, əmanətlərin qaytarılmasının bu qədər gecikməsi maliyyə çatışmazlığı ilə bağlı olmayıb. Halbuki, rəsmi hökumət təmsilçiləri bunu müxtəlif səbəblərlə izah edirdi. Bütün hökumət təmsilçilərinin mövqeyini ümumiləşdirib səbəbləri belə qruplaşdırmaq olar. Birincisi, Qarabağ müharibəsindən sonra işğal olunmuş ərazilərdə çoxsaylı sənədlərin itməsi üzündən əmanətçiləri dəqiqləşdirmək mümkün olmayıb. İkincici, əmanətlərin verilməsi inflyasiyanı sürətləndirər.Üçüncüsü, əmanətçilər içərisində vaxtı ilə Azərbaycan vətəndaşı olan ermənilərin əmanətlərin qaytarılması ilə bağlı Azərbayacana qarşı hüquqi iddiaları sonda Avropa Məhkəməsində Azərbaycanla bağlı məhkəmə işlərinin artmasına səbəb olacaq və s.

Açığı, mən bunları ciddi səbəb yox, bəhanə adlandırmağın tərəfdarıyam. Əvvəla, inflyasiyadan əmanətlərin qorunmasının  hökumət 2 yolundan istifadə edə bilərdi. Əmanətlərin qaytarılmasını mərhələli etməklə və büdcə xərclərini süni sürətdə artırmaq yerinə azaltmaqla yarana biləcək inflyasiya təzyiqlərini aşağı sala bilərdi. Çünki, Azərbaycanda illərdir ki, nəinki mülki hüququn digər sahələrində, təkcə mülkiyyət hüquqları ilə bağlı Avropa Məhkəməsində işlərin səviyyəsi saysız-hesabsızdır. Öz ölkəsinin vətəndaşının hüquqlarını kütləvi sürətdə pozan və bununla öz büdcəsindən milyonlarla təzminat verməkdən çəkinməyən hökumət hansı ictimai qınaqdan qorxmalıdır ki? Onsuz da, beynəlxalq sanksiyaların sayı kifayət qədərdir. Əgər növbəti şikayətçilər ermənilər olacaqdısa, bu münasibətlərdə düşmənçilik olduğuna görə, onun qərəzdən doğduğunun görünəcəyi açıq-aydındır. Açığı, bu məsələnin siyasi tərəfidir. Əğər bizi barmağımızdan ilan vurubsa, bütün orqanlarımızı kəsməliyik, yoxsa digər əzalarımızında sağ qalması xatirinə bir barmağımızdan imtina etməliyik? 

Nəhayət, bir günün içərisində prezident fərmanı ilə əmanətlərin qaytarılmasına start verildi. Vəsaitlərin qaytarılması zamanı sovet rublunun indiki milli valyuta ilə məzənnəsinin hansı səviyyədə götürülməsi çox ciddi məsələ sayılmalıdır. Əslində, bu məzənnənin nisbətinin optimal götürülməsi hökumətin əmanətlərin qaytarılmasına səmimi münasibətini ifadə etmiş olardı. Amma təklif edilən şərtlərlə tanış olandan sonra məlum olur ki, bu yanaşma sadəcə, bu sosial layihəyə “qaloçka” qoymaq üçün lazım olub. O zaman bu şərtlərlə tanış olaq.

Əmanət qalığı Qaytarılacaq məbləğ
2000 rubla 300 manat
3000 rubl 400 manat
4000 rubl 500 manat
5000 rubl 600 manat
6000 rubl 680 manat
7000 rubl 760 manat
8000 rubl 840 manat
9000 rubl 920 manat
10 000 rubl 1000 manat
50 000 rubl 3 000 manat
100 000 rubl 5500 manat

Yuxarıdakı şkalada olan mövqedən də aydın görünür ki, hökumət olduqca pessimist ssenari üzrə qiymətləndirmə aparıb. Elə indeksasiya məzənnə həddini götürüb ki, bu məbləğlə həmin vətəndaş faktik istehlak xərclərini bir neçə aylıq təmin edə bilər. Yəni bununla nə itirilmiş şanslarını bərpa edə bilər, nə mülkünü satıb banka qoymasından sonra yenidən mülkiyyət sahibi ola bilər.

Simvolik həddə olan kompensasiya məzənnəsi

Müqayisə üçün bildirək ki, indeksasiya məzənnəsində ən insaflı davranan Litva olub. Hələ dolların güclü olduğu vaxtlarda Litva 1 rublu 0,40 dollar səviyyəsində götürmüşdü. Belarusiyada da məzənnə bizimki ilə müqayisədə olduqca yaxşı olub. Əgər bizdə 100 min rubla qarşı 5500 manat və ya 7000 ABŞ dolları götürülürsə, Belarusda hər 100 min rubla qarşı 33 min ABŞ dolları qaytarılıb. Bu isə o deməkdir ki, onlardakı qiymətləndirmə bizim qiymətləndirmədən təxminən 5 dəfə daha insaflı olub. O baxımdan indiki əmanətlərin qaytarılmasındakı məzənnə nisbətinin bu səviyyədə təsbit olunmasını əmanətlərin simvolik qaytarılması adlandıra bilərik. Əgər Sovet dövründə 100 min rubla 12-15 ədəd VAZ-06-07 markalı avtomaşın almaq olardısa, indi bu məzənnə ilə verilən pula belə xeyli işlənmiş həmin markada 1 avtomobil almaq mümkündür. Bu məbləği daşınmaz əmlakla da müqayisə etsək, yenə anormal vəziyyət yaranar. Bazardakı istehlak qiymətlərini istənilən əmtəələrlə müqayisə etsək, yenə də bu vəziyyət əmanətçilərin əleyhinə nəticələri ortaya çıxaracaq. Yəni, bu prosesdən sonra böyük ümidlərlə yaşayan həmin insanlar adi xərclərini ödəyə biləcək. Məlumat üçün bildirim ki, əmanətlərdə olan vətəndaşlarımızın 40 faizinin əmanəti 2000 rubl arası (300 manat), 30 fazinin əmanəti 2001-5000 rubl (300-600 manat), 20 faizininki 5001-10 000 rubl (600-1000 manat), 10 faizininki isə 10 000 rubldan (1000 manat) artıq olan vəsaitlərdir.

Mənim fikrimcə, bu tələsik fərmandansa, əmanətlərin qaytarılmasına dair 4 məsələni ardıcıl olaraq həll etmək daha doğru ola bilərdi. Birincisi, parlamentdə “Əmanətlərin qaytarılması haqqında qanun”un qəbul olunmasını təmin etmək lazım idi. İkincisi, Onun ardınca “Əmanətlərin inflyasiyadan qorunması haqqında” qanun qəbul olunmalı idi. Yeri düşmüşkən, Rusiyada belə bir qanun qəbul edib, sonra prosesə start vermişdilər. Üçüncüsü, yaşı 60-ı keçən və Qarabağ döyüşlərində iştirak edən ailələrə əmanətlərin verilməsi prioritet götürülməli idi. Dördüncüsü, NK-nin qaydaların qəbul olunmasında çox vacib olan kompensasiya məzənnəsinin optimal həddi müəyyənləşməli idi. Bunların heç biri edilməyib. Amma mən şəxsən onun tərəfdarıyam ki, bu əmanətlər Sovet dövrü vətəndaşlarımızın əllərindən çıxan vaxt SSRİ-də olan rubl-dollar proporsiyası əsas götürülməli idi. Çünki, onda rublun “gücü” başqa idi. Sovet dövrü məlum olduğu kimi dolların ölkə daxilində məzənnə bazarı açıq deyildi. Rubl-dollar konvertasiyası haqqında heç rəsmilər məlumatlı deyildilər. Lakin SSRİ zamanı idxal-ixrac əməliyyatları hansı məzənnə ilə aparılırdısa, əmanətlər indi də o nisbətdə dəyişdirilməli idi. Məlumat üçün bildirim ki, həmin vaxtlar 1 ABŞ dolları 70 qəpiyə ekvivalent götürülürdü. Əgər sadaladığım çoxsaylı amillər nəzərə alınsaydı, bunlardan sonra əmanətlərin qaytarılmasının ədalətindən danışmaq olardı. İnanıram ki, bu qərardan sonra əmanətçilərin qərara ədalət əmsalı kompensasiya məzənnəsindəki “ədalətlə” tərs münasiblik təşkil edəcək.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat