İqtisadi azadlıqlar nəyə “hamilə” olur?

Məhəmməd Talıblı, 25/04/2012

“Yüksek derecede ekonomik özgürlüğe sahip bir ekonominin bem refah bem performans bakımından en iyi sonuçları ürettiğinin delili pek çoktur”.

Stefan Melnik “Özgürlük, refah ve Demokraki mücadilesi” kitabı

İqtisadiyyat, pul və azadlıqlar haqqında çox nəzəriyyələr mövcuddur. Pul siyasəti və azadlıqların qarşııqlı əlaqəsinə dair müxtəlif paradiqmalar da var. Amma bəzən pulu azadlıqla, yoxsa azadlığı pulla almağa dair müxtəlif aforizmlərə də rast gəlirik. Məşhur ingilis yazıçısı Robert Stivenson yazırdı ki, pulu biz azadlığımızla almağa məcburuq.Yəni, bu, insanın azad olmadan və iqtisadi azadlıq olmadan pul qazanmağın mümkünsüzlüyünə eyham edir. Bəşər övladı azad olanda ruhu və təşəbbüsü də azad olur. Ondan sonra azad hərəkət gəlir. Azad hərəkət xaos və özbaşınalıq deyil, qanunla tənzimlənmiş sistemidir. Bəzən bizdə iqtisadi azadlıq anlayışı ilə iqtisadi müstəqillik anlayışlarını qarışdıranlara rast gəlinir. İqtisadi müstəqillik siyasi və iqtisadi transformasiyadan sonra dövlətin müstəqillik aktının qəbulu və iqtisadi müstəqillik dövrüdür.  İqtisadi azadlıqlar anlayışı isə bir ölkədəki iqtisadi situasiyada bazar oyunçularının müstəqil davranışlarını özündə ehtiva edir. Yəni, iqtisadi azadlıqlarla bağlı əlaqəli sahələrdə inkişaf səviyyəsi məhz ölkədə hökm sürən azadlıqların sərhəddinə bağlı məsələdir. Əgər ölkədə iqtisadi azadlıqlar məhduddursa və ya boğulursa, bu zaman sərmayə cəlbediciliyindən, iqtisadi artımdan, artan büdcə gəlirlərindən, ixracat potensialından(müsbət saldo) və s. danışmaq mənasız olacaq. Çünki, həmin pisləşən makroiqtisadi indikatorları da doğuran məhz ölkədəki iqtisadi azadlıqların məhdudlaşmasıdır. Əslində, iqtisadi azadlıqlar istehlakçıda və istehsalçıda seçim və hərəkət trayektoriyasının sərhəd genişliyini və bazar oyunçularının müstəqil davranışlarını təzahür etdirir. Ölkələrdə iqtisadi azadlıqların geniş və ya məhdud olması bir neçə mühüm makroiqtisadi göstəricilərə təsir edir. Bunların sayının çox olmasına baxmayaraq dolayı forma məzmunu daşıyanları yox, birbaşa təsirə məruz qalan bir neçə makroiqtisadi göstəricilərə xüsusi diqqət yetirməliyik.   İqtisadi azadlıqların məhdudlaşdırılması iqtisadi artıma və ÜDM-in səviyyəsinə əhəmiyyətli təsir göstərir. İqtisadi azadlıqlar boğulursa, ölkənin ÜDM-i azalır və iqtisadi artım səngiməyə başlayır. Ölkədə işgüzar aktivlik aşağı düşməyə başlayır. Əksi olanda isə, ölkənin iqtisadi artımı yüksələn xətt üzrə davam edir. İqtisadi cəhətdən daha azad ölkələrdə inkişaf templəri və adambaşına düşən ÜDM daha yüksək olur. Yəni, iqtisadi azadlıqlar ölkələrin dayanıqlı iqtisadi artımına ciddi təkan verir. Hansı ölkədə ki, iqtisadi azadlıqlar yüksəkdir, orada adambaşına düşən ÜDM-də yüksəlmə və iqtisadi inkişaf dönməz xarakter alır. Müxtəlif empirik tədqiqatların nəticələrinə görə, dövlətin iqtisadiyyata müdaxiləsi ilə iqtisadi artım səviyyəsi arasında tərs mütənasiblik əmsalı mövcuddur. Yəni, dövlət iqtisadiyyata nə qədər çox müdaxilə edərsə, bir o qədər ÜDM-də artımdan danışmaq  mümkün olmayacaq. Yalnız liberal iqtisadi siyasətin tətbiqi nəticəsində davamlı iqtisadi artımdan danışmaq mümkün olacaq ki, bu da sonda iqtisadi inkişafa gətirəcək. Məhz bunun nəticəsidir ki, iqtisadi cəhətdən azad ölkələrlə müqayisədə qeyri-azad ölkələr arasında iqtisadi fərqlilik bir neçə ciddi tədqiqatlarda ortaya çıxıb. 2006-cı ildə Kanadanın Freyzer insitutu 30 ildən artıq müddət ərzində 127 ölkə arasında  apardığı tədqiqatın nəticələrinə görə ən azad iqtisadiyyatlı ölkələrdə adambaşına düşən orta gəlir 25,062 dollar, ən qeyri-azad iqtisadiyyatlara malik ölkələrdə isə 2 409 dollar təşkil edib. Bununla yanaşı, ölkələrin sosial təbəqələri arasındakı gəlirlilik səviyyəsi ölçülmüşdür. Məlum olmuşdur ki, ən azad iqtisadiyyata malik ölkələrdə əhalinin ən yoxsul 10%-lik təbəqəsinin gəlir səviyyəsi 6451 dollar, ən qeyri-azad iqtisadiyyata malik ölkələrinki isə 1185 dollar səviyyəsində olub. Adi hesablamalardan da məlum olur ki, bu ölkələrdəki əhalinin yoxsul əhali gəlirlərinin fərqi 5 dəfədən çoxdur. Bu disproporsional həddi daha da genişləndirən də məhz iqtisadi azadlıq faktorudur.

İqtisadi azadlıq göstəriciləri aşağı olan ölkələrdə investisiya cəlbediciliyi də aşağı səviyyədə olur. Yəni, sərmayə cəlbediciliyi azalır və ölkəyə investisiyanın axın kanalı daralır. Xüsusilə investisiya iqlimi(siyasi, iqtisadi, hüquqi) korlanmağa başlayır. Uzunmüddətli aparılan tədqiqatlar göstərdi ki, 1980-2000-ci illəri əhatə edən 20 illik dövrdə İAİ-də investisiya əmsalının 1% mövqe artımı əhalinin adambaşına düşən ÜDM-nin 0,33% artımına səbəb olub. Yəni, iqtisadi azadlıqları yüksək səviyyədə qorunan ölkələrdə həm daxili, həm də xarici sərmayələrin adambaşına həcmi il-ildən artmağa başlayır. Yenə digər bir tədqiqat da onu ortaya çıxardı ki, 1980-2000-ci illərdə iqtisadi azadlıq indeksinin orta reytinqi yaxşı  olan ölkələr bu dövr ərzində hər il bir işçi qüvvəsi vahidi üzrə yalnız 845 ABŞ dollar investisiya cəlb edir. Ölkədə iqtisadi azadlıqlar olarsa, bu, xarici və daxili investisiyaların artımına, ümumilikdə isə ölkədə ÜDM-in artımına səbəb olacaq. Çünki, investisiyaların ən yüksək səviyyədə qorunması əslində  ölkədə mülkiyyət toxunulmazlığının ən yüksək səviyyədə təmin olunmasından və qanunun aliliyindən keçir. Belə demək mümkünsə, bunlar qarşılıqlı əlaqədə olan faktorlar kimi səciyyələndirilməlidir.

Bununla yanaşı, iqtisadi azadlıqların mövcud səviyyələri ilə ölkələrin 2 məsələyə təsirinə də  toxumaq mümkündür. Bunlardan biri xarici ticarət dövriyyəsinə, digəri isə büdcə gəlirlərinə təsiridir. Yəni, hansı ölkədə ki, iqtisadi azadlıqlar sıxılır, həmin ölkənin xarici ticarət sferasında, o cümlədən ixracatın həcmində azalmalar baş verir. Yəni, ölkənin ixracat potensialının zəifləməsi hesabına idxaldan asılılıq artır və ölkə ili daha çox mənfi saldo ilə başa vurmalı olur. Bununla yanaşı, iqtisadi azadlığın boğulması büdcə profisitinə (gəlirlilik) neqativ təsir edir. Yəni, iqtisadi azadlıqların boğulması ölkədə sahibkarlıq subyektlərinin sərbəst davranışlarını məhdudlaşdırdığı üçün vergi ödəyicilərinin sayı və həcmində də azalmalar qeydə alınır. Bu isə büdcə daxilolmalarının azalmasına təsir göstərir ki, sonucda büdcə gəlirlərinin artım kanalını çətinləşdirir.

İqtisadi Azadlıq İndeksi nə deməkdir?

“İqtisadi” sözü varsa, bu bütün növ azadlıqları bir tərəfə qoyub, yalnız iqtisadi məzmun kəsb edən azadlıqlardan danışmağımız doğru olmazdı. Məşhur iqtisadçı Robert E. Louson hesab edir ki, iqtisadi azadlığın əsas postulatı hər bir insanın şəxsi azadlığıdır.

Artıq 17 ildir ki, hər il Kanadanın Freyzer insitutu və “Heritage” Fondu(“İrs”) iqtisadi azadlıqlar üzrə hesabatlar hazırlayır. Həmin hesabatlarda şəbəkəyə daxil olan ölkələrin İqtisadi Azadlıq İndeksi(İAİ) üzrə reytinq göstəricilərini açıqlanır. Həmin indeksin müəyyənləşməsi metodologiyası Nobel mükafatı laureatı Milton Fridman tərəfindən hazırlanmışdır. Amma onlara bu işdə kömək digər “Nobel”çilər olan Qeri Beker və Duqlas Nort da kömək etmişlər. İAİ 2 metodika ilə hesablanması Freyzer insitutu və “İrs” Fondunun məhsulları hesab olunur. İAİ universal standartlarının faydalılığı baxımından yanaşanda görürük ki, ölkələrin iqtisadi azadlıqları çoxlu sayda indikatorların təsiri altında formalaşır. Yəni, bu reytinq cədvəlində irəliləməyin yolu, bir neçə qarşılıqlı əlaqədə olan faktorların ahəngdar işi hesabına baş verir.  İqtisadi azadlığın ölçülməsi üçün aşağıdakı göstəricilərdən istifadə olunur: Biznes azadlığı, Ticarət azadlığı, Fiskal azadlıq, hökumətdən azadlıq, mülkiyyət azadlığı, korrupsiyadan azadlıq, əmək azadlığı. Hər azadlıq 0-100% balla qiymətləndirilir. 2012-ci ilin reytinq göstəricilərinə görə, ilk sırada Honq-Konq(89,9), Sinqapur(87,5), Avstriya(83,1),Yeni Zellandiya(82,1) gəlir. Sonuncu yerlərdə Venesuela(38,1), Libiya(35,9), Kuba(28,3), Zimbabe(26,3) bölüşür. Sudan və Somali kimi ölkələrdə isə ümumiyyətlə vəziyyət ölçüyəgəlməzdir. Bu siyahıda bizim üçün maraqlı olan ölkələrin bəzi reytinq göstəriciləri ilə tanış olaq. Latviya 56-cı yerdə olmaqla 65,1 bal toplayıb. Türkiyə 73-cü yerdə olmaqla 62,5 bal, Moldova 124-cü yerdə (54,4), Rusiya 144-cü yerdə (50,5), Belarus 153-cü, Qazaxıstan 65-ci yerdə(63,6)  yerdədirlər. Cənubi Qafqaz Respublikaları içərisində ən aşağı göstərici bizdə-Azərbaycanda qeydə alınıb. Belə ki, Gürcüstan islahatların nəticəsi olaraq 34-cü yerdə(69,6), Ermənistan 39-cu yerdə(68,8) olduğu halda, Azərbaycan 91-ci yerdə(58,9 balla) qərar tutub. Bu dünya ölkələri üzrə orta həddə yaxın yer adlanır. Reytinq cədvəlindən də göründüyü kimi,  artıq neçə illərdir ki, öndə Honq-Konq, Sinqapur gəlir. Sonuncu yeri isə Zimbabve tutur. Amma bütün bunlara baxmayaraq, son 30 ildə ölkələrdə İAİ-i üzrə orta qiymət artmaqdadır. Elə ölkələr var ki, orada iqtisadi azadlıqlar yüksək səviyyədə təmin olunmasına baxmayaraq, həmin ölkədə siyasi azadlıqlardan danışmaq mümkün deyildir. Vaxtı ilə Hindistan, indi elə reytinq cədvəlinə öncüllük edən Honq-Konq haqqında da eyni fikirləri söyləmək olar. Amma siyasi sistem içərisində hüquqa söykənən azadlıqların təminatı daha qırımızı xətlə keçir. Belə ki, qanunun aliliyi, mülkiyyət hüququ, məhkəmələrin müstəqilliyi və ədalətliliyi göstəriciləri də var. Amma bütün azadlıq meyarlarına cavab verən reytinq göstəricilərinə baxmayaraq, yenə sonda o qərara gəlirik ki, dünyada tam azad olan ölkə yoxdur. Amma istərdim ki, onu da yaddaş üçün qeyd edim ki, iqtisadi azadlıqlar ölkə iqtisadiyyatının kortəbii formada xarici bazara açıqlığı və proteksionist metodlardan imtinası deyildir. Tənzimlənmə alətləri və onlardan optimal nisbətdəki rasional istifadə ölkənin iqtisadi azadlıqlarını zəiflədən deyil, daha çox gücləndirən faktorlara çevrilə bilir. Ona görə, iqtisadi azadlıqların olması naminə verilən azadlıqlar pozitiv nəticələr doğurmaya bilər. Bunu kortəbii və “idarə edilməyən azadlıqlar” da adlandırmaq olar. Hər şeyin dövlətin üzərində olması yükünü azaltmağa hesablanan, eyni zamanda özəl sektorun inkişafının da əhəmiyyəti unudulmamalıdır. Əslində, iqtisadi azadlıqların olduğu məmləkətdə özəl sektor inkişaf edir ki, bu da sonda vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi ilə nəticələnir.

İqtisadi azadlıqların vəziyyəti insan həyatı üçün nə deməkdir?

Bu qarşılıqlı əlaqədə fəlsəfi çətinlik yoxdur. İqtisadi azadlıqların çox yığcam formada makroiqtisadi təsirlərindən əlavə bəzi detalsız təsvirinə də diqqət etmək yerinə düşər. Çünki, məhz iqtisadi azadlıqların məhdudlaşdığı ölkələrdə məşğulluq səviyyəsi və işsizlik problemi geniş vüsət almağa başlayır. Bu tipli məsələlər iqtisadi azadlıqların insan həyatına və taleyinə birbaşa təsiridir. Ona görə, elmi-akademik dairələrin növbəti tədqiqatı maraq doğurmaya bilməz.

Ümumiyyətlə, iqtisadi azadlıq indekslərinin yüksəlməsi həm də ölkədə insan resursuna olan diqqəti və pozitiv effekti ifadə etmiş olur. Yəni, insan azad olanda yaradıcı potensialı daha çox özünü ifadəyə meylli olur. Azad ruhla və davranışa malik insan daha çox faydalı varlıq ola bilər. BMT-nin hesabatlarında qeyd olunur ki, İnsan İnkişafı İndeksi iqtisadi azadlıq səviyyəsi ilə pozitiv korrelyasiya təşkil edir. OECD ölkələrində aparılan tədqiqatlarda göstərilir ki, iqtisadi azadlıq və məşğulluq arasında güclü bir əlaqə vardır. Yəni, hansı ölkədə ki, iqtisadi azadlıqlar yüksək səviyyədə qorunur, həmin ölkədə məşğul əhalinin işlə təminatı yüksək səviyyədə, hansı ölkədə ki, iqtisadi azadlıqların məhdudlaşması var, orada işsizlər ordusunun artması müşahidə olunur. Ona görə də bir ölkədəki insanların həyat şəraiti ölkələrin davamlı iqtisadi inkişaf səviyyələri məhz ölkədə iqtisadi azadlıqları ilə bağlı məsələdir. İqtisadi baxımdan azad ölkələrdə həm yüksək rifah, həm də gəlirlilik səviyyəsi yüksək olur. Son araşdırmalarda iqtisadi azadlıqlarla rifah arasında sıx əlaqəni təsdiq edir. Məsələnin 2-ci hissəsində qeyd etdiyimiz əhalinin gəlirlilik səviyyəsindəki disbalans da iqtisadi azadlıqların üstünlüyünü bir daha meydana çıxarır. Freyzer institutunun hesabatlarında qeyd olunur ki,  ən az iqtisadi azadlığa malik ölkələrdə ən az gəlirə malik 10%-lə ən yüksək gəlirə malik 10% arasında gəlir ədalətsizliyi ən az iqtisadi azadlığa malik ölkələrindəkindən 2 dəfədən artıqdır. (Economic Freedom of the World 2000, s.17) Bu yazıda iqtisadi azadlıqların sərhədi ilə birbaşa bağlı olan insan həyatının necəliyi haqqında fikirlərimizi qeyd etdik. Amma “necəliyi” və ya neçə il ömür sürməsi haqqında da dəyərli rəylər var. Yəni, iqtisadi azadlıqların yüksək səviyyədə təmin olunduğu ölkələrdə insan ömrü də yüksək olur. Reytinq göstəricisinə görə, ölkələrin ən başda duran 20 faizində insanlar, bir qayda olaraq ən aşağıda olan ölkələrinin əhalisindən 25 il çox yaşayırlar. Ölkələrdəki insan ömrü ilə yanaşı, insan ölümünə də neqativ təsirləri mövcuddur. Belə ki, məlum olub ki, iqtisadi azad ölkələrdə uşaq ölümünün nisbəti iqtisadi baxımdan qeyri-azad ölkələrindəkindən 11 dəfə azdır. (1000 nəfər uşağa uyğun olaraq 7,3 və 83,3 1 yaşına qədər uşaq ölümü hadisəsi)

Ona görə biz iqtisadi azadlıq indekslərimizi yaxşılaşdırmağa can atmaqla insanlarımızın rifah göstəricilərini və yaşamını müəyyənləşdirmiş oluruq. İqtisadi azadlıqlarımızın sərhədi insanlarımıza verdiyimiz iqtisadi sərbəstlik dərəcəsi ilə müəyyənləşir. Çünki, İNSAN həyatı həm NECƏ, həm də NEÇƏ il yaşaması ilə bağlıdır. Bəli, bu iqtisadi azadlıq indeksinin nəticələridir!

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat