Azadlıq simvolları...

Səadət Qabilqızı, 04/05/08
Böyük hindi filosofu Mahatma Qandinin fəlsəfəsində belə bir dua var: “Tanrım...Güclülərin üzünə gerçəyi söyləmək və zəiflərin alqışını qazanmaq üçün yalan deməməkdə mənə yardım et. Mənim düşüncələrimə şərik çıxmırlar deyə, mənə qarşı olanları xainliklə suçlayaraq, onların qarşısında günahkar duruma düşməyimə izin vermə. Özümü sevdiyim kimi başqalarını  sevməyi,Və başqalarını mühakimə edən kimi, özümü mühakimə etməyi öyrət mənə.” 
Bu bəşər mədəniyyətinə misilsiz dəyərlər vermiş bir düşüncə adamının Tanrıdan istədiyi ən insani keyfiyyətlərdir - heyf ki, hər kəsin anlamayacağı, ayaqlarda sürünməyin adamlıq olduğunu düşünən bəzilərinin isə ağlının ucundan belə keçirməyəcəyi keyfiyyətlər. Və bu, Qandinin yaşadığı dövrdən uzun zaman keçəndən sonra qloballaşan dünyada  nəcib dəyərlərin qorunub saxlanmasına bir insanlıq çağırışıdır. Məgər bəşəri dəyərləri itirilə-itirilə gələn dünya hansı uçurum qarşısında dayandığını görmür?..  
Keçən həftə “Human Rights Watch” Azərbaycanda əqidəsinə görə həbs olunan jurnalistlərə mükafat verildiyini bəyan etdi.  Bunlar  o söz adamlarıdır ki, hər zaman haqlı olan zəifin tərəfində dayanıb, gerçəkləri ədalətsiz güclünün(və ya zorakının) üzünə çırpıblar. Qarşı tərəfdən güllələrin gəldiyini, şantaj və çirkab vulkanının püskürəcəyini bilərək belə  doğrunu söyləməkdən çəkinməyiblər. Kim nə deyir desin, insanlıq üçün azadlığın, ləyaqətin dəyəri misilsizdir, ölçüyəgəlməzdir. Əgər bizdən uzaq sərhədlər o yanda insanlar qəddar bir məmləkətdə Mirzə Sakit adlı idealist söz mücahidinin cəsarətini qiymətləndirib, ailəsinə təsəlli məktubları yazır, “sovqat” göndərirsə, deməli bu dəyərlər uğrunda savaşmağa dəyər...   
Biz yaşadığımz ölkədə haqsızlıq deyilən şeyin ən betərlərini görmüşük. Əslində isə, indiki zamanda bizim kimi insan azadlıqları, demokratiya mücadiləsi verən ölkələr bir-birinə çox bənzəyir. 
Elə bizim jurnalistlərə mükafat verilən gün baş ofisi Vaşinqtonda yerləşən Keyto İnstitutu venesuelalı tələbə Yon Qoicoeçanı Milton Fridman Azadlıq mükafatına layiq görüb (mükafatın məbləği 500 000 dollardır). Hüquq təhsili alan 23 yaşlı Yon Venesuela Tələbə Hərəkatının lideridir. O, tələbə hərəkatını 2007-ci ilin may ayında  Hüqo Çaves hökumətinin göstərişi əsasında ölkənin ilk müstəqil qaranquş televiziyası olan RCTV-nin bağlanmasına cavab olaraq yaradıb.   
Yon 2007-ci il ərzində tələbələrin  40-dan artıq  etiraz yürüşünü keçirməyə müvəffəq  olub ki, bu aksiyaların hər birində təxminən 80 min insan iştirak edib.   
2007-ci ilin dekabr ayının 2-də Venesuela Prezidentinin geniş diktat hakimiyyəti tərəfindən keçirilən konstitusiya islahatına “BƏLİ” deyənlərin böyük qələbəsi gözləndiyi halda, Qoicoeça milli televiziyaya çıxdı və hamını demokratiyanın qələbəsi naminə mübarizəyə ruhlandırıb. “Qarşıdakı bu bir saat Venesuela xalqının demokratiyaya olan inamını sübuta yetirmək üçün bir sınaq olacaq... ” deyən Yonun  çıxışından sonra seçki məntəqələrinə axışan xalq kütlələri diktaturaya “YOX” deyərək, konstitusiya dəyişikliyinin qarşısını alıb. 
Yona təqdim olunan mükafatın ilhamvericilərindən Peru yazıçısı Mario Varqas Losa deyir: “Azadlıq və təkəbbür bir-birinə zidd olan məfhumlardır və indi azadlığın zərrə-zərrə yoxa çıxdığı Venesuela kimi ölkələrdə biz görürük ki,  bu tendensiya gənclərin çox sağlam və idealist reaksiyasına səbəb olur.  Mən düşünürəm ki,  Yon Qoicoeça azadlığın təhlükədə olduğu bir zamanda bu demokratik reaksiyanın simvoludur.” 
Bu gün bizdə azadlığın təhlükədə olduğu bir zamanda “Azadlıq” ətrafında cəm olan simvolların adlarını bir-bir sadalamaq istəməzdim-ən azı kiminsə haqqını kimdənsə aşağı salmamaq üçün. Amma onlara bütün iyrəncliklərə qarşı hesablanmış ən dəyərli bir işin başında olduqlarını demək istəyirəm –həm də bütün zamanlarda insanlığın qürur duya biləcəyi bir işin...