Üçtərəfli müharibə
Zöhrab Xasiyev, 14/09/09
Kolumbiya Respublikası Cənubi Amerikanın şimal qərbində yerləşir. Ərazisi təxminən 1 mln km2, əhalisinin sayı isə 44 mln nəfər təşkil edir. Şərqdə Venesuela və Braziliyayla, cənubda isə Ekvador və Peruyla qonşudur. Kolumbiyanın qərb sahillərini Sakit okean, şimal sahilini isə Atlantik okeanı əhatə edir. Müstəqilliyini 1810-cu ilin iyulun 20-də qazanan Kolumbiya, dünya kokain istehsalının 80%-nə və heroinin 30%-nə nəzarət edir. Maraqlıdır ki, Kolumbiyanın ən çox narkotik ixrac etdiyi ölkə ABŞ-dır. ABŞ-ın narkotik bazarında kokainin 90%-i və heroinin 50%-i Kolumbiya istehsalıdır.
Kolumbiyanın daxilində isə vəziyyət qarışıqdır. Demək olar ki, ölkədə gerillalar, paramilitantlar və dövlət təhlükəsizlik gücləri arasında gedən üçtərəfli müharibə mərkəzi hakimiyyətin parçalanmasıyla nəticələnib. Bu güclərin maraqları və məqsədləri barədə mən sizə irəlidə məlumat verəcəm. Ancaq öncə istərdim ki, münaqişənin tarixi haqqında bəzi məlumatlar verim. Kolumbiyadakı indiki münaqişənin əsası 1940-cı ildə prezident seçkiləri zamanı liberalların namizədinin öldürülməsiylə başlayan vətəndaş müharibəsinə söykənir. Həmin ərəfədə hakimiyyәtdәki konservatorların liberalları kabinetdən çıxarmaları liberal siyasi fraksiyada narazılığa səbəb oldu. Məhz buna görə, liberallar öz namizədləri olan prezidentliyə namizəd Jorje Qaitanın seçilməsini çox arzulayırdılar. Ancaq onun öldürülməsi ölkədə milli səs-küyə səbəb oldu. 1949-cu ildə isə liberallar hökumәti seçki hüququnun pozmasında suçlayaraq öz namizədlərini geri çəkdilər. Nəticədə konservatorların namizədi olan Laureano Qomez prezident seçildi. Ancaq onun inaqurasiya mərasiminədək artıq ölkədə kifayət qədər sol meylli üsyankar qruplar yarandı. Hökumәtin gerilla qruplarının məhv edilməsi üçün seçdiyi hərbi diktatorluq taktikası bəhrəsini vermədi. 1960-cı illər arasında ölkəyə yayılan kommunizm problemi daha da dərinləşdirdi və onu geniş coğrafiyaya yaymaqla yanaşı, ona dərin ideoloji zəmin hazırladı.
Bu gün ölkədə hakim olan üç əsas gücdən biri olan gerillalar iki əsas qrupa bölünür. Bunlar 1964-cü ildə Kolumbiya Kommunist Partiyasının hərbi qanadı kimi yaradılan Kolumbiya İnqilabçı Silahlı Qüvvələri, (Fuerzas Armadas Revolucionarios de Colombia) və Milli Azadlıq Ordusudur. (Ejercito de Liberaracion Nacional) Özəlliklə FARC Kolumbiyada çox böyük ərazilərdə nüfuza malikdir. İkinci güc Dövlət Təhlükəsizlik gücləridir.Üçüncü güc isə paramilitantlar hesab edilir. Paramilitantlar əslində ilk başdan dövlət tərəfindən gerillalara qarşı savaşmaq üçün yaradılmışdır. Bunlar bir növ dövlətə qulluq etməli olan azad silahlılar qrupudur. Ancaq narkotik ticarətinə nəzarət eləmək istəyi demək olar ki, onların dövlətdən üz döndərməsinə və azad fəaliyyətə keçmələri ilə nəticələnmişdir. İndi nadir hallarda paramilitantlar dövlətlə hər hansı bir iş birliyinə gedirlər, hətta dövlət üçün real və güclü təhlükəyə çevriliblər. Döyüşlərdə minlərlə döyüşçünün ölməsiylə bərabər, sadə vətəndaşlar da əziyyət çəkirlər.Belə ki, bu qruplar biri digərinə yaxın olan mülki vətəndaşları da hədəf alırlar. Bunun nəticəsidir ki, 1987-ci ildən bəri on minlərlə dinc vətəndaş ölüb və ya itkin düşüb. Gerillalar əsasən DSQ-la və ya paramilitantlarla işbirliyindә şübhəli bildikləri şəxsləri hədəf alırlar. Onlar həmçinin dinc vətəndaşları öldürür və böyük əraziləri viran qoyurlar. Kolumbiya hökumәtinin əsas hərbi strategiyası gerillaları kənd ərazilərindən məhrum etməkdir. Ancaq bu strategiya heç də doğru yerinə yetirilmir.Yuxarıda qeyd etdiyim kimi, bu işdə hökumәt paramilitantlardan da istifadə edir. Ancaq nəticə etibariylə məhv olan kəndlilərdir. Bu haqda bir qədər sonra. Şəhərlərdə isə davamlı baş verən terror hadisələriylə yanaşı, siyasətçilərə və toplumun önəmli nümayəndələrinə qarşı edilən sui-qəsdlər cəmiyyətdə sosial çaxnaşmaya səbəb olur. Sözsüz ki, ölkədəki bu xaos ən çox narkobaronları razı salır. Onlar bu xaosdan istifadə edərək öz işlərini görmək və ölkədə qeyri- rəsmi söz sahibi olmaq şansı əldə edirlər. Ancaq ölkədəki xaosdan təkcə onlar deyil, içərisində önəmli dövlət məmurları olmaq şərtiylə digər zümrələr də yararlanırlar. Bu haqda istərdim bir qədər geniş danışım.
Kolumbiyanın inkişafdan geri qalması, əyalətlərdə və kəndlərdə yaşayan insanların yoxsulluq həddində yaşamasına səbəb olur. Bunun səbəbi ölkədə gedən davamlı müharibədir. Belə ki, ölkədə mövcud olan yolsuzluq və lazımı texnikanın olmaması problemi, kəndlilərin nadir halda əkdikləri mədəni bitki məhsullarını da bazara çıxara bilməməsinə səbəb olur. Ailəsini dolandıra bilməyən kəndli yoxsulluğa məhkum olur. Məhz bundan yaranan narkobaronlar və gerillalar kəndlilərə narkotik bitkilər becərməyi təklif edirlər. Bunun müqabilində kəndlilər gerillalardan və narkobaronlardan aldığı pulun hesabına ailәlәrini dolandıra bilirlər. Beləliklə, dövlətin yardım edə bilmədiyi kəndliləri narkobaronlar rahatlıqla öz tərəfinə çəkə bilirlər. Ancaq hökumətin göndərdiyi DSQ bu fərqi görmür və kəndliləri də günahkar kimi cəzalandırırlar. Maraqlı bir faktı da qeyd edim ki, Kolumbiyanın bəzi provinsiyalarında kəndlilər mədəni bitki becərə bilmirlər.
Kolumbiyada üçtərəfli müharibә getməsinə baxmayaraq, tərəflər bir-birləriylə heç də düşmən deyil. Kolumbiya hökumәtinin yüksək vəzifəli məmurları ya özləri narkobarondurlar, ya da ki, narkobaronlara xidmət edirlər. Belə olan halda, hökumətin onlara qarşı apardığı mübarızə səmərəsiz qalır. Dolayısıyla hökumət narkobaronlara qarşı rəsmi şəkildə mübarızə aparsa da, qeyri-rəsmi şəkildə əməkdaşlıq edir. Paramilitantlar müstəqil qruplaşma olsa da, bəzən həm hökumətlə, həm də narkobaronlarla əməkdaşlıq edirlər. Onlar bəzən DSQ-la birlikdə gerillalara və narkobaronlara qarşı vuruşur, bəzən isə narkobaronların əmriylə şəhərdə partlayışlar törədir və xaos yaradırlar. Gerillalar isə radikallıqları ilə digərlərindən seçilirlər. Gerillalar əvvəlki tək kommunizm prinsiplərini bölüşmürlər, onlar indi daha çox şovinizmə meylləniblər. Məhz ölkədəki xarici vətəndaşların qaçırılması və dövlət orqanlarına silahlı basqınlar gerillaların əməlləridir.
Göründüyü kimi, ölkə tam bir xaosun içindədir və bu xaosun hökm sürməsində tərəflər maraqlıdır. Çünkü bu xaos onlara pul və hakimiyyət verir. Onların bir-birləriylə apardıqları müharibə bu xaosu uzatmaqdan və davamlı etmək cəhdindən başqa bir şey deyil. Hökumətin bu işdə iştirakı qəribə görünə də bilər. Ancaq yuxarıda qeyd etdiyim yüksək vəzifəli cinayətkar məmurların olması bunu labüd edir. Hüququn aliliyinin və demokratiyanın ayaqlar altına atıldığı, liberal dəyərlərin çeynəndiyi bir ölkədə bunlar qaçılmazdır.

