İqtisadçı obrazı və kimliyi haqqında bir neçə söz (II hissə)

Məhəmməd Talıblı, 3/6/14

Bildiyimiz kimi, iqtisadiyyatın birinci qanunu çatışmazlıqla və ehtiyacların necə həll olunması ilə bağlıdır. İqtisadiyyatda nəsə çatmısa, bununla bərabər iqtisadçının özündə də nəsə çatmır. İqtisadiyyatda nəyinsə çatışmazlığının birinci həll yolu ehtiyacları düzgün prioritetləşdirməyi tələb edir. Sonra iqtisadi qanunların hesabına alternativlərin dəyərləndirilməsi hesabına işə başlayırıq. İqtisadçının özündə də nələrinsə çatmaması bir neçə amillə sıx bağlı olur. Bu daha çox zaman və resurs çatışmazlığıdır. Fikrimcə, iqtisadçı hər şeydən əvvəl vaxtını düzgün dəyərləndirməlidir. Müdriklərin yaxşı bir sözü var:  “Axmaq adam fikirləşir ki, vaxtımı necə “öldürüm”, ağıllı adam isə düşünür ki, vaxtıma necə qənaət edim.” Məhz qiymətli zamana verilən dəyərə görə indi vaxtın idarə edilməsi (time menecment) menecment elminin əsas istiqamətlərindən birinə çevrilib. Çünki zamanı düzgün qiymətləndirmək və onu rasional idarə etmək bütün uğurların kökündə durur.

İqtisadçı yalnız iqtisad tarixini bilən və onu danışan, vəziyyəti təhlil edib onu qiymətləndirən, iqtisadi biliklərini kənar auditoriyaya ötürməklə işini bitirən deyil.  İqtisadçı təkcə davamlı yazan və danışan da deyil. O həm də davamlı olaraq “baqajın” artırılması qayğısına qalan şəxsdir. Bildiyimiz kimi, idmançılar məşq etmədikcə əzələləri zəiflədiyi kimi, zamanla qazanmaq bacarığı da lazımi təlim görmədikdə geriləyir. Bu, futbolçunun daimi formada qalması üçün davamlı olaraq məşq meydançasında tər axıtmasına bənzəyir. Davamlı inkişafın qayğısına qalan şəxs belə təkmilləşmə cəhdlərini və axtarışlarını bir daxili intizama və adətə çevirməlidir. Bu baxımdan Aristotelin bir fikri çox düşündürücüdür: “Biz aramsız nə ediriksə, oyuq; mükəmməllik isə müəyyən bir iş deyil, adətdir.” Ona görə də, belə axtarış vərdişləri bizim peşəkarlığımızı daha çox itiləyən amildir. Çünki sürətlə dəyişən şərtlər daxilində yeni yanaşmalar və paradiqmalar iqtisadçıdan onları daha dərindən əxz etməyi tələb edir. Bu yeniliklərin əldə olunmasında onun xarici dillərlə bağlı hazırlığının olması iqtisadçının başqa bir üstünlüyüdür. Bəzən çox yanlış olaraq belə anlaşılır ki, xarici dil bilgisi elə məslək və ixtisas adlı dünyagörüşün özüdür. Amma bu sadəcə olaraq həmin geniş dünyagörüş və ixtisasın qapısını aça bilən bir açardır. Amma inkişafın özü deyil.  Bəzən çox yanlış olaraq hər hansı bir iqtisadçının tanınmış bir ali təhsil ocağından məzun olması onun avtomatik üstünlüyü və beyinlərdə əvəzolunmaz iqtisadçı kimliyi kimi assosiasiya olunur. Oksford və ya Harvard kimi yüksək reytinqli universitetlərdən məzun olmaq avtomatik əlçatmaz simvola çevrilir. Təbii ki, həmin universitetlərdə yüksək tədris keyfiyyəti və rəqabətə davamlı kadr hazırlığı var. Amma bu, avtomatik olaraq əvəzolunmaz və əlçatmazlıq üçün əsas sayılmamalıdır. Rolf Dobellinin “Məntiqi düşünmə sənəti” əsərindəki maraqlı bir yanaşma bu baxımdan diqqətə layiqdir. Müəllif yazır ki, bildiyimiz kimi, Harvard universitetində dünyanın çox məşhur insanları təhsil alıblar. Bəs, bu o deməkdirmi ki, “Harvard” yaxşı universitetdir? Biz bunu dəqiq bilmirik. Ola bilsin ki, “Harvard” o qədər də sanballı universitet deyil, lakin o, dünyanın ən ağıllı və qabiliyyətli tələbələrini təhsilə cəlb etməyi bacarır. Son illər ölkəmizdə çoxlu sayda ingilisdilli mütəxəssisləri görürük. Onların içərisində həm qlobal düşüncəsi ilə fəxr olunası gənclər də var, yalnız dil populizmi ilə öyünən gənclər də. Əslində, ağıllı insanlar kimi ağıllı iqtisadçılar da öz biliklərinin həddini bilməlidirlər.

İqtisadiyyat mövzusunda yazan çoxlu ekspertlər var. İqtisadi rəylər məzmunca və formaca biri-birini tamamlamadıqca ona maraq sonradan xeyli azalır. İqtisadi təhlil keyfiyyəti nisbətən zəif və arqument bazası təsirli görünməyən bir yazıda başlıqlar bəzən çox cəlbedici olur. Bir çox hallarda  isə ağlabatan və müqayisələrdən doğan acı reallığı əks etdirən təhlil yazıları da var ki, çox sönük başlıqlarla heç kimi cəlb etmir. Bu müqayisələr baxımından gərək  iqtisadçı parıldama effektindən qaçsın. Yalnız bir aspektdən və gözqamaşdırıcı başlıqdan qaçaraq mövzunu bütöv bir sistem olaraq qiymətləndirib analiz etsin. Bu zaman isə həmin iqtisadçıda 2 keyfiyyəti sezmək olur. Birincisi, müəllifin təhlil keyfiyyəti və onun rəyindən çıxan nəticələr. İkincisi,  düşüncə kateqoriyasındakı fərqlilik və niyyət müxtəlifliyi. Birinci situasiyada müəlliflərin iqtisadiyyata baxışlarında köklü fərqlər var. Onların vəziyyəti təhlil etmələrindən əsas və köməkçi faktorları biri-birindən ciddi sürətdə fərqləndirməyimiz çox vacibdir. Yaxud iqtisadiyyata baxışlarında onların yanaşma və üsulları fərqlidir. Məsələn, bir iqtisadçı fikirləşir ki, dövlət büdcəsi hesabına böyük miqdarda ictimai vəsaitlərlə yeni mənzillər tikdirib vətəndaşlara paylanması çox pozitiv haldır. Dövlət bunu vətəndaşlara etməklə onlara daha yaxşı xidmət göstərməyini isbatlamış olur. Digər iqtisadçı isə hesab edir ki, daimi artan mənzil ehtiyaclarını və sürətlə artan əhalinin bu yollarla mənzilə əlçatanlığını təmin etmək doğru deyil. Bu daha çox sosializm praktikasına qayıdışdır. Dövlət bununla vətəndaşlarda ələbaxımlılıq psixologiyası aşılayır. Eyni məsələyə müxtəlif baxışların ortaya çıxmasında bu tip məsələlərin iqtisadçıların düşüncə kateqoriyası ilə birbaşa bağlı olur. İkinci situasiyada iqtisadçının niyyət və onun dəyərlərə münasibəti mühüm rol oynayır. Burada xüsusilə onun hansı siyasi məqsədləri güdməsi, hansı informasiyaların cəmiyyətə ötürməsinin faydalılığı, hansı məsələni daha çox qabartması və aksenti daha çox hansı problemin üzərinə salması kimi amillər rol oynayır. Bu zaman maraq daşıyıcısı olmasına görə həmin iqtisadçıya cəmiyyətdə və ya oxucu auditoriyası qarşısında münasibət dəyişir və reputasiyası xeyli zədələnir. Növbəti ekspert rəyində ona oxucu rəğbəti və etibarının itməsi ilə qarşılaşırıq. Hər iki vəziyyətdə həmin iqtisadçı özünə dost və düşmən qazanır. Amma elə də “düşmən” adı qazana bilərsən ki,  həmin insanlar vicdanı ilə təkbətək qalanda yenə səni seçir. Bu artıq qibtəolunası keyfiyyətdir.

Siyasətçi dili və iqtisadçı nailiyyəti. Siyasətçi gücü iqtisadi vəziyyətdən çıxış edərək onları bitkin və inandırıcı formada ictimaiyyətə çatdırmaqdan ibarətdir. Siyasətçi iqtisadi siyasətin konsepsiya və konturlarını iqtisadi komanda ilə müzakirə edərək rəsmi siyasətə çevrən şəxsdir. Avtoritar ölkələrdə isə ölkə başçıları iqtisadiyyata münasibəti dədə-baba qaydası ilə və ya şahın təkbaşına ev təsərrüfatına yanaşdığı kimi yanaşır.  Dünyanın mədəni və uğurlara birgə komanda işi kimi baxıldığı ölkələrində isə məsələyə münasibət tamam başqadır. Məsələn, ABŞ kimi super dövlətdə iqtisadi idarəetməyə münasibətdə iqtisadi komanda 3 mərhələdə birgə səyləri birləşdirir. Gərgin və daxili müzakirələrdən sonra inandırmaq hesabına hakim iqtisadi siyasət müəyyən olunur. Onu reallaşdıra bilən praktik iqtisadçı komandası yaradılır. Sonda onu təfsilatlı və əsaslandırılmış formada yaxşı izah edən ekspertlər formalaşır. Bütün 3 kombinasiyalı konstruksiya iqtisadi uğuru formalaşdırır. Sonra isə siyasətçilər həmin uğurları öz komandasının uğuru kimi təqdim edə bilir. Bu mənada iqtisadçıların fəaliyyətləri siyasətçi üçün sadəcə danışan dil və ağız funksiyası məzmununda olur. Bu mənada əslində, həmin ölkə başçılarının və siyasətçilərin dilini “uzun” edən iqtisadi nailiyyətlərdir. Həmin nailiyyətlər isə keyfiyyətli və hazırlıqlı iqtisadi komandadan asılıdır. Ona görə deyirlər ki, iqtisadiyyat siyasətin təmərküzləşmiş formasıdır. Başqa bir yanaşmada göstərildiyi kimi, iqtisadiyyat siyasətin ümumiləşdirilmiş formasıdır. Yəni, siyasətin xarakterini iqtisadi uğurlar təşkil edir.  Siyasətçinin “dilinin uzunluğu” iqtisadçı komandanın əldə edə biləcəyi uğurun keyfiyyəti ilə birbaşa bağlıdır. Bu mənada siyasətçinin deyə biləcəkləri həqiqətlər iqtisadçının edə biləcəklərindən asılıdır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat