Liberalizm, yoxsa diktatura?
Azər Rəşidoğlu, 08/05/08
Liberalizmi söymək indi dəbdədir. Bu gün də bir çoxları yenidən ideal saydıqları sovet kecmişinə qayıtmağı arzu edirlər. Maraqlısı odur ki, bu sərsəm fikirlər indi çoxlarına hakim kəsilib. Söhbət əslində hamının bildiyi həqiqətlərdən də getmir. Məsələ azadlıq və insan haqlarınin hədəf secilməsindədir. “Azadlıq” sözünün özu də kimlərdəsə ikrah hissi doğurur. Canlarını və ruhlarını hansısa ümummilli liderə, fürerə, rəhbərə, yaxud xilaskara təqdim etmək kimlərəsə yenə də xoş gəlir. Öz haqlarını rəhbərə cani-dildən təqdim edənlərin heç də hamısını intellekt səviyyəsi aşağı olanlar kimi səciyyələndirmək olmaz. Söhbət ruhlarını artıq coxdan şeytana satmış bəzi ziyalılardan da getmir. Bəziləri XİLASKARın gəlişinin fəlsəfi köklərindən dəm vururlar. Millətimizin tarixinə nəzər saldıqda görərik ki, şahsevərlik ənənəsi əsrlər boyunca formalaşdırılıb. İnsanlar özləri məsuliyyət daşımaq əvəzinə, məsuliyyəti hansısa XİLASKARın uzərinə atmağa və onun tərəfindən idarə olunmağa üstünluk verirlər. “O mənim əvəzimə düşünür, mənim əvəzimə çalışır və mənim problemlərimə daha yaxşı bələddirsə, mənə nə ehtiyyac var?.” Bu cür yanaşma əsrlər boyu zehnimizi və qəlbimizi zəbt etdi. Belə cəfəngiyyatdan qurtulmaq zamanı çatmayıbmı?
Azadlıq çətin məhfumdur və heç də hər kəsə onu dadmaq nəsib olmur. İnsanları azadlığa səsləyənlər özləri azad olmalıdırlar. İnsanları azadlıq uğrunda mubarizəyə səsləyən LİBERALİZMİN əsas dayaq nöqtəsi daha çox insan özgürlüyüdür. Hər cür diktaturadan liberal dəyərlərin fərqi də məhz bundadır. Liberallar heç kəsi “bunu yaz, buna isə toxunma” deyə məcbur etmir, satirik şerlərinə görə şairi zindana atmır, hec kimi onlar kimi duşunməyə vadar etmirlər. Liberallar dövlət çevrilişi cəhdlərinə görə həbs və cəza düşərgələri tikmir, yaxud insanları qul kimi işlədib, əmək haqqından və istirahət hüququndan məhrum etmirlər.
Bu, zəiflikdirmi? Diktator və onların əlaltılarına görə bu belədir. Həqiqətdə isə bu, yanlış düşüncədir. Əslində, liberalizm istənilən diktaturadan güclüdür. Digər rejimlər insanları repressiya ilə qorxudur, onları əzir, məhv edir və fərqli düşünənlərə divan tuturlar. Bu cür siyasi sistemlər eyni zamanda, vətəndaşları total nəzarətə götürür, mənəvi, siyasi, iqtisadi və sosial azadlıqlara nifrət edirlər. Bütün bu səbəblərə görə də məhz liberalizm hədəfdədir.
Tarixən cəmiyyətlər iki qutbə bölünüb – azadlıqsevərlərə və ona nifrət edənlərə. Diktaturalarda hansı içkini sevdiyini, hansı musiqiyə qulaq asmaq lazım olduğunu sənin yerinə XİLASKAR müəyyən edir. Ancaq XİLASKAR vətəndaşın necə xoşbəxt ola biləcəyini və hansı dünyagörüşünün onu qane etdiyini onun özündən daha yaxşı bilir. Bundan fərqli olaraq, liberallar isə hər sahədə İNSAN AMİLİnə üstünlük verirlər. Liberallar kiminsə köləsi olmaq istəmirlər. Onlar Allahın onlara verdiyi hüquqlar uğrunda mubarizə aparırlar. Təsadüfi deyil ki, liberal Qərb fəlsəfəsi iki toxunulmaz dəyər üzərində formalaşib: “ALLAH və MƏNİM hüququm”. Hazırda liberalizm cərəyanının görkəmli daşıyıcıları bu prinsiplərin bütün cəmiyyətlərdə hakim olmasını məqsəd hesab edirlər.
Bir sözlə, liberalizm despotizmdən mudafiə silahıdır. Avtokratiya, yoxsa azadlıq? Seçim sadədir. Əlbəttə, liberalizmi də tənqid etmək lazımdır. Liberalizm tənqidə dözümlüdür. Ancaq maraqlıdır, liberalları tənqid edənlər özləri tənqidə dözə bilirlərmi? Yəqin ki, ritorik sualdır.
Son olaraq, liberalizm cərəyanının üzərində israr etdiyi məqamlardan birinə diqqət çəkmək maraqlı olardı: insanın TƏBİİ HÜQUQLARI.. Əslində, hər kəsin dunyaya gəldiyi andan təbii və konstitusion hüquqlara malik olmasi heç kəsə sirr deyil. Qeyri-liberal siyasi sistemə malik olan rejimlər sadəcə vətəndaşın konstitusion hüquqlarını təmin etməklə işlərini bitmiş hesab edirlər. Lakin əsl məqsəd təbii hüquqların tanınması və təmin olunmasıdır. Məhz bu problemin də bayraqdarları liberallardır. Yəqin ki, elə bu səbəbdən də, liberal düşüncə tərzi öz azadlıq vurğunluğu ilə digər cərəyanlardan yuxarıda dayanır...



