Uyğurların xeyirxah mələyi, böyük idealist - Rəbiyə Qadir

Səadət Qabilqızı, 06/05/08

Rəsmi Pekin ona dissident ərindən boşanmaq üçün təzyiq göstərməkdən, uşaqlarını həbs etməkdən belə çəkinməyib…
Dünyadakı diktaturaların mahiyyəti bənzər olduğu kimi, ona qarşı mücadilə verən insanların taleyi də bir-birindən çox fərqlənmir. Bilmirəm, bəlkə başımız öz dərdlərimizə qarışdığından, dünyanın bizə məsafəcə uzaq bir ölkəsində bizimlə eyni dildə danışan insanların da bizimlə eyni dəyərlər uğrunda savaşdığına diqqət ayırmağa vaxt qalmır… 

Aramızda Çində Uyğur türklərinin hüquqları uğrunda mübarizə aparan dissident xanım Rəbiyə Qadirin (Rabiye Kadeer) adını bilən neçə nəfər olar?

İndi 62 yaşında olan Rəbiyə xanım ömrünün 6 ilini həbsxanada keçirib. Avtoritar Çin hökumətinin göstərişi ilə 8 illiyə həbs olunan Rəbiyə xanımın həbsi sonradan bir il azaldılıb, 2005-ci ildə isə beynəlxalq qurumların kəskin təzyiqi ilə onu həbsdən buraxıblar. Həbsinin səbəbi Amerikaya mühacirət etmək zorunda qalan əri Sadiq Rouziyə qəzetlərdən kəsilmiş informasiya parçaları göndərmək olub. Məhkəmə isə onu ”dövlət sirrini xaricə sızdırdığına” görə məhkum edib. Bütün bunlar hökumətin onun xarici pasportunu müsadirə etməsi, xaricdəki həyat yoldaşından boşanması üçün təzyiq göstərməsi, siyasi fəaliyyətinə yasaq qoyması ilə heç nəyə nail ola bilməməsindən sonra baş verib.  

Yoxsul bir ailənin qızı olan Rəbiyə xanım böyük işgüzarlığı, iradə və cəsarəti hesabına Çinin ən zəngin adamlarından birinə çevrilib. Kiçik vəsaitlə başladığı “camaşırxana biznesi”ni böyük fədakarlıqla milyonlara çevirib. Hətta ölkənin  “ən varlı onluğu”nda yeddinci yerə gəlib çıxıb. Geniş xeyriyyəçilik fəaliyyəti ilə Çin hökumətinin diqqətini çəkən Rəbiyə Qadir Çin Xalq Konqresinə üzv seçilib, sonra BMT-nin Dördüncü Dünya Qadın Konfransında Çin nümayəndə heyətini təmsil edib. Onun hökumət rəsmiləri ilə münasibətlərinin korlanmasına səbəb isə uyğurların pozulan hüquqlarının müdafiəçisi rolunda çıxış etməsi olub. O da həyat yoldaşı kimi Xıncınaq Uyğur Avtonom Regionunda (keçmiş Şərqi Türküstan) bağlanan məscidlərə, islam adət-ənənələrinə yasaq qoyulmasına, söz azadlığının məhdudlaşdırılmasına qarşı çıxmaqla hökumət üçün ən arzuolunmaz adama çevrilib.

Dünyaya 11 övlad gətirən, baş qoyduğu əqidə savaşında ailəsi pərən-pərən düşən, amma sınmayan bu böyük qadının tükənməz enerjisi, cəsurluğu, qətiyyəti insanı heyran qoyur. O, əyilməzlik simvolu kimi, bu gün də eyni basqılar altında işlərinə davam edir. Təşəbbüsüylə 1000 nəfər ailəni əhatə edən “Ana Layihəsi” həyat şəraiti ağır olan uyğur ailələrinin vəziyyətinin yaxşılaşmasına yardım göstərir, bu ailələrdən olan uşaqların təhsili və sənət qazanması üçün imkanlar açılır.

2007-ci ilin iyun ayında Praqada Demokratiya və təhlükəsizlik konfransında çıxış edən ABŞ Prezidenti Corc Buş: " Mən burada bir dissidentlə görüşdüm - Rəbiyə Qadirlə. Onun oğullarını insan haqları uğrunda fəaliyyətlərinə görə həbs ediblər. Rəbiyə kimi insanların bacarığı  onların öz xalqları üçün ən böyük xəzinədir – hətta o xalqın ordusundakı silahlardan və yerin altındakı neftdən daha dəyərli xəzinə” - deyib.  

O, dünyanın bir çox insan hüquqları təşkilatlarının nüfuzlu mükafatlarını alıb (Norveçin “Rafto” mükafatı, ”Human Rights Watch” təşkilatının “İnsan hüquqları” uğrunda mükafatı və s. ), Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.

“Mən uyğurların anası, onların dərdlərinə  çarə, göz yaşlarını silən əl, onları yağışdan qoruyan çətir olmaq istəyirəm”- deyir Rəbiyə xanım. Bu mərhəmətli ürəyi ilə içindəki vulkanı simasına zərrə qədər də yansıtmayan mələk üzlü  qadın gerçəkdən hər bir uyğurun anası olmaq haqqını qazanıb – bu yolda öz ailəsini, övladlarını belə qurban verə bildiyi üçün.