Azərbaycanda mülkiyyət “insanlığa İlahi vergidirmi?”

Məhəmməd Talıblı, 03/04/2012

“...Mülkiyyətə sahiblik insanın ilkin haqlarına aiddir və onunla işləmək vətəndaşın haqqından doğur!” Con Lokk

Neçə illərdir ki, Bakımızın mənzərəsi dəyişir. Bu konfiqurasiya mülkiyyətə münasibəti xeyli dəqiqləşdirib və bu mövzunu xeyli populyarlaşdırıb. Sovet “şinelindən” çıxmış respublikalarda, o cümlədən Azərbaycanda mülkiyyət (xüsusi) münasibətlərinin tarixi cəmisi 20 ili əhatə edir. Məlum olduğu kimi, Sovet sistemində dövlət (ümumi) mülkiyyətdən söhbət gedə bilərdi. Çünki marksizm nəzəriyyəsi də insan təbiətinə qarşı çıxaraq onun mülkiyyət prinsipini nəzərə almırdı. Amma Qərb və Avropada mülkiyyət münasibətlərinin tarixi daha qədimdir. Çünki mülkiyyətin cəmiyyət üçün əhəmiyyəti hələ Avropanın hüquq və fəlsəfəsində xüsusi yer alırdı. Avropadakı hüquq sistemindən söz düşəndə, ilkin olaraq 1793-cü il Fransa konstitusiyası yada düşür. Fransa konstitusiyasında yazılırdı ki, mülkiyyət hüququ hər bir vətəndaşa məxsusdur və o öz istədiyi kimi bu hüquqdan istifadə edə bilər. Məşhur  filosof Con Lokk mülkiyyətə fəlsəfi baxımdan yanaşaraq yazırdı ki, “...mülkiyyətə sahiblik insanın ilkin haqlarına aiddir və onunla işləmək vətəndaşın haqqından doğur!”. Elə o dövrlərdə mülkiyyətin müqəddəs dəyər olması hətta “insanlığa ilahi vergi” kimi adlandırılırdı və belə bir fəlsəfi ideya irəli sürülmüşdü ki, ...Tanrı özəl mülkiyyəti bir mexanizm kimi topluma göndərib ki, cəmiyyət onun stimulları ilə irəliləsin”. Doğrudan da, Qərb dünyasında mülkiyyətə münasibət müqəddəs dəyərlər sırasında yer alır. Anqlo-Sakson kapitalizminə görə, fərdi  hüquqların ən böyük zəmanəti mülkiyyət hüquqlarının aliliyinin təmin olunmasıdır. Eyni zamanda Anqlo-Sakson kapitalizmində dövlətin ali vəzifəsinin öz vətəndaşlarının malını və canını qorumaqdan ibarət olması qırmızı xətlə keçirdi. Müxtəlif ölkələrdə mülkiyyət hüququna münasibət dövlətin sistem tipindən asılı olaraq dəyişir. Məsələn, totalitar dövlətlərdə mülkiyyət əvəzsiz və istənilən şəkildə özgəninkiləşdirilə bilər. Demokratik dövlətlərdə bunun üçün ciddi əsas olmalıdır və bununçün mütləq mənada mülkiyyətin qarşılığı (kompensasiya) ödənilməlidir. Yuxarıda toxunduğumuz istər Qərbdə, istərsə də Avropada mülkiyyətə gerçəkdən toxunulmazlıq məsələsində mövcud reallıqlardan əlavə, keçmişə münasibət mühüm rol oynayır. Çünki mövcud hüquq sistem həmin pozitiv ənənələr üzərində qurulub. Yəni, indiki hüquq sistemi və mülkiyyətə doqmatik münasibət keçmiş ənənə(sistem, qaydalar) ilə gələn məsələdir. Belə ki, Avropanın və Qərb dairələrinin mülkiyyətə münasibətində keçmiş ənənə və hüquq sistemləri mühüm rol alır. Belə ki, vaxtı ilə San-Sasidə yerləşən yay saraylarının yaxınlığında olan şəxsi mülkiyyət hesab olunan dəyirman işləyirmiş. Onun “çak-çuku” Alman dövlətçiliyinin simvolu hesab olunan Böyük Fridrixi gecə-gündüz  narahat edirmiş. Kral bu səs-küydən can qurtarmağın yolunu həmin mülkiyyəti satın almaqda görür. Hansı qiyməti təklif etsələr də, sahibkar mülkiyyətini satmır. Çıxış yolunu kral nəhayət sahibkarı məhkəməyə verməkdə görür. Heç gözlənilmədiyi halda, kral məhkəmədə uduzur, mülkiyyət sahibi işi udur. Bu faktdan sonra Alman cəmiyyətində hüquq şüuru hakim kəsilməyə və mülkiyyətin toxunulmazlığı isə müqəddəs DƏYƏRƏ çevrilir. Bizim ölkədə də buna bənzər heç olmasa bircə presedent olmalıdır ki, insanlarımız bu hüququn aliliyinə və sonda zəfər çalacağına inansın. Belə olmuş hadisələr hüquq sisteminin gəlişməsi və mülkiyyətin toxunulmazlığı  haqda uzun hekayələrdən daha ibrətamizdir. İndi bizim ölkədə buna bənzər bir hadisə göstərmək mümkündürmü ki, hər hansı bir mülkiyyət mübahisəsi ilə bağlı məhkəmə çəkişməsində oxşar hadisə olsun? Deyək ki, nazir yox, orta ranqlı bir məmur məhkəmə çəkişməsində sıravi bir Azərbaycan vətəndaşına uduzur. Təsəvvür edə bilirsinizmi? Yuxarıda qeyd olunan bu tip hadisənin bizdə baş verməsi dünyanın 8-ci möcüzəsi sayıla bilər. Çünki bizdə belə uğur hekayələri çoxdan “inkişaf” haqda nağıllarla əvəzlənib.

Mülkiyyətdə iqtisadi məna yükü

İqtisadi hüquqlar içərisində mülkiyyət hüququnun rolu məlum...Əslində mülkiyyətin mahiyyətində həm hüquqi, həmdə iqtisadi məna yükü var. Bunları çox zaman bir-birindən ayırmaq mümkün də deyil. Doğrudan da, məhz özəl mülkiyyət insanları qazanc uğrunda çalışmağa təhrik edir, insanda hamı üçün faydalı olan iqtisadi fəallıq yaradır. Nəticədə isə bütün bunlardan həm varlı, həm kasıb, həm də dövlət qazanmış olur. Bu üçtərəfli “yarışın” özü həmin 3 subyekti ciddi sürətdə irəli atır. Yəni, renta( mülkiyyətdən əldə olunan gəlirlər milli hesablar sistemində renta adlanır) uğrunda mübarizə şiddətlənir və sonda həmin cəmiyyətlər tənbəl cəmiyyətdən dinamik cəmiyyətə keçid edirlər. Yeri gəlmişkən, hazırda dünyada o cəmiyyətlərdə ki, inkişaf səviyyəsi yüksək hesab olunur, həmin cəmiyyətdə əhalinin mülkiyyət hüquqları daha üstün səviyyədə qorunur. Eyni zamand, həmin cəmiyyətlərdə əhalinin əhəmiyyətli hissəsi mülkiyyət hüquqlarına malik olurlar. Məsələn, Yaponiyada əhalinin 90, ABŞ-da 70 faizdən artıq hissəsi mülkiyyət hüququna malikdirlər. Bu üstün səviyyəni bəziləri istismarın, daha ciddi araşdırmaçılar isə əhalinin yüksək həyat səviyyəsinin göstəricisi kimi səciyyələndirir. Qərbi Avropanın inkişafını dərindən tədqiq edən iqtisadçı alim (Nobelçi) Duqlas Nort ölkələrin iqtisadi inkişafını əsasən 2 amildə görürdü: Səmərəli iqtisadi strukturlaşdırmanın təşəkkül tapması və mülkiyyət hüquqlarının qorunması. Çünki çoxlu sayda mülkiyyət hüquqlarının üstün səviyyədə qorunması eyni zamanda həmin ölkəyə xarici investisiyanın axmasına səbəb olur. Mülkiyyət hüquqlarının pozulması isə investisiya cəlbediciliyini azaldır, həmin sahəyə gələcək  sərmayəni aşağı salır. Bu zaman daxili investorlar xaricə üz tutur, xarici investorlar isə ölkəni tərk edirlər ki, bu sonda milli gəlirin azalmasına gətirib çıxarır. Hansı ölkədə mülkiyyət hüququ nə qədər zəif qorunursa, həmin ölkəyə gələn sərmayələrin həcmi və iqtisadi artımı bir o qədər az olur. Çünki sahibkarlar investisiyaları daha etibarlı mühafizə olunan və həmin ölkədə hüquq qaydalarının mükəmməl işlədiyi məkanda yerləşdirir. Əgər investorlar bundan çəkinirsə, demək həmin ölkədə investisiya iqlimi normal vəziyyətdə deyil. Çünki investorlar belə yersiz risk və zarafatı xoşlamırlar. Ciddi tədqiqatların nəticələri göstərir ki, mülkiyyət hüquqları daha etibarlı qorunan sahibkarlara nisbətən mülkiyyət hüquqları daha az qorunan sahibkarlar, demək olar ki, gəlirlərinin 40%-dən az hissəsini sərmayə qoyublar.  (Johnson, McMillan and Woodruff, 2002)

