Təhsil sistemi və fiskal siyasət

Məhəmməd Talibli, 17/12/13

Təhsil siyasəti özlüyündə strateji hədəfləri olan siyasət olmalıdır. Yəni, qısa vədəli planlardan daha çox uzunmüddətli hədəfləri olmalıdır. Bununla bağlı məşhur bir aforizm var: “ Bir illik planın varsa, taxıl ək, əgər 10 illik planın varsa, bağ sal, əgər 100 illik planın varsa, o zaman insanlara təhsil ver”. Amma dövlətlərin təhsil sistemini fiskal siyasətdən kənarda təsəvvür etmək doğru olmazdı. Yəni dövlət büdcəsi hesabına təhsil xərclərinin artımı və onun nəticələrinin ölçülə bilən olmasını təmin etmək, dövlət büdcəsindən və ya büdcədənkənar fondlardan təhsilə ayrılan xərclərin ÜDM-də payına diqqət yetirmək lazımdır. Bu kontekstdən yanaşanda məlum olacaq ki, bizdə vəziyyət heç də ürəkaçan deyil. Hazırkı vəziyyətdə təhsil xərcləri bizdə ÜDM-nin 3-4 % həddindədir. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə edəndə məlum olur ki, bu hədd heç də yüksək səviyyəni ifadə etmir. Yəni inkişaf etmiş ölkələrdə təkcə ali təhsil xərcləri bizdəki təhsilin ÜDM-dəki payından 2 dəfə azdır. Amma inkişaf etmiş ölkələrdə təhsil xərclərinin ÜDM-da payı 8-9 % arasında dəyişir. Bu isə bizdəki mövcud göstəricidən təxminən 3 dəfə azdır.  Büdcənin xərc istiqaməti ilə müqayisədə bu rəqəm fərqlidir. Yəni son illərdə büdcə xərcləmələri üzrə təhlil aparanda məlum olur ki, Azərbaycanda büdcədən təhsil üçün ayrılan xərclər ortalama olaraq 8-9 % arasında dəyişir. Növbəti il (2014-cü ilin büdcə layihəsində) həmin rəqəm 8,2% təşkil edib. Amma investisiya xərcləri büdcənin 31 %-ni təşkil edir. İldən-ilə artan investisiya xərcləri ilə müqayisədə təhsil xərclərinin inersiya ilə artımı müşahidə olunur. Əgər investisiya xərcləri 6,8 mlrd. manat həcmindədirsə, təhsil xərcləri təqribən 1,5 mlrd. manat səviyyəsindədir. Halbuki, investisiya xərcləri daha çox korrupsiya riski doğran sahə hesab olunur. On beş il bundan əvvəl məşhur araşdırmaçı Paulo Mauro öz tədqiqatlarında göstərir ki, yüksək korrupsiyalı ölkələr təhsilə daha az maliyyə ayıraraq, insan faktoruna investisiya qoymamağa meylli olurlar. Onun fikrincə, bu ona görə baş verir ki, digər kapital artıran sahələrə nisbətən təhsil az gəlirli korrupsiya imkanı yaradır. Mən sizə deyim ki, investisiya xərcləri içərisində təhsilə ayrılan xərclərin özü də xeyli şübhəli məqamlar mövcuddur. Yəni dövlət investisiyası hesabına həyata keçirilən layihələri digər tikinti layihələri ilə müqayisə edəndə, məlum olacaq ki, onların tikinti smetaları və dəyərləri fərqli olur. Bir neçə il bundan öncə ABŞ səfirliyinin tikdirdiyi təhsil müəssisəsi ilə Azərbaycan hökumətinin tikdirdiyi obyektin müqayisəli təhlil aparılmışdı. MBQ-nin araşdırmalarına görə, eyni ildə ABŞ səfirliyinin tikdirdiyi məktəbdə bir şagirdə düşən xərc 638 manatdırsa, Təhsil Nazirliyinin tikdirdiyi məktəbdə bir şagirdə düşən xərc 1870 manat olmuşdu. Belə problemlər təhsil xərcləri üzərində şəffaflığın və hesabatlılığın daha yüksək səviyyədə qurulmasını zəruri edir.

Eyni zamanda, büdcədən kənar fondlarla təhsil siyasəti əlaqələndirilməlidir. Düzdür, Azərbaycan da Dövlət Neft Fondundan 2007-2015 illər üçün təhsil proqramları həyata keçirilir. Amma proqramın nə dərəcədə təsirli olmasını yaxın illərdə hiss edəcəyik. Amma ilkin simptomlar heç də yaxşı deyil. Dünyada təhsillə bağlı dövlət fondları arasında sıx bir əlaqə mövcuddur. Yəni onlardakı fondlar daha təsirli layihələri maliyyələşdirir. Ümumiyyətlə, bəzi ölkələrdə büdcədənkənar elmi-tədqiqat fondları var. Məsələn, ABŞ-da Milli elm fondu federal büdcənin vəsaitləri, sənaye müəssisələrin mənfəətindən rüsumlar, universitet və kolleclərin üzvlük haqlarında daxilolmalar hesabına formalaşır. Göstərilən mənbələr hesabına formalaşan vəsaitlər isə fundamental tədqiqatlar sahəsində proqramların maliyyələşməsi məqsədilə subsidiyalar şəklində istifadə edilir. Yalnız Federal büdcənin vəsaitləri hesabına formalaşan qurumun adı Standartlar bürosunun elmi Fondu adlanır. Bu fond subsidiyaları isə sənaye müəssisələrinin istehsalda tətbiqi ilə məşğul olan təcrübi tədqiqatlarını maliyyələşdirmək üçün vəsaitlər verir.

Ali təhsil məktəblərinə maliyyə dəstəyinin verilməsinin əsas məsələlərindən biri də onun nəticələrinin daha çox ölçülə bilən olmasıdır. Fərz edək ki, təhsillə bağlı xərclər artır, amma həmin təhsil xərcləri büdcə qarşısında heç bir dəyər qazandırmır. Onun sosial və fiskal faydası yoxdur. O zaman belə xərcləmələrin təbii ki, səmərəliliyindən danışmaq doğru olmaz. Hər il dünyanın 5000 universiteti arasında heç bir irəliləyişə nail ola biləcək yer tutmuruqsa, o zaman hansı rəqabətə davamlı təhsil sistemindən və pozitiv nəticələrindən danışmaq olar? Ona görə, təhsil sistemi dövlətin fiskal siyasəti ilə əlaqəli olmaqla yanaşı, səmərəli və rəqabətədavamlı olmalıdır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat