Hüququn mənəvi tərəfləri...

Səadət Cahangir, 26/12/13

Şübhəsiz ki, dünyanın inkişaf etmiş ölkələri ilə geridə qalmış ölkələrində yaşayan insanların düşüncələrində köklü fərqlər var.  Bir amerikalının hüququ olaraq qəbul etdiyi şey, bir azərbaycanlı üçün yasaq sayıla bilər və ya əksinə. Müasir dövrün məşhur amerikan libertarianlarından sayılan Deyvid Boaz deyir ki, bir amerikalıya görə hər arzulanan şey hüquqdur. Amma bunun nə dərəcədə doğru və mümkün ola biləcəyi kimsəni düşündürmür.

Təbii, hüquq başqalarının azadlığına müdaxilə edilmədən əsaslandırılmış bir prinsip olduğuna görə, hüdudsuz da sayıla bilməz. Məsələn, dünyada siqaretin zərəri ilə bağlı geniş təbliğat kampaniyaları aparıldığı dövrdə, ortaya paradoksal bir məsələ çıxdı. Bəziləri restoranlarda siqaret çəkmək hüququ istədiyi halda, başqaları siqaretin qadağan olunmasını tələb etməyə başladı. O zaman qərarı necə çıxarmalı? Hər halda, bu yerdə hüquqla insan arasındakı cizgiyə mənəvi amil daxil olur. Əlbət, bir siqaret həvəskarı on nəfərin hüququnu pozursa, birinin zərərli vərdişinə görə onunun əziyyət çəkməsi hüquqi və mənəvi sayıla bilməz. Bu həm də amerikan iqtisadçı alimi Deyvid Fridmanın dediklərinə bənzəyir: ”Təsəvvür edin ki, ancaq silah və ya bir parça elmi avadanlıq oğurlamaqla, siz hər hansı dəlinin bir neçə günahsız insanı öldürməsinin və ya asteroidin Baltimora düşməsinin qarşısını ala bilərsiniz. Bunu edərsinizmi, bəs mülkiyyət hüquqları necə olsun?”

Buradan xalq arasında yayılmış “hər kəsə öz dərdi dəvədir” deyiminə bənzər bir nəticə çıxarmaq olar. Amerikada kar bir kişi qışqırıq səslərini eşitmədiyinə görə onu mühafizəçi vəzifəsinə götürməyən təşkilatı məhkəməyə verib, hüququnun pozulduğunu irəli sürürsə, Azərbaycanda bu qədər “hüquqpərəst” olmaq  kimsənin ağlının ucundan da keçməz. Məlum, Azərbaycanın hüquq problemləri daha dərindir. O qədər dərin ki, insanlar böyük hüquq pozuntuları ilə üz-üzə qaldıqları halda belə, məhkəməyə müraciət etməyə tərəddüd göstərirlər. Çünki hakim təbəqənin alətinə çevrilmiş məhkəmələrin hüquq adına dürüst qərar çıxarıb-çıxarmayacağı sual altındadır. Buna sübut olaraq, o qədər fakt sadalaya bilərik ki, səhifələr dolub-daşar. Bəlkə, elə bunun nəticəsidir ki, ölkəmiz Avropa Məhkəməsinə üz tutanların sayına  görə lider ölkələrdən birinə çevrilməkdədir.

Bəlkə, hüquq mahiyyət baxımından mənəvi olanın qanuniləşdirilmiş, rəsmiləşdirilmiş forması kimi düşünülə bilər.  Elə buna görə də, hüquq pozuntusu bütün zamanlarda cəmiyyətin deqradasiyasına, mənəvi dəyərlərin məhvinə, insanların qanunun gücünə olan etimadının sarsılmasına və  son nəticədə böyük etiraz dalğalarına yol açır.  “Hüquq cəmiyyəti yaratmaq” anlayışı tarixən boşuna ortaya çıxmış bir ifadə deyildir. Bu, insan ləyaqətinin özünüifadəsinə, qorunmasına və dəyərli tutulmasına hesablanmış bir qanun prinsipidir. Elə prinsip ki, o olan yerdə heç bir oğurluq, soyğunçuluq, ədalətsizlik, cəzasız qalmır. Elə prinsip ki, o öz yerini alıb insanların həyatına nüfuz etdikdən sonra, qanunun aliliyi hər kəs üçün xoşbəxtlik formulunun açarına çevrilir. Bu, insanların hüquq davasına, həqiqət axtarışına, rəqabət həyəcanına və inkişaf səylərinə daha çox stimul verən ən önəmli amildir. Doğrudan da, ”kim azad və açıq qarşılaşmada həqiqətin uğursuzluğa düşdüyünü görüb ki?” (Con Milton).

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat