Müharibə atəşində yanan qadınlar…

Səadət Cahangir, 21/1/14

“Müharibə yerdə cəhənnəm yaradır, təsəvvür olunmaz dərəcədə dağıntı dəhşətinə səbəb olur. İnsanların bir-birinə necə nifrət etməsindən asılı olmayaraq, millətlərin niyə tez-tez müharibə  yolunu tutması ağlasığmazdır. Lakin ola bilsin ki, hakim sinfin hesablaması o insanlardan fərqlidir. Müharibə çox vaxt xeyli insanı öz nəzarətinə yığmaqla hakimiyyətə güc verir...”(Deyvid Boaz)

Bu fikrin davamı olaraq demək mümkündür ki, bəlkə də, müharibə hakimiyyətlə bərabər bu faciədə marağı olan hər kəsə güc verir. Nə bu fəlakəti yaşayan xalqların çəkdiyi əzablar, nə də onun gətirdiyi dağıntı və itkilər həmin maraqlı adamların vecinə deyil. Bu fəlakətdən yetərincə nəsibini almış ölkənin vətəndaşları olaraq, biz hamımız müharibənin necə dağıntılar və yaralar açdığını bilirik. Amma bu yaxınlarda Əfqanıstanda qadın haqları ilə bağlı bir yazı oxuyarkən əmin oldum ki, müharibədən ən çox zərbə alan qadınlardır. Ona görə məhz Əfqanıstanı misal gətirirəm ki, bu ölkədə uzun illərdir vahiməli savaşlar dayanmadan bir-birini əvəz edir və burada qadınların həyatı, sözün əsl anlamında, cəhənnəmi xatırladır.

Bu ölkənin başından keçən tarixi savaşlardan biri 1979-cu ildə başlanan və 9 il davam edən SSRİ-Əfqanıstan müharibəsidir. Bu qanlı dava hər iki tərəfə on minlərlə insanın ölümü bahasına başa gəlib. Daxili münaqişələrin heç bir halda səngimədiyi bu ölkəyə, yeni bir xarici müdaxilə də Amerikadakı 11 sentyabr 2001-ci ildə baş verən terror  hadisəsindən sonra başladı. O zaman koalisiya gücləri ilə birlikdə  Əfqanıstana hücum edən ABŞ “Taliban”ı hakimiyyətdən uzaqlaşdırdı və belə görüntü yarandı ki, ölkəni “terrorçulardan” təmizlədi. Amma bu dəyişiklik ölkənin içindəki daxili savaşlara heç də son vermədi. Böyük güclərin ayaq basdığı bir çox ölkələr kimi, burada da insanlıq dəhşətləri indiyədək davam etməkdədir.

İndi ölkədə qadınların həyat səviyyəsi ilə bağlı bəzi rəqəmlərə nəzər salmaqla, vəziyyətin nə qədər acınacaqlı olduğunu aydın görmək olar. BMT-nin Qadın İnkişaf Fondunun hesabatına görə, əfqan qadınlarının 90%-i oxuyub - yazmaq bilmir. Əfqan qadınlarının orta ömür müddəti 44 ildir. Qızların 57%-i 16 yaşından öncə evləndirilir...

Ölkədə tarixən qadınlara münasibət 1992-ci ildə iqtidara talibançıların gəlməsi ilə daha da dözülməz şəkil alıb. Ölkənin şəriət qaydaları ilə idarə olunduğu bu dönəmdə qızların məktəbə getməsi və qadınların işləməsi, kişilərsiz evdən çıxması, kişi həkiminə müayinə olunması qadağan olunub. Qadınların görünməməsi və “görməməsi” üçün evlərin pəncərələrinin qara rənglə boyanması şərt qoyulub. Statistikaya görə, həmin dövrdən başlayaraq, inanılmaz zülmkarlığa dözə bilməyib özünü yandırmaqla intihar edən qadınların sayı xeyli artıb. Bu, ölkədə ən ucuz intihar şəkli sayılır. Aparılan araşdırmalar göstərir ki, əfqan qadınları  oda daha asan əlləri çatdıqları üçün bu intihar yolunu seçirlər.

Son beş ildə bir sıra şeyləri xeyli dəyişmiş hesab etmək olar. Artıq qadınların işləməsi yasaq deyil, 2004-cü ildə qəbul olunan konstitusiyada qadınlara kişilərlə bərabər hüquqlar verilib. Amma bu da problemi kökündən həll etmək üçün yetmir. Bununla bərabər, heç bir qanunun da şəriət qaydalarına qarşı olmayacağını irəli sürür.

Bunun nəticəsi olaraq, qadınların kişilər tərəfindən işgəncəyə məruz qalması faktları bitmək bilmir. Yaxın tarixlərdə baş vermiş iki hadisə bunu bir daha sübuta yetirir. Buna 12 yaşında zorla “Taliban” militanıyla evləndirilən və 2010-cu ildə evdən qaçmağa çalışdığı üçün burnu və qulaqları kəsilərək cəzalandırılan Ayişə Mühammədzainin və eyni işgəncəyə məruz qalan 4 uşaq anası 23 yaşlı Sitarənin acı hekayətini misal göstərmək olar.

Bəli, müharibə kimlərəsə fayda verə bilər. Amma o ümumi olaraq insanlığa öldürücü zərbə vurur, ölkəni inkişafdan qoyur, xalqı bataqlığa sürükləyir və zəlil edir. Təəssüf ki, bu ağır yaraların sağalması və reabilitasiyası üçün neçə on illər belə yetərli olmur...

P.S. Yeri gəlmişkən, Azərbaycan hökuməti yaxın günlərdə Əfqanıstanda sülh və təhlükəsizlik yaradılması üşün Əfqanıstan Milli Ordusuna dəstək Fonduna ikinci dəfə 1 milyon avro ayrılması haqqında qərar verib.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat