Bank sektorunda liberalizminin zərurəti (II hissə)

Məhəmməd Talıblı, 22/5/14

Bildiyimiz kimi, Azərbaycanda bank sektoru 2 mərhələdən ibarətdir: Mərkəzi Bank (MB) və kommersiya bankları. MB bir monetar orqan olaraq tənzimləmə alətlərindən istifadə etməklə kommersiya bankları arasında əlverişli oyun qaydaları müəyyənləşdirməlidir. Bu oyun qaydaları həm kreditorlar üçün, həm də müştərilər üçün ortaq nöqtələrin uzlaşmasına xidmət etməlidir. Belə uzlaşma nöqtələri hansısa tərəflərdən birinin maraqlarını ifrat müdafiə edərsə, bu zaman hər iki subyektin bir cazibə dairəsində olması və görüşməsi mümkün olmayacaq. Bu isə ölkə iqtisadiyyatının “qan-damar” sisteminin iflic olması deməkdir.

Azərbaycanda kredit faiz dərəcələrinin yüksək olması acı bir reallığa çevrilmişdir. Bu acı reallıqlar digər ölkələrlə müqayisədə də özünü göstərir. Bizdə istehlak kreditlərinin faiz dərəcəsi 26 faizdən başlayaq 33 faizə qədər dəyişdiyi halda, Avropa və Qərb ölkələrində bu mənzərə tamamilə başqadır. Belə ki, Avropa Birliyi ölkələrində istehlak kreditlərinin ortalama faiz dərəcəsi 7-8 faiz arasında dəyişir. Amma həmin AB-yə daxil olan elə ölkələr də vardır ki, onlarda istehlak kreditlərinin faiz dərəcələri hətta göstərilən rəqəmdən də aşağı həddədir. Məsələn, AB-nin ən böyük ölkələrindən hesab olunan Fransa, Almaniya və Finlandiya kimi ölkələrdə 2-7 faiz arasında, Amerikada isə bu rəqəm 5 faiz civarındadır. Müqayisədən də göründüyü kimi, istehlak kreditlərinin faiz dərəcələri bizdən 4-5 dəfə aşağı səviyyədədir. Amma Pribaltika Respublikaları və Gürcüstan istisna olmaqla, MDB məkanında istehlak kreditlərinin ortalama faiz dərəcələri 10-20 faiz arasında dəyişir. Yəni, Gürcüstan və Pribaltika Respublikalarında istehlak kreditlərinin faiz dərəcələri bir sıra inkişaf etmiş ölkələrdəki (xüsusilə, Türkiyədə) 10 faizlik həddədir. Avropa və Qərb ölkələrində 10 illər boyu həyata keçirilən liberal islahatlar nəticəsində bank sektorunda məcmu təklif səviyyəsi aşağı faiz səviyyəsində hədd formalaşdıra bilib. Amma bizdə bank sektorundakı liberalizm xəttinin olmaması xüsusilə istehlak kreditlərinin faiz dəhlizini kifayət qədər genişləndirib.

Maraqlıdır ki, pul satmaq və almaq kimi funksiyalara malik olan banklar əhalidən əmanətləri çox aşağı faizlər qəbul etdiyi halda, müştərilərə kreditləri daha baha faizlə satır. Əgər diqqət yetirsək, görərik ki, ölkədə kommersiya banklarında əmanətlərin qəbulu 9-12 faizlə qəbul edildiyi halda, kreditləri isə 26-33 faizlə satılır. Dünyada bankların təcrübəsində əmanətlərin faiz dərəcələri ilə istehlak kreditlərinin faiz dərəcələri arasında bir uyğunluq və qarşılıqlı əlaqə var. Amma bizim bank sektorunda  belə bir əlaqə gözlənilmir. Belə demək mümkünsə, bu əlaqə çoxdan itib.

Bütün bunlara baxmayaraq, vətəndaşlarımız bankların belə soyğunçu bank resurslarından kütləvi olaraq istifadə edir. Bu, vətəndaşlarımızın düşdüyü mürəkkəb vəziyyətdən çıxması üçün, bəlkə də, ən əlverişli çıxış yoludur. Ona görə, “bəlkə” sözün işlədirəm ki, vətəndaşlarımız bildiyi halda ki, bu çox bahalı kreditlərdir və onun geri dönüşü heç də asan deyil, risklərə baxmayaraq yenə bahalı kredit  resurslarından istifadə edirlər. Məlumat üçün bildirim ki, artıq ölkədə banklardan belə asılılığı olan 2 milyona yaxın vətəndaşımız var. Bu halda 2 amilin izahı ortaya çıxır: Birinci halda bahalı kredit resurslarından istifadə üçün alternativ maliyyə resurslarına çıxış imkanı yoxdur. Bu vəziyyətdə isə vətəndaş problemlərini həll etməsi üçün sosial-iqtisadi vəziyyətinin ağırlığına baxmayaraq,  yenə də həmin kreditlərdən istifadə edir. Demək, belə bahalı kreditlərdən istifadənin kütləvi xarakter almasında əhalinin sosial-iqtisadi durumu əsas olan bir amil kimi çıxış edir. İkinci halda isə belə bahalı kreditlərin geri dönüş prosesindəki artma tempidir. Yəni, bahalı kredit altına girən vətəndaş bir kreditini bağlaması üçün digər bankdan kredit götürür və beləliklə, cari problemlərini ertələməklə çiynini daha ağır şərtlər altına verir. Belə vəziyyət isə onların uzun müddət kredit bataqlığından çıxmaması üçün əsas olur. Yəni, kommersiya banklarının belə yüksək faiz dərəcəsinə malik olması kreditlərin geri dönüş prosesini də xeyli ləngidir.

Problemli kredit “bataqlığı”. Təbii ki, bu problemli kreditlərin meydana gəlməsində müxtəlif səbəblər çıxış edir. Amma hesab edirəm ki, əsas səbəb kimi əhalinin gəlirlərindəki əhəmiyyətli artımların olmaması və ya ölkədə artan gəlirlərinin ədalətli bölüşməsi mexanizmindəki disproporsiyadır. Məlumat üçün bildirim ki, 2013-cü ilin sonunda cəmi kreditlərin 40,3 faizini istehlak kreditləri təşkil etmişdir. Yəni, istehlak kreditləri hər 10 manatdan 4 manatını təşkil edir. Müxtəlif proqnozlara görə isə 2014-cü ilin sonuna istehlak kreditlərinin həcmi 20-30 faiz artacaq. Çünki mövcud olan monetar tendensiyalar və kredit ”aclığı" bu artımı təşviq edir. Təhlil zamanı qeyd etdiyimiz neqativ faktorların hər hansısa birində pozitiv dəyişiklər olmasa, mümkündür ki, ilin sonuna problemli kreditlərin səviyyəsi 8-10 faizə yaxınlaşsın. Bu isə məcmu kredit resurslarının xüsusi çəkisində problemli kreditlərin artması deməkdir. Çünki beynəlxalq normalara görə, əgər ölkədə problemli və ya gecikən kreditlərin həcmi ortalama olaraq 10%-i keçirsə, bu artıq “qırmızı xətt” olaraq təhlükəli hal hesab olunur.

Liberalizmin əsas istiqamətləri. Bank sektorunda inhisarçılıq hallarının aradan qaldırılması və rəqabətli bank sektorunun formalaşması baxımından liberallaşmaya start verilməlidir. Liberallaşmanın həyata keçirilməsi bank sektorunda rəqabətə yönəlik yeni oyun qaydalarının meydana  çıxmasına səbəb olacaq. Məsələn, 2 ölkənin bank sektorunda liberallaşma xətti olduqca yaxşı nümunə sayıla bilər. Türkiyədə 2001-ci ildən başlayaraq bank sektorunda da ciddi islahatlara önəm verildi. Bunları əsasən lakonik olaraq aşağıdakı tədbirlər kimi xarakterizə etmək olar: kommersiya banklarının fəaliyyətinə dövlət strukturlarının təsirinin aradan qaldırılması və onların işinə müdaxilənin edilməməsi, Türkiyə Mərkəzi Bankının təsirli alətlər vasitəsilə müstəqilliyinin artırılması, kommersiya banklarının fəaliyyətinə effektiv tənzimlənməsi məqsədilə Mərkəzi Bankın nəzdində Nəzarət Agentliyinin yaradılması, indiyə qədər hər hansı bir özəlləşməyə verilməyən bankların yenidən qurulması və özəlləşdirilməsi kimi islahatlar istiqamətləri təşkil edirdi. Fransada da bank islahatlarına 1966-cı ildə başlananda bir neçə vacib istiqaməti müəyyənləşdirdilər. Bu islahatlar tarixə Debree islahatları kimi düşdü. Bu islahatlar nəticəsində bank sektorunda böyük banklar daha sürətlə irəli çıxdı. Bank kapitalının mərkəzləşdirilməsi bu islahatlar nəticəsində daha da sürətləndi.

Azərbaycan timsalında bankların özünün bazar iqtisadiyyatı yolu keçən ölkələrindəki kimi əlverişli şərtlərlə və əlçatan faizlərlə təklif olunan kredit sistemi formalaşdırılmalıdır. Kredit faizlərinin aşağı salınması yollarından biri kimi banklarda məcmu tələbin artırılması və konsolida olunmuş (mərkəzləşdirilmiş) kredit resurslarının artırılmasına nail olmaq lazımdır.

Liberal xəttin davamı üçün konseptual yeniliklərdə israrlı olmağa ehtiyac var. Kommersiya banklarına maksimum azadlıqlar vermək lazımdır. Ölkədə maliyyə resurslarının akkumulyasiyası və onlardan sərbəst istifadə imkanlarına geniş qapılar açılmalıdır. Bank sahibkarlarını təqib və onların pullarını saymaq kimi təhdid mexanizmləri qurmaq yersizdir. Bank sektorunda rəqabətli mühitin yaradılması və sivil oyun qaydalarının tətbiq olunmasına çalışmaq lazımdır. Bu banklar üçün daxili azadlıq imkanlarıdır. Xarici kreditor təşkilatlarının ölkənin bank sektorunda geniş iştirakçılıq imkanlarına fürsətlər tanımaq lazımdır. Xarici kapitallı bankların ölkənin maliyyə bazarında geniş həcmi və sərt məhdudiyyətləri yumşaldılmalıdır.

Bank sektorundakı “islahatlar” adı altında son illər həyata keçirilən monetar siyasət effektli və təsirli deyil. Bunun liberallaşma xətti ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə ölkənin bank sektorunda islahatlar adı altında bank kapitalının təmərküzləşməsi prosesinə hazırlıqdır.  Bank kapitalının təmərküzləşməsi isə bahalı kredit faizinin yüksəlməsini təşviq etməklə, bank sektorunda liberallaşma fəlsəfəsinə tamamilə ziddir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat