Bir daha Dövlət Neft Fondunun şəffaflığı barədə

Kənan Aslanlı, 03/09/08

Azərbaycanda hökumәtin şəffaf olmaması, institusional islahatlara olan ehtiyacın ödənməməsi nə qədər tənqid olunsa və bu məsələ nə dərəcədə aktuallığını saxlasa da, bəzi dövlət strukturlarında müəyyən hallarda fərdi təşəbbüslərin nəticəsi olan ayrı-ayrı nisbi şəffaflıq nümunələri qiymətləndirilməlidir. Maraqlıdır ki, bu gün digərlərindən bir qədər şəffaflığı ilə fərqlənən strukturlar məhz dövlət maliyyəsinin formalaşması ilə bağlı olan təşkilatlardır. Xüsusən, Vergilər Nazirliyi və Dövlət Neft Fondunu fərqləndirmək olar. Birincidən fərqli olaraq, ikincinin artan şəffaflaşma cəhdləri ölkədən kənarda da öz qiymətini almaqdadır. 2008-ci ilin birinci yarısının yekununa görə aktivləri 6.8 milyard dollara çatan Dövlət Neft Fondunun fəaliyyəti indiyə qədər bir neçə yerli, regional və qlobal qiymətləndirmə və təltif prosesi keçib. Bunlardan ən çox rezonans doğuranı 2007-ci ilin mayında Dövlət Neft Fondunun Mədən sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinə görə BMT-nin “Dövlət Xidməti Mükafatı” ilə təltif edilməsi olmuşdur. İndi isə Dövlət Neft Fondunun şəffaflığının beynəlxalq şəffaflıq göstəricilərindən olan Linaburq-Maduell Şəffaflıq İndeksi (Linaburg-Maduell Transparency Index) üzrə qiymətləndirilməsinə nəzər yetirək. Linaburq-Maduell Şəffaflıq İndeksi Suveren Rifah Fondları İnstitutunun (Sovereign Wealth Fund Institute) aparıcı tədqiqatçıları olan Karl Linaburq və Maykl Maduell tərəfindən işlənib hazırlanmışdır. Bu indeks müxtəlif fondların (burada söhbət əsas etibarilə neft fondlarından gedir) şəffaflığının qiymətləndirilməsini nəzərdə tutan metoddur. Adətən hökumәtә məxsus olan, təbii resursların satışından daxilolmalar və transferlər hesabına öz aktivlərini formalaşdıran belə fondlar özündə həddən artıq iri maliyyəni cəmləşdirir (2008-ci il üçün olan son məlumatlara əsasən qlobal miqyasda 3.85 trilyon dollar) və bir çox hallarda bütün investisiya əməliyyatları ilə bağlı ictimaiyyətə geniş məlumat vermirlər. Bu isə həm milli sərvətlərdən səmərəli və ədalətli istifadəni kölgə altında qoyur, həm də qlobal iqtisadi təhlükəsizliyə və makroiqtisadi tarazlığa təhlükədir. Bütün bu riskləri nəzərə alaraq, qlobal miqyasda məhz Norveç hökumәtinin Qlobal Pensiya Fondu geniş şəffaflaşma prosesini başlatdı və Linaburq-Maduell Şəffaflıq İndeksi demək olar ki, bu fondun fəaliyyəti ətrafında formalaşdı. İndeks suveren fondların şəffaflığını geniş ictimaiyyətə nümayiş etdirə bilən 10 təməl prinsipə əsaslanır. Hər bir prinsipin bu və ya digər fond tərəfindən ödənməsi onun indeks reytinqinə 1 şəffaflıq balı əlavə edir. Başqa sözlə desək, hər bir prinsip bir balla qiymətləndirilir. İndeks üzrə minimum reytinq 1, maksimum reytinq isə 10 bala mütənasibdir.  Suveren Rifah Fondları İnstitutunun tövsiyəsinə görə adekvat şəffaf fond 8 baldan çox reytinqə malik olan fondlar hesab edilir. Fondlar ictimaiyyətə əlavə məlumatlar açıqladıqca, şəffaflıq reytinqi dəyişə bilər. Şəffaflıq indeksinin konseptual prinsipləri çox ehtiyatla seçilib və baza məlumatlarını kifayət qədər əhatə edir. Beləliklə, Linaburq-Maduell Şəffaflıq İndeksinin məlumatlılıqla bağlı əsas prinsipləri bunlardır:

- müvafiq fondun yaranma tarixi və zərurəti, aktivlərinin mənbəyi, fonddakı dövlət mülkiyyətinin strukturu barədə məlumatla ictimaiyyəti təmin edir; - fond müstəqil audit yoxlaması aparılan illik yenilənmiş hesabatlarını açıqlayır;
- fond mülkiyyətçisi olduğu şirkətlərdəki pay faizini və bunların coğrafi yerləşməsini açıqlayır;
- fond bazar dəyərinin, daxilolmalarının və idarəetmə kompensasiyalarının ümumi portfelini açıqlayır;
- fond etik standartlar və investisiya siyasətləri toplusu hazırlayıb yayımlayır və bunların icrası üçün konkret məsul şəxs təyin edir;
- fond aydın şəkildə strategiyalarını və məqsədlərini açıqlayır;
- əgər tətbiq olunandırsa, fond subsidiyarlarının əlaqə məlumatlarını açıqlayır;
- əgər tətbiq olunandırsa, fond xarici menecerlərini bəyan edir;
- fond özünün veb-səhifəsinə malikdir;
- fond öz əsas ofisinin yerləşmə ünvanını, telefon və faks nömrələri kimi əlaqə informasiyalarını açıqlayır.

Bu indeks üzrə Azərbaycan Dövlət Neft Fondu 2008-ci ildə kifayət qədər yüksək hesab olunan 9 bal toplayaraq 50-yə yaxın müxtəlif ölkə fondları arasında 7-ci olmuşdur. Eyni zamanda, bizim regionun iri neft fondlarına malik digər iki ölkəsi olan Rusiya və Qazaxıstanı da qabaqlamışdır. 

Yuxarıdakı diaqramdan göründüyü kimi, Azərbaycan, Qazaxıstan və Rusiya Linaburq-Maduell Şəffaflıq İndeksi üzrə müxtəlif qiymətlər alıblar. Müvafiq olaraq 9 bal Azərbaycan Dövlət Neft Fonduna, 5 bal Rusiya Milli Rifah Fonduna, 2 bal Qazaxıstanın Milli Fonduna verilib. İndeksin nəticəsi hökumәtlәrin dövlət maliyyə sisteminin mühüm tərkib hissəsi olan fondlarla bağlı müəyyən məlumatları açmaq iradəsindən xəbər verir. Bu isə bir neçə amilin təsiri ilə formalaşır: 

(a) fondun aktivlər baxımından miqyası; 
(b) şәffaflığı təmin etmək üçün zəruri olan alətlərdən istifadə qabiliyyəti; 
(c) şəffaflıq üzrə regional və qlobal təşkilat və təşəbbüslərlə əməkdaşlıq (məsələn, EITI).

Fondların miqyası, yəni aktivlərin dəyəri və əməliyyatların əhatəliliyi bəzən zəruri şəffaflığın təminatını çətinləşdirir və hökumәtin tərəddüdlərinə yol açır. Başqa sözlə desək, təqribən 163 milyard dollar vəsait toplanan Rusiya Milli Rifah Fondunun şəffaflığını təmin etmək daha çətin olur, nəinki 7 milyard dollara yaxın vəsaitin toplandığı Azərbaycan Dövlət Neft Fondunun. Regional və qlobal şəffaflıq təşəbbüsləri isə hökumәtlәrә həm zəruri şəffaflıq alətlərini təlqin edir, həm də onları “yumşaq təzyiq” altında saxlayaraq müəyyən qədər məlumat açıqlığını mütəmadi təmin etməyə vadar etmiş olur. Ancaq istənilən halda bu prosesdə əsas söz sahibi hökumәtdir. Konkret bizim regionda mövcud olan fondlarda vətəndaş cəmiyyəti təşkilatlarının və ya sıravi vətəndaşların qərar qəbulunda iştirakçılığından və müşahidəçiliyindən isə danışmağa belə dəyməz. Yəni bu indekslər bu və ya digər fondun şəffaf fəaliyyəti ilə bağlı irəliləyişləri və dinamikanı qiymətləndirməkdə bizə yardımçı olsa da, buradan heç də fondlarla bağlı hər şeyin ideal olduğu nəticəsi çıxarılmamalıdır, indekslər tam mükəmməl və representativ hesab edilməməlidir. Təbii ki, Dövlət Neft Fondunun (DNF) özünün də hələ görüləcək işləri çoxdur. Nümunə kimi, Fondun inzibati aparatının strukturu və əməkdaşlarının tərkibi ilə bağlı məlumatların hələ də qapalı saxlanılmasını göstərmək olar. Buraya Fondun illik büdcəsinin tam detallı təsnifatı kimi sırf maliyyə məlumatlarının çatışmamasını da əlavə etmək olar. Lakin etiraf edilməlidir ki, Fondun şəffaflıqla bağlı gördüyü işlər də çoxdur. Artıq vaxtdır ki, Fondun önümüzdəki həssas iqtisadi və geosiyasi dövrdəki fəaliyyətinin ölkə iqtisadiyyatına və sosial bərabərliyə təsirinə diqqətimizi yönəldək. Sizə elə gəlmirmi ki, beynəlxalq praktikada geniş yayılan neft fondlarından büdcəyə transferlərin limitləşdirilməsi təcrübəsinin bizdə tətbiq edilməməsi və bunun nəticəsi olaraq DNF-dən dövlət büdcəsinə transferin bir ildə 650 %-ə qədər artırılması normal görünmür?