Rusiyanın son səhvi

Azər Rəşidoğlu, 29/09/2008

Rusiya bölgədə hegemonluğa nail ola bilmək üçün Cənubi Qafqaz ölkələrinə təzyiqlərini artırır. Artıq demokratik dünya ”rus ayısı”nın əməllərindən cana yığılıb. ABŞ tədricən dünya ictimai rəyində mövqeyini və  nüfuzunu itirməyə başlayır. Onun yerinə həmin nüfuz və  mövqelər Rusiya və amerikalılara nisbətən qlobal hadisələrə təsir edə bilmiş digər ölkələrə keçir. Təbii ki, bu insan haqlarına sayğı ilə yanaşan bütün insanları narahat edir. Artıq dünyanın anti-demokratik ölkələri demokratik Qərbə qarşı birləşir. Neft və qazın şantaj aləti və manipulyasiya kimi istifadə olunmasının, bu amilin  daşımaların inhisara alınması cəhdinin heç bir hüquqi əsası yoxdur. Heç kim qonşunun ərazi bütövlüyünə müdaxilə edə, demokratik hərəkata təsir edə bilməz. ABŞ –ın vitse prezidenti Dik Çeyninin bu bəyanatı ruslara qarşı barmaq silkələmək idi. Ukraynada, Gürcüstanda və Azərbaycanda səfərdə olan Çeyni Tiflisdən mesaj göndərərək Moskvanı hədələdi. Lakin Vaşinqton anlayır ki “rus ayısı”nı qəzəbləndirmək olmaz. Amerika ”soyuq müharibə”dən qalib çıxa bilər, amma indi o, əvvəlki kimi super dövlət deyil. Amerika özü İraqda və Əfqanıstanda qüvvə itirib.

Amerikanın daha  əvvəlki iqtisadi gücü də yoxdur. Amma bu müddət ərzində Rusiya zəngin enerji resursları sayəsində iqtisadiyyatını inkişaf etdirib. Rus xalqı Putin-Medvedyev hakimiyyətini dəstəkləyir və  odur ki  təhlilçilər əmindirlər ki, belə bir dövləti qıcıqlandırmaq olmaz. Odur ki, Vaşinqton ilanı Seyid Əhməd əli ilə tutmaq qərarına gəldi və Moskvanı düşünülməyən addımlar atmağa sövq etdi.

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın tanınması  barədə qərarı Vaşinqton üçün göydəndüşmə oldu.  Bu, faktiki olaraq Gürcüstan ərazisinin təcavüzünün rəsmiləşdirilməsinin başlanğıcı deməkdir.

Prinsipcə, Rusiya çoxdan planlaşdırdığı siyasəti həyata keçirir. Təsadüfi deyil ki, bu addımın ardınca  Kreml  Qərblə bütün əlaqələrin kəsməyi planlaşdırır. Belə çıxır ki, bu, bir növ “qisas aksiyası”dır.

Amma Rusiya növbəti dəfə səhv edir. Gürcüstanın ərazi bütövlüyü əksər dövlətlər tərəfindən tanınır. Rusiyadan başqa heç kim Cənubi Osetiyanı və Abxaziyanı ya müstəqil dövlət kimi, ya da Rusiyanın tərkib hissəsi kimi tanımayacaq. Şimal ölkəsi bununla öz ətrafındakı siyasi həlqəni bir az da daraldacaq. Təcrid prosesi labüd olacaq. İndi heç kim Rusiyaya Cənubi Qafqazda yeni missiya axtarmır.

Getdikcə aydınlaşır ki, Rusiya artıq Qafqazın uzaqlaşan keçmişidir. İki separatçı respublikanın tanınması digər MDB respublikaları üçün də bir siqnaldır. Onlar özlərinə  nə qədər təskinlik versələr belə, rahat qala bilməzlər, çünki perspektiv heç nə vəd etmir. Rusiya əvvəllər «müstəqillik əvəzinə torpaq» deyirdi, indi də «təhlükəsizlik və inkişaf əvəzinə torpaq» buyurur.

Ola bilsin, Rusiyanın bu səhvi onun üçün sonuncu olacaq. Vaxtilə keçmiş Yuqoslaviyada da Rusiya çox fəallıq göstərmişdi. Nəticəsi nə oldu? Separatçı rejimlər Rusiyanın əlində bəzi MDB ölkələrinin xarici siyasətinə təsir etmək, müstəqilliyini məhdudlaşdırmaq üçün vasitədir. Bu, əbədi asılılıq deməkdir. Baxmayaraq ki, bəzi rejimlər bunu əbədi dostluq kimi qələmə verirlər. Rusiyanın isə dostları yoxdur, onun əbədi maraqları var. Bu maraqlar bütün vasitələrlə Cənubi Qafqazda qalmağı diqtə edir, çünki Cənubi Qafqaz Yaxın Şərqə çıxışdır, bura Şimali Qafqazın astanasıdır.

Cənubi Qafqazda da Baltikyanı respublikalarda olduğu kimi, birlik və həmrəylik olsaydı, Rusiyanın bu ərazini tərk etməsi asanlaşardı. Amma belə birlik yoxdur, Rusiyanın çoxəsrlik maraqları bu bölgəni ziddiyyətli hissələrə parçalayıb. Gürcüstan–Rusiya münaqişəsi bunu əyani şəkildə təzahür etdirdi.

İndi hər şey geosiyasi templərdən asılıdır. Hər şey dünya birliyinin Rusiyaya ardıcıl təzyiqindən asılı olacaq. Bu təzyiqlər isə özünü hiss etdirməkdədir.

Hətta münaqişəyə cəlb olunmayan ölkələr belə etiraf etdilər ki, bölgədəki sabitlik çox kövrəkdir. Elə dondurulmuş münaqişələrin də donu hər an açıla bilər. Bu isə Rusiyanın sabitlik potensialını heçə endirir. Bölgənin yeni təhlükəsizlik arxitekturasına ehtiyacı var. Nə MDB, nə  Kollektiv Təhlükəsizlik Müqaviləsi bunu təmin etmək iqtidarında deyil. Hər şey daha müasir əsaslarla qurulmalıdır. Bunun üçün isə bölgəyə NATO-nun gəlişi labüddür. NATO təkcə bölgədə geosiyasi nizam-intizam yaratmaq üçün lazım deyil. O, həm də üzv qəbul etdiyi ölkələrin daxili siyasi həyatına bir qayda gətirərdi, onları demokratiya istiqamətinə yönəldərdi. Bəzi ölkələrin NATO-ya qarşı ehtiyatlı münasibətinin əsasında məhz sonuncu amil dayanır. Özü avtoritar olan və avtoritar rejimləri dəstəkləyən Rusiya onlar üçün daha cəlbedicidir. ABŞ prezidenti deyir ki, dünyada azadlığın və demokratiyanın yayılmasını Rusiya öz maraqlarına təhlükə hesab edir.

Bu, həqiqətən də belədir. MDB getdikcə qorxunc strukturu xatırladır–saxta seçkilər, ömürlük prezidentlər...

Tarixi təcrübə göstərir ki, dünyada heç bir ideya azadlıqla rəqabət apara bilmir,  gec-tez azadlığa məğlub olur. MDB respublikaları da hələ də azad deyillər. Amma onların da azad olmasına çox qalmayıb. O gün gələcək. Yeni dünya nizamı, qloballaşma, demokratikləşmə sərhədlərini genişləndirməkdədir.

Ola bilsin, Rusiyanın bu səhvi onun üçün sonuncu olacaq. Vaxtilə keçmiş Yuqoslaviyada da Rusiya çox fəallıq göstərmişdi. Nəticəsi nə oldu? Bir vaxtlar  Rusiya Şərqi Avropa ölkələrinin də NATO-ya üzv olmasının qarşısını almağa çalışırdı. Nəticəsi nə oldu? Ukraynada inqilab baş verəndə Kremlin ekspertlərindən biri Qleb Pavlovski belə bir söz demişdi:«O şey ki, baş verməlidir, onun qarşısını almağa dəyməz!». Bəlkə bu dəfə də labüd proseslərin qarşısını almağa dəyməz? Rusiyanı sərsəm addımlara sövq edən Vaşinqton rahat nəfəs aldı və bu dəfə oyuna dövlət katibi Kondoliza Rays qoşuldu. “ABŞ və Avropa birmənalı olaraq, Rusiyaya qonşu dövlətlərin müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir. Biz Rusiyanın suveren ölkələrə və azad xalqlara qarşı təzyiq cəhdlərinin qarşısını alacağıq», Raysın bu bəyanatı Moskvanı çaş – baş saldı.

Rays Qafqazda enerji məsələsində  güzəştə getməyəcəklərini açiq bəyan edib: ”Birləşmiş Ştatlar və Avropa böyük enerji müstəqilliyinə nail olmaq üçün Azərbaycan, Gürcüstan, Türkiyə > və Xəzər ölkələri ilə əməkdaşlığı gücləndirir. Biz iqtisadiyyatda açıq qlobal enerjini genişləndirəcək və ziyanlı təcrübədən müdafiə edəcəyik. Hər şey tək Rusiya və ya bir başqasının qoyduğu qaydalara uyğun ola bilməz. «Rusiyanın gələcəyi Rusiyanın öz əllərindədir”.

O, vurğulayıb ki, Gürcüstanla münaqişədən sonra Rusiyanın beynəlxalq aləmdəki mövqeyi 1991-ci ildəkindən də zəifləyib. Dövlət katibi Rusiyada avtoritar tendensiyaların gücləndiyini, xarici  təcavüzkarlığın isə artdığını deyib.

Rays bildirib ki, Rusiya avqustun 7-də Gürcüstan ərazisinə müdaxilə etməklə çox uzağa gedib. «Rusiyanın Gürcüstana hücumu Rusiya rəhbərlərinin apardıqları siyasətin mahiyyətini açıb və Qərblə  Rusiyanın münasibətlərini kritik həddə çatdırıb» -, deyə Rays bildirib.

Yəqin ki, artıq danışıqlardan real işə keçərək, ABŞ Rusiyanı iqtisadi baxımdan çökməyə başlayacaq….