Mandelanın yarımçıq qalmış işi

Corc Ayittey, 23/1/14

Nelson Mandela əsl Afrika qəhrəmanı və lideri idi. O, böyük qətiyyətə, yenilməz cəsarətə, əyilməz ruha və sarsılmaz iradəyə malik idi. O, öz xalqına sülh bəxş etmək üçün böyük çətinliklər yaşamış və şəxsi qurbanlar vermişdi. Bununla belə, o, ona zülm etmiş zalımları bağışlamaq və onlarla barışmaq üçün böyük ürəyə malik idi. O, indi həqiqətən də öz məzarında rahat uyuyur.

Mandela ilə digər Afrikalı liderlər arasında yerlə göy qədər fərq var. Mandela Cənubi Afrikanı bir partiyalı sosialist dövləti, özünü isə, ömürlük prezident və ya imperator elan etməmişdi. O, ancaq bir müddət üçün prezident olmuşdu; digər müstəmləkə sonrası liderlər 10, 20, 30 və hətta 40 il vəzifədə olmuş, sonra isə, öz arvadlarını, oğlanlarını, pişiklərini, itlərini və hətta keçilərini özlərindən sonra vəzifəyə hazırlamışdılar. Prezidentlik onların ailə mülkiyyətidir.

Mandela öz ölkəsində dinc şəkildə vəfat etdi. Digərləri isə, öldürüldülər: Qəddafi göz önündə vurularaq öldürüldü; Abaça zəhərləndi; Samuel Donun qulağı kəsilmişdi; Mainassara partladıldı və s. Bir çoxları sürgündə və ya xarici ölkələrin xəstəxanalarında öldülər.

Mandelanın heç vaxi İsveçrə banklarında hesabı və ya xarici şəhərdə mülkü olmayıb. O, Qunudakı evində sadə həyat sürüb. Bir çox başqa prezidentlər isə, Afrikada ən zəngin adamlar olublar və böyük sərvət və xarici ölkələrdə mülk sahibi olmaq üçün var-dövlət yığmaqla məşğul olublar. 1970-ci ildən bəri 1 trilyon dollardan çox pul qanunsuz yolla Afrikadan çıxarılıb.

Mandela heç vaxt tənqidçiləri və ya onunla razılaşmayan şəxsləri həbs etməyib. Digər liderlərin əksəriyyəti isə, tənqidçilərə “terrorists,” “sabotajçı,” “əksinqilabçı,” “müstəmləkənin əlaltısı” və s. kimi damğalar vuraraq onları məhv etmişlər. Hətta prezidentin yaxşı olmadığını söyləyən şəxsi belə, həbs gözləyə bilər. İfadə azadlığı 55 Afrika ölkəsinin 10-dan da az hissəsində mövcudur. Ancaq, əslində Afrika Birliyinin İnsan və Xalqların Hüquqları Nizamnaməsinin 9-cu Maddəsində ifadə azadlığına təminat verilir.

Mandela sakit danışıq apararaq öz düşmənləri ilə barışa bilirdi. Digər rəhbərlərin isə, ürəyi buz kimi soyuq idi. Onların barışıq anlayışı bazuka, qranat və odlu silah ilə müqavimət göstərməkdən ibarət idi.

Mandela intellektual baxımdan astiqmatik deyildi. Bir çox Afrikalı liderlər istibdad və ya istismarı ancaq ərşə qalxanda görürlər. Onlar Cənubi Afrikada aparteidə arxalanaraq öz xalqlarına zülm etmişlər. Onlar öz ölkələrində: Burundi, Efiopiya, Mavritaniya, Nigeriya, Ruanda və Sudan kimi ölkələrdə yaratdıqları mənfur qəbilə və dini aparteid rejimlərini heç vaxt görməyiblər. Bu despotlar 1960-cı ildən bəri 21 milyon Afrikalının ölümünə görə günahkardırlar. Konqo Demokratik Respublikasında 6.4 milyon insan münaqişələr və müharibə zamanı yaranan xəstəliklər nəticəsində həlak olmuşdur; Sudanda bu rəqəm 4.6 milyon, Anqolada 1.5 milyon, Mozambikdə 1.3 milyon, Nigeriyada 1-3 milyon (Biafran müharibəsi), Ruandada 1 milyon təşkil etmişdir. Qorxunc həqiqət ondan ibarətdir ki, 50 il ərzində Afrikalı diktatorların ölümünə səbəb olduqları insanların sayı 17-ci və 18-ci əsrlərdə Avropalılar tərəfindən Afrikada həyata keçirilmiş, həmçinin ərəblər tərəfindən aparılmış trans-Saxara və Şərqi Afrika qul ticarəti zamanı həlak olmuş insanların sayına bərabərdir.

1960-cı ildən bəri 227 Afrika dövlət başçısı vəzifədə olmuşdur, ancaq onların arasında 10 yaxşı liderin adını çəkmək çətin olar. 1960-cı illərdə müstəqillik qazanıldıqdan sonra Afrikada Mandela kimi cəmi 10 dövlət başçısı olsaydı, müstəmləkə sonrası Afrikanın aqibəti tamamilə başqa olardı. Heç olmasa, Somali, Liberiya, Liviya, Ruanda və s. kimi  dağılmış dövlətləri xilas etmək mümkün olardı.

Bu gün problem ondadır ki, Afrikalılar öz ölkələrini dağıtmadan bu mənfur liderləri hakimiyyətdən uzaqlaşdıra bilmirlər. Müəmmar Qəddafi, Çarlz Teylor və ya Laurent Gaqbo siyasi gücü təslim etmək və ya paylaşmaq istəsəydilər, onların ölkələri xidas olardı. 1986-cı ildə Uqanda prezidenti Yoveri Museveni bəyan etdi ki, “heç bir Afrikalı dövlət başçısı 10 ildən artıq hakimiyyətdə ola bilməz.” Özü isə, 27 ildir ki, hakimiyyətdədir. Bunlar məhz həmin despotlardır ki, Mandelanın dəfnində timsah göz yaşları töküblər.

Əslində, Mandelanın işi yarımçıq qalıb. İstibdad onu tətbiq edənin dərisinin rəngindən və ya irqindən asılı olmayaraq istibdaddır. Afrika hələ də azad deyil. Cəmi 13 Afrika ölkəsində demokratiya var və bir nəfərə bir səs sistemi hökm sürür. Qara neokolonialistləri, İsveç bank sosialistlərini, Yaquar Marksistləri, fırıldaqçı inqilabçıları, hərbi quldurları, timsah xilasediciləri, portfel quldurlarını və digər şərəfsiz ünsürləri məhv etmək üçün Afrikaya ikinci dəfə azad olmaq lazımdır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat