Avtoritar meydanda liberal utopiya
Azər Rəşidoğlu, 27/05/08
Liberalizm xəyallardan gerçəkliyə çevrilmədikcə, Azərbaycan radikal cərəyanlarla diktaturanın döyüş meydanına çevriləcək.
İrqindən, sosial vəziyyətindən, cinsindən asılı olmayaraq insanlar daim azadlığa can atırlar. Fəhlə əmək haqqı və istirahət hüququnun genişlənməsi, sahibkar azad bazar hüququnun təmin olunması, qadınlar gender bərabərliyinin qorunması, dindarlar isə vicdan azadlığına nail olmaq uğrunda mübarizə aparırlar. Bütün bu mübarizələr insan haqlarının qorunması çərçivəsində gedir. İnkişaf etmiş ölkələrdə hətta heyvanların hüquqları belə qorunur. Liberalizmin bəxş etdiyi dəyərlər məhz bu amilləri nəzərdə tutur. Liberal düşüncəli cəmiyyətlərdə irqi, dini, siyasi və digər amillərə görə insanları təqib etmək barədə düşünmürlər.
Liberalizm eyni zamanda iqtisadi baxışlar toplusudur. Şəxsi mülkiyyət üzərində sahiblik haqqını tanıyan liberallar cəmiyyətdə varlıların daha da çox olmasına çalışırlar. Əlbəttə, varlı insanları məhv edib, cəmiyyəti inkişafdan saxlayan radikal sosialistlər bu ideyanı qəbul edə bilməzlər. Ən azı ona görə ki, varlı təbəqənin güclənməsi sosialist dünyagörüşünün məhvi demək olardı.
İnsanlara azadlıq bəxş edən cərəyana qarşı olanlar liberalizmi ancaq imkanlı şəxslərin mülkiyyət azadlığı kimi qələmə verirlər. Bu, yanlış mülahizədir. Liberalizmin hökm sürdüyü ölkələrdə sosial inkişaf daha cəlbedici olur. Hətta Çilidə Pinoçet hakimiyyəti dönəmində də iqtisadiyyatda liberallaşma siyasəti aparıldığına görə ölkə inkişaf etdi. Lakin, liberalizmə düşmən olan Lukaşenko Belarusu, Kastro Kubanı, Müşərrəf isə Pakistanı inkişafdan saxladı.
Azadlıq və demokratiya liberallar üçün sadəcə ideya deyil, eyni zamanda həyat tərzidir. Liberal cəmiyyətlər avtoritar liderlərə möhtac deyil. Avtoritar rejimlərin başlıca problemlərindən biri isə çox vaxt burada məsuliyyətli liderin olmaması, yaxud da hər şeyə yalnız özü cavabdehlik daşıyan liderin öz məsuliyyətini dərk etməməsidir.
Avtokrat liderlə avtoritetli-nüfuzlu liderləri qarışdırmaq olmaz. Avtoritar rejimlər çox sayda avtoritetlərin üzə çıxmasına mane olurlar. Cəngavərlik dövründən fərqli olaraq, bu gün avtoritetli liderlərin üzə çıxmasının əsas şərti seçkilərdir. "Keçid dövrü" adlanan yaşadığımız tarixi dönəmdə məsuliyyətli liderlərin millətin həyatında köklü dəyişikliklər etmək şansı hələ tükənməyib.
Avtoritar rejimlərdə keçirilən seçkiləri təhlil etmək bir çox baxımdan çətindir. Çünki bu seçkilərə birmənalı qiymət vermək olmur. Bu həm də onunla bağlıdır ki, artıq "avtokratiya" da özünün əvvəlki klassik mənasını əks etdirmir. Bu gün "avtokratiya" tam və ya yarımçıq olmaq etibarilə ölçülür. Bu cür siyasi sistemlərdə bəzən köhnə adlar yeni mənalar kəsb etməyə başlayır. Məhz elə bu səbəbdən də artıq liberal dəyərlər digər cərəyanın nümayəndələri üçün də hərəkətverici amilə çevrilməkdədir. Ləyaqətli insan - ləyaqətli cəmiyyət, ləyaqətli cəmiyyət isə - ləyaqətli millətdir!
Bu gün Azərbaycanın qarşısında duran başlıca vəzifə liberal dəyərlərin tətbiq edilməsi, hakimiyyətin bölünməsi və onun qollarının müstəqil olması, ən əsası isə demokratik seçkilərdən keçib, legitim hakimiyyətin formalaşdırılmasıdır.
Azərbaycandakı güclü, avtoritar hakimiyyət bir növ siyasi məkanı dondurub. Çoxpartiyalı sistem mövcud olsa da, o, inkişaf edib rəqabət aparmağın vacib olduğu plüralist demokratiya səviyyəsinə yüksəlməyə qadir deyil. Müxalifət qüvvələri üçün maliyyə vəsaitinə və mediaya çıxışın, həmçinin, siyasi və adminstrativ resursların məhdudluğu ümumi haldır. Sağçı partiyalar kapitalın, solçular isə zəhmətkeşlərin təşkilatlanmış qruplarının dəstəyini qazana bilməyiblər. Orta təbəqə, yuxarıda qeyd etdiyimiz kimi, təcrid olunmuş vəziyyətdədir. Meydanda öz kreslolarını yüksək gəlir mənbəyinə çevirən bir qrup məmur və etiraz ovqatından yararlanıb hakimiyyətə can atan şöhrətpərəst autsayderləri birləşdirən ziyalı partiyaları var.
Liberal dəyərlərin rəsmi şəkildə tanınmasına baxmayaraq, insanların şüurunda ideoloji qarışıqlıq müşahidə olunur. Dövlət müstəqilliyinin bərpası və kommunist totalitarizminin dağılması ilə bağlı ilkin şişirdilmiş, hətta eyforiya səviyyəsinə qaldırılmış gözləntilər dərin məyusluq və apatiya ilə əvəzlənib. Çoxları üçün sovet dövrünün cüzi bolluğu və nisbi ictimai nizam-intizamı ideallaşıb. Bu gün Azərbaycanda kəmiyyət göstəriciləri önə çəkilib. Elə hey deyirik ki, ölkə yüksək iqtisadi artım tempinə malikdir. Əslinə qalsa, iqtisadi artımla inkişaf məsələsinin özü çox ziddiyyətlidir.
Bizdə keçid dövrünün uzanmasının əsas səbəblərindən biri leninçi təfəkkürün beyinlərdə qalmasıdır. İqtisadi-siyasi və mədəni sahələr bir-biri ilə hər zaman bağlaşır və bunlar arasında heç zaman tarazlıq pozula bilməz. Üç sahə eyni vaxtda inkişaf etməlidir. Azərbaycan digər postsovet ölkələrindən, məsələn, Rusiyadan fərqli olaraq, mədəni baxımdan çox geridə qalmış vəziyyətdə idi və bunun fəsadları özünü göstərir. Leninçilik bir ideologiya olaraq iqtisadi və siyasi təfəkkürümüzə nə qədər təsir etmişdisə, milli mentalitet deyilən qəribə təfəkkür də bizi mədəni inkişafdan saxlayırdı. Ona görə də bizim əsas prioritetimiz inkişafa nail olmaqdır. Bunun üçün tək leninçi təfəkkürün yox, həm də bayağı millətçiliyin aradan qalxmasına da çalışmalıyıq.
Azərbaycanın üz tutacağı yol hələ müəyyənləşməyib. Hakim elita sözdə yox, əməldə ölkənin Avropaya inteqrasiyasında maraqlı olduğunu sübut etmək istəyirsə, məhz o özü modernləşməyə və demokratikləşməyə təkan verməli və dəyişikliklər prosesinə rəhbərlik etməlidir. Əks halda, Azərbaycandakı neqativ meyllərin güclənməsi ölkəni radikal cərəyanlarla avtoritar rejimin döyüş meydanına çevirəcək, kütləvi mühacirətə yol açacaq və qazanılmış insan və sivilizasiya kapitalının itirilməsi qaçılmaz olacaq.