Azərbaycanda mülkiyyətə  hüquqi münasibət

Hüquqi sahədə kompetent fikir bildirməkdə ehtiyat edirəm. Amma hörmət etdiyim və sanballı hüquqşünaslarımızın rəylərinə görə, bizim konstitusiya da daxil olmaqla, qanunvericilik bazamız heç də inkişaf etmiş ölkələrinkindən geri qalmır. Çünki ən üstün qanunlardan tutmuş hüquqi-normativ sənədlərə qədər hamısında ciddi dəyişikliklər baş verib, yaxud da müasir hüquq sistemlərini yaxşıca tərcümə edib ortaya qoyublar. Yalnız mülkiyyətə münasibətdə konstitusiyadan başqa, bir neçə qanunlarımız (Mülki Məcəllə, Mənzil Məcəlləsi, Torpaq Məcəlləsi, Torpaq ehtiyacları haqqında ) vardır. Mülkiyyətin üstünlüyünə dair Konstitusiyanın 29-cu maddəsində yazılıb ki, hər kəsin mülkiyyət hüququ var. Amma bu elan olunmuş müddəa bizim üçün nə qədər inandırıcı səslənir? Gerçəkdə konstitusiyada elan olunan o prinsiplər hələ reallığa çevrilmiş dəyərlər hesab oluna bilməz. Çünki hüquq yalnız elan edilməklə HAQQA  çevrilmir. Ölkədə yəqin ki, “Evrovision” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı çoxlu sayda həyata keçirilən qanunsuz söküntülərdən xəbərdarsınız. Ondan əvvəl “dövlət ehtiyacları” adı altında “şumlama” əməliyyatından xəbərdarıq. O proses indi mən bu yazı üzərində işləyərkən də davam edir. Bu artıq ardı-arası kəsilməyən prosesə çevrilib. Bütün bu söküntü-tikinti əməliyyatları şəhərin simasını dəyişib. Bir neçə il bundan öncə belə “əməliyyatlar” zamanı qanuna istinad çətin idi. Artın indi “Torpaqların dövlət ehtiyacları haqqında” qanun qəbul ediblər. Bu qanunu üzlərinə tutub, bəzi vətəndaşlara söküntülərin aparılmasının dövlətin ehtiyacları ilə əlaqələndirə və kompensasiya da az olanda bunu dövlətin belə “məsləhət bilməsi” kimi göstərə bilirlər. Bununla razılaşmayanları isə məşhur hüquq müdafiəçisi Leyla Yunusun ofisinə etdikləri kimi bütün medianın və beynəlxalq ictimaiyyətin qarşısında buldozerin qabağına verirlər. Bu təkcə qanuni sənədi (şəhadətnamə) olanlara münasibətdir. Vay o gündən ki, sənin heç sənədin olmaya... Bunu da təsəvvür etmək çətin deyil. “Torpaqların dövlət ehtiyacları haqqında” qanunda göstərilir ki, tikilmə müddətindən asılı olmayaraq özbaşına tikililərin söküntüsü üçün heç bir kompensasiya nəzərdə tutulmur. Bu əslində bəyənmədiyimiz Sovet qanunvericiliyindən də biabırçı qanun hesab olunmalıdır. Heç olmasa, Sovet qanunvericiliyində belə mənzillər mənzil fonduna daxil edilirdi. Amma bizim indiki qanunda bu nəzərə alınmır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ona əsaslanır ki, əgər qanunsuz tikilidən dövlət və bələdiyyə orqanlarının sükut razılığı (diqqət edin) ilə uzun müddət istifadə edilirsə, vətəndaşın belə tikiliyə mənzil hüququ, hətta mülkiyyət hüququ tanına bilər. Bu qanunun tələbi bizdə tətbiq olunsa, həmin vətəndaşların mülkiyyət hüquqları təmin oluna bilər. Amma indiki qanunu icra etsələr, qanundakı bu boşluq kifayət edir ki, sayı 100 minlərlə ölçülə bilən sənədsiz evlər vətəndaşların başına uçurulsun. Halbuki, bu vəziyyətdən  effektiv çıxış yolu var. Müxtəlif hesablamalara görə, təkcə Bakı şəhərində 400 min(regionlarda isə 200 min) sənədsiz evlərin olmasını nəzərə alıb onları sənədləşdirmək olar. Bu ən azı 2 aspektdən faydalıdır.

Birincisi Maliyyə və istehlak bazarına pozitiv təsir baxımından.

Məlum olduğu kimi, həmin ev sahibləri faktiki olaraq evdən qanuni istifadəçi kimi istifadə edə bilmirlər. Kommunal və sosial ödənişlər etməkdən bir çox hallarda boyun qaçırırlar və s. Mənzil sahibləri qanuni sənədləri olmadığı üçün evlərin girov qoyub nə sahibkarlıq, nə də istehlak kreditləri ala bilmirlər. Bu isə istehlak  və maliyyə bazarına hazırda neqativ təsir göstərir. Sanki sənədsiz evlərin qalması həmin ev sahiblərinin hökumətdən asılılığını şərtləndirir. Daimi olaraq isə özlərini dövlətdən asılı hiss edirlər.

İkincisi Fiskal üstünlük baxımından.

Əslində ölkə üzrə bu qədər mənzil sahibi üstə gələk torpaq sahiblərinin qanuni sənədləşməsindən sonra dövlət büdcəsinə keçən bir dəfəlik dövlət rüsumlarının məbləği olduqca böyük məbləğdir.  Sonra illərdə isə müxtəlif mənbələr üzrə vergilərin yığılması olduqca böyük maliyyə mənbəyi də hesab oluna bilər.

Mülkiyyətə hüquqi və ədalətli münasibət həm də hökumətlərin legitimlik məsələsidir. Çünki, legitim hökumətlər vətəndaşların və ona məxsus mülkiyyəti kənar təcavüzkar qəsdlərdən qorumalıdır, nəinki həmin hüquqları özü tapdamalıdır. Bizdə mülkiyyətə münasibətdə vəziyyət təkcə ölkə daxilində deyil, beynəlxalq dairələrdə də mənfi qarşılanır. Əslində isə, bu ölkəmizin imici və investorların maraqları baxımından düşündürücü məqamdır. Çünki investorlar arasında “investisiya kəşfiyyatı” deyilən bir anlayış var. Yəni bir ölkəyə investisiya etmədən öncə, həmin ölkədə investisiyanın reytinq göstəricilərini, mülkiyyət münasibətlərini və iqtisadi azadlıq indekslərini xüsusi təhlil edirlər. Ölkələrdəki vəziyyəti şərtləndirən həmin indikatorları isə investorlar həmin hökumətlərdən deyil, etibarlı beynəlxalq təşkilatlardan əldə edirlər. Bizim isə beynəlxalq hesabatlarda mülkiyyətə dair reytinq göstəricilərimiz mənfiyə doğru dəyişməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, Avropa Məhkəməsində məhkəmə çəkişmələrinin 30%-dən çox mülkiyyət münasibətlərinə aid edilir. Beynəlxalq Mülkiyyət Haqları İndeksində Azərbaycan 125 ölkə arasında 101-ci yerdə qərar tutur. Bu indeksin hesablanmasında 3 amil əsas götürülüb.

1) Hüquqi və siyasi mülkiyyət.

2) Fiziki mülkiyyət hüququ.

3) Əqli mülkiyyət hüququ.

Daha mötəbər mənbələrdən olan Vaşinqtondakı “The Heritage” Fondunun hesabatına görə, iqtisadi azadlıqlar indeksinə görə, Azərbaycan Qafqazda ən geridə qalmış ölkə hesab olunur. Həmin hesabatda Azərbaycan mülkiyyət azadlığı üzrə indikatorda zəif göstəriciyə malikdir. Belə ki, bu hesabatda mülkiyyətə münasibətdə şəffaflıq və etibarlılıq çox aşağı səviyyədə olduğu göstərilir. Eyni zamanda, mülkiyyət hüququ sahəsindəki qanun pozuntuları, zəif müqavilə sisteminin şirkətlərin işləməsinə mane olması göstərilir. Yekun qənaətə və hesabatın nəticələrinə görə, 179 ölkə arasında Gürcüstan 26, Ermənistan 38, Azərbaycan isə 96-cı yerdə qərar tutub. Bu isə olduqca aşağı göstərici hesab olunur.

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat