"Suveren demokratiya" nə deməkdir?

Azər Rəşidoğlu, 19/08/08

Qərb avtoritar rejimlər qarşısında acizdirmi? Qərb diktatorlardan qorxurmu? Qərb demokratiyanı neftə qurban verməyə hazırdırmı?

Cəmiyyət indi bu suallara cavab axtarır. Cavab isə tapılmır.

Sürətlə cərəyan edən proseslər ən çevik araşdırma mərkəzlərini belə çətin duruma salıb.

Yaşadığımız region geopolitik məngənədə sıxılır. Cənubi Qafqaz regionunda dinamik siyasi proseslər cərəyan edir. Azərbaycan bu baxımdan bir qədər fərqli durumdadır. Bunun səbəbini müxtəlif cür yozurlar.

Hətta dünyada demokratiya böhranı yaşandığını deyənlər də var. Amma Azərbaycan rəsmilərinin çıxışlarını, hakim partiyanın ideoloqlarının yazılarını oxuduqda bir çox mətləblər aydınlaşır.

Əslində, demokratiya və insan haqları heç bir dövlətin daxili işi deyil. Avropa Şurasına üzv olarkən Azərbaycan da bu siyasi fəlsəfəni rəsmən qəbul edib. Ancaq ”suveren demokratiya” faktiki olaraq bundan imtina etmək deməkdir. Son illərdə ölkə rəsmilərinin davranışı buna canlı sübutdur.

Azərbaycandakı siyasi proseslər müəyyən mənada Rusiyadakı proseslərə bənzəyir. Hakimiyyətə gələndən sonra sabiq Rusiya prezidenti Vladimir Putin demokratik və hüquqi dövlət anlayışını ”effektiv dövlətçilik” anlayışı ilə əvəz etdi və bundan sonra ölkədə söz azadlığının və siyasi hüquqların məhdudlaşdırılması prosesi başlandı. İndi Rusiyada hökumətin siyasətini tənqid edən çox az nəşrlər var, siyasi partiyaların fəaliyyəti nəzərə çarpmır.

Azərbaycanda da demokratiya anlayışına alternativ axtarmaq və ya onu milli, yerli formada təqdim etmək cəhdləri çox olub. Milli demokratiya axtarışları hələ Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsindən əvvəl müşahidə edilib. Amma həmin dövrdə bu, daha çox ictimai diskussiyalarda təzahür edirdi. Yeni Azərbaycan Partiyası hakimiyyətə gələndən sonra isə bu, dövlət siyasətinin bir istiqamətinə çevrildi. Dövlət rəsmiləri demokratiyaya müxtəlif  şərhlər, yozumlar verməyə başladılar. Əvvəlcə ”məsuliyyətli demokratiya” anlayışı meydana çıxdı. Bununla ölkədə mövcud olan sərt avtoritar rejimə haqq qazandırmağa cəhd etdilər. Hakimiyyət daim xaricdən demokratiyanın vəziyyəti ilə bağlı tənqidlərə məruz qaldığından sonradan ”suveren demokratiya” anlayışı yarandı. Bu, daha çox neftdən gələn gəlirlərin artmağa başladığı son dövrlərə aiddir.

Daxili maliyyə resursları qazanan hakimiyyət əldə etdiyi iqtisadi müstəqillikdən siyasi müqavimətini artırmaq üçün istifadə etməyə başladı. Demokratiya və insan haqları ilə bağlı hər hansı irad böyük etirazla qarşılanır, bunun qərəzli olduğu bildirilir və daxili işlərə qarışmaq kimi qiymətləndirilir. Amma hakimiyyətin ideoloji axtarışları təkcə bununla məhdudlaşmır.

Son aylar dərc olunan yazılarda ”demokratiya, yoxsa müasirləşmə” dilemması gündəliyə gətirilir və bir qayda olaraq müasirləşməyə üstünlük verilir. Əslində,  demokratiyanı müasirləşmə olmadan və ya əksinə, müasirləşməni demokratiyasız təsəvvür etmək mümkün deyil. Azərbaycan rəsmilərinin çıxışlarında isə bunlar alternativlər kimi səslənir. Bu da təbiidir. Ona görə ki, demokratiyaya alternativ ideya axtarılır. Amma tarixi təcrübə göstərir ki, heç bir ideya azadlıq və demokratiya ilə rəqabət aparmaq gücündə deyil. Belə axtarışlar müxtəlif dövrlərdə başqa ölkələrdə də olub və bir qayda olaraq uğursuzluqla nəticələnib.  

Dünyadakı avtoritar rejimlər uzun müddətə qalmayacaq. Artıq  elə qlobal proses gedir ki, müəyyən bir ardıcılıqla onların hamısı çökəcək. Gözümüzün önündə Gürcüstan, Ukrayna, Qırğızstandan başlamış  neçə demokratiya bərqərar olan ölkə bu yolu keçdi. İndi də Zimbabvedə baş verənləri diqqətlə izləyirik. Dünyanın hər yerində avtoritar liderlər hakimiyyətlərini itirə-itirə gedir, xalqlar isə qalib gəlirlər. Azərbaycan hökuməti tarixin verdiyi şansdan maksimum bəhrələnib daha çox oğurlamaq istəyir. Amma bilməlidirlər ki, bu qlobal tendensiyanın qarşısını almaq mümkün olmayacaq. Bu hökumət müvəqqəti olaraq siyasi ömrünü uzada bilər, ancaq Azərbaycanda da demokratiya bərqərar olacaq. Doğrudur, Qərb ölkələri də problemə həmişə adekvat yanaşmırlar, bütün ölkələrdə demokratiyanı prinsipial müdafiə etmirlər, amma hər halda getdikcə demokratiyanın cəbhəsini böyüdürlər. Etiraf etmək lazımdır ki, sadaladığım ölkələrin hər birində demokratiya Qərb ölkələrinin, ilk növbədə Amerikanın köməyi ilə bərqərar olub. İstər  Ukraynada, istər Pakistanda, istərsə də Zimbabvedə Muqabenin diktaturasından əziyyət çəkən xalqın müdafiəsində olsun. Deməli, Azərbaycan xalqı ruhdan düşməməli, azadlıq mübarizəsini davam etdirməli və kifayət qədər israrlı olsaq dünya birliyinin həmrəylik nümayiş etdirməkdən başqa çarəsi qalmayacaq.

Hakimiyyətin  demokyatiyaya nifrət etməsi təkcə neft faktoruyla da bağlı deyil. Gəlin, nəzər salaq, hazırda regionda hansı proseslər baş verir və Ilham Əliyevə özünü bu cür aparmağa nə imkan verir? Bir tərəfdən burada enerji faktorunun şübhəsiz rolu var. Hakimiyyət və Qərb bunu gizlətmir. Qərb üçün dəyərlər və maraqlar mövcuddur. Qərb demokratik dəyərlərin təminatı məsələsini nəzərdə tutanda bunu ilk növbədə öz vətəndaşlarına şamil edir. Azərbaycanda bu dəyərlərin tətbiqi məsələsinə gələndə isə burada maraqlar tərəfi daha üstün gəlir. Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi demokratik dəyərlərdən özü imtina edir. Eyni zamanda, Azərbaycandan bir çox layihələrdə tranzit ölkə kimi istifadə olunur. Bu da hakimiyyətə müəyyən dividentlər verməmiş deyil. Maraqların başqa bir qrupu isə regiondakı ciddi qarşıdurma ilə bağlıdır. Burada söhbət təkcə enerji maraqlarının toqquşmasından getmir. Azərbaycanın regiondakı vəziyyətiylə bağlı Avropanın, Rusiyanın və ABŞ-ın bir-birindən fərqli maraqları var. Üçüncü maraqlar qrupu isə İranla bağlı olan məsələlərdir ki, Qərbin Tehranla münasibətlərində Azərbaycanın konkret yeri və rolu var. Sonuncu - dördüncü qrup isə bütövlükdə Qərbin regiona münasibətinin hələ qeyri-müəyyən olmasını göstərir. Qərb bu günə qədər müəyyənləşdirməyib ki, Cənubi Qafqaz regionu onun üçün hansı əhəmiyyət daşıyır? Yəni Cənubi Qafqaz Qərb üçün bir xammal mənbəyidir, tranzit vasitəsidir, yoxsa vahid Avropanın tərkib hissəsidir. Bu məqəmlara aydınlıq gətirildikdən sonra, Qərb regionda baş verən proseslərə, o cümlədən ölkələrin daxilində cərəyan edən hadisələrə öz münasibətini dəqiq bildirəcək. Məhz bu suallara hələ konkret cavabın müəyyənləşdirilməməsi üzündəndir ki, bu gün Azərbaycan hakimiyyəti özünü məhz bu cür aparır.

Qərb avtoritar rejimlər qarşısında qətiyyən aciz deyil.  Qərb diktatorlardan qətiyyən qorxmur. Qərb heç də həmişə demokyatiyanı neftə qurban vermir. Sadəcə, başqa problemlər var. Ümumiyyətlə, Azərbaycan tipli avtoritar rejimlərə o vaxta qədər dözülür ki, onlar Qərbin maraqlarına mane olmurlar. Hazırda böyük siyasi, iqtisadi problemlərlə məşğul olan Qərb üçün Azərbaycan hakimiyyəti kimi iqtidarlara reaksiya vermək vacib deyil. Bu hazırda belədir. Amma bu dəyərlər sabah dəyişə bilər. Necə ki, biz yaxın keçmişə nəzər salsaq bu cür mövqe sərgiləyən rejimlərin hansı aqibətlə üzləşdiyini açıq şəkildə görərik.