Kim müharibə istəyir?
Səadət Cahangir, 24/08/08
Rejissor Ziya Şıxlinskinin “Ruslar müharibə istəyirmi?” adlı qısametrajlı bir sənədli filmi var. 1990-cı ildə çəkilib. Filmin ssenarisini gözəl tapıntı saymaq olar. Rus Hərbi xoru oxuyur -“Xotyat li russkie, xotyat li russkie voyna?”, ardınca ekrana sovet qoşunlarının işğal mənzərələri gəlir. Budapeşt-1956-cı il, Praqa-1968-ci il, Əfqanıstan-1979-1989-cu illər, Alma-Ata-1986-cı il, Tbilisi-1989-cu il, Bakı-1990-cı il.
İnanıram ki, maliyyə imkanları yol versəydi, Ziya müəllim tarixi bir xeyli geridən və daha əhatəli götürərdi. Bəlkə də, qısametrajlı film yox, serial çəkərdi- Böyük Pyotrun hakimiyyətə gələn kimi Türkiyəyə qarşı müharibəyə başlamasından, 1695-1696-ci illərdə Qara də¬niz və Baltik limanları uğrunda mübarizəsindən, Azov limanını ələ keçirməsindən, sonra İsveçə müharibə elan etməsindən...
Pyotr çoxdan ölüb, onun rusları dünyaya hökm etməyə çağıran məşhur “Vəsiyyətləri” də aktuallığını itirib- böyük arzularından biri olan İstanbula yiyələnmək istəyi də. Amma 4 əsr sonra Rusiyanın siyasətində dəyişməz qalan bir şey var-işğalçılıq və imperiya əhval-ruhiyyəsi.
Düşünürəm ki, bu imperiyapərəst siyasət təkcə bizim, gürcülərin, çexlərin, macarların, çeçenlərin, əfqanların, qazaxların deyil, həm də o ölkənin öz insanlarının faciəsi üzərində qurulub. Rus xalqının tarixində hər kəsin sevgiylə xatırlaya biləcəyi böyük şəxsiyyətlər belə zaman-zaman bu siyasətin əzabını çəkiblər. Rus şerinin gözəl incilərini yaratmış, bolşevik ideologiyasının burjuaziya şairi damğasıyla qaraladığı Anna Axmatova kimi məğrur bir şəxsiyyəti nəyə məcbur etdilər bilirsiniz... Bütün qəlbiylə Stalin rejiminə nifrət edən bu şair sonda onu vəsf edən şerlər yazmaq zorunda qaldı. Amma o, bunları İkinci Dünya müharibəsində cəbhədə olan oğlunun (Lev Qumilyov) xilası üçün etmişdi. Axmatovanın günahı nəydi, nənəsinin türk olduğunu etiraf etməsi və onun soyadını daşımasımı?
Keçmişdən üzü bəri nəzər salsanız, bu nəhəng ölkənin tarixində heç vaxt demokratik dəyərlərin tam bərqərar olduğu bir zaman kəsiyinə rast gələ bilməzsiniz. Bu mahiyyəti ilə o ətrafındakılara, qonşularına, qarşısına çıxanlara da mane olur, azadlıq ideyalarının önünü kəsir, millətlərə qan qusdurur. Amma bu zorakı, imperiyapərəst ruhu ilə o öz xalqını da xoşbəxt olmağa qoymur. Bunu son illər ölkənin yüksək səviyyədə kriminallaşan mərkəzi şəhərlərinin timsalında da müşahidə etmək mümkündür. Hər il ölkə rəhbərliyinin uğursuz siyasətinə qarşı çıxan neçə neçə insan evinin kandarında, küçədə, iş yolunda vəhşicəsinə qətlə yetirilir. Öz həmvətənlərinin demokratik bir cəmiyyətdə yaşamasını arzulayan, diktat idarəçilik sistemi ilə bunu insanlara haram edən Prezident Putini ən sərt şəkildə tənqid edən başqa bir Anna da bu cəzasız cinayətkarlığın qurbanı olmuşdu.
Onu Putinin ad günündə öz evinin qarşısında güllələmişdilər...
Diktaturaların, imperiyaçılığın, zorakılığın və ifrat şovinizmin sonu yoxdur. Bunu yaxın tarixdə həm böyük bir dünya müharibəsindən nəsibini almış, həm də 70 illik imperiyası süquta uğramış bir ölkə olaraq Rusiya hamıdan gözəl başa düşməlidir...

