Oxuma-yazmaya görə liderik, amma...

Səadət Cahangir, 19/12/13

Texnoloji inqilabların gətirdiyi böyük yeniliklər, şübhəsiz, hər şeydən öncə insanların həyatını dəyişir. Bu dəyişimin inkişaf və müasirləşmə üçün mühüm bir vasitə olduğu danılmazdır. Lakin böyük yeniliklər həm də özüylə böyük sarsıntılar, çalxantılar və  tərəddüdlər gətirir. Bu yazını bir məsələ üzərində qurmaq istəyirəm. Son onilliklərin təcrübəsindən belə nəticə çıxarmaq olar ki, texnoloji nailiyyətlər insanların çeviklik və  baxış bucağını genişləndirsə də, onların ən önəmli bir xüsusiyyətini-mütaliə qabiliyyətini aşağı salır.

Bunun isbatı olaraq gündə kompüter qarşısında, sosial şəbəkələrdə nə qədər vaxt keçirdiyinizi düşünün. Həqiqətən, kitab oxumağa vaxt qalırmı? Yaxud metroda yan-yana oturduğunuz insanlardan neçə nəfərin telefonla məşğul olduğunu xatırlayın. Ümumiyyətlə, həftə boyunca bu yolçuluqda neçə kitab oxuyan şəxsə rast gəlirsiniz?

Təbii, mən özüm də bu işıq sürəti ilə böyüyən informasiya məkanında qərq olub qalanlardan biri sayıla bilərəm. Günümün hansı böyük hissəsini burada keçirdiyimi dəqiq hesablamaq belə zor. Şübhəsiz, bu həm də mənim üçün bir işdir. Həftəlik və ya gündəlik yazı yazan qələm sahibləri üçün indi zamanı qaçırmaq an məsələsidir. Hər xırda şeydən xəbərdar olmaq zorundasan, əlbət.

Sənətimi, yazarlığı nə qədər sevsəm belə, bu haldan çox da məmnun olmadığımı gizlətməyəcəyəm. İnsan bu qədər zaman basqısı altında bol-bol kitab oxuduğu günlərin xiffətini çəkməzmi? Hələ operaya, balet tamaşalarına, teatra, kinoya getmək zövqündən məhrum olmağı bir kənara qoyuram. Hərçənd `bu yaxınlarda rast gəldiyim bu maraqlı fakta əsasən biz heç də oxuma-yazmadan əl üzmüş durumda deyilmişik. ABŞ Mərkəzi Təhlükəsizlik Təşkilatının (CIA) ən son açıqladığı oxuma-yazma siyahısında Azərbaycan bu sahənin əsas kriteriyaları üzrə dünya lideri olub. 233 ölkə arasında 15 yaşdan yuxarı insanların oxuma-yazma səviyyəsini araşdıran qurumun gəldiyi nəticəyə görə, Azərbaycan postsovet ölkələrinin çoxunu geridə qoyaraq(99,8%),  Latviya və Estoniya ilə eyni səviyyədə dayanır. Ondan sonrakı sırada  99,7%-lə Rusiya, Litva, Ukrayna, Qazaxıstan və Gürcüstan yer alır.

Bir maraqlı fakt da odur ki, postsovet ölkələri içində kişilərin oxuma-yazma səviyyəsində görə  də ölkəmiz 99,9 % -lə birinci yerdə dayanır, qadınların oxuma-yazma faizinə görə isə( 99,7%) yalnız  Latviya və Estoniyadan geridə qalır. Ümumilikdə, Azərbaycan bu göstərici üzrə qonşu Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İran arasında liderdir. Eyni zamanda, CİA-nın hesabatına əsaslansaq, Azərbaycan və başqa postsovet respublikalarının oxuma-yazma səviyyəsinə görə Amerika, İngiltərə, Fransa, İspaniya kimi ölkələri geridə qoyması da diqqət çəkən məsələdir. (http://www.1news.com.tr/azerbaycan/siyaset/20131008033742941.htm)

Təbii, bunun sevindirici bir fakt olduğu danılmazdır. Amma problem başqa nöqtədədir. Belə yüksək oxuma-yazma səviyyəsi ilə ölkədə təhsilin inkişafı niyə bərbad haldadır? Axı həqiqətən də, bir ölkə üçün ən önəmli inkişaf göstəriciləri sırasında təhsil ən başda gəlir. Heç şübhəsiz ki, bütün dəyişimlər də inkişafa yol açdığı zaman dəyərli sayıla bilər. İndi ölkədə təhsilin geriliyini texnoloji inqilabın ayağına yazsam, haqlı olaraq mənə gülərsiniz. Rəqəmlərə nəzər salanda, oxuma-yazmadan uzaq olduğumuz da görünmür. Bəs bu  qədər oxuma-yazma həvəskarları olan cəmiyyətdə nədən təhsil geridə qalsın ki?  Demək ki, ümumilikdə, bu ölkənin sistemində bir qeyri-normallıq, pozuqluq var, ora əl gəzdirmək lazımdır...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat