Liberalların məğlubiyyəti, yoxsa fərdlərin sükutu?

Azər Rəşidoğlu, 12/09/08

Azərbaycan prezident seçkilərinə hazırlaşır. Ölkədə son illər ərzində keçirilən bütün seçkilər (istər prezident, istərsə də parlament) demokratik müxalifətin  məğlubiyyəti ilə yekunlaşıb. Demokratiyaya düşmən olan qüvvələr demokratik seçki keçirməyə imkan verməyiblər. Qərb də gənc Azərbaycan demokratiyasını qoruya bilməyib. Azərbaycanda  yaxın zamanda keçiriləcək prezident seçkisində də oxşar vəziyyətin təkrarlanacağı istisna edilmir. Əslində, bir az geniş bucaqdan baxanda, analoji siyasi mənzərəni postsovet məkanındakı ölkələrin əksəriyyətində görmək mümkündür. Nə baş verir? Liberal düşüncəli insanların bu cür genişmiqyaslı böhranına səbəb nədir? Bəzi analitiklər bunu liberal ideyaların  böhranı kimi dəyərləndirirlər, amma zənnimizcə, məsələyə təkcə bu rakursdan yanaşmaq düzgün deyil. Əsas səbəb fiqurların krizisində və geosiyasi maraqlardadır. Postsovet məkanında sağ ideyaların daşıyıcısı olan siyasi fiqurların demək olar ki, mühüm bir hissəsi cəmiyyətin nəzərində şübhəli imicə malik insanlardır, toplum onlara inanmaq, etibar etmək istəmir.  Düzdür, bu insanların çoxu əxlaqlı siyasətin daşıyıcılarıdır, lakin MDB məkanı belə insanlar üçün qəbiristanlığa çevrilib.  Belə siyasәtçilәr isə hətta ən ali ideyanı da xilas edə bilməz; əksinə - ideyanın özü gözdən düşəcək. Hazırda postsovet məkanında bu proses gedir: “işlənib-tükənmiş” fiqurlar liberal ideyaları gözdən salırlar, sonra əks əlaqə başlayır - liberal ideyalar öz daşıyıcılarına fayda  gətirmək qabiliyyətini itirir; cəmiyyət əks ideyalara maraq göstərməyə başlayır. Həmin əks ideyalar isə dövlətin başına gələrək, xaosa son qoymağı bacaran şəxslərin yürütdüyü xəttin ətrafında formalaşan ideologiyadır. Diktaturalar məhz belə başlanır. Diktatura istənilən ideyadan daha cazibəli görünür, çünki hər halda, praktik əsası var.  Hətta nəzəri ideologiya nə qədər əsaslı və gözəl olsa belə, onunla daha rəqabət apara bilmir. Odur ki, ideyaları iflasa uğradan siyasətçilərin “diktatorların övladları” olduqlarını vurğulasaq, heç də səhv etmərik.

Cəmiyyət daima yeni impulslar həsrətindədir. Yeni texnologiyalar tətbiq edilməyəndə isə  cəmiyyət donur.  Liberalizm – tükənməyən bir ideologiyalar toplusudur. Daima yeni nəfəs tapıla bilər. Əsas məsələ yenilik axtarışında olmaqdır.