Siyasi oyunlar və olimpiya oyunları...

Səadət Cahangir, 10/1/2014

Bu ilin fevral ayında Soçi şəhərində Qış Olimpiya oyunlarına start veriləcəyi planlaşdırılır. Amma qərbin bir sıra önəmli ölkələrindən bu mühüm hadisə ilə bağlı gələn soyuq mesajları oyunların baş tutmasına yarana biləcək əngəlin siqnalı kimi dəyərləndirmək olar. Bəri başdan oyunları boykot edənlərin siyahısında kimlərin olduğu məlumdur -ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Britaniya baş naziri Devid Kameron, Litva prezidenti Dalya Qribauskayte. Əslində, yaranan təhlükə həqiqətən ciddidir. Yəni Olimpiya komandaları da Soçi yarışlarını boykot etməklə Rusiyanı çıxılmaz vəziyyətə sala bilər. Məsələnin getdikcə gərginlik müstəvisinə keçməsini isə bir tərəfdən iki qütbün toqquşmasında, başqa tərəfdən də Rusiya prezidentinin özündə axtarmaq lazımdır.

2012-ci il prezident seçkilərini çoxunuz xatırlayarsınız.  Vladimir Putinin qələbəsi elə gurultuyla elan olunmuşdu ki,  bəzi əyalətlərin saxtakarlıq nəticəsi 107%-i ötüb keçmişdi.  O zaman Putinin “güclü lider imici”nə səs verənlər bilməmiş deyildilər ki, o əslində, bir diktatordur. Bu faktı sadəcə onun rəhbərlik dövründə öldürülən və həbsə atılan söz azadlığı keşikçilərinin sayı və açılmamış cinayətləri ilə də sübuta yetirmək olar. Amma ona böyük zövqlə səs verənlərin də bir gün peşman olacaqları məlum idi və bəlkə, o gün, elə bu gündür. Hələ oyunların baş tutmamasına səbəb ola biləcək başqa bir təhdid də var. Məlum olduğu kimi, yaxın zamanlarda baş verən partlayışlar da oyunların keçirilməsinə əngəl ola bilər.

Həqiqətən, təyin olunmuş tarixdə keçiriləcək oyunlara mane yaradıla bilərmi? Milli Olimpiya Komitəsinin   yarandığı tarixdən bəri belə faktlar bir neçə dəfə baş verib. 1980-ci ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsinə etiraz olaraq,   ABŞ başda olmaqla 64 ölkə Moskva Olimpiadasını boykot etmişdi. Nəticədə, oyunlara cəmi 80 komanda qatılmışdı. Buna cavab olaraq da, 1984-cü ildə də Los-Anceles Olimpiya oyunları  Sovet İttifaqı və onu dəstəkləyən Şərq Bloku ölkələri, o cümlədən Kuba və Şərqi Almaniya tərəfindən  boykot edilmişdi.

1996-cı il Atlanta Olimpiya oyunları zamanı isə  Olimpiya Parkında bir bomba partladılmışdı. Bu partlayış nəticəsində bir tamaşaçı  ölmüş və 100-dən çox adam  yaralanmışdı. Həmin təhqiqatların sonunda bombanın Erik Robert Rudolf adlı bir ABŞ vətəndaşı tərəfindən qoyulduğu ortaya çıxmışdı.

Artıq ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalı bu il üçün qlobal sabitliyi təhdid edəcək münaqişələrin siyahısına Şimali Qafqazı da daxil edib. Jurnalın təhlilində bildirilir ki, Soçi Qış Olimpiya Oyunlarından sonra bu regionda irimiqyaslı hərbi münaqişə başlaya bilər. Onun gəldiyi nəticəyə görə, bu regionda irimiqyaslı hərbi münaqişənin başlaması daha çox Soçi olimpiadasının təhlükəsizliyinin təmin edilməsindən asılı olacaq. Belə ki, Rusiyanın Volqoqrad şəhərində baş verən son terror aktlarına görə, olimpiadadan sonra Şimali Qafqazda yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyat başlaya bilər.

Beləliklə, gələn ay idman həvəskarlarının səbirsizliklə gözlədiyi Olimpiya oyunlarının ətrafında qalmaqallı təhlükələr dolaşmaqdadır. Bu təhlükənin real olduğunu beynəlxalq tədbiri boykot edən ölkələrin “parlaq siyahısı” da sübuta yetirir. Əgər 80-ci illərdə boykotla baş verən  “soyuq müharibə” rüzgarları  yenidən başlayarsa, iki qütb arasındakı “yanğın”ın da xeyli alovlanacağı şübhə doğurmur.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat