İşləyən yoxsullar ölkəsi

Məhəmməd Talıblı, 16/1/14

Yoxsulluq ölkələrin daxili problemindən çıxaraq daha çox qlobal miqyas alıb. Yəni hazırda yoxsulluq halları bütün dünyanı narahat edir. Yoxsulluq özünü fərqli formalarda təzahür etməklə yanaşı, daha çox genişlənməkdədir. Çünki dünyada iqtisadi böhrandan sonra bəzi ölkələrin iqtisadiyyatları hələ də özlərinə “gələ” bilməyib. Vaxtı ilə  böhran və yoxsulluqla bağlı ABŞ-ın 33-cü prezidenti Harri Truman demişdi ki, əgər sizin qonşunuz öz iş yerini itiribsə, bu tənəzzüldür, yox əgər siz öz işinizi itirmisinizsə, bu artıq böhrandır.

Bildiyimiz kimi, 2008-ci ildə dünyada qlobal iqtisadi böhran zamanı ölkələr bununla bağlı bəzi önləyici tədbirlər həyata keçirməyə çalışdılar. Böhranın təsirlərini zərərsizləşdirmək və anti-böhran tədbirləri hələ də müvazinəti bərpa etməyə kifayət etmir. Əslində, belə vəziyyətlərdə hökumətlərin gücü qlobal böhranın təsirlərinin ölkə sərhədlərindən içəri keçməsinə mane olmaq deyil, daha çox böhranlı vəziyyəti idarə etməkdir. Çünki dünya və yaxın qonşu dövlətlər bir sistem içərisindədirlər. Anti-böhranlı idarəetmə təcrübəsi və onun keyfiyyəti məhz belə məqamlarda meydana çıxır. Bu baxımdan böhrana məruz qalmaqdansa, onun idarə edilməsinin qayğısına qalmaq daha rasionaldır.

Son illərdə də Azərbaycanda hökumətin yoxsulluqla mübarizədə xeyli məsafə qət etdikləri geniş təbliğ olunur.

Ümumiyyətlə, ölkələrin iqtisadi vəziyyətlərini təhlil edərkən məlum olur ki, fiskal siyasətin (büdcə-vergi istiqamətli) optimallığı digər sektorların inkişafını xeyli dərəcədə stimullaşdırır. Yəni normal və ya aşağı səviyyəli vergi dərəcələri  işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Ölkədə sahibkarlıq subyektləri əlverişli biznes şəraitindən asılı olaraq daha çox məhsul istehsal etməklə, daha çox yeni iş yerləri yaradır. Açılan yeni iş yerləri isə yoxsul əhali qruplarının daha da azalmasına gətirib çıxarır. Eyni məntiqlə vergi dərəcələrindəki faiz artımları işsizliyin artmasına da olduqca mənfi təsir göstərir. Olduqca çox maraqlı araşdırma nəticəsində məlum olub ki, Avropa  Birliyində

gözlənən 1965-ci il ilə 1995-ci illər arasında əmək vergisi dərəcələrindəki 14% artma AB-də işsizlikləri 4% artırır. (Mənbə: Francesco Daveri ve Guido Tabellini, “Unemployent, Growth and Taxation in Indestrial Countries”, Economic Policy, Aprel 2000)

Məsələyə iqtisadi nəzəriyyə baxımından yanaşsaq, məlum olacaq ki,   iqtisadiyyat üçün 1-3 faizlik işsizlik həddi normal hesab olunur. Amma onu da qeyd etmək lazımdır ki,  yoxsulluq və işsizlik kimi iqtisadi tənəzzül elementləri təkcə ayrı-ayrı mənaları ifadə etmirlər, həmdə biri(işsizlik) digərini(yoxsulluq) doğurur. Bu baxımdan, bir ölkələrdə işsizliyin səviyyəsi yüksəkdirsə, demək, bu, yoxsulluq səviyyəsini də şərtləndirmiş olacaq. Maraqlıdır ki, neft-qaz ehtiyatları və hasilatı ilə zəngin ölkələrdə işsizliyin səviyyəsi, təbii ehtiyatlardan məhrum ölkələrdən daha yüksəkdir. Xüsusilə, Nigeriyada (24%) və İranda (12,2%) kimi ölkələrdə belə vəziyyət daha kritikdir. Amma neftlə zəngin ölkələrdə bu “lənətdən” faydalanan dövlətlərində nümunələri mövcuddur. Belə ölkələrdən neft gəlirlərindən uğurla istifadə modelinə görə seçilən Norveçdə vəziyyət olduqca yaxşıdır. Belə ki, dünyanın neft ixracatına görə ilkin beşliyə daxil olan Norveçdə işsizlik cəmi 2% təşkil edir.

İşsizliyin eyni zamanda meydana çıxması  idarəetmənin keyfiyyəti ilə də birbaşa bağlıdır. Yəni hansı ölkələrdəki dövlətin yaxşı idarə edilməsi mövcuddur, orada işsizlik və yoxsulluq problemi də kəskin olmayacaq. Hansı ölkədə ki, avtoritar idarəçilik və pis idarəetmə mövcuddursa, orada işsizlik də ciddi problem olaraq özünü daha kəskin formada göstərəcək. Belə ölkələr sırasında Misiri (13,4%), İraqı (16%) və Cənubi Afrika Respublikasını (24,7%) qeyd etmək olar.

Ən aşağı işsizlik səviyyəsinə malik olan ölkələrdə işsizliyin səviyyəsi Avropa Birliyinə daxil olan ölkələrdə mövcuddur. Ən aşağı işsizlik səviyyəsi Belçikada 9%, Hollandiyada 8,5%, Fransada 11% və AB üzvü olmayan qardaş Türkiyədə 10%-dir. Amma bütün bunlara baxmayaraq Azərbaycanda işsizliyin səviyyəsi çox aşağı səviyyədə olaraq qeyd olunur. Dövlət qurumlarının son açıqlamalarına görə ölkədə 4,7 milyon əhalinin cəmisi   36, 5 min nəfəri işsiz statusundadır. Bildiyimiz kimi, beynəlxalq standartlarda ölkədə işsizliyin səviyyəsi rəsmi qeydə alınmış işsizlərin sayının iqtisadi fəal əhalinin sayına bölməklə müəyyən edilir. Əgər mövcud qaydalarla hesablasaq, məlum olacaq ki, ölkədə işsiz əhalinin sayı hətta 1 faizə(0,8%) çatmır. Nəzərə alsaq ki, Avropa İttifaqı üzrə ortalama işsizlik səviyyəsi 10 faizdir(2012), onda məlum olacaq ki, Azərbaycanda işsizliyin səviyyəsi AB ölkələrindən ortalama olaraq 10 dəfə yaxşıdır.

Əgər biz Azərbaycanda 2 sektoru(məsələn, neft və kənd təsərrüfatı sektorlarını) götürüb təhlil etsək, maraqlı nəticələr əldə etmiş olarıq. Neft sektorunda ölkədə məşğul əhalinin 1,8 faizi çalışdığı halda, neft sektorunun ÜDM-də payı 47 faizdir. Lakin kənd təsərrüfatı sektorunda isə məşğul əhalinin 38 faizi cəmləşdiyi halda, bu sektorun ÜDM-də payı 6 faizdən çox deyil. Bu, iki sektor arasında açıq formada paradoksun olduğunu meydana çıxarır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat