Keçid ölkələrində iqtisadi transformasiya və dövlətin rolunun dəyişdirilməsi

Ceyhun Hüseynov, 13/03/2008
Son 15 ildə bir çox mərkəzləşmiş planlaşdırmaya malik ölkələr öz iqtisadiyyatlarını sərbəst bazar iqtisadiyyatına transformasiya etmək üçün müəyyən addımlar atmışlar. Bu yolda uğurlu olmaq üçün həmin ölkələr zəruri institutları inkişaf etdirməli və hökümətin düzgün rolunu müəyyənləşdirməlidirlər.

İqtisadi ədəbiyyatlarda keçmiş mərkəzləşmiş planlaşdırmaya malik ölkələrin bazar iqtisadiyyatına keçidiylə bağlı bir çox yazılar yazlımasına baxmayaraq, bu ölkələrdə hökümətin iqtisadiyyatdakı rolu ilə bağlı yazılar kifayət qədər deyil. Keçid dövrünün başlanğıcında bir çox iqtisadçılar qiymətlərin liberallaşdırılması, makroiqtisadi sabitlik (makroiqtisadi sabitlik dedikdə, əsasən aşağı inflyasiya nəzərdə tutulur) və özəlləşdirmə kimi siyasətləri özündə əks etdirən ”Şok terapiya” yanaşmasını dəstəkləmişdilər. Lakin bununla belə, yeni yaranmış mühitdə hökümətin rolu ilə bağlı fikirlərə az rast gəlinir. Mərkəzləşmiş planlaşdırma sistemindəki iqtisadiyyatın, institutların və iqtisadi proseslərin transformasiyasını tam təmin etmək üçün əlavə olaraq aşağıdakı siyasi qərarların verilməsi zəruridir

• İqtisadi faydalılıq investisiya qərarlarında əsas meyar olmalıdır
• Sosial cəhətdən faydalı olan fəaliyyətlər hökümət tərəfindən maliyyələşməlidir
• Hökümət iqtisadiyyatdakı rolunu effektli yerinə yetirməli, iqtisadiyyatın digər fəaliyyətlərinə qarışmamalı və ya öz rolunu məhdudlaşdırmalıdır.

Bazar iqtisadiyyatının elementləri

Bazar iqtisadiyyatına keçid zamanı yeni sistemin səmərəli işləməsini təmin etmək üçün hökümətlər oyunun qaydalarını müəyyən etməli, dövlət sektorundakı fəaliyyətləri maliyyələşdirmək üçün gəlirləri artırmalı, gəlirləri səmərəli xərcləməli, iqtisadi müqavilələrin qanuniliyini təmin etməli, özəl mülkiyyəti qorumalı və ictimai mal və xidmətlər istehsal etməlidirlər. Həmçinin, bu hökümətlər hər hansı bir mübahisə və şərhə yol açmayacaq qədər dəqiq qanunlar həyata keçirməlidirlər.

Bazar iqtisadiyyatına tam transformasiyanın başa çatdırılması üçün fiskal institutların səmərəli fəaliyyəti, effektli xərc proqramları, o cümlədən işsizlər, xəstə və yaşlılar üçün əsas sosial müdafiə proqramları zəruri şərtlərdir. Xərc proqramaları dövlətin vergilərdən yığılan gəlirləri hesabına maliyyələşməlidir. Lakin bu vergilər özəl sektorun inkişafını ləngidəcək səviyyədə olmamalıdır.

Son olaraq, hökümətin rolu təkcə iqtisadiyyatda deyil, həmçinin siyasi həyatda olduğu üçün icra və qanunverici orqanlar geniş mənada bir-birinə uyğun olmalıdır.Yox, əgər Rusiyada olduğu kimi, əgər hökumətin rolu dəqiq müəyyən olunmasa, nə optimal hökümət, nə də rasional siyasi qərarların verilməsi mümkün olacaq.

Bazar iqtisadiyyatında institutlar

Yeni yaranmış bazar iqtisadiyyatı sisteminin səmərəli fəaliyyətini təmin etmək üçün hökümətlər müvafiq institutları inkişaf etdirməli və bu institutların düzgün işləməsi üçün dövlət strukturlarına bacarıqlı məmurlar təyin etməlidirlər. Bu məmurların maraqları xidmət etdikləri qurumun maraqları ilə ziddiyyət təşkil etməməlidir. Bu institutlar tədricən qurulmalı və davamlı olaraq islahatlar aparılmalıdır. Müqayisə üçün deyək ki, inkişaf etmiş sənaye ölkələrində bu cür institutların mövcud olması bir neçə əsrə başa gəlmişdir.

İnstitutların fəaliyyəti səmərəli olmadıqda və ya oradakı məmurların maraqları ümumi ictimai maraqlarla ziddiyyət təşkil etdiyi halda, dövlət iqtisadi fəaliyyətlər üçün bir maneəyə çevrilir. Bu cür hallar əsasən korrupsiyanın yüksək olduğu hökumət strukturlarında baş verir. Çünki bu cür dövlətlərdə hökumət administrasiyaları əsasən öz mənafelərinə xidmət edən şəxs və ya xüsusi maraq qrupları tərəfindən idarə olunurlar. Bu cür sistemlərdə, dövlət sektorunda çalışanların hər hansı bir sənədin verilməsinə görə rüşvət alması nəticəsində ümumi ictimai məqsədlərə nail olmaq mümkünsüz hala çevrilir.

Keçid dövrünə qədərki dövr

Keçid dövrünün başlanğıcında, bütün keçid ölkələrində özəl sektorun Ümumi Daxili Məhsul(ÜDM)dakı payı kiçik olmuşdur. Məsələn, bu dövrdə Rusiya və Çexiyada özəl sektorun ÜDM-dəki payı 1%, Polşada 20% olduğu halda, ABŞ-da bu göstərici 80% olmuşdur. İstehsal əsasən dövlət müəssisələri tərəfindən aparılırdı. Bundan başqa, qiymət və iqtisadi fayda resursların bölüşdürülməsində əsas rol oynamır çünki iqtisadi qərarlar mərkəzi idarəetmə strukturları tərəfindən verilirdi.

Keçid ölkələrində bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan vergi sistemi o qədər də əhəmiyyətli deyildi, çünki, hökumət ümumi məhsul buraxılışından əldə edilən gəlirləri öz istədiyi şəkildə istifadə edirdi. Vergilər yalnız bir fəaliyyət sahəsindən digərinə ötürülürdü. Vergi sahəsində çalışan məmurlar yalnız gəlirlərin hökümət kitabçasına salınmasına nəzarət edirdilər. Bu ölkələrdə nə büdcə qurumu, nə büdcə haqqında qanun, nə də ki, xəzinədarlıq vardı.

Vergi gəlirləri üç əsas mənbədən toplanırdı - dövriyyə vergisi, müəssisələr üzərində vergi, və gəlir vergisi-bu gəlirlər ÜDM-nin 50%-dən artığını təşkil edirdi. Bu cür sistemdə vergilər gizlədilirdi və insanlar nə qədər böyük həcmdə vergi verdiklərindən xəbərsiz idilər. Vergilər hökumət rəsmiləri ilə aparılan sövdələşmələr əsasında toplanılırdı və hökumət istədiyi vaxt vergilərin həcmini dəyişməkdə sərbəst idi. Məsələn, hökumətə əlavə maiyyə lazım olduqda, vergiləri qaldırırdı. Və ya maliyyə çətinliyi ilə üzləşən hər hansı bir müəssisə hökumətlə danışığa girərək vegilərin azaldılmasına nail olurdu ki, bu da müəssisələrin inkişafına mənfi təsir göstərirdi. Çünki müəssisələr əmin idilər ki, onlar hər hansı maliyyə sıxıntıları ilə üzləşərlərsə, hökümət onlara müəyyən güzəştə gedəcək. Buna görə də bu müəssisələr planlama apararaq əvvəlcədən baş verəbiləcək riskləri təhlil etməmələri onların inkişafını ləngidirdi.

İqtisadi islahatlardakı irəliləyişlər

Maraqlıdır, keçmiş sosialist ölkələri öz iqtisadiyyatlarının transformasiyasında hansı səviyyədə irəliləyiş əldə etmişdilər? Ümumiyyətlə, Şərqi Avropa və Baltikyanı ölkələr sürətli irəliləyiş əldə edirkən, digər ölkələr fiskal institutların yaradılması, fiskal tarazlığa nəzarət və dövlətin iqtisadi rolunun müəyyənləşdirilməsi kimi sahələrdə o qədər də uğurlu olmamışlar. Lakin hətta bu ölkələr arasındaki fərq çox böyükdür. Bəzi ölkələrdə keçmiş sistem əsasən tərk edilmiş, lakin yeni sistem bərpa olmadığı üçün sanki bir instusional vakuum əmələ gəlmişdi.

Özəlləşdirmə. Keçid dövrünün başlanğıcında özəl sektorun ÜDM-dəki payı əhəmiyyətsiz dərəcədə kiçik idi. Lakin son dövrlərdə bu rəqəm Albaniya, Çexiya Respublikası, Estoniya, Macarıstan, Litva, Rusiya və Slovakiya kimi ölkələrdə 75-80%-ə çatmışdı. Yalnız Belarus, Tacikistan və Türkmənistanda bu rəqəm 35% və ya bundan aşağıdır. Maraqlıdır ki, bu ölkələrdə özəlləşdirmə yalnız mülkiyyətin özəlləşdirilməsidir, idarəetmənin yox. Bir çox ölkələrdə müəssisələr ya keçmiş islahatlardan əvvəlki menecerlər tərəfindən idarə olunur, ya da ki, yeni menecerlər hökumət rəsmilərinə yaxın şəxslərdir.

İqtisadi islahatlar dövründə özəlləşmə ilə bağlı baş verən digər bir maraqlı cəhət bundan ibarətdir ki, dövlət mülkiyyəti azaldıqca (özəlləşmə artdıqca), özəlləşmədən büdcəyə daxil olmalar adekvat olaraq artmırdı. Baxmayaraq ki, keçid dövründən əvvəl dövlət hər şeyə sahib idi, keçid dövrünün başlanmasıyla dövlətin öz aktivlərini sataraq əldə etdiyi gəlirlər çox cüzi idi. Məsələn, Rusiyada 50-60 milyard dollar civarında qiymətləndirilən dövlət aktivləri 1.5 milyarda alınmışdı.

Özəlləşdirmədən əldə olunan gəlirlərin kiçik olmasının bir neçə səbəbi var. Özəlləşdirmə prosesinə yalnız kiçik bir qrup şəxs dəvət olunurdu ki, bu şəxslər öz mövqe və ya şəxsi əlaqələrindən istifadə edərək külli miqdarda sərvət əldə etmişdilər. Beləliklə, baxmayaraq ki, özəlləşdirmə bazar iqtisadiyyatına keçid üçün atılan fundamental addımlardan idi, lakin keçmiş sosialist ölkələrində baş verən özəlləşdirmə prosesləri bazar iqtisadiyyatının əsas şərtlərindən olan özəl mülkiyyətin qorunması üçün əngəl olmuşdur.

Nomenklatura özəlləşdirmə- dövlət müəssisələri aktivlərinin keçmiş kommunist partiyasının yüksək rəsmiləri tərəfindən aşağı qiymətə alınması bu ölkələrdə gəlirlərin bölüşdürülməsində dramatik dəyişikliklərə gətirib çıxardı. Əgər keçid dövründən əvvəl bu ölkələrin liderləri öz ölkələrindəki gəlirlərin bərabər bölüşdürülməsi sistemi ilə fəxr edirdilərsə, keçid dövrünün başlanmasından az sonra bu ölkələrdə kiçik bir varlı təbəqənin ortaya çıxması ilə gəlirlərin ədalətli bölüşdürülməsi prinsipi sanki süquta uğradı. Narahatlıq doğuran fakt ondan ibarət idi ki, meydana gələn bərabərsizliyin səbəbi yeni yaranmış təbəqənin şəxsi sərvət toplaması hesabına varlanması deyil, dövlət sərvətinin qəsb edilməsi hesabına baş verirdi.

Məhz buna görə də, belə ölkədə yaşayan insanların köhnə sistemin dəyişməsi nəticəsində yaranan yeni mühitlə bağlı mənfi münasibətlərini və bazar iqtisadiyyatını qınamalarını başa düşmək o qədər də çətin deyil.

Qiymətlərin liberallaşdırılması. Keçid ölkələri bir qrup olaraq qiymətlərin liberallaşdırılması və stabilləşdirilməsi yolunda böyük irəliləyişlər əldə etmişlər. Baxmayaraq, Belarus, Tacikistan və Özbəkistanda bu sahədə o qədər də böyük inkişaf olmayıb, əksər ölkələrdə bir neçə sahədə, Macarıstan və Polşada isə kifayət qədər irəli addımlar atılmışdır. Lakin bəzi mallar üzərində qiymətlərin liberallaşdırılmasını təmin etmək və enerji kimi mühüm sahələrdə qiymətlər üzərində nəzarətin saxlanılması heç də səmərəliliyin artırılması demək deyildir.

Fiskal islahatlar. Bir çox keçid iqtisadiyyatları 1990-cı illərdə əsaslı fiskal islahatlar həyata keçirməyə başladılar. Mərkəzi planlaşdırılmış sistemdə vergi mədəniyyəti heç vaxt mövcud olmadığı üçün, bu ölkələrdə yaşayan insanlar yeni yaranmış vergi sisteminə düşməncəsinə yanaşmağa başladılar.

Keçid dövrünün başlanğıcında bu ölkələrdə aparılan iqtisadi islahatların mövcud dövlət maliyyəsi üzərində dağıdıcı təsirləri olmuşdur.

• Bu islahatlar keçid dövründən əvvəl dövlət tərəfindən aparılan planlaşdırmanı məhv etmiş və keçid dövründən sonra dövlət istehsal olunan mallar və onların qiymətləri haqqında məlumat çatışmazlığı ilə üzləşmişdi. Buna görə də, yeni yaranmış müəssisələrdə böyük həcmdə vergi yayınmaları halları yayılmağa başladı.
• Əgər keçid dövründən əvvəl dövlət büdcəsi bir neçə iri həcmli dövlət müəssisəsinin vergiləri hesabına maliyyələşirdisə, keçid dövründən sonra yeni yaranmış çoxlu sayda kiçik və orta həcmli müəssisələrin vergidən yayınma halları daha da asanlaşmışdır.Çünki əgər əvvəllər vergilər yalnız bir neçə müəssisədən alınırdısa, indi çoxlu sayda müəssisənin yaranması və yeni vergi sistemində olan təcrübəsizlik vergilərin toplanmasını çətinləşdirmişdir. Bundan başqa, vergi orqanları rəsmilərinin yeni yaranmış müəssisələrlə qeyri-qanuni yollarla əlaqəyə girməsi və rüşvət alması problemin digər səbələrindən biri idi.

Bu cür dəyişikliklər səbəbindən köhnə sistemin transformasiyası asan olmamışdır. Transformasiyasının uğurlu olması üçün təkcə yeni vergi qanunları deyil, həmçinin yeni fiskal institutlar, yeni texniki bilik və bacarıqlar və siyasi kapital lazımdır. Yalnız bir neçə keçid iqtisadiyyatı sadalanan bu tələbləri qarşılaya bilmişdir.

Bir çox ölkələr köhnə institutları saxlayaraq, onların yeni formada işləməsini təmin etməyə çalışmışlar. Bu cür institutlarda çalışan köhnə kadrlar dəyişikliklər üçün əsas maneələrdən olmuşlar və bu institutlara rəhbərlik edən şəxslər bazar iqtisadiyyatı sisteminin işləməsi haqda çox məhdud biliklərə sahib idilər. Bu rəhbərlərin əsas niyyəti köhnə sistemi qoruyub saxlamaq olduğu üçün, bir çox ölkələrdə islahatlar çox ləng getmişdir.

Keçid iqtisadiyyatlarının bir çox hökümətləri bir məsələni dərk etməkdə çətinlik çəkmişlər- bazar iqtisadiyyatında vergi sistemi obyektiv olaraq müəyyənləşən vergi dərəcələri və qaydalarına əsaslanmalıdır ki, bu sisteminin əsas məqsədi gəlirlərin səmərəli və bərabər toplanmasıdır.

Bu ölkələrin bir çoxunda dövlət xərclərinin ÜDM-yə nisbəti çox böyük idi. Dövlət xərcləri xüsusi ilə dövlətin uzunmüddətli öhdəliyi olan təqaüd, səhiyyə və dövlət sektorundakı işçilərə ödənişlər hesabına artmışdır. Xərclərin ÜDM-yə nisbətinin yüksək olmasının səbəblərindən biri bu ölkələrdə istehsalın düşməsi idi. İkinci səbəb odur ki, bu ölkələrdə dövlətin rolunu azaldan siyasət hələ formalaşmamışdır və dövlət bütün fəaliyyətlərə qarışırdı. Ümumiyyətlə, günümüzdə də dövlətin öz xərclərini artıraraq, sosial xərclər etməsi, məsələn, səhiyyə sistemində pulsuz xidmətlər və s. kimi güzəştləri ilk baxışdan müsbət görünsə də, əslində dövlətin böyüyərək insanların həyatına müdaxiləsi uzunmüddətli perspektivdə çox təhlükəli bir addımdır.

Nəticə

Keçid dövrünün tamamlanması üçün bir çox dəyişikliklər baş verməlidir. Dəyişikliklərin dərindən getməsi üçün yeni institutların yaranması, proseslərin sürətlənməsi və hökümətin rolunun dəyişdirilməsi lazımdır. Bu cür köklü dəyişiklikər zamanla baş verir, çünki dəyişikliklər struktur islahatları, davranış və münasibətlərin dəyişdirilməsini tələb edir.

Bazar iqtisadiyyatına transformasiya edən ölkə hökümətin rolunu dəyişdirməlidir. Hökümət iqtisadiyyata birbaşa heç bir müdaxilə etməməli və iqtisadiyyatı obyektiv vergi sistemi, büdcə və digər dolayı alətlərlə tənzimləməlidir. Vergi sistemi tamamilə islah olunmalı və gəlirlərin artımını təmin edə biləcək səmərəli və ədalətli sistem olmalıdır. Dövlət xərcləri, xüsusi ilə sosial xərclər sürətlə artırılmamalı və dövlətin iqtisadiyyatdakı rolunun artmasına yol verilməməlidir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat