Dünyanı dağıdan süni “zəlzələlər”

Səadət Cahangir, 24/5/14

Müharibələr yer üzünün süni zəlzələləridir. Ona görə süni ki, insan əliylə, bilərəkdən, düşünülmüş şəkildə törədilir. İtkisi də eynilə, təbii zəlzələdəki olduğu kimi, faciənin miqyasından asılıdır. Dünya yaranandan yer üzündən gəlib keçmiş zəlzələlərlə müharibələrin itkisini hesablasaq, hansı ağır gələr, kim bilir... Məlumdur, zəlzələlər böyük dağıntılar və itkilər gətirir. Bu faciələr çox zaman həm minlərlə insan həyatı, həm də böyük iqtisadi itkilər bahasına başa gəlir. Uzağa getməyək, bu gün Ukraynada yaşanan fəlakətlər süni “zəlzələ”nin yaratdığı dəhşətləri açıqca göz önündə canlandırır...

Dərinə getsək, əksər müharibələrin kökündə bir iqtisadi amil gizlənir. Çox halda bu münaqişələr əsasən iqtisadi maraqların toqquşmasından başlanır. Məşhur deyimdə olduğu kimi, ticarət keçməyən sərhədləri müharibələr keçər, şübhəsiz.  Bəli, hesablamalara baxsaq, Ukrayna torpaqlarına işğal yürüşü başladan Rusiyanın sanksiyalardan itkisi 200 milyard dollar olub. Bu sözləri Böyük Britaniyanın Ukraynadakı missiyasının rəhbəri Martin Dey söyləyib: “Tətbiq edilmiş sanksiyaların təsirini anlamaq lazımdır. Biz müxtəlif rəqəmlər eşidə bilərik. Lakin əlimizdə sübut var. Krımın işğalı ilə bağlı Rusiya Federasiyasına tətbiq edilən sanksiyalar Putinə 200  milyard dollar dəyərində ziyan vurub”.

Böyük rəqəmdir, deyilmi? Hikkəsindən gözü ayağının altını görmədən yoluna davam edən Putin bunu dərk etmək istəmir anlaşılan. Amma fəlakətin ölçüsünü və onun Rusiyaya necə başa gələ biləcəyini ölkə ziyalıları yaxşı anlayırlar. Keçən həftə bir qrup rus ziyalısı da Putinin işğalçılıq siyasətinə etiraz edənlərin sırasına qoşulub. Rusiyalı publisist Aleksandr Nevzorov və yazıçı Boris Akunin Rusiyanın Krıma müdaxiləsini pisləyən məqalə ilə çıxış ediblər. Aleksandr Nevzorov deyir: "Krım çoxlu qan itirən, yaralı, hərəkətsiz qalan ölkədən alınıb. Buna talançılıq deyilir". Boris Akuninin fikrincə isə: "Ukrayna öz yolunu seçdi. Düşünürəm ki, hətta Krımsız da işi yaxşı gedəcək. Məni indi daha çox öz ölkəmin - Rusiyanın gələcəyi narahat edir. Bu gələcək isə qaranlıq görünür". Akunin qeyd edir ki, Qərbin köməyi ilə Ukrayna tezliklə əsl demokratik dövlətə çevriləcək. Krımlılar isə Ukraynadan ayrıldıqlarına görə peşman olacaqlar. Amma yazıçı heç də Putinin ömrünün sonuna qədər hakimiyyətdə qala biləcəyini düşünmür. O qeyd edir ki, hakimiyyətin qanuni yolla dəyişdirilməsi mexanizmi olmayanda, inqilabi mexanizmlər işə düşür.

Rusiyanın içindəki narazılıq, ölkəyə dəyən iqtisadi ziyan və sərt rejim öz yerində. Amma Putinin böyük xəyallara hesablanmış qəsbkarlıq planları da tam istədiyi getmir. Bu günlər Stalin repressiyaları zaman öz vətənlərindən deportasiya olunma tarixinin 70 illiyini qeyd edən Krım tatarları Rusiyaya qarşı ərazi muxtariyyatı tələbi irəli sürüblər. Tatarlar həmçinin Rusiyadan yeni qanunların qəbul edilməsini də tələb ediblər. Onlar yeni qanunda öz nümayəndələrinin hazırkı Krım hakimiyyətində təmsil olunması üçün zəmanətin yer almasını istəyiblər.

Günümüzün siyasi mənzərəsində dünya böyük bir müharibə içində çalxanmış kimi görünür. Rusiyanın özünə rəqib saydığı nəhənglərə qəzəblə diş qıcaması və bunun qisasını Ukraynadan çıxması o mənzərənin çalarını bir az da tündləşdirir. Bunu xüsusi panikayla yeni dünya müharibəsi üçün siqnal olaraq qəbul edənlər də var, Rusiyanın qərblə qısamüddətli münaqişəsi kimi dəyərləndirənlər də. Nə olursa olsun, ortada bəhs etdiyimiz süni zəlzələnin dağıntıları və ondan zərər çəkən on minlərlə insan var. Dünyanın əsas işi bu zorakılığı və işğalçılığı qısa zamanda dayandırmaqdı...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat