Ərzaq məhsullarının qiymət böhranı: Cavabdeh kimdir?

Ərzaq məhsullarının sürətlə artan qiymətlərinin səbəb olduğu aclıq aksiyaları dəhşətli insan dramıdır. Üç il ərzində buğdanın dünya qiyməti təxminən üç dəfə artmış və bu qiymət keçən il ikiqat yüksəlmişdir; düyünün qiyməti üç ay ərzində 50%-dən çox artmışdır. Bir çox yoxsul ölkələrdə yeməyin qiyməti bir il əvvəl olduğundan 40% daha yüksəkdir. Ərzaq məhsullarına sərf olunan xərclər ailə büdcəsinin 75%-ni təşkil edən zaman sözügedən qiymətlər qorxulu yuxuya çevrilir. Bu isə milyonlarla insanın yoxsulluq həddinə qayıtması və bir neçə illik inkişaf səylərinin puç olması demək ola bilər. Bu situasiyanın səbəbləri nədən ibarətdir? İqtisadiyyatın mürəkkəb qarşılıqlı əlaqələr hesabına formalaşdığını nəzərə alaraq, biz bu böhranın real səbəblərini bir qayda olaraq edildiyindən daha dərinlərdə axtarmağa çalışacağıq. Böhran nəzərdə tutulmamış nəticə - çoxlu qərar qəbul edənlərin məsuliyyətli qaydada fəaliyyət göstərməsinin qarşısını alan bir neçə siyasətin yanlış təsiri kimi təfsir oluna bilər. Birincisi, gəlin xatırlayaq ki, hər il milyonlarla insan öz iqtisadiyyatlarının qloballaşmaya inteqrasiya olunması hesabına özlərini yoxsulluğun caynağından qurtara bilirlər. Aydındır ki, bu, yaxşı xəbərdir, amma ərzaq məhsullarına və ələlxüsus da, ətə tələbatın artmasına səbəb olmuşdur (mal-qaraya dənli bitkilər lazımdır). İndi bizə başa düşmək lazımdır ki, nəyə görə ərzaq təchizatında tələbata riayət olunmur və ya daha dəqiq desək, tələbata riayət olunmasına icazə verilmir. İqlim təhlükələrini (Avstraliyada quraqlıq kimi) nəzərə almaq zərurəti yaransa da, bizə əsasən öz diqqətimizi birbaşa və ya dolayı siyasi elementlər üzərində cəmləşdirmək lazımdır. O elementlər ki, mümkün hallarda bazarların həcmləri tənzimləməsinə və nisbətən sabit qiymətləri təmin etməsinə mane olur.

Subsidiyalar və proteksionizmin mənfi təsirləri
Bəzən zəngin ölkələrdə subsidiyalardan düzgün bəhs edilir. Onlar iki növ təsirlər yaradır. Birincisi, subsidiyalar istehsalçıları dotasiya verilən məhsullara doğru yönəldir. Hökumətlər bioyanacaq istehsalı üçün məhsulları subsidiyalaşdıranda, ərzaq məhsulları daha az və dənli bitkilərin qiymətləri daha yüksək olur. İkinci təsir ondan ibarətdir ki, zəngin ölkələrdə tariflərlə birləşən subsidiyalar qapını yoxsul ölkələrin üzünə bağlayır, onların zəngin ölkələrin bazarlarında rəqabət aparmasının və onların rəqabət qabiliyyətinin inkişaf etməsinin qarşısını alır. Bununla belə, onu da xatırlatmaq lazımdır ki, xüsusən də, Afrika ölkələri arasında proteksionizm həmin ölkələrin iqtisadiyyatlarını boğaraq onların məhsuldarlıq – regional bazarları gücləndirmək imkanlarını azaldır. Beləliklə, proteksionist siyasətlər burada qismən məsuliyyət daşıyır.

Kənd təsərrüfatı üçün torpaq mülkiyyətinə olan ehtiyac
Kənd təsərrüfatı üçün torpaq mülkiyyəti ilə bağlı institusional mexanizmlər bu gün ərzaq problemlərinin başa düşülməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bəzi ölkələrdə yetərsiz təchizata yalnız xarici faktorlar səbəb olmur. İnkişaf edə bilməyən yerlərdə bazarı lənətləmək olmaz. Afrikada kənd təsərrüfatının başlıca problemi ondan ibarətdir ki, torpaq üzərində pis müəyyənləşdirilmiş mülkiyyət hüquqları sərmayələrin yatırılması üçün tormozlayıcı bir vasitədir. İnkişaf siyasətinin əsas problemi bəzi ölkələrdə yerli ənənələrə inteqrasiya olunan və “kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar”ın məsuliyyət daşımasına imkan yaradan institusional mexanizmlərin tətbiqinə şərait yaratmaqla, kənd təsərrüfatı fəaliyyətini genişləndirməkdən ibarətdir.Yalnız belə stimulların köməyi ilə bəzi ölkələrdə kənd təsərrüfatı məhsulları ilə təchizat həqiqətən başlanacaqdır. Buna görə də, Çin son vaxtlar öz fermerlərinin mülkiyyət hüquqlarının qorunmasını gücləndirmişdir. Bu, riayət olunmalı bir misaldır. Beynəlxalq yardım təşkilatlarının rolu
Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun (BVF) müdaxiləçi siyasətləri yardım prosesində mənimsənilmiş böyük məbləğlərlə müqayisədə demək olar ki, müsbət nəticələr verməmişdir. Amma onlar bir neçə yoxsul iqtisadiyyatı “davamlı asılı vəziyyət”ə salmışlar. Strukturun yenidən qurulması proqramları tərəfindən məntiqlə izlənən və məhsuldarlığın azalmasına səbəb olan “Böyük təkan” utopik proqramları çox böyük həcmli borclar yaratmışdır. Nəticədə yardım edilmiş ölkələrdə bəzən borcları ödəmək üçün təsərrüfatların üzərinə pambıq kimi qeyri-ərzaq ixrac məhsulları becərmək öhdəliyi qoyulmuşdur. Beləliklə, bu yardım siyasətləri bəzi yoxsul ölkələrin ərzaq təhlükəsizliyinə mane olmuşdur. Eyni zamanda, onlar məsuliyyətsiz və ya korrupsiyaya uğramış hökumət güruhlarının varlanması və saxlanmasına da imkan yaratmışdır. Beynəlxalq təşkilatlar onlara hələ də pul borc verirlər, çünki onlar öz xalqlarını sıxışdırır və onların iqtisadi azadlıqdan faydalanmasının qarşısını alırlar. Maliyyə böhranının təsiri
Son vaxtlar baş vermiş maliyyə böhranı müəyyən mənada ərzaq bazarını deformasiyaya uğratmışdır. Belə ki, düyü və taxıl indi möhtəkirlər üçün sərmayə sığınacaqlarıdır. Buna görə də, biz maliyyə böhranının arxasında ərzaq böhranının dolayı izahını axtarmalıyıq. Bizim aşkar etdiyimiz şey ondan ibarətdir ki, Amerika bankları həddindən çox riskli borclar verirlər. Amma az adam dərk edir ki, bu, Federal Ehtiyat siyasəti ilə sıx bağlıdır. Çox tez-tez “Uzunmüddətli yaşıl doktrina” adlandırılan bir doktrina ən azı bir ciddi mənfi təsir yaratmışdır: harınlamış tərəf bilərəkdən riskləri öz üzərinə götürüb itkilərə məruz qalanları (bankları) “sığortalayır.” Yanlış stimullara dair bu siyasət bankların məsuliyyətsiz hərəkət etməsinə və bunun nəticədə qlobal böhran yaranmasına gətirib çıxarmışdır. Burada BVF və Dünya Bankının hərəkətində diqqəti çəkən bir paralel var: yuxarı təşkilatlar öz nəzarəti altında olan başqa təşkilatlara sadəcə məsuliyyətsizlik aşılayır. Bununla belə, dövlətlər və bazarlar yalnız qərar qəbul edənlərin məsuliyyətinə sanksiya verildiyi halda, səmərəli işləyirlər. Yüksək neft qiymətləri
Nəhayət, neftin qiymətinin kəskin artımı nəqliyyat xərclərinə və beləliklə, ərzağın yekun qiymətinə təsir göstərir. Neft qiymətlərinin artması dünya səviyyəsində tələbatın artması ilə izah olunur və bu halda, öz məhsulunu uyğunlaşdırmaq üçün sərmayə yatırmamış təkliflə tələb arasında ciddi durğunluq müşahidə edilir. Bundan başqa, neft həm də bu böhran müddəti ərzində möhtəkirlər üçün sərmayə sığınacağını təmsil edir: beləliklə qiymət artımı qismən və dolayısı ilə maliyyə böhranına görə məsuliyyət daşıyan insanlara aid oluna bilər. Fövqəladə vəziyyətdə yardım insanları fəlakətdən azad etmək üçün zəruridir. Bununla belə, simptomu müalicə etdikdən sonra biz bu qeyri-sabitliyin (taraz olmayan vəziyyətin) dərin struktur səbəblərindən bəhs edəcəyik. Hələ də müxtəlif təşkilat və dövlətlərin “məsul” nümayəndələrinin məsuliyyətli mühakimə yürütmələri nəzərə çarpmır. Biz “Təzə kurs”a (prezident Ruzveltin siyasəti), Dünya Bankının prezidenti tərəfindən davamlı yardımların edilməsinə, təzə bazar deformasiyalarına və hətta Fransanın kənd təsərrüfatı naziri tərəfindən davamlı Avropa proteksionizminə istinadları eşitmişik. Bunlar pis əlamətlərdir. Bu böhran sistemdə məsuliyyət ideyasını stimullaşdırmaq və sözün geniş mənasında, inkişaf siyasətləri barədə yenidən düşünmək üçün bir imkandır. Bu isə beynəlxalq yardım təşkilatları, yoxsul ölkələrin hökumətləri və şübhəsiz ki, varlı ölkələr daxilində münasibətlərin dəyişməsi deməkdir. Dr. Emmanuel Martin Kato İnstitutunun www.UnMondeLibre.org saytının redaktorudur. Tərcümə edən: Tural Vəliyev, “Azad Düşüncələr Assosiasiyası”