İnsan haqları bəşəri bir dəyərsə...

 

Səadət Cahangir, 29/04/12

Özün üçün bir şey etməyəcəksən; Kim edəcək?

Başqası üçün bir şey etməyəcəksən; Həyatının anlamı nə?

İndi etməyəcəksən; Nə zaman?

Mahatma Qandi

“Ərəb baharı” uzun illərdən bəri totalitarlaşmış cəmiyyətləri sovurub tökür. Bu qəlibləşmiş, bərkimiş qaydalara söykənən eybəcər sistemlərin dağıntıları altında, çox təəssüf ki,  minlərlə insan həyatı da məhv olub gedir. Böyük mübarizələr qurbansız olmur, doğrudur. Amma  bu hikkəli dirənişin, qəddar zorakılığın önünü kəsmək üçün gerçəkdənmi heç bir yol yoxdur?  Suriyada axan qanlar dayanmır. Gözü dönmüş Əsəd rejimi  qətliamlarına davam edir. Artıq bir ildən artıqdır bu rejim öz azadlıq haqqını istəyən dinc insanların-öz vətəndaşlarının başına bomba yağdırır.

Bir il əvvəl “bahar” havasının qonşu ərəb ölkələrində əritdiyi buzların “sel daşqını” Suriyanı cənginə alıb. Həmin ölkələrdə nisbətən az insan ölümüylə başa çatan inqilablar Suriyada daşa dirənib.  Burada zalımlığın, dəhşətin həddi-hüdudu yoxdur. Dəhşət həm də ondadır ki, on illərlə ölkəni şəxsi mülkü kimi idarə etmiş bu rejim Əsədin ilahi bir varlıq, ölməz bir hakimi-mütləq olduğunu çevrəsinin beyninə yeridə bilib. Yaxın günlərdə sosial şəbəkələrdə yayılmış bir video izlədim. İnsanın qanını donduran görüntülərdə Əsədin əsgərləri müxalif bir gənci diri-diri torpağa gömürlər. Həmas şəhərində baş verən hadisədə görünür ki, bu qatul əsgərlər gəncə söyüş söyür və “Bəşərdən başqa İlah yoxdur” dedirməyə çalışır. Gənc isə dönə-dönə “Allahdan başqa İlah yoxdur” deyərək torpaq altında qalıb can verir...

İnsan haqları universal, bəşəri dəyərdir. Bu, dünyanın bütün beynəlxalq konvensiyalarında yazılıb və həmin müddəalar dinc insanlara qarşı zorakılığı birmənalı olaraq rədd edir. Həmin sənədlərdə belə zorakılıqlara qarşı konkret tədbirlər görmək barədə də maddələr var. Amma belə görünür ki, bu gün dünya gücləri də Əsəd rejiminin bir ildən bəri həyata keçirdiyi qətliam qarşısında gücsüz və vecsizdir. Axı dünya vaxtında bu diktatorların indiki mərtəbəyə qədər çıxmasının və bununla günahsız insanlara edilən zülmün qarşısını da ala bilər. O zaman dünya azadlıq istəyən məsum insanları bir yırtıcı rejimlə üz-üzə köməksiz buraxmaq utancından necə xilas olacaq?..

2007-ci ildə BMT 2 oktyabr gününü “Dünya şiddətə yox günü” elan edib. Bu gün üçün 2 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Həmin gün Hindistanın ötən əsrdə yaşamış siyasi və ruhani lideri Mahatma Qandinin doğum günüdür. Qandi bütün dünyada zorakılığa və ədalətsizliyə qarşı dinc mübarizənin simvolu olaraq tanınır. Onun keçən əsrin əvvəllərində öz ölkəsində yoxsulluğun azaldılması, qadınların hüquqları, fərqli din və etnik qruplar arasında qardaşlıq və ən önəmlisi, Hindistanın xarici güclərin asılılığından qurtulması yönündə başlatdığı dinc mübarizə sonda böyük uğurla nəticələnmişdi.  Qandi dünya tarixinə parlaq hərflərlə yazılan məşhur “Duz yürüşü”nün lideri olub. O, 1930-cu ildə Hindistanda alınan Britaniya duz vergisinə qarşı başlatdığı 400 km-lik yürüşlə öz ölkəsinin müstəmləkəçilik əleyhinə mübarizəsinə stimul verdi.   Bu yürüşdən əvvəl o, xalqa "özünüzü yeterincə güclü hiss edirsinizsə,  hökumət işlərini buraxıb, bu yürüşə qatılın" çağırışı etdi.

Yolda ona minlərcə insan qatıldı. Hind okeanı sahilindəki  Dandi kəndinə qədər olan məsafəni yalın ayaqla 24 gündə qət edən 61 yaşlı  Qandi  6 aprel sabahı ingilis polislərinin çaşqın baxışları altında dənizə yürüdü. O, palçıq qarışmış bir topa duzu ovuclarına alaraq şirin suda yaxalayıb hər kəsə göstərdi. Beləliklə, bir hindunun duz çıxara bilməyəcəyinə dair Duz Qanunu ləğv edildi. Bunun ardınca minlərcə kəndli dəniz sahillərinə axın edərək, duz çıxarmağa başladılar. Qandi və 60 min etirazçı həbsə atıldı, amma qanun da qüvvəsini itirdi.

Qandinin öz ölkəsinə müstəqillik qazandırması ilə sonuclanan mübarizəsi bütün xalqlar üçün bir nümunədir. Amma zaman xeyli dəyişib. Əslində, sivilizasiyanın işıq sürəti ilə artan inkişaf tempi ilə insan cəmiyyətinin daha humanistləşməsi faktı gözləndiyi halda, bunun əksi baş verir. Hökumətlər xalqın başına keçən kimi, sahibləndiyi geniş səlahiyyətlərlə məğlubedilməzlik statusu qazandığını düşünərək Allahlıq iddiasına düşür. Əsəd əsgərlərinin harın zorakılıq səhnəsində bunun şahidi olduq. “Hər xalq seçdiyi rəhbərə layiqdir” deyimini çox eşitmisiniz. Təəssüflər olsun ki, bu gün o rəhbərlərin bir çoxu xalq tərəfindən seçilmədən, min bir oyunla taxt-taca sahiblənir. O zaman həmin çirkin oyunların içində dəyən yenə də xalqa dəyir. Belə halda, günahsız insanların zillət çəkdiyi həmin diktatorlardan xilas olmaq həm də dünyanın problemi deyilmi?..

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat