Azərbaycanda büdcələrarası münasibətlər

Məhəmməd Talıblı, 7/1/14

Azərbaycanda büdcələrarası münasibətlər son illərdə dəyişməz tendensiyalar üzrə davam  etməkdədir. Təbii ki, büdcələrarası münasibətlərdən danışarkən onun formalaşma mənbələri, xərclərinin istiqamətləri və onlar arasında qarşılıqlı əlaqənin mövcud vəziyyətindən danışmamaq qeyri-mümkündür. Əslində, büdcələrarası münasibətlərin konkret hədəfi və onun reallaşma metodları o dərəcədə effektiv olmalıdır ki, büdcə vəsaitlərinin ədalətli bölgüsü təmin edilə bilsin. Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrlə dövlət büdcəsinin qarşılıqlı əlaqəsi gəlir mənbələrinin, gəlirlərin dotasiya, subvensiya və büdcə ssudaları şəkilində bölüşdürülməsi vasitəsilə həyata keçirilir. Bu birbaşa büdcə alətləri vasitəsilə proteksionizmin əsas hədəfləri bunlar hesab oluna bilər; (I)investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasəti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaratmaq,(II) yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına müəyyənləşdirmək mümkün olmadıqda dövlət büdcəsindən dotasiya və subvensiya ayırması, (III) icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrinin gəlirlərinin azalması və ya xərclərinin artımını baş verdikdə, ona adekvat olaraq bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya siyasətini təmin etmək.

Halbuki büdcələrarası münasibətlərdə əsas nəzərə alınası həlqələr regionların tarazlı inkişafını təmin etməklə onlar arasında rəqabətli mühitin formalaşdırılması, müxtəlif bölgələrdə sosial-iqtisadi inkişaf səviyyəsinin uyğunlaşdırılması və nəticədə disproporsional inkişaf səviyyəsini aradan qaldırmaq olmalıdır. Amma indiki vəziyyəti təhlil edəndə görürük ki, büdcə dotasiyalarından faydalanan region, Naxçıvan MR və bələdiyyə büdcələri bu zəruri şərtlərə çox az hallarda cavab verir.

Azərbaycanda büdcələrarası əlaqələrdən danışarkən region və bələdiyyə büdcələri arasındakı münasibətlərin qarşılıqlı əlaqəsinə və onun konseptual əsaslarına toxunmaq lazımdır. Mərkəzi büdcədən yerli və bələdiyyə büdcələrinə ayrılan dotasiyaları nəzərdə tuturuq. Gəlirlər hissəsinə gəldikdə isə, yerli daxilolmaların büdcədə payı nəzərdə tutulur. Son illərin təhlillərini apardıqda ölkəmiz üzrə region büdcələrinin mərkəzi büdcədə payının heç də qənaətbəxş olmadığı nəticəsinə gəlirik. Yəni son 5 il üzrə büdcə daxilolmaları üzrə təhlillərimiz göstərir ki, büdcə daxilolmalarında regionların payı 5-6 faizdən yüksək deyildir. İqtisadi  rayonlar üzrə təsnifatlaşdırma aparsaq isə, məlum olur ki, Abşeron iqtisadi rayonun təkcə payı 94 faizə yaxındır. Təbii, bunun da obyektiv tərəfi ondan ibarətdir ki, neft hasilatı daha çox Abşeronda yerləşdiyi və məşğul əhali daha çox bu bölgədə yaşadığı üçün, həm ÜDM-də, həm də büdcə daxilolmalarında Abşeron iqtisadi rayonunun payı daha çoxdur. Hər bir halda regionların büdcəyə verdiklərini, eyni zamanda büdcədən aldıqları ilə də müqayisə edəndə görürük ki, regionların büdcə qarşısında ödəmələrinin artırılmasına böyük ehtiyac var. Belə artımların olması 2 aspektdən çox önəmlidir. Birincisi, fiskal asılılığın azaldılması və regionların maliyyə müstəqilliyinin təmin olunması, mərkəzi büdcədən artan asılılığının azaldılması baxımından. İkincisi, regionlarda yeni işə yerlərinin yaradılması, iqtisadi dinamizmin artırılmasını təmin etməklə büdcə daxilolmalarında regional töhfənin artırılması baxımından. Büdcələrarası münasibətlərdən danışarkən bələdiyyə büdcələrinin mövcud vəziyyətinin təhlilinə böyük ehtiyac var. Bələdiyyələrin büdcəsinə isə mərkəzi büdcədən ildə ortalama olaraq 5 mln. manat həcmində vəsait ayrılır. Amma həmin vəsaitlərin az olmasına baxmayaraq, regionlara ildə 700 mln. manatdan daha çox vəsait dotasiya formasında verilir. Əslində bələdiyyə büdcələri üçün 5 mln. manat vəsaitin bölgüsü ölkədə 1700-dən artıq bələdiyyə qurumu üçün heç də böyük vəsait deyildir. Amma məzmun bu vəsaitin azlığında və ya çoxluğunda deyil, onun məqsədlərindədir. Ona görə, bələdiyyə və yerli hakimiyyət orqanları arasında büdcə münasibətləri hansı yollarla həyata keçirilməsi üçün konkret yollar göstərilməlidir. Çünki qanunvericiliyin tələbinə görə, bələdiyyələr yerli büdcələrin tərtibində, təsdiqində və icrasında müstəqildirlər.

Büdcələrarası münasibətlərdən danışarkən, təkcə büdcə vəsaitlərinin müxtəlif formada paylanması yox, eyni zamanda bu münasibətlərin əsas subyektlərinin vergi yığımlarının optimallaşdırılması və həmin nisbətin doğru müəyyənləşməsidir.  Azərbaycan reallığına diqqət etdikdə aydın olur ki, ölkə üzrə vergi yığımlarının 96,4 faizi Abşeron iqtisadi rayonun payına düşür. Belə olan halda regionların fiskal funksionallığı şübhə altına düşür. Halbuki bizdə büdcələrarası münasibətlərin səmərəliliyinin əsas götürülməsi üçün dövlət hakimiyyət orqanlarının səlahiyyət çərçivəsi və regionların ehtiyacları əsas götürüldüyü halda, bizdə hansısa rayonun icra başçısının  özünün siyasi “çəkisi” və hakimiyyətin “oyun qaydalarına” nə dərəcədə riayət etməsi əsas götürülür. Məsələn, mən hesab edirəm ki, Naxçıvan MR-ə dövlət büdcəsindən ayrılan dotasiya ilə bu səviyyədə təmin olunması kökündən səhvdir. Çünki  mərkəzi büdcədən Naxçıvan MR büdcəsinə edilən transfertlərin (gəlirlərinin 80%-dən çox) ildən-ilə yüksəlməsi tendensiyası, yerli gəlirlərin artması və edilən transfertlər üzərində fiskal nəzarətin güclənməsini zəruri edir. Çoxlu sayda büdcələrarası münasibətlərin təkmilləşməsi istiqamətində xeyli addımlar gerçəkləşməlidir. Bunlar sırasında qəbul olunmuş müxtəlif dövlət proqramlarının nəticələrinin ölçülə bilən olması üçün müxtəlif indikatorlar vasitəsilə onlar üzərində səmərəlilik göstəricilərinin analiz edilməsini təmin etmək lazımdır. Yəni qəbul olunmuş dövlət proqramlarının işlək olması bunun sonda büdcələrarası münasibətin keyfiyyətinin yüksəlməsinə, başqa sözlə dövlətin strateji planları arasında harmoniyasının təmin olunmasına gətirib çıxaracaq. Bununla yanaşı büdcələrarası münasibətlərin təkmilləşdirilməsi, dövlət büdcəsindən region büdcələrinə transfertlərin ənənəvi artırılması siyasətini, regionların dolayı fiskal siyasət alətləri vasitəsilə dəstəklənməsi siyasəti ilə əvəz edilməsi üçün həm konseptual, həm də instutsional islahatların gücləndirilməsinə böyük ehtiyac var. Eyni zamanda, regionların mərkəzi büdcədən aldıqları dotasiyanın və fiskal asılılıqlarının azaldılması, onların və büdcə qarşısında öhdəliklərinin optimallaşdırılması üçün transfertin effektivliyinə və şəffaflığına diqqətin  artırılması daha yaxşı töhfə ola bilər.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat