İqtisadçı obrazı və kimliyi haqqında bir neçə söz (I hissə)

Məhəmməd Talıblı, 29/5/14

Kimə iqtisadçı deməyi dartışmaq və onun universal tərifini vermək  əhəmiyyətli deyil. İqtisadçının kimliyi onun düşüncə sisteminin əhatə dairəsi və iqtisadi hadisələrə verdiyi reaksiyasındadır. Bu yaxınlarda oxuyub yekunlaşdırdığım Rolf Dobellinin “Məntiqi düşünmə sənəti”ndə bir məqam diqqətimi cəlb etmişdi. Müəllif əz əsərində iqtisadçılarla bağlı maraqlı bir məqama toxunaraq yazır ki, dünyada təxminən bir milyondan çox iqtisadçı var, amma onun neçəsi 2008-ci ildə baş verəcək qlobal iqtisadi böhranı öncədən xəbər verə bilmişdi? R. Dobelli çox haqlı olaraq bunun əsas səbəblərindən biri kimi iqtisadçıların öz fikirlərini ekspertlərdən bir pillə aşağıda saxlamaqlarında görürdü. Müəllif qeyd edirdi ki, biz heç rasionallığı və əxlaqi  keyfiyyəti olmadığı halda ekspertlərin avtoritetlərinə daha çox inanırıq. Müəllif bunu “avtoritetə tabe olma” adlandırır. Yəni, müəllif bununla demək istəyir ki, avtoritetə inamla bərabər onun bu fikrə hansı arqumentlər əsasında gəldiyini soruşub, isbatlamağını tələb etməlisiniz. Bunu da müəllif çox vacib olaraq qeyd edirdi ki, əgər siz hər hansı bir ekspertlə görüşürsünüzsə, ondan tələb etməyi bacarmalısınız. Siz avtoritetlərə qarşı nə qədər kritik münasibət bəsləyərsinizsə, o qədər azadsınız və o qədər də özünüzə inamlısınız. Bu zaman iqtisadçı məsuliyyəti daha da artmış olur. Bu zaman o, növbəti dəfə öz fikirlərini itiləməmiş və arqumentlərlə möhkəmləndirməmiş sizin qarşınıza çıxmayacaq.  Bilirsiniz ki, dünyada çox nüfuzlu ekspertlər və  tanınmış maliyyəçilər var. Məhz onların bazarlardakı konyuktura ilə bağlı hər hansı proqnozları psixoloji olaraq trendə təsir edir. Çünki məhz o, şəxslərin simalarına olan böyük inam dəyişən konyukturaya iqtisadi hərəkətlərdən daha az təsirli deyil. Belə bir vəziyyətdə isə ekspertin hansı maraq güddüyü aydın olmur. Bəzən o da istisna olunmur ki, hər hansı bir ekspert öz rəyində hansısa maraqları ifadə edir.

Ona görə arzuolunan hal odur ki, ekspert rəyləri ilə çıxış edənin heç bir siyasi ambisiyasının və maraq daşıyıcısı olmasın.  Bu onun rəyinə daha çox etimad qazandırır. Amma belə maraq daşıyıcısı olmayan bitərəf ekspertin də söylədiklərinin hamısı realistik vəziyyəti və əlverişli çıxış yollarını əks etdirmir. Bu zaman, əslində, iqtisadi məsələlərə münasibətdə 2 statusu bir-birindən ayırmamız lazımdır. İqtisadçılar iqtisadi mövzuları təhlil edərkən onlar mütəxəssis və ekspert kimi çıxış edirlər. Onun çıxış yolların göstərərkən isə elm adamları olurlar. Bu baxımdan isə onlara yanaşanda iqtisadçıların cəmiyyətdə iki rolu daha konkretləşir. Alim kimi onlar ətrafındakı dünya haqqında nəzəriyyələr qurur və onları sınaqdan çıxarır. Bir də siyasi məsləhətçi kimi öz nəzəriyyələrindən istifadə edərək dünyanın daha yaxşı istiqamətdə idarə etməsinə kömək göstərir. (Q.Menkyu: Economiksin əsasları”) Ona görə, hər iki rolu ifadə edən şəxslər biri-biri ilə qarşılıqlı mübadilə içərisində olmalıdırlar. Çünki iqtisadiyyatın bütün sahələrini eyni səviyyədə özümüzün öyrənməyimizə bizim fiziki ömrümüz çatmaz.

Bizdə iqtisadçı obrazı iqtisadiyyatın bütün sahələrini eyni dərəcədə bilən insan kimi başa düşülür. Əslində, iqtisadiyyatı bilmək və keyfiyyətli təhlil etmək imkanı hər iqtisadçıda olmaya bilər. Çünki mikro, makro və mezoiqtisadiyyatın problemlərini tam dəqiqliyi və dərinliyi ilə bilməmək qəbahət deyil. Amma biz iqtisadçılar bəzən iqtisadiyyatın bütün sahələrindən danışmağı və şərhlər verməyi sevirik. Belə hallarla hamımız rastlaşırıq. Bu barədə öz təcrübəmdən danışmaq istərdim. Mənə jurnalistlərdən biri qiymətli kağızlar bazarındakı əməliyyatlarla bağlı bir müsahibə üçün zəng etmişdi. Mən ona “o haqda danışa bilərəm, amma yeni dəyişikliklər və onun təsirləri haqqında tanıdığım digər bir ekspertlə daha təfsilatlı danışmağı məsləhət görərdim” dedim. Həmin ekspert çox populyar olmadığı üçün jurnalistin reaksiyasının yaxşı olmadığını hiss etdim. Sonradan həmin jurnalist mənə ekspertlə belə tanışlığıma görə xüsusi təşəkkür etdi. Əslində, mən bu hərəkətə qeyri-adi alicənablıq kimi yox, adi bir etik qayda və peşəyə vicdan və məsuliyyətlə yanaşmağın tələbi kimi baxıram. İnanıram ki, çoxlu sayda təvazökar insanlarımız istənilən sahədə belə edirlər. Mən bu davranışa qardaş Türkiyədə uzun müddət yaşamış dostlarımın təəssüratları əsasında gəlmişdim. Hesab edirəm ki belə praktikanın bizdə də yaşadılması çox vacibdir. Əgər siz Türkiyədə bir mövzu ekspert qismində kiminləsə danışmaq istəsəniz, müraciət etdiyiniz ekspert həmin mövzuya birbaşa onun bağlı olub-olmaması ilə fikirlərini dəqiqləşdirəcək. Əgər bu mövzuda başqa mütəxəssisin danışması mümkündürsə, o, müraciət edən şəxsi digər ekspertlə əlaqələndirəcək. Lakin bununla bərabər bir məsələni də vurğulamaq lazımdır ki, iqtisadçı olmaq təkcə dar ixtisaslaşmaya malik olmaq və həmin sahəni lokal qiymətləndirmək də deyil. O, digər elmlərlə və ya elm sahəsi ilə özünün məşğul olduğu sahənin də qarşılıqlı əlaqəsini tapıb onun təhlil qabiliyyətinə malik olmalıdır. Bununla bağlı məşhur cərrah Ptinin hikmətli sözü var: “Sən təkcə yaxşı həkimsənsə, yaxşı həkim ola bilməzsən.” Bununla da həmin məşhur cərrah onu demək istəyir ki, bir elm sahəsinin digərləri ilə qarşılıqlı əlaqəsi və sinergetik bağlılığı mövcuddur.

İqtisadçının koloritli olması və peşəkarlığını şərtləndirən çoxlu faktor vardır. Yəni, iqtisadçının peşəkarlığı təkcə təhlil qabiliyyətindən və onun emal prosesinin keyfiyyətindən asılı deyildir. Onun təhlilinin ilkin xammalı olan statistik baza və informativ mənbə çox mühüm rol oynayır. Yəni,  həmin emal prosesi  səhih və etibarlı informasiya ilə birbaşa bağlıdır. Dünyanın milyarderlər siyahısında öncül yerləri tutan məşhur U. Baffet çox haqlı olaraq yazır: “İnsanların ən yaxşı bacardıqları iş - yeni informasiyaları süzgəcdən elə keçirməkdir ki, mövcud nöqteyi-nəzər dəyişməz qalsın.”  Çünki Baffer öncədən yanlış qənaətə gəlməyin təhlükəsini yaxşı anlayır. Bu yerdə yenə də öncədən formalaşdırdığımız birtərəfli qənaət və qərəzli mövqe ilə dəyişən informasiyanın balansının gözlənilməsi mühüm faktordur. Bu baxımdan yüksək etimada malik iqtisadçının gerçək obrazı obyektiv və konstruktiv ruha malik olmasındadır. Amma bu konstruktiv ruh rəqəmlərin “dili” ilə danışmaq və soyuqqanlı mülahizələrdən kənarda deyil. İstənilən sahə mütəxəssisi kimi iqtisadçının obyektivliyi rəqəmlərin kölgəsində “gəzişməsində” yox, acı reallığı cəsarətlə ifadə etmək gücündədir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat