Büdcəmizin spesifikası

Məhəmməd Talıblı, 23/12/13

Builki dövlət büdcəsini əvvəlki illərdən fərqləndirən bir neçə ciddi amil var.  Onlar həm büdcə gəlirlərində, həm də xərclər hissəsində özünü göstərir. Daha vacib sayılan 2 istiqamətdə spesifik olan halın təhlili bizi düşünməyə vadar edəcək.

Bunlardan birincisi,  dövlət büdcəsində kəsirin yaranmasının əvvəlki illərlə müqayisədə yüksək həddə olmasıdır. Onsuz da kəsirsiz büdcədən söhbət gedə bilməz. Bu bütün dünyada belədir. Hər ol ortalama olaraq ÜDM-nin 1-1,5 faiz həcmində büdcə kəsrləri qeydə alınır. Yəni büdcə kəsri 1, 7 mlrd. manat həcmində olacaq ki, bu da bu ilin, yəni 2013-cü ilin büdcə kəsrindən 1 mlrd. manat çoxdur. Bu məbləğin isə növbəti ildə ÜDM-nin 2,9 faizini təşkil etdiyi aydın olur. Halbuki, son illər ərzində bu səviyyədə büdcə kəsiri qeydə alınmayıb. Beynəlxalq Valyuta Fondunun ölkəmizə dair tövsiyələrində də büdcə kəsrinin ÜDM-nin 3 faiz həddindən yüksək olması məqbul hesab olunmur. Bu norma təkcə bizim ölkədə deyil, eyni zamanda Avropa Birliyi ölkələri üçün də Maastrik kriteriyalarına görə məqbul deyildir. Belə ki, həmin ölkələrdə büdcə açıqlığının ÜDM-nin 3 faizindən yüksək olması məqbul sayılmır. Azərbaycanın növbəti ilin dövlət büdcəsində bu kəsirin örtülməsi yollarından biri, tənzimlənən mal və xidmətlərin qiymətlərinin qaldırması nəticəsində büdcəyə əlavə vəsaitin daxil olmasını təmin etməkdir.

Bu büdcədə diqqəti çəkən əsas məqam kimi dövlət büdcəsi və büdcədənkənar fondlar arasındakı mövcud vəziyyətlə bağlıdır. Bu fərqləndirici ikinci cəhətlər arasında Neft Fondu və dövlət büdcəsi arasında münasibətlər xüsusi ilə ciddi maraq doğurur. Bu münasibətlər bir neçə aspektdən təhlil oluna bilər.

Birincisi, Büdcənin gəlir hissəsi ilə bağlıdır. Yəni illər uzunu Dövlət Neft Fondundan büdcəyə transfertlərin azalmasını qeyd etmək olar. Əgər əvvəlki illərdə dövlət büdcəsinin daxilolmalarında hər 100 manatından 60 manatı fondun pulları hesabına təmin olunurdusa, növbəti il (2014) üçün  bu rəqəm 50 faiz səviyyəsində olacaq. Yəni ötən illə müqayisədə 2 milyard manat büdcəyə transfertlər azalacaq. Bu, son 10 ildə ilk dəfədir ki, baş verir.

İkincisi, Neft Fondunun özünün büdcəsinin balansı və dövlət büdcəsinə transfertlər arasında müəyyən ziddiyyət də görünür. Yəni NF öz gəlirlərinin demək olar ki, hamısını xərcləyəcək. Belə ki, fondun növbəti ildə gəlirləri 11.626 milyard manat, xərcləri isə 11.349 milyard manat məbləğində proqnozlaşdırılır. Yəni NF büdcəsinin 97,6 faizini xərcləyəcək və demək, illər üzrə gəlirinin formalaşmasında yalnız aktivlərin idarə edilməsindən daxilolmalara arxayın olacaq. Demək, hər il üzrə NF gələcək nəsillərə yığımın təmin edilməsi məqsədilə ciddi artımlara malik olmayacaq.  Yəni neft pulları necə gəlirsə, elə də gedir.

Üçüncüsü,  Bildiyimiz kimi büdcənin xərc istiqamətində dominant yük ənənəvi olaraq büdcənin “Sənaye, tikinti və faydalı qazıntılar”, başqa sözlə investisiya xərclərinin üzərindədir. Bu xərc maddəsi üzrə hər il ortalama 30-34 faiz arasında vəsait xərclənir. Növbəti ildə bu rəqəm 31 faiz təşkil edəcək. Bu xərclərin(eyni zamanda büdcənin) donoru kimi yenə NF çıxış edir. Sanki NF-nun pulları dövlət büdcəsi vasitəsilə investisiya xərclərinə yönəldilir. Əgər məntiqlə NF-nun büdcəyə transfertləri azaldılırsa, o zaman investisiya xərcləri də azalmalıdır. Amma adi hesablama aparsaq, görərik ki, NF-dan transfer ötən illə müqayisədə 17 faiz azaldığı halda, büdcənin investisya xərcləri 9 faiz azalıb. Demək ki, bu azalmalarda investisiya istiqamətində müəyyən ağırlıq saxlanılmaqla, sosial yönlü xərcləmələrdə azalmalar olacaq.

Sosial yönlü xərcləmələrdən söz düşmüşkən, onu da qeyd edək ki, növbəti il dövlət büdcəsindən sosial sferaya yönəlik xərclərin strukturu belə olacaq. Büdcə xərclərinin hər 100 manatının 10 manatı sosial müdafiə və təminat xərclərinə, 8,2 manatı təhsilə və 3,6 manatı  səhiyyəyə xərclənəcək. Hər 3 element sosial siyasətin əsaslarını təşkil edir.  Bu sosial yönlü xərclərin büdcədə xüsusi çəkisi nəinki AB ölkələri və Şərqi Avropa ölkələri ilə, hətta Cənubi Qafqaz respublikası olan Gürcüstanla da müqayisəsi mümkün deyil. Ona görə, büdcədə sosial gözləntilər haqqında dərindən düşünməliyik. Bütün büdcə üzrə kontekstual məlumatlar ümumi büdcə balansı fonunda yox, detallı təhlil predmetinə çevrilməlidir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat