Yeni geosiyasi vəziyyət
Azər Rəşidoğlu, 02/09/08
Gürcüstanla Rusiya arasında baş verən münaqişə və Gürcüstanın MDB-dən çıxmaq haqqındakı qərarı, bunun ardınca Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması bölgədə yeni situasiya yaratdı. Hətta bu münaqişəni görməməyə, bu qərarı eşitməməyə cəhd edən ölkələr belə bütün hallarda məsələyə münasibət bildirməyə məcbur oldular. Gürcüstanın qərarını pisləyənlər də, buna neytral yanaşanlar da oldu. Məsələ ilə bağlı ən çox maraq kəsb edən məqam isə Ukraynanın münasibətidir. Çünki bu respublika son vaxtlar MDB-dən narazıların sırasında həmişə öndə olub. Artıq bu ölkənin qanunvericilərinin bir qismi də müvafiq təşəbbüslə parlamentə müraciət ediblər. Düzdür, Ukraynanın antidemokratik güc mərkəzləri də Cənubi Osetiya və Abxaziyanın tanınması vacibliyindən danışır. Bir sözlə, Rusiyanın demokratik dəyərləri boğmaq uğrunda apardığı mübarizə son dərəcə aktuallaşıb.
Son günlərdə diqqəti cəlb edən hadisələrdən biri də bu oldu ki, Almaniyanın kansleri Ukraynanın və Gürcüstanın NATO-ya qəbulu ilə bağlı fikrini dəyişib. Artıq Almaniya da bu iki ölkənin Alyansa üzv olmasını dəstəkləyir. Hansı ki, NATO-nun Buxarest sammitində Almaniya Gürcüstanla Ukraynanın üzvlüyünün əleyhinə çıxış etmişdi. Görünür, dəyişən situasiya köhnə qərarlara yenidən baxmağı tövsiyə edir.
Beləliklə, həm MBD-də, həm də onun bir hissəsi olan Cənubi Qafqazda yeni geosiyasi atmosfer hiss olunmaqdadır. Bu tendensiya digər respublikaların davranışında necə təzahür edəcək?
Son hadisələr göstərdi ki, Cənubi Qafqazın lider dövlətinin – Azərbaycanın həm təhlükəsizliklə, həm də gələcək inkişaf istiqaməti ilə bağlı çox ciddi problemləri var. Gürcüstan öz problemlərini görür və Rusiyadan uzaqlaşmaq xəttini tutur. Azərbaycan isə hələ də şimal qonşusuna etibar edir və onunla yaxşı münasibətlər saxlamağa cəhd göstərir. Ukrayna və Gürcüstanla ən çox ittifaqda olan digər Cənubi Qafqaz ölkəsi Azərbaycandır. MDB-dən başqa onlar həm də GUAM-da birləşiblər. Elə bu səbəbdən, analitiklər daha çox Azərbaycanın hərəkətlərini proqnozlaşdırmağa cəhd edirlər. Azərbaycan da artıq Gürcüstanın MDB-dən çıxmaq haqqındakı qərarına münasibət bildirib. Bu qərarı qonşu respublikanın suveren hüququ kimi tanımaqla yanaşı, dövlət rəsmiləri bildiriblər ki, Azərbaycanın MDB-dən çıxmaq fikri yoxdur. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan MDB-yə 1993-cü ildə, Yeni Azərbaycan Partiyası hakimiyyətə gələndən sonra üzv olub. Elə bu səbəbdən, hakim partiyanın MDB-yə münasibətinin kəskin şəkildə dəyişəcəyini gözləmək az ehtimal olunan hadisədir.
Amma reallıqda bu münasibətləri yaxşı hesab etmək olarmı? Bir həftənin içində Azərbaycanın əsas enerji xətləri iflic vəziyyətinə düşdü. Ölkə özünün əsas strateji məhsulunu - nefti ixrac edə bilmədi. Bakı–Novorossiysk xətti ilə ixrac olunan neft tam gücündən qat-qat aşağıdır. Bir sözlə, ölkə iqtisadiyyatı yarımblokada vəziyyətindədir.
Belə bir vəziyyətdə ortaya sual çıxır: Azərbaycan üçün Gürcüstanla münasibətlər daha önəmlidir, yoxsa Rusiya ilə? Bəlkə enerji dəhlizi üçün daha etibarlı təminatlar axtarmaq vaxtıdır? Fikrimizcə, Azərbaycan da Gürcüstanla birlikdə NATO-ya üzv qəbul olunmağa cəhd etsə, bu təminatlar daha da artar. Çünki yalnız NATO bölgədə həqiqi təhlükəsizliyi və sabitliyi təmin etmək iqtidarındadır. Rusiya ilə ittifaq faydalıdırsa, nəyə görə Baltikyanı ölkələr buna can atmırlar? Nəyə görə Polşa öz ərazisində Rusiyanın deyil, ABŞ-ın raket hücumundan müdafiə sistemlərini yerləşdirir? Məgər onlar dünyadakı güc balansını və ən effektiv təhlükəsizlik sistemini real qiymətləndirə bilmirlər? MDB çoxdan özünü tükəndirib.Yarandığı vaxtdan səmərəsiz sistem kimi formalaşan bu birlik indi daha çox avtoritar rejimlərin ittifaqına çevrilib. Gürcüstan və Ukrayna bu birliyi tərk edəndən sonra bu çalar özünü daha çox təzahür etdirəcək.
Demokratik inkişaf yolu seçmiş ölkələr artıq Rusiya ilə bir ittifaqda deyillər və ondan uzaqlaşmaq yolunu tutublar. Ən böyük miflərdən biri də budur ki, Rusiya ilə münasibətlər Azərbaycana Qarabağ problemində yardımçı olur. Həqiqətdə belədirmi? BMT-də son səsvermə zamanı Rusiya da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməmişdi, baxmayaraq ki, başqa vaxt sözdə həmişə bunun əksini iddia edir. Üstəlik, Gürcüstandakı hadisələr bir daha göstərdi ki, Rusiya MDB ərazisindəki separatçı rejimləri müdafiə edir. Və nə qədər ki, Rusiyanın bölgədəki təsiri dominant olacaq, ərazisində münaqişə zonaları olan ölkələrin öz ərazi bütövlüyünü təmin etmək, lazım gələrsə, bunun üçün hərbi gücdən istifadə etmək niyyətləri bir arzu olaraq qalacaq. Hətta Rusiya Gürcüstanı öz ərazisində belə təcavüzkar elan etdi. Ən azı, bu detal düşünmək və nəticə çıxarmaq üçün kifayət qədər əsas verir.
Bir məsələni də nəzərə almaq lazımdır ki, Gürcüstan NATO-ya daxil olandan sonra Azərbaycan istəsə də, istəməsə də Şimal Alyansı ilə həmsərhəd olacaq. Görəsən indi seçim etmək iqtidarında olmayan ölkə seçimin labüd olacağı zaman hansı qərarı verəcək? Hazırkı şəraitdə Qərb müttəfiqlərinin, Amerika Birləşmiş Ştatları da daxil olmaqla, görə biləcəkləri çox iş var. NATO görüşündə Gürcüstan-Nato Komissiyasının yaradılması təklifi bir tərəfdən Rusiya üçün siqnaldır ki, NATO vəziyyəti ehtiyatla izləyir və Gürcüstanla birgə işləyir. Digər tərəfdən isə bu, Rusiyanı birbaşa hərbi güclə hədələməyin bir addımıdır. Yəni NATO bu Münaqişənin həllinə döyüş baxımından yox, diplomatik baxımdan qoşulub. Rusiyanın Gürcüstanı işğalı keşmiş Sovet İttifaqında, xüsusilə də Qafqazda güc balansını dəyişir. Rusiya qoşunları Potinin və dəmiryolu daşımalarının fəaliyyətini pozmaqla indi yalnız Gürcüstanı deyil, həm də Azərbaycanı və Ermənistanı hədələyir. Bu, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında müharibə başa çatdıqdan sonra hadisələrin ən pis hərbi inkişafıdır. Dünya bu məsələyə çox ciddi yanaşır. Biz anlamalıyıq ki, dirçələn Rusiya yalnız Gürcüstan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün, habelә Avropa üçün təhlükədir.

