Avropa Birliyi müstəvisində Azərbaycan

Məhəmməd Talıblı, 10/04/2012

Avropa ilə tarixilik ənənələri

Avropa məkanı Azərbaycan üçün, Azərbaycan da Avropa üçün yeni deyil. Çünki Azərbaycan Şərqlə Qərb, islam dünyası ilə  xristian dünyası arasında  yerləşən ölkədir. Avroatlantik məkana inteqrasiyanın tarixi qədimdir və bizdə belə ənənə olub. Əsrin əvvəllərində Nobel qardaşlarının burada neft şirkətləri var idi. Əsrin sonunda isə 1991-ci ildə ölkəmiz  müstəqillik qazandıqdan sonra AB Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olmuşdur. Bu müddət ərzində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.

İnteqrasiya formaları

Mən yaxın illərdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya yolunda 3 istiqaməti olduqca vacib hesab edirəm:

- NATO-a üzvlük

- ÜTT-a üzvlük

- AB-nin Şərq Tərəfaşlıq Proqramı çərçivəsində qəbul olunacaq öhdəliklərin yerinə yetirilməsi

Mən ÜTT və AB-i ilə münasibətlər ətrafında bəzi mülahizələrimi sizinlə bölüşmək istəyirəm.

İlk öncə ÜTT haqqında

1997-ci ildə ÜTT-a üzvlüklə bağlı müraciət edilməyinə  baxmayaraq, ölkəmiz hələ də bu təşkilata üzv ola bilməyib. Postsovet məkanında bizdən sonra üzvlüklə bağlı müraciət edənlər bizdən öncə təşkilata üzv olublar. Hətta siyasi mülahizələrlə bağlı üzvlüyü gecikdirilən Rusiya 2011-ci ildə ÜTT-a üzv qəbul edildi. Bəlkə də, biz yeganə ölkəyik ki, könüllü olaraq ÜTT-a üzvlükdən imtina edirik. Sadəcə, bir səbəb kimi hökumətimiz göstərir ki, biz inkişaf etmiş ölkə kimi deyil, inkişaf etməkdə olan ölkə statusu ilə üzv olmaq istəyirik.  Əslində, hamıya məlumdur ki, ÜTT-a üzvlük məmur kapitalizminə son qoyacaq, inhisarçılıq meyllərini əhəmiyyətli dərəcədə zəiflədəcək, istehlakçının seçim azadlığını genişləndirəcək və s. Ümumilikdə isə, ÜTT-a üzvlüyün çoxlu sayda üstünlüklərini  qısaca olaraq 3 blokda təsnifləndirmək olar:

1) Sahibkalar, ixracatçılar üstünlüklər qazanacaq

- İxracatçıların geniş məkanlı ÜTT-a üzv ölkələrlə əlaqələrinin yaranması baş verəcək.

- Mübahisəli ticarət məsələlərinin həlli mexanizmi əldə ediləcək.

2) İstehlakçıların üstünlükləri

- İdxal rüsumunun azalması hesabına yerli bazarda rəqabət yaranacaq

- İstehlakçıların ucuz və keyfiyyətli mal almaq imkanları yaranacaq

3) Cəmiyyətin və dövlətin üstünlükləri

- Milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşması baş verəcək

- Ölkənin reputasiyası artacaq, investisiya cəlbediciliyi yüksələcək.

AB-nin Şərq Tərəfdaşlığı Proqramı haqqında

Şərq Tərəfdaşlığı  Proqramı postsovet respublikaları ilə əməkdaşlığın qurulması üçün nəzərdə tutulan təşəbbüsdür. Bu proqrama 6 postsovet respublikası qoşulub: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna. "Şərq Tərəfdaşlığı" proqramı 7 may 2009-cu ildə Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir. İndi Şərq Tərəfdaşlıq Proqramı əsasən 5 dəyərə söykənir: Demokratiya, insan hüquqları, qanunun aliliyi, bazar iqtisadiyyatı və davamlı inkişaf. Bu proqramda 3 tərəfli əməkdaşlıqdan söhbət gedir. Parlament, hökumət və vətəndaş cəmiyyəti.

Bu proqramın ilkin başlanma şərtləri aşağıdakı faktorlardan asılıdır:

1) Azad Ticarət Sazişi imzalanmalıdır, sonra assosiativ üzvlük məsələsi öz həllini tapmalıdır.

2) Viza rejiminin asanlaşdırılması.

Viza rejiminin asanlaşdırılması ilə insanlar Avropa ölkələrinin sosial, siyasi, iqtisadi vəziyyətini görüb geniş məlumatlar əldə edib, dünyanın qabaqcıl inkişafını gözləri ilə görmək imkanına sahib olacaqlar. Bizim AB-ə üzvlüklə bağlı konservativ mövqe tutan hökumətin baxışı bu baxımdan başa düşüləndir. Strateji baxımdan AB-nin son illər yeritdiyi siyasət  ona hesablanıb ki, Azərbaycanda daxil olmaqla Xəzərə qədər genişlənsin.

AB ilə iqtisadi əlaqələr

AB dünyanın böyük siyasi-iqtisadi məkanıdır. 2010-cu ildə Azərbaycan Respublikasının Avropa Birliyi ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 11 mlrd. 828 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1 mlrd. 670 mln. ABŞ dolları, ixracın həcmi isə 10 mlrd. 157 mln. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Avropa Birliyi ölkələri ilə xarici ticarət saldosu müsbət 8,5 mlrd. ABŞ dolları olmuşdur. Ümumilikdə isə, Azərbaycanın son illərdəki xarici ticarət dövriyyəsinin 60 faizdən çoxu Avropa ölkələrinin payına düşür.

Mental dəyərlər

Bəziləri deyir ki, bizim mentalitetimiz avropalı olmağa imkan verməz. Əslində, sosial mühəndisliyin banilərindən olan Karl Popperin təbirincə desək, bu mental “düşmənlər” Avropa dəyərlərinə kifayət qədər kölgə salmağa və inteqrasiyanı tormozlamağa çalışırlar. Sovetizm düşüncəsi və kommunist təfəkkürünün hakim olduğu hazırkı elita bunu bəhanə etməyə çalışır. Halbuki, bizim belə mental problemimiz yoxdur.

Cənubi Qafqaz ölkələrinin dualist baxışı

Cənubi Qafqaz ölkələrinin Avroatlantik məkana inteqrasiyası üçün bəzi stereotip və dualist baxışlara aradan qaldırılmalıdır. Məsələn, Gürcüstan AB-ə can atır, amma  nədənsə ABŞ-a ümid edir və arxalanır. Ermənistan sanki AB-ə daxil olmaq istəyir, amma bununla bərabər Rusiyanın sərt baxışlarından ehtiyat edir. Azərbaycan AB-ə üzv olmaq istəyir, amma karbohidrogen ehtiyatlarını Türkiyəyə və Türkiyə vasitəsilə Avropaya satmaqla və ya AB ilə formal əməkdaşlıq etməklə işini bitmiş hesab edir. Əslində, Avropa strukturlarına inteqrasiya üçün imitasiya, inteqrasiya oyununa son qoymaqla real məzmunlu inteqrasiya kursu götürülməlidir. Biz Avroatlantik məkana inteqrasiya yolunda özümüzü istehlakçı kimi deyil, ciddi tərəfdaş və inandırıcı tərəf müqabil kimi ortaya qoymalıyıq. AB-ə üzvlüklə bağlı elə standarta cavab verməliyik ki, biz cəlbedici və maraqlı olaq.

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat