Təhsil və Rabitə nazirlikləri modern təhsilə ayrılan vəsaitləri necə «KÜR»ə axıtdı

Şəhla Əbusəttar, 03/12/08

Azərbaycan balasının gələcəyi olan təhsilə xidmət etmək üçün qəbul edilən proqram hökumət orqanlarının maxinasiyaları və korrupsiya üçün meydan rolunu oynadı.

2007-ci ilin sonunda icrası başa çatmış  “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommünikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” buna qədər icra olunmuş dövlət proqramlarının bir çoxu kimi vəd etdiyi nəticələrin heç birinə nail ola bilmədi. Misir Mərdanovun vəd etdiyi kimi, nə vahid təhsil informasiya mühiti yaratdı, nə 10 000 iş yeri açılmasına səbəb oldu, nə də nazirin hesabatlarda saxta rəqəmlərlə anlatdığı kimi, 28/1şagird-kompyuter nisbətinə nail oldu. Ancaq ortada Azərbaycan xalqı üçün bir çox başqa dərdlərinin çözülməsinə xidmət edə biləcək 30 milyon manat, başqa sözlə, təxminən 35 min dollar xərcləndi. Bu yazımızda həmin vəsaitlərin hardan gəlib hara getdiyini aydınlaşdırmağa çalışacağıq.

Proqram nələri vəd edirdi?

Əslində proqram vətəndaşlara çox böyük vədlər verirdi. Düzü, proqram barədə eşidərkən  məktəb illərində kompyuter haqqında heç təsəvvürü olmayan biri kimi, mən dövrün ən kasıb balalarını belə çox şanslı sanmışdım. Dövlət qurumlarının internet resurslarından heç də asan başa gəlməyən (bunu informasiyaların ictimaiyyətə açıqlılığının “asanlığını” dəyərləndirərək vurğulamaq gərək – müəl. ) axtarışlar nəticəsində yalnız proqramın özünü və onun qəbul edilməsi barədə dövlət başçısının sərəncamını tapa bilərsiniz. İlham Əliyevin 355 saylı 21 avqust 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommünikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” təsdiq olunub. Proqramın baş icrası və əlaqələndiricisi Azərbaycan Respublikası Təhsil Nazirliyi təyin edilib. Proqramla tanış olarkən məlum olur ki, onun ikinci əsas icraçısı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Sənədin məqsədi yeni informasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara təhsil almağa bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin analoji dünya təhsil sisteminə imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq idi. Bunun üçün proqram ümumtəhsil məktəbləri müəllimlərinin, inzibati və texniki işçilərin öz fəaliyyəti sahələrində yeni informasiya və kommunikasiya texnologiyaları ilə təminat, onlardan istifadə edilməsinin öyrədilməsi, elektron dərsliklər, elektron kitabxananın təşkil olunması, şagirdlər üçün təhsil portalının və saytların yaradılması  və s. bu kimi vəzifələri üzərinə götürmüşdü.

Gəlişigözəl vədlərlə dolu proqram

Proqramda bildirilirdi ki,  bu günə (2005-ci ilə - proqramın qəbul edilməsi zamanı-müəl.) informatika müəllimlərinə olan real tələbat 10 000 nəfərə yaxındır. Bir ildə 600 min nəfərlik iş yeri açacağını vəd edən dövlət başçısı ilə ayaqlaşmaq iddiasında olmasa da, təhsil naziri Misir Mərdanov proqram layihəsinin həyata keçirilməsi nəticəsində 10 000 iş yerinin açılacağını vəd etmişdi. Daha sonra 4521 məktəbin komyuterlə təmin olunacağı, ölkədəki ümümtəhsil məktəblərində hər 33 şagirdə 1 müasir (məhz müasir-müəl.) kompyuter düşəcəyi, şagird və müəllimlərin ümumi informasiya mədəniyyətinin formalaşacağı, yeni informasiya təhsil mühitinin yaradılacağı və informasiya cəmiyyətinə keçidin reallaşdırılacağı kimi nəticələrin ortaya qoyulacağını  vəd etmişdi. Bütün vəd olunanların da əsasən dövlət büdcəsi hesabına yerinə yetirilməsi nəzərdə tutulurdu.

Nə gedir, xalqdan gedir…

Büdcə çoxdan Azərbaycan dövlətindən daha çox, “Azərbaycan hökumətinin cibi” kimi anlaşılan bir məfhuma çevrilib. Ona görə ki, ordan nəyin hara və necə xərcləndiyi barədə dövlətin əsl sahibi olan xalqa hər hansı bir açıqlama verilmir. Proqram layihəsinə Təhsil Nazirliyinin  rəsmi açıqlamalırına görə, 29 milyon 482 min AZN vəsait ayrılıb ki, bu  da texniki avadanlığın alınması, proqram təminatı, pedaqoji kadrlara treninqlərin keçirilməsi, layihənin idarə olunması və normativ hüquqi sənədlərin hazırlanmasına xərclənib. Təhsil kimi strateji bir sahə üçün bəlkə heç yetəri qədər deyil, ancaq səmərəli xərcləndiyi halda, bu vəsaitlə böyük işlər görmək mümkün idi.

Proqram  vəsaitləri yelə verilib

“XXI əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev proqrama ayrılmış vəsaitlərin yelə verildiyni bildirir. E.Əliyevin sözylərinə görə, proqram çərçivəsində alınmış kompyuterlərin qiyməti gerçək qiymətlərdən qat-qat yüksək göstərilib:  “Böyük həcmbə vəsaitlərin səmərəsiz xərcləndiyini söyləyə bilərəm. İKT proqramı tələm-tələsik məktəblərə kompyuterlərin alınması, bəzi hallarda heç normal otaqlara deyil, zirzəmilərə yerləşdirilməsi demək deyil” . Proqramın sistemsiz icra olunduğunu hesab edən E.Əliyevin sözlərinə görə, əvvəlcə kadr siyasətinə, sonra təchizata diqqət yetirilməli idi. İlk baxışdan bir çoxları E.Əliyevin fikirlərini Təhsil Nazirliyinə qarşı qərəzli hesab edə bilər. Ancaq  ekspertin fikirləri böyük bir proqram ətrafında, sadəcə yeyinti və səhlənkarlıq dumanı yaradırdısa, sonrakı ekspert fikirləri, aparılmış monitorinq və araşdırmalar bu bulanıqlığın arxasında əslində korrupsiya qaranlıqlarının olduğunu təsdiqlədi. Yəni  “proqram vəsaitləri yelə verilib” deyil,  “ayrı-ayrı hökumət yetkililərinin cibinə axıdılıb” demək daha doğru olardı.

Təhsil Nazirliyinın internet səhifəsi bu qurumun necə informasiya mühiti yaratdığının gösəricisidir

Analoji proqramlar həyata keçirən Türkiyə və Rusiyanın İnternet səhifələrini araşdırdıqdan sonra onlarla Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytını onlarla müqayisə etməyi, sadəcə utanc duymaya bilmirsən. Görəsən, nazirliyin özü bu internet səhifəsindən utanc duyurmu? Xüsusilə, Türkiyənin Milli Eyitim Bakanlığının saytı barədə qasa məlumat vermək yerinə düşərdi. Bu saytda olan informasiya bolluğu (hətta 2004-cü ilin layihə və proqramları ilə bağlı istənilən qədər məlumat var- müəl.) ölkədə nə kimi informasiya mühitinin yaradıldığının göstəricisidir. İlkin şəkli kifayət qədər cəlbedici olsa da, bütün linkləri boş olan və arxiv anlayışı, elektoron əlaqə imkanları olmayan Azərbaycan Təhsil Nazirliyi bu veb səhifəyə, görəsən, bu günə qədər nə qədər vəsait  “silib”  (“xərcləmək”  kəlməsini burda işlətmək doğma dilimizə sayqısızlıq olardı – müəl). Misir Mərdanovun böyük büdcə vəsaitləri hesabına vəd etdiyi informasiya mühitinin ən başlıca göstəricisi elə nazirliyin saytıdır. Təkcə Proqramın özü sayta yerləşdirilsə də, onun maliyyə tərəfləri, kompyuterlərlə təmin olunmuş məktəblər barədə məlumat (şagirdlərin sayı və kompyuter nisbəti barədə hər hansı bir bilgi) əldə etmək mümkün deyil. Doğrudur, Təhsil Nazirliyinin məsul əməkdaşları  “Azərbaycan”  qəzetində bu məsələ ilə əlaqədar ümumiləşdirilmiş məlumatları əks etdirən yazılarda proqramla bağlı müəyyən fikirlərini bildiriblər. Ancaq bu məlumatlar həqiqəti tam olaraq əks etdirmir.

Nazirlik məktəblilər arasında ayrı-seçkilik edir

Burada bir haşiyə çıxaraq mərkəz-şəhər və regionlar arasında ayrı-seçkilik şəraitində təhsil sisteminin qurulmasının Azərbaycan Respublikasının Konstitusiyasına zidd olduğunu xatırladaq. Belə ki, Konstitusiyasının  “Əsas insan və vətəndaş hüquqları və azadlıqları”  bölməsində təhsil hüququna aid maddəyə diqqət yetirsək görərik ki, maddənin birinci bəndində hər bir vətəndaşın təhsil almaq hüququ olduğu göstərilir. Beşinci bənddə isə  dövlətin minimum təhsil standartları müəyyən etdiyi bildirilir. Konstitusiyanın hər kəsə bərabər hüquqlar verdiyini  və İKT proqramının özündə də vətəndaşlara bərabər informasiya mühitinin yaradılmasının başlıca məqsəd olduğunu nəzərə alsaq, dövlətin istər  paytaxt, istərsə də regionlarda eyni təhsil standartları müəyyənləşdrməli olması lazım gəlir. İKT proqramının icrası  isə regionlarla paytaxt arasında ciddi ayrı-seçkiliklə müşayiət olunub.

Təhsil Nazirliyi iş yerləri ilə bağlı vədlərə əməl etməyib

Doğrudur, təhsil naziri ötən ilin yekunları ilə bağlı kollegiya çıxışlarında İKT proqramı sahəsinə kadr çatışmazlığı məsələsini ayrıca vurğulayıb. Ancaq unutmaq olmaz ki, etiraf etmək azdır, tədbir görmək, həm də səmərəli tədbir görmək gərəkdir. Təəssüf ki, proqram çərçivəsində nəzərdə tutulmuş kadr sryasəti olduqca uğursuz həyata keçirilib. Apardığımız monitorinq zamanı kompyuter biliklərinin artırılması üçün bəzi rayonlarda ümumiyyətlə iş aparılmadığı, bəzilərində bu işin zəif aparıldığını söyləmyə əsas verir. Məsələn, monitorinq zamanı rayon təhsil şöbəsinin rəhbərliyi ilə söhbətdən aydın olub ki, Gədəbəy rayonunun müəllimləri üçün kompyuter biliklərinə yiyələnmək məqsədil hər hansı təlim keçirilməyib. Lənkəranda belə bir təlimlər keçirilsə də olduqca zəif iş görülüb. Yəni, keçirilmiş təlimlər keyfiyyətə nail olmaqdan daha çox,  “iş görülüb”  deyilməsinə əsas verəcək addım olaraq atılıb. İşin zəif olmasını deməyə əsas verən odur ki, hətta sözügedən təlimlərə qatılan müəllimlərin də hamısı bu bilikləri şagirdlərə yetərincə çatdıracaq səviyyədə deyil və bu problem təkcə regionların problemi deyil. Ümumilikdə proqram nəticəsində 10 000 iş yerinin açılacağı vəd edilsə də, üç il ərzində cəmi 2055 iş yeri açılıb. Bu yerlərdə çalışanların isə heç də hamısı məktəblilərə informasiya bilikləri verəcək səviyyədə deyil. Ekspert Etibar Əliyev proqram çərçivəsində kadr siyasətinə diqqət yetirilmədiyi barədə fikirləri heç də qərəzli deyilmiş.

Məktəblərə verilmiş kompyuterlərin böyük qismi yararsız vəziyyətdədir

İKT sahəsi üzrə müstəqil ekspert olan Osman Gündüzün sözlərinə görə, proqram çərçivəsində üç il ərzində 31700 kompyuter alınıb. Bunlardan təxminən 21000 ədədi  “KÜR” kompyuterləridir. Qalanlarının isə müxtəlif markalı kompyuterlər olduğu bildirilir. O.Gündüz  məktəblər üçün alınmış  31700 kompyuterlə bağlı ciddi problemlərin olduğunu təsdiqləyir. Onun sözlərinə görə, aparılmış müşahidələr göstərir ki, məktəblərə verilmiş kompyuterlərin böyük qismi işləmir. Ümumiyyətlə, kompyuterlərdən şikayətçi olanlar yetərincə var. Maraqlıdır ki, əsas şikayətlər də elə  “KÜR”  kompyuterlərindəndir. Monitorinq apardığımız  region məktəblərinin bəzilərində “KÜR” kompyuterlərini özümüz açmağa cəhd göstərdik. Bu prosesi gözləmək yetərincə zaman istəyir. Maraqlıdır ki, belə kompyuterlərdə şagirdlərə nə öyrətmək mümkündür və ondan nə öyrənə bilirlər?

Monitorinq zamanı Bakının müxtəlif rayonlarında, eləcə də Lənkəran və Gədəbəy rayonlarının bir neçə məktəbində aparılan müsahibələr  göstərir ki, xüsusilə, rayon yerlərindəki orta təhsil müəssisələrinə əksər təhsil müəssisələrinə verilmiş “KÜR” kompyuterlərinin, ən yaxşı halda, yarısı işlək vəziyyətdədir.

“18 kompyuterdən 7-si işləyir”

Jurnalistlərin Beynəlxalq Mərkəzinin Bakı ofisi tərəfindən təşkil olunmuş Dərinləşdirilmiş Tədqiqat Jurnalistikası Təliminin iştirakçılarından olan  həmkarımız Sevda Qaravəllinin ayrıca  “KÜR” kompyuterlərinin keyfiyyəti ilə bağlı apardığı araşqdırma zamanı da diqqət çəkən faktlara rast gəlinib. Çəkilişlər zamanı Bakının 49 saylı  məktəbində kömpyuterlərdən yarısından çoxunun işləmədiyini aşkarlanıb. Məktəbin informatika müəllimi Nuranə İbrahimxəlilova bildirib ki, problemlər çox vaxt “maus”larda olur, həmçinin proqramlarla bağlı olur, kompyuter işlədiyi yerdə tez-tez sonüb yanır:  “İki kompyuter salonumuz var. Birndə 11, o birində 7 kompyuter quraşdırılıb. İşləməyən kompyuterlər daha çoxdur. Hazırda cəmi 7 kompyuter işləyir”.
Şagirdlər isə kompyuterlərdə daha maraqlı proqramların olmasını arzulayırlar.

Bakının bəzi məktəblərində vəziyyət daha yaxşıdır. Əzizbəyov rayonundakı bir neçə məktəblə bağlı  bu təhsil müəssisələrində oxuyan şagirdlərlə söhbət apardıq. Kompyuterlərdən daha az şikayətlər edilən məktəblərdə şagirdlər kompyuterlərin say baxımından az olduğundan işləmək imkanlarının məhdudluğundan gileylənirlər. 5-ci sinif şagirdi Elbrus Hüseynov kompyuterlə çox maraqlandığını deyir: “Hər şeyi bilmək istəyirəm. Məktəbdə buna vaxt olmur. Həftədə bir dəfə 45 dəqiqə kompyuter biliklərimizi artırmaq üçün keçilən dərslə yaxşı kompyuter bilicisi ola bilməyəcəyəm. Yaxşı ki, evdə kompyuter var və mən başqa uşaqlardan daha çox bilmək  imkanlarımı onun sayəsində artırırım” . Elbrusun sözlərinə görə, iki ildir (2006-2007, 2007-2008 dərs illəri- müəl.) kompyuter dərsləri keçirlər:  “Birinci il ümumiyyətlə kompyuterlər yox idi. Müəllim dərsi yazı təxtasında izah edirdi. Biz də dərsdən sonra internetkluba gedib kompyuterlərdə işləyən uşaqların başının üstünü kəsdirir, onların əllərinə baxaraq nə etdiklərini öyrənirdik”.

Elbrusun qardaşı Əhməd 8-ci sinifdə oxuyur. Onun sözlərinə görə, kompyuterlərin əsas problemi “maus”larında olurmuş: «Məktəbdə iki müəllimimiz var. Bizim müəllim işləməyən “maus”ları bizdən pul yığaraq təzələdi. İndi daha rahat işləyə bilirik. İki həftədə bir dəfə tarix, zoologiya və biologiya dərslərini bizə kompyuterdə slaydların müşayəti ilə keçirlər. Məncə, hər dərsi bu şəkildə keçsək, daha maraqlı olar. Ancaq məktəbdə o qədər kompyuter yoxdur ki, buna imkan olsun. Məktəbdə 800 şagird var, 18 kompüter”.

Əhməd bizə onu da bildirdi ki, məktəbdəki kompyuterlər tez-tez servis xidməti tərəfindən yoxlanılır və nasazlıqlar aradan qaldırılır. O həm də məktəbdə internetin olmamasından gileyləndi:  “Məktəbdə internet yoxdu, biz ondan istifadə etməyi öyrənə bilmirik. İnternetsiz kompyuter isə o qədər maraqlı deyil”.

Lənkəran rayon Təhsil Şöbəsinin xarici dillər təmayüllü ümumtəhsil İnternat məktəbinin direktoru Mənsur Ağayev də kompyuterlərlə bağlı  problemlərin olduğunu, ancaq tez-tez nasazlayan kompyuterləri məktəbin özü təmir etdirdiyini bildirib. Direktor zəmanət və servis göstərilməsi ilə bağlı suala cavab olaraq bildirib ki, belə xırda şeylərə görə, Təhsil Nazirliyini narahat etmək istəmirlər.

Lənkəran rayon Həzi Aslanov adına 3 saylı məktəbin informatika müəllimi bildirib ki,  kompyuterlər tez köhnəlir və iş zamanı donur.  “Köhnəlir”  deyəndə də, məktəb cəmi bir  ildir ki, kompyuterləri alıb. 3 il zəmanətlə alınmış kompyuterlərin belə tez köhnəlməsinin səbəblərini bir qədər sonra ətraflı açıqlayacağıq.

Real nəticələr

Gözlənilən nəticələrin 50%-nin əldə edilmədiyini göstərən araşdırmalar ümumtəhsil məktəblərin İKT təminatı ilə bağlı Proqramının iflasa uğradığını söyləməyə əsas verir. Ümumiyyətlə, ölkədə həyata keçirilən bir çox proqramların uğursuz olması faktdır, ancaq yalnız maliyyə xərcləmək maraqları olan hökumət yetkililəri buna göz yumur. İKT proqramı ilə bağlı konkret faktlara diqqət yetirsək görərik ki, öncə vəd edilmiş 10 000 nəfərlik iş yerinin heç 25%-i açılmayıb. Təhsil Nazirliyindən rəsmi sorğuya verilmiş cavaba görə, 2005-2007-ci illərdə sözügedən proqram çərçivəsində cəmi 2055 iş yeri müəyyənləşib ki, bunun da 549-u Bakıdadır. Diqqət etsəniz, nazirliyin verdiyi statistika göstərir ki, Bakı istisna olmaqla hər 800-ə yaxın məktəbliyə bir İKT ixtisaslı sayılan müəllim düşür. Bu hələ nəticələrlə bağlı uğursuzluğun bir qismidir. Misir Mərdanov proqramın icrasının sonunda  33 şagirdə 1 kompyuter nisbətini əldə edəcəyini vəd etmişdi. Vəd etmək bir yana, hətta  “Azərbaycan” qəzetində dərc olunmuş 2008-2012-ci illər üçün hazırlanmış  yeni proqramın əvvəlində bildirilir ki, əvvəlki proqramın icrası nəticəsində bu nisbət daha uğurlu – 5-11-ci  siniflər üzrə hər 29 şagirdə 1 kompyuter olub. Təhsil Nazirliyinin bu qədər həqiqətə uyğun olmayan rəqəmlərinin hardan gəldiyi bəlli deyil.

Monitorinq apardığımız Gədəbəy rayonunun 86 məktəbində 14 239 şagird təhsil alır (2007-2008-ci dərs ilinin əvvəlinə olan rəsmi statistika-müəl.). Nazirliyin 29 yanvar 2008-ci il tarixli (proqram müddəti başa çatıb –müəl.) rəsmi cavabında bu rayonun 59 məktəbinə 226 kompyuter verildiyi bildirilir. Həmçinin  Lənkəranın 31 696 nəfər şagirdin təhsil aldığı 89 məktəbindən 81-nə 583 kompyuter verilib. Təəssüf ki, Təhsil Nazirliyi Bakı məktəblərinə verilmiş kompyuterlərin sayı ilə bağlı rəsmi sorğumuza  “İnformasiya əldə edilməsi haqqında”  Qanunla nəzərdə tutulmuş müddətdən uzun zaman keçməsinə baxmayaraq hələ də cavab vermək istəmir. Ancaq hətta bu informasiya qapalılığı da real nəticələri ortaya qoymağımıza mane olmur.

Nazir 29 şagirdə 1 kompyuter deyir, rəsmi statistika isə bu nisbətin 47/1 olduğunu göstərir

O da əgər bütün kompyuterlər işləyirsə…Misir müəllim ixtisasca riyaziyyatçıdır deyə, hesablamalarımıza qatıla bilər. 2007-2008-ci tədris ilinin əvvəlinə olan rəqəmlərə görə, Gədəbəydə hər 63 şagirdə 1, Lənkəranda isə 54 şagirdə 1 kompyuter düşür. Bakıda isə Əhməd və Elbrus Hüseynov qardaşlarının təhsil aldığı məktəbdə 44 şagirdə 1 kompyuter düşür. Monitorinq aparılmış digər məktəblərdə də vəziyyət nazirin təqdim etdiyi kimi deyil. Gədəbəyin şəhid İlham Əliyev adına orta məktəbində 777 şagird təhsil alır və məktəbə 13  kompyuter verilib (nisbət 59/1), Arıqdaq kənd orta məktəbində 347 şagird təhsil alır, məktəbə 9 kompyuter verilib (nisbət 38/1), 1700 şagirdin təhsil aldığı Lənkəran Humanitar təmayüllü 4 saylı məktəbə 33 kompyuter verilib (nisbət 51/1). Bu göstəricilərdən hər bir halda çıxarılan orta rəqəm 29 şagirdə 1 kompyuter olduğunu təsdiqləmir.

İKT sahəsində tanınmış ekspert Osman Gündüzün sözlərinə görə, məktəblərə buna qədər 31 700 kompyuter alınıb. (Bu rəqəmi rəsmən bir daha dəqiqldəşdirmək üçün Təhsil Nazirliyinin kifayət qədər yubadılan yazılı cavabını gözləyirik – müəl). Ancaq ekspertin sözlərinə və statistik məlumatlarda ölkə üzrə  2007-2008-ci tədris ilinin əvvəlinə olan şagirdlərin sayına (1 480 636 nəfər Dövlət Statistika Komitəsinin rəqəmləridir-müəl.) əsaslansaq, proqramın icrası nəticəsində hər 47 şagirdə 1 kompyuter düşür. O da əgər, kompyuterlərin hamısı şagirdlərin istifadəsində və işlək vəziyyətdədirsə. Yeni proqramda əvvəlki mərhələnin nəticələri göstərilərkən nisbət yalnız ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri əsasında götürülür. Ancaq  nazir İKT proqramındakı gözləntiləri bütün orta məktəb şagirdlərinə görə olan nisbətlə bildirib. Qeyd etmək istərdik ki, 2007-2008-ci dərs ilinin əvvəlində olan 1-4-cü sinif şagirdlərinin ümumi sayını (8090 – DSK-nin rəqəmləri) yuxarıda qeyd olunan bütün məktəblilərin sayından çıxdıqda belə Misir Mərdanovun təqdim etdiyi uğurlu nisbətə yaxın nisbət alınmır. Nəticədə isə yenə 47/1 nisbəti dəyişmir.

Yerləşdirmək üçün otaq, işlədəcək müəllimi olmayan rezerv kompyuterlər

Kompyuterlərin nə dərəcədə şagirdlərin istifadəsində olub-olmadığı məsələsinə də monitorinq nəticəsində aydınlıq gətirməyə çalışmışıq. Məsələn, Lənkəranın Verevul kənd məktəbinə kompyuterlər uzun muddətdir gətirilsə də, onları yerləşdirəcək otaq tapa bilmirlər. Digər tərəfdən isə otaq tapılsa belə, kompyuterlər qapalı şəkildə qalacaq, ona görə ki, onları işlədəcək kadr da yoxdur. Kəndin balaca sakini, 13 yaşlı Vüqar kompyuteri televizorda görüb:  “Heç vaxt kompyuterə toxunmamışam. Düzü, necə işlədiyini belə bilmirəm. Ancaq mənə çox maraqlı gəlir. Eşitdiyimə görə, televizor kimi qəribə bir şeydir. Şəhərdə yaşasaydım, bəzi yerlərdə oyun üçün istifadə edirlər onlardan, mən də gedər, baxardım” .

Lənkəranda Cəmiyyət-Məktəb Əməkdaşlığına dəstək İctimai Birliyinin sədri Rəsul Abdulovun söylərinə görə, raoynun şəhər və kənd məktəblərinə kompyuter verilib:  “Onların hamısının internetə çıxışı da təmin olunub. Düzdür, kənd məktəblərində bu istiqamətdə iş tamamlanmayıb. Məktəblərdəki müəllim və pedaqoji kadrların böyük hissəsi kompyuterlərdən istifadə edə bilmir. Ona görə də, əksər məktəblərdə kompyuterlər səmərəsiz istifadə olunur”. R.Abdulovun fikrincə, digər tərəfdən məktəblərə verilən kompyuterlərin hamısı şagirdlərin ixtiyarına verilməlidir:  “Onların bəzi yerlərdə rezerv kimi saxlanılmasının məntiqi yoxdur”.
Yuxarıda qeyd etdiyimiz Həzi Aslanov adına məktəbdə də kompyuterlərin hamısı şagirdlərin istifadəsində deyil. Belə ki, monitorinq zamanı məlum olub ki, məktəbə verilmiş 17 kompyuterdən 1-i direktorun otağında, 11-i informatika kabinəsindədir. Qalan 5 kompyuterin isə müəllimlər otağında olduğu bildirilsə də, onları müşahidə etməyimizə şərait yaradılmadığından  deyilənlərin gerçək, yoxsa yalan olduğunu söyləmək çətindir. Rayonun Humanitar təmayüllü 4 saylı məktəbində təhsil müəssisəsinin direktoru Yeganə Əsgərova 33 kompyuterin olduğu və ikisinin işləmədiyini bildirsə də, baxmaq məsələsinə gəlincə  “Təhsil Şöbəsinini razılığı olmadan mümkün deyil” - söylədi. Lənkəran təhsil şöbəsinin müdiri Səmədağa Abdullayev isə jurnalist oluğumuzu eşidincə, qısa olaraq vaxtı olmadığını söyləyib və söhbəti qapatmışdı.

Məktəbə kompyuter verməklə iş bitmir

Gədəbəy rayonunda da monitorinq zamanı vəziyyətin o qədər də yaxşı olmadığı aşkarlanıb. Təhsil şöbəsinin müdiri Ramiz Məmmədov rayon məktəblərinin  60-70%-nin kompyuterlərlə təchiz olunduğunu bildirib. Metodiki kabinetin müdiri Nüsaməddin Namazovun dediklərindən isə bəlli olub ki,  kompyuter biliklərinin artırılması məqsədilə bu rayonda treninqlər keçirilməyib və ciddi kadr çatışmazlığı var. “KÜR” kompyuterləri ilə təchiz olunmuş məktəbə baxmaq istədiyimizi bildirəndə Təhsil Şöbəsindən bizi Qoşqar Əhmədli adına 1 saylı Slavyanka orta məktəbinə apardılar (sovet psixologyasına uyğun olaraq ən gözəl, təmirli məktəbə – müəl.). Məktəblə tanışlıq zamanı məlum oldu ki, bu məktəb Heydər Əliyev Fondunun maliyyəsi ilə tikilib və kompyuterləri də həmin Fond alıb. Həm də “KÜR” deyil, LG kompyuterləri. Ümumiyyətlə, yalnız Təhsil Nazirliyi məktəblərin kompyuter təminatında “KÜR” markasından istifadə edib. 207 şagirdin təhsil aldığı bu məktəbdə 9 kompyuter verilib və laborant ştatı da var. Ştata riyaziyyat-informatika müəllimi təyin olunub. Şəhid İlham Əliyevin adını daşıyan 1 saylı orta məktəbdə də 777 şagird təhsil alır, verilmiş kompyuterlərin sayı 13, markası isə  “Samsunq”dur.

Gədəbəy rayon İntiqam Mahmudov adına Gər-gər kənd okta məktəbində 296 şagird təhsil alır. Bu məktəbə də 6 kompyuter verilib, ancaq laborant ştatı müəyyənləşdirilməyib və dərsləri kabinet müdiri Elmar Həsənov aparır. Kompyuterlər isə kohnə masaların üzərində çox sıx şəkildə yerləşdirilib.

Gədəbəyin Arıqdam kənd orta məktəbində 347 şagird təhsil alır (monitorinq 2008-ci ilin aprel-may aylarında aparılıb- müəl.). Məktəbə 9 kompyuter verilib. Laborant ştatında çalışan Radil Namazov da ixtisasartırma ilə bağlı hər hansı təlim keçmədiyini bildirib. Elə buna görədir ki, kompyuterlərin parametrləri ilə bağlı sualımıza yalnız  “yaxşıdır” cavabını verə bildi.

Təhsil Nazirliyi İKT proqramını 40 ilə başa vura bilər

2007-2008-ci tədris ilinin əvvəlində ümumtəhsil məktəblərindəki müəllimlərin sayı 173 708 nəfər olub. Proqramın icra olunduğu 3 il ərzində nazirlik müəllim heyətindən yalnız 12 232 nəfərinə informasiya və kommunkisiya hazırlıq kursları keçib. Belə olan halda, yerdə qalan müəlllim heyətinin də analoji bilikləri əldə etmək üçün kurs keçməsinə hələ 40 il vaxt lazım olacaq. Nəzərə alsaq ki, kurs keçən müəllimlərin heç də hamısı hələ də avadanlıqlardan istifadə etməyi bacarmır, bu halda proqramın nə qədər sistemsiz, nə qədər səmərəsiz həyata keçirildiyini təsəvvür etmək çətin deyil.

Asyanın yerinə Gülnaz  və ya “KÜR” proqrama “Pentium – 4” yerinə “İntel Seleron” sırıyıb, yoxsa bu  “əlverişli”  dəyişikliyi iki nazirlik bir araya gələrək edib?

Təhsil Nazirliyi proqramm çərçivəsində alınmış kompyuterlərə orta hesabla 655 manat ödədiyini bildirib.  “KÜR”  satış mərkəzlərindən əldə etdiyimiz sənəddə (sənədin fotoşəklini əlavə edirik-müəl.) parametrləri məktəblərə verilmiş kompyuterlərin parametrləri ilə eyni olan kompyuterlərin satış qiyməti isə ƏDV daxil olmaqla  260 və 320 AZN göstərilir. Bu zaman məlum olur ki, nazirlik kompyuterləri MMC-dən normal satış qiymətindən 2-3 dəfəyə yaxın baha qiymətə satın alıb.

Sözügedən sənəddə diqqət çəkən başqa bir məqam isə budur ki, büdcə təşkilatları üçün “Pentium – 4” prossesorlu kompyuterlərin nəzərdə tutulduğu bildirilir. Parametrləri “İntel Seleron”dan daha yüksək olan  bu kompyuterlərin də qiyməti ƏDV daxil olmaqla 354 manatdır. Qeyd edək ki, istər Bakıda, istər də Lənkəran və Gədəbəydə monitorinq olunmuş məktəblərdəki “KÜR” kompyuterlərin “Pentum -4” deyil, “İntel Seleron” olduğu və parametrlərinin də birincidən kəskin fərqləndiyi aşkarlanıb. Bu sənədə əsaəslanaraq, həmçinin ümumtəhsil məktəblərinin də büdcə təşkilatları olmasını nəzərə alsaq, “KÜR”ün proqrama “Pentium - 4” yerinə “İntel Seleron”u birincidən ikiqat baha qiymətə satdığını söyləmək olar.  Bu qədər qiymət fərqinin arxasında isə yalnız və yalnız proqram vəsaitlərini mənimsəmək niyyəti  - korrupsiya dura bilər.

“KÜR” brenddirmi?

İstehlak bazarında tanınmış HP kompyuterlərinin kifayət qədər ucuza başa gəldiyi bir zamandı hökumətin proqramın pullarını “KÜR”ə verməsinin arxasında həqiqətən yerli istehsalı gücləndirmək dürsaydı, təqdirəlayiq hərəkət olardı. Ancaq təəssüf ki, “KÜR”ün büdcə təşkilatlarının İKT təminatı sahəsindən başqa hər hansı bazarı yoxdur. Yəni bu gün, yüzlərcə insanı sorğuya cəlb edərək  ““KÜR” kompüterləri alarsınızmı”  - deyə soruşduqda, yalnız və yalnız gülüşlə qarşılandıq. Ən maraqlısı odur ki, “KÜR”ün satış mərkəzlərini dolaşıb özümüzü internetkafe üçün kompyuter almaq istəyən müştəri kimi təqdim edəndə, hətta öz təmsilçiləri əsl niyyətimizi bilmədikləri üçün bizə belə işlər üçün “KÜR”ü məsləhət görmədiklərini bildirmiş və  “KÜR”dənsə BEKO daha məsləhətlidir”  - demişdilər.  Əslində “KÜR” adı kompyuter olaraq proqramın icrasına başlanılana qədər kimsəyə nəsə demirdi. Bəs necə oldu ki, büdcədən kifayət qədər böyük vəsait ayrılmış proqram çərçivəsində satınalmaları məhz bu müəssisə həyata keçirməyə başladı? Bu məqamı araşdırarkən əldə etdiyimiz nəticələr proqamla bağlı satınalmalar prosesində qeyri-şəffaf və qeyri-obyektiv tender keçirib, tenderin qalibi olmuş “KÜR”ün  prosesə qatılmaqla yanaşı,  “qalib  gəlməsi” də ciddi qanun pozuntuları ilə müşayiət olunub. Yəni maxinasiyalar elə tenderdən başlayıb.

“KÜR”  zəmanət və servislə diqqət çəkməyib - bu “jest”in korrupsiya qoxusu

“KÜR” MMC-nin proqram çərçivəsindəki satınalmalarda hansı səbəblərdən üstünlük əldə etməsi ilə bağlı araşdırmalarımız davam edir və ümid edirik ki, yazının çapı davam etdiyi müddətdə həmin məsələlərə daha dərindən rəsmən aydınlıq gətirməyə nail ola biləcəyik. Bu günə əlimizə olan rəsmi məlumatlara görə isə  “KÜR” MMC-nin böyük nizamnamə kapitalı ilə birinci təsisçisi  “Teleradio” İB-dir. Sonuncu müstəqil qurum olmayaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarəsidir və nazirliyin təsisçiliyi ilə yaradılıb. Həmkarımız  S. Qaravəllinin reportajında Təhsil Nazirliyindən təhsilin ibarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri  İsmayıl Sadiqov “KÜR”ün tender qaliblyini əldə etməsini MMC-nin təklif etdiyi qiymətlərin çox aşağı olması ilə əlaqələndirib. Maraqlıdır ki, qarşı tərəf olaraq “KÜR” MMC-nin direktoru Rizvan Osmanov isə çəkiliş zamanı “…çox sağ olsun tender komissiyasının üzvləri ki, bizə üstünlük veriblər, hətta qiymətlərimizdə bir az üstünlük də olsa. Biz ancaq belə öz sənayemizi inkişaf elətdirə bilərik”  - deyib. Əslində, yuxarıda qeyd etdiyimiz kimi, araşdırmalar göstərir ki, “KÜR” kompyuterlərinin satınalma  qiymətləri heç də Rizvan Osmanovun söylədiyi kimi “bir az” deyil, ikiqat bahadı.

“KÜR”ü kim istehsal edir?

Birdən  “KÜR” kompyuterlərinin hazırlanması  prosesnidə Yaponiyadan gəlmiş yüksək ixtisaslı mütəxəssislərin qatıldığını düşünə bilərsiniz. Əsla, belə deyil. Həmkarımız S.Qaravəllinin MMC-dən hazırladığı çəkiliş zamanı dindirilmiş 3 işçidən yalnız birinin 6 aylıq kurslar bitirdiyi, digər ikisinin isə orta təhsilli olduğu aydınlaşdırılıb. Belə olan halda “KÜR”ün nə dərəcədə keyfiyyətli olması barədə bir daha təsəvvür yaranır.  O.Gündüz də hesab edir ki, “KÜR”lə bağlı yaranan problemləri gözləməyinə dəyərdi. Ekspertin fikrincə, məktəblərdəki Azərbaycan istehsalı olan kompyuterlər keyfiyyətsizdir: “Kompyuter istehsalı çox ciddi məsələdir. Bunlardan biri kompyuterlərin mikrosxemlərinin istehsalı, biri də ölkəyə ixrac edilən kompyuterlərin yığılmasıdır. Bizdə ikinci proses gerçəkləşdi. Azərbaycanda mikrosxemlər istehsal olunmur. Sinqapur, Malaziya və Çindən gəlir, burda yığılır” . O.Gündüz özü MMC-də olub:  “KÜR kompyuter zavoduna mən də son dövrlər baş çəkmişəm. Əslində, ora heç zavod da demək olmaz. Burada  kompyuterlər yalnız yığılır. Buradakı yığım prosesiylə yaxından tanış olmuşam. Prosesin beynəlxalq standartlara cavab verməsini söyləmək olmaz. Orada yığılan  kompyuterlərlə, uzun illər otruşmuş, bu sahədə təcrübəsi olan qurumlarla rəqabət aparmaq çətin olardı. Amma daha çox narahat edən cəhət odur ki, Təhsil Nazirliyi tərəfindən bu qurumdan alınan kompyuterlərin qiyməti az qala beynəlxalq qiymətlərə yaxındır. Düşünürəm ki, burada qiymətlərin daha da aşağı salınması imkanları nəzərdən keçirilməliydi. Əks halda, “KÜR” kompyuterlərindən istifadə etmək o qədər də effektli yol  deyil. Digər tərəfdən burada kompyuterlər yığılarkən daha ucuz mikrosxemlər dalınca qaçmaqdansa,daha keyfiyyətliləri almaq, daha yaxşı monitorları yığıb məktəblərə vermək düzgün olardı”.

Vergilər Nazirliyinin “KÜR” MMC-nin təsisçiləri barədə məlumatları gizlətməkdə nə marağı vardı?

Azərbaycan şagirdlərinin təhsilinə göstərdiyi “xidmətlərilə” “KÜR” o qədər diqqət çəkdi ki, biz onun kökünü araşdırmağa, kim tərəfindən təsis edildiyini öyrənməyə qərar verdik. Qeyd edək ki, bu məlumatları aydınlaşdırmaq üçün Ədliyyə və Vergilər nazirliklərinə dəfələrlə sorğu göndərdik. Ədliyyə Nazirliyindən bu bərədə rəsmi məlumatların artıq onlarda olmadığını bildirərək,  Vergilər Nazirliyinə müraciət etməyi tövsiyyə etdilər. Vergilər Nazirliyi isə rəsmi cavablarla hər dəfə “İnformasiya əldə edilməsi haqqnda” Qanunun tələblərini, qanunla cavab verilməsi üçün müəyyənləşmiş zaman limitini kobudcasına pozaraq bəhanələrlə “KÜR”ün qeydiyyatdan keçdiyi tarixi, təsisçiləri  və nizamnamə kapitalı barədə məlumatları bizdən gizlətməyə çalışdı. İnadla təkrarlanan rəsmi sorğularımızın 4-cüsünə cavab olaraq isə bu barədə Yevlaxdakı 11 saylı ərazi Vergilər İbarəsinə müraciət etməyi tövsiyyə etdilər. Nazirliyin bu cavab məktubunun surətini əlavə edərək Yevlaxa göndərdiyimiz sorğuya isə zamanında cavab aldıq. Bu cavabı aldıqdan sonra isə Vergilər Nazirliyinin niyə rəsmi sorğuya cavab verməkdən boyun qaçırdığını anladıq – hər halda, nazirlikdə məsuliyyəti öz üzərilərinə almaq istəməmişdilər. Belə bir nəticə çıxarmaq olar ki, “KÜR” qeyri-rəsmi tərəfdən də dövlət məmurlarından hansınasa çox yaxındır və yalnız bu halda Vergilər Nazirliyi ona himayədarlıq etməyə çalışa bilərdi. Biz araşdırmanın sonunda yarımbaşlığa da cavab tapa biləcəyimizi düşünürük.

Təhsil Nazirliyi “KÜR”ə niyə “jest” edib?

Həm də “Satınalmalar haqqında” Qanunu pozaraq, tanınmış marka olduğu üçün deyil, çox ucuza başa gəldiyi üçün deyil, yerli istehsalın inkişafı üçün də deyil, “KÜR”ün satınalmalarla bağlı tenderin qalibi olmasının əsl səbəbləri onun dolayısı ilə (çox qısa yolla – müəl.) proqramın əsas icraçılarından olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin himayəsi altında olmasıdır. Təhsil Nazirliyi tenderlə bağlı sualımıza rəsmi cavab olaraq bildirib ki,  proqramın tədbirlər planına, Nazirlər Kabinetinin müvafiq qərarlarına və Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında 23 may 2007-ci ildə (?) tender keçirilib və onun qalibi də “KÜR” Elektron Avadanlıqları İstehsalı MMC olub.( Tenderin keçirilmə tarixinin proqramın sonlarına təsadüf etməsi anlaşılmadığından bunu dəqiqləşdirmək məqsədilə Təhsil Nazirliyinə yenidən sorğu göndərilib Təəssüf ki, cavab hələ də yoxdur- müəl). Tenderdə həmçinin “Ultra Compüters” firması, “SİNAM” MMC, “Rover Tech” MMC və “Sekurity sistems” firması iştirak edib. Rəsmi sorğuya verdiyi cavabında nazirlik bildirir ki, tenderin qalibi olması “KÜR”ün avadanlıaqlarına 3 il zəmanət verməsi və bölgələrdə servis mərkəzlərinin olmasıdır ki, bu mərkəzlərə məktəblər tərəfindən müraciət olunduqda  İKT avadanlıqları ilə bağlı nasazlıqlar gün ərzində aradan qaldırılır. Çox maraqlıdır ki, tenderə tanınmış və həm də istehlak bazarında kifayət qədər əlverişli şərtlərlə biznesini davam etdirən HP təmsilçiləri heç qatılmayıblar. S. Qaravəlli araşdırma zamanı öyrənib ki, HP-nin “şəffaflıq” şəraitində keçirilmiş tenderdən ümumiyyətlə xəbəri də olmayıb.

Tenderlə bağlı məlumat və hər hansı elana aidiyyatı qurumların informasiya resurslarında rast gəlmədiyimizdən bu məsələyə ekspert Osman Gündüzün münasibət bildirməsini istədik. Uzun müddət dövlət qurumlarının informasiya resurslarının monitorinqini aparan O.Gündüzün fikrincə, nazirliklərin böyük əksəriyyəti tenderlərə münasibətdə informasiya açıqlamaqda xəsislik edir: “Bütün dövlət qurumlarının saytlarını monitorinqini həyata keçiririk. Artıq bu layihəni 3 ildir ki, davam etdirik. Bu işin metodologiyasını müəyyənləşdirmişik. Həmin metodoligiyanın bir bəndi məhz tenderlər,dövlət alqı-satqısı,müsabiqələrlə  bağlıdır. Burada isə yalnız Təhsil Nazirliyi yox, nazirliklərin böyük əksəriyyəti bu cür informasiyaları ya öz saytlarına yerləşdirmir, ya da bunu çox xəsisliklə həyata keçirirlər. Təbii ki, Təhsil Nazirliyində də İKT ilə bağlı keçən dövlət proqramıyla bağlı informasiyalara az halda rast gəlirik. Dəfələrlə bu məsələləri aidiyyatı orqanlar qarşısında qaldırmışıq. Düşünürəm ki, növbəti proqramda bunun bir nəticəsi olar”.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə  görə, tenderin nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat beş bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc edilir. Təəssüf ki, bu məlumatlara nə Təhsil Nazirliyinin, nə də adətən hökumət qurumlarının elan və məlumatları dərc edilən “Azərbaycan” qəzetinin saytlarında rast gəlmədik. Nazirliyin saytında nəinki 4 il əvvəlin, heç yeni dövrün bu tipli məlumatlarına rast gəlinmir. Sözügedən dövlət qəzetinin isə internet səhifəsindəki “Arxiv” bölməsi isə dövlət başçısı ilə birbaşa əlaqəsi olan tədbirlərlə bağlı məlumatlar nəzərə alınmazsa, demək olar ki, boşdur.

Tenderə qatılan şirkətlər barədə

İstehlak bazarında olduqca əlverişli qiymətlərlə və həmçinin 3 il zəmanətlə daha keyfiyyətli mal təklif edən “Ultra Compüters” ve “Rover Tech” tendere qatılmış yetərincə tanınmış qurumlar idi. “Ultra Somrüters” Təhsil Nazirliyinin əvvəllər bəzi satınalmaları gerçəkləşdirdiyi bir qurumdur. Diqqət yetirmək gərəkdir ki, bu qurum 3 il zəmanət, qiymətlərində endirimlər və s. maraqlı şərtlərlə işləyir.  “Sekurity sistems” şirkəti adı o qədər də tanınmayan müəssisədir. Biz də  İKT bazarına yaxın olanlardan bu şirkət barədə nə bildiklərini soruşduqda hər kəs çiynini çəkdi. Ən maraqlı “SİNAM” MMC və “KÜR” MMC-dir. Belə ki, “SİNAM” MMC həm də nizamnamə kapitalına görə ikinci böyük paya sahib olmaqla “KÜR”ün təsisçilərindən biridir. “SİNAM” MMC ətrafındakı araşdırmalarımız davam etdirilməkdədir.

Proqram vəsaitlərini axıtmaq üçün  qurulmuş  “KÜR”

Proqram çərçivəsində alınmış kompyuterlər  az sayda digər markalı kompyuterlər (HP, LG, Samsunq markalı kompüterlərə monitorinq zamanı çox az rast gəlinib və onlar əsasən Təhsil Nazirliyi tərəfindən alınmayan, digər qurumlar tərəfindən təhsil müəssisələrinə verilmiş kompyuterlərdir- müəl.) istisna olmaqla,  əsasən “KÜR” markalı və “Nazik müştəri” tipli kompyuterlərdir. Rəsmi sənədlərdən çox maraqlı bir nəticə çıxarmaq olur.  “KÜR” Elektoron Avadanlıqları İstehsalı MMC Azərbaycan təhsili sahəsində dönüş yaradılması üçün önəmli olan bir proqram layihəsinin qəbulu barədə sərəncamın imzalanmasından  nə az, nə çox - 19 gün sonra  Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş bir diletant müəssisədir.  Əvvəldə qeyd etdiyimiz kimi, təsisçilərindən ən böyüyü  ümumi məbləği 2000 AZN (qediyyat tarixinə (10 000 000) nizamnamə kapitalının 1020 AZN-nə (5100000 AZM)  sahib olan Rabitə Nazirliyinin tabeliyində bir idarə – “Teleradio” İB, daha sonra  660 AZN (3 300 000AZM) payla “SİNAM” MMC və 320 AZN (1 600 000 AZM) payla vətəndaş Alik Salman oğlu Hüsenovdur. Oxucuların fikrini qarışdırmamaq üçün bundan sonra yalnız AZN-dən istifadə edəcəyik. Bu isə o deməkdir ki, 2000 AZN nizamnamə kapitalına malik yeni yaradılmış bir qurum (???) 30 milyon AZN dəyərində bir layihə üçün tərfdaş kimi qəbul edilib. Qeyd edək ki, MMC-lərlə bağlı qanunvericiliyə görə, onların təsisçilərinin hər hansı bir məsuliyyəti yoxdur. Ancaq digər tərəfdən MMC-nin nizamnamə kapitalı ilə əmlakı arasında ciddi fərq ola bilməz. Demək, hətta nizamnamə kapitalı nəzərə alınmazsa belə,

30 milyon manatlıq proqram layihəsinin tərəfdaşı əmlakı bu məbləğdən 15000 dəfə az  olan bir müəssisə olub.

Bəlkə də iqtisadi hüquqi baxımdın bu proporsiyada ciddi bir problem yoxdur, ancaq, ümumiyyətlə, tenderin qanun pozuntusu ilə keçirildiyini nəzərə alsaq, bu çox ciddi bir maxinasiyadan xəbər verən amildir. Bunlar əslində tenderin fiksiya olmasını deməyə əsas verir. Əks halda, kiçik nizamnamə kapitalı olan, əmlakı, təcrübəsi, kadr potensialı, reputasiyası olmayan bir qurumun tenderin qalibi olması mümkün deyildi. Təsisçiləri, nizamnamə kapitalı və qeydiyyat tarixi kimi cəmiyyətə açıq olan və kommersiya sirləri, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyə zidd olmayan məlumatları Vergilər Nazirliyinin nə üçün uzun müddət gizlətməyə cəhd göstərməsi də buradan bəlli olur. İkinci dəfə isə Vergilər Nazirliyi sorğularımıza cavab olaraq “SİNAM” MMC-nin kimə mənsub olduğunu dərhal açıqlamaq istəmədi. Əvvəlcə sorğumuza cavab olaraq belə bir müəssisənin ümumiyyətlə vergi orqanlarında qeydiyyatdan keçmədiyini bildirdilər. Novbəti sorğumuza Yevlax vergi dairəsindən aldığımız cavabı əlavə etdikdə isə nazirlik mənsubları bir az əziyyət çəkib “SİNAM” MMC barədə qanunla qadağan olunmamış məlumatları açıqlamalı oldular. Bu dəfə adıynlaşdıra bildik ki, “KÜR”ün ikinci hüquqi şəxs olan təsisçisi “SİNAM” MMC ilk dəfə 1994-cü ilin fevralında Maliyyə Nazirliyində “Sinam invest” Birgə Müəssisəsi kimi qeydiyyatdan keçib. 2001-ci ildə təkrar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə “Sinam invest” MMC-yə çevrilən qurum, 2004-cü ilin 06 iyulunda (proqramın tsdiq olunmasından bir ay yarım əvvəl –müəl.) “SİNAM” MMC olub. Təsisçisi Əliyev Elçin Rəşid oğlu olan “SİNAM” MMC-nin nizamnamə kapitalı denominasiyadan sonra  444 87.92 manat təşkil edir.

Tenderdə qanunsuzluq necə baş verib?

Əslində, bu qanunsuzluğun necə baş verməsini eyni zamanda hökumət qurumlarının təmsilçiləri olan tender komisiyasının üzvləri tam biliblər və prosedura müəyyən mənafelər baxımından göz yumublar. Bu prosesə göz yumanların diqqətinə bir daha  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu çatdırmaq istərdik. “KÜR”ün tendere qatılması birbaşa adı çəkilən qanunun 13-cü maddəsinin (Dövlət satınalmalarında maraqların ziddiyyəti) pozulması ilə baş verib.  Hələ digər təsisçilərin kimliyi ilə bağlı araşdırmalar davam edir və onların da şəxsiyyəti aydınlaşdırıldıqdan sonra bu mövzuya bir daha qayıtmağa çalışacağıq. Təbii ki, belə bir qanun pozuntusunun arxasında şəxsi mənafe kimi başqa məsələlər var. Bunları isə satınalmalar zamanı “KÜR” ilə, daha doğrusu, bü müəssisə vasitəsilə Rabitə və İnofrmasiya Texnologiyaları və Təhsil nazirlikləri arasındakı maxinasiyalar da bir daha sübut edir.

“KÜR”ün təsisçilərindən Rabitə Nazirliyinin ən böyük paya sahib olduğunu nəzərə alsaq, mənimsəmələrdə Əli Abbasovun rəhbərlik etdiyi qurumun böyük “rolu” olduğunu söyləmək mümkündür. İndi hansı səbəbdən proqram vəsitlərinin təxminən 70%-nin avadanlıq alınmasına yönəldilməsinin əsl məqsədi bəlli olur. Uzun sözün qısası, proqram vəsaitləri “KÜR”ə axıdılıb, oradan da o tərəfə… Təsəvvür edin ki, “KÜR” kompyuterlərinə xərclənmiş 17 milyon dollardan artıq (21 000 ədəd kompyuterin “KÜR” markalı olmasına və orta hesabla 655 manata alınması barədə məlumatlara əsaslanaraq - müəl) vəsaitlə ölkə əhalisinin daha hansı ehtiyaclarını ödəmək mümkün idi. Bu pula əslində 2 000 Azərbaycan məktəblisini İngitərənin ən yaxşı üç aylıq dil kurslarına göndərmək mümkün olardı və ya xaricdə müalicə almağa ehtiyacı olan neçə Qarabağ əlilinin ehtiyaclarını ödəmək olardı. Bu vəsaitə 21 000 “KÜR” alınıb, ancaq 35 000-nə yaxın normal parametrləri olan və daha keyfiyyətli HP  kompyuterləri almaq olardı. Belə olan halda, vəsaitləri doğrudan da ən ucqar kənddə yaşayan azərbaycanlı balasının gələcəyinə qoyulmuş investisiya hesab etmək olardı. Ancaq bu gün təəssüf ki, balaca Vüqarların, Kamillərin kompyuter haqqında təsəvvürləri belə yoxdur.

“KÜR” sorğulara cavab verməsə də….

Biz İKT proqramının icrası ilə bağlı “KÜR” MMC-yə bəzi sorğular ünvanladıq. Bu sorğular vasitəsilə “KÜR”ün sözügedən proqram çərçivəsində satılmış 21 000 kompyuterdən nə qədər gəliri olduğunu öyrənməyə, müəssisədəki əmək haqlarının həcmi və bir çox başqa məqamlara aydınlıq gətirməyə yardım edəcəkdi. Ancaq təəssüf ki, yazılı sorğumuza “İnformasiya əldə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu pozaraq, ümumiyyətlə cavab verməyən müəssisə təmsilçiləri bizimlə dolayısı yollarla görüşməyə cəhdlərdə bulundular. Bu görüşlərdən hansı qoxunun gəldiyini təxmin edərək onlardan imtina etdiyimizdən, müəssisə tərəfindən hər hansı bir sualımızın cavablandırılmasına da müvəffəq ola bilmədik. Əslində, faktlar göz önündə olduğundan görüşə  elə böyük ehtiyac da yox idi.

Nazirliklər az halda “KÜR”dən istifadə  edir, nazirlər necə?

Bu yerdə maraqlı bir sual da doğur ki, görəsən, nazirlərdən hansısa biri “KÜR” markalı kompyuterlərdən istifadə edirmi? İlkin araşdırmalarımıza görə, nəinki nazirlər, hətta nazirliklərin özü də “KÜR” markalı kompyuterlərdən ya ümumiyyətlə istifadə etmir, ya da yeni-yeni bəziləri bu kompyuterləri alıb. Ancaq nazirlərə gəlincə, onların heç biri bu markalı kompyuterlərdən istifadə etmir. Hələ nazirlərin övladlarının hansı kompyuterlərdən istifadə etdiyini araşdırsaq, qorxuruq ki, aldığımız cavablar vəziyyəti daha da qəlizləşdirə bilər.

Təhsil müəssisələri üçün hansı kompyuterlər əlverişli ola bilərdi?

Bu barədə bilgi əldə etməsək də, normal məntiqlə proqramın icrası zamanı Təhsil Nazirliyinin öncə məktəblərə veriləcək kompyuterlərin kriteriyalarını müəyyənləşdirməli idi. Əvvəldə qeyd etdiyimiz kimi, şagirdlər bəzən daha çox bilmək istəyir, bəzən olanından istifadə etməyə çətinlik çəkirlər. O.Gündüzün sözlərinə, görə dünyada bu istiqamətdə oturuşmuş bir qayda var: “Əvvəlcədən gərək Təhsil Nazirliyi tərəfindən aidiyydiyatı qurumların iştirakı ilə məktəblərə veriləcək texnikanın standartları müəyyən olunaydı. Düşünürəm ki, məktəblərə verilən kompyuterlər ən azı multimedia, şəbəkə, intenetdə işləmək tələblərinə savab verməlidir. Yəni bu, bütün dünyada qəbul olunan standartlardır. Təhsil Nazirliyi də bunları hazırlamalıdır. Məktəblərə aşağı göstəricili kompyuterlərin verilməsinə ehtiyac yoxdur. Heç bu veriləməsə daha yaxşı olardı”.

Fikrimizcə, bu kimi detallara diqqət yetirməsi üçün öncə Təhsil Nazirliyi yetkililərinin özü İKT sahəsində dərin biliklərə malik olmalıdır. İKT məhsullarının nazirliklərdə son illərdə istifadə olunmasını nəzərə alsaq, təbii ki, nazirliyin özündə bu sahədə yetərincə bilgilərin olmaması çox normal haldır.

Proqram sonunda yalnız kompyuter - şagird nisbəti dəyişib

Proqramın sonunda yalnız kompyuter-şagird nisbəti dəyişsə də, təhsilin inkişafı sahəsində əlahiddə dəyişikliklər baş verməyib. Regionlarda sorğuya cəlb edilmiş şagirdlərin  yenə də kompyuterlə bağlı ən elementar biliklərə malik olmadığı aşkarlınar. Sadaladıqlarımızın hamısı və bəlkə də diqqətimizdən qaçmış bir çox detallar İKT proqramının birinci mərhələsinin uğursuz başa çatmasını bir daha söyləməyə əsas verir. Ekspert O.Gündüz də layihəni tam uğurlu hesab etmir: “Bu proqramın yüksək səviyyədə keçirildiyini düşünmürəm. Bu müddət ərzində dəyişən yalnız bir parametr oldu. O da məktəblərdə şagirdlərə adambaşı düşən kompyuterlərin sayıdır. Əgər əvvələr bu göstərici 1000-1500 bir kompyuter idisə, indi bu rəqəm təxminən 30-35 şagirdə bir kompyuterdir. Əslində isə dəyişilməyən o oldu ki, bu layihə təhsilin keyfiyyətinə heç bir təsir etmədi. Proqram çərçivəsində həyata keçirilən texnologiyalar tədris prosesinə inteqrasiya etmədi”. Ancaq layihənin davamı üçün yetkililər əlini ürəyinə qoyub  imza atdı.

İKT proqramı -2005-2007 – Türkiyənin analoji proqramına uğursuz parodiya

Reallıqda Azərbaycanda həyata keçirilən bu İKT proqramını Türkiyənin hələ 2003-cü ilin ortalarından başladığı analoji proqram-kampaniyasının uğursuz parodiyası hesab etmək mümkündür. Bu proqramı artıq başa çatdrmaq üzrə olan Türkiyə Cümhuriyyəti bu gün bütün məktəblərində ADSL İnternet bağlantısı qurub, 2008-ci ilin sonuna qədər isə bu bağlantını qurmaq mümkün olmayan yerlərə peyk İnternet bağlantılarının qurulmasını təmin etməyi planlaşdırır. Türkiyədə 12 milyon şagirdi əhatə etməklə 400 000 kompyuterin yüksək sürətli İnternet bağlantısı var. Bakının Əzizbəyov rayonunda isə şagirdlər internetin nə olduğunu internetklublarda öyrənirlər. Türkiyə 2003-cü ildə təşəbbüsdə bulunmaqla ümumtəhsil məktəblərinin kompyuterləşməsi və İnternet şəbəkəsinə qoşulması istişamətində işləri demək olar ki, tamamlayıb. Bu ölkədə ayrıca müəllimlərin dizüstü kompyuterlərlə təmin olunması istiqamətində xüsusi tədbirlər həyata keçirildi və proses davam etdirilməkdədir. Bəs, Azərbaycanda çalışan 174 min müəllimdən neçəsinin kompyuteri olduğunu Təhsil Nazirliyi söyləyə bilərmi?  

Hesablama Palatası hesablamaq istəmir

Büdcə şəffaflığı məsələlərində ciddi fəallıq göstərən Milli Büdcə Qrupu ekspertlərinin investisiya layihələrinə ayrılmış vəsaitlərin ekspert analizinin və auditinin keçirilməməsini mənfi hal kimi qiymətləndirməsini dəfələrlə şahidi olmuşuq.  Təəssüf ki, Hesablama Palatası ictimaiyyətin bu haqlı təzyiqindən hələ də nəticə çıxarmır. Bu gün isə bunun bir daha rəsmən şahidi olduq. Milli Məclisin informasiya şöbəsinə göndərdiyimiz elektorn sorğuda İKT proqramının ekspert analizinin və auditinin keçirilib-keçirilməməsini xəbər aldıq. Qurumdan göndərilmiş yazılı cavabda bildirilir ki,  Hesablama Palatası tərəfindən İKT proqramının ekspert analizi və auditi aparılmayıb. Bunu səbəb göstərən Hesablama Palatası proqramın həyata keçirilməsindəki maliyyə prosedurlarının vəziyyəti ilə bağlı hər hansı başqa məlumat vermək imkanlarına malik olmadığını bildirib.  

Proqramlar çərçivəsində xərclənən vəsaitlərə həm də dövlət tərəfindən ciddi nəzarət olmadığından bu gün “KÜR” kompyuterləri bağlı olan hallar kimi analoji hallar davam etməkdədir. Hər hansı bir nazirliyin onlarla proqramları illərcə “yerinə yetirib”, əvvəldə göstərdiyimiz  Misir Mərdanov kimi yanlış hesabatlar verməsinə nəzarət edəcək bir mexanizmin kağız üzərində deyil, gerçəkdə olması zəruridir. Məsələn, bir qurumun həyata keçrdiyi 10 proqram layihəsindən ən azı bir neçəsinin ekspert analizinin aparması onun büdcə vəsaitlərini nə dərəcədə səmərəli xərclənməsini fikir söyləməyə əsas verərdi.  

İqtisadçı Azər Mehtiyev də hesab edir ki, bu daha doğru olardı: “Bütün hökumət proqramları daha konkret işlənməli, proqramlarda həlli gözlənilən problemlərin diaqnozları verilməli həlli üsulları, həlli mərhələləri, buna cəlb olunacaq resurslar və gözlənilən nəticələr əksini tapmalıdır. Bunlardan başqa fəaliyyətlərin icrasına məsul qurumların məsuliyyət dərəcəsi görsənməli, dövri olaraq hesabatlılıq təmin olunmalıdır. İndiki halda hökumət proqramlarında bunların heç biri yoxdur. Ona görə də vəsaitlərin niyə və necə sərf olunması bilinmir. Kompyuterlərin alınıb qurulması hələ hər şey demək deyil. Bəzən rəqəmlər şişirdilir və vəsaitlər səmərəsiz istifadə olunur. Hökumət isə müasir səslənən belə proqramlara çoxlu vəsait almaqla modernləşmə görüntüsü yaradır, həm də iri həcmlərdə vəsaitlərin mənimsənilməsi üçün meydan qazanır”.

Heydər Əsədov Təhsil Nazirliyinin icra etdiyi proqramm layihələrinin araşdırılmasını iş planına salacaqmı?

Necə deyərlər, ümid sonda ölür və bəlkə Təhsil Nazirliyinin davam etdirdiyi proqramların bir gün ekspert analizi aparılacaq. Bəlkə də mütəxəssislərin bunun üçün əziyyət çəkməsinə dəyməz, “kor-kor, gör-gör”,  hər şeyi rəqəmlər danışır. Hələ bir neçə ay əvvəl KİV-ə müsahibəsində Hesablama Palatasının sədri  Heydər Əsədov, Regionların İnkşaf Proqramı başa çatdığına görə, yerlərdə təhsil və səhiyyə sahəsində görülmüş işlərin araşdırılacağını bildirmişdi. Ümid edək ki, xalqın büdcəsi əmanət edilmiş dövlət mənsubları özlərinə əziyyət verib yuxarıda satınalmalarda bağlı qeyd olunmuş detallara diqqqət yetirəcəklər. Əslində, bunu etməyə sadəcə, borcludurlar. Niyə? Ona görə ki, gözlərini yumub, ciblərini açaraq paylaşdırılan dövlət büdcəsi xalqın tək bü günü deyil, həm də sabahkı müqəddəratını həll edir. Sadəcə, bir faktı qeyd etmək istərdik ki, 2006-cı ildə iştirakçısı olduğum Ağdam və Yevlaxdakı qaçqın şəhərciklərinin monitorinqi zamanı 8 yeni qəsəbədə tikilmiş məktəblərdən 6-da kompyuter ümumiyyətlə yox idi və hətta onların yerləşdirilməsi üçün sinif otaqları da mövcud deyildi.

İctimaiyyətin bütün bunlara nə üçün diqqət yetirməsi lazımdır?

Ümumtəhsil məktəblərinin İnformasiya-kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illəri əhatə edirdi) çərçivəsində müəyyən edilmiş öhdəliklərin heç yarısı yerinə yetirilməyib. Buna baxmayaraq, dövlət başçısı İlham Əliyev bu il iyunun 10-da proqramın 2008-2012-ci illərdə də davam etdiriləcəyi barədə  yeni bir sərəncam imzaladı. Bəs, dövlət başçısı proqramın uğursuz icrasına niyə göz yümdu? Əslində, bütün cəmiyyət büdcədən ayrılan digər vəsaitlərin necə xərclənməsinə dair təfərrüatı bilmədiyi kimi,  sözügedən proqram çərçivəsində də vəsaitlərin necə xərcləndiyindən xəbərsizdir. Ancaq gördüyünüz kimi, milyonlar falsifikasiya yolları ilə xalqa xidmət etmək adı altında, fərdlərə xidmət edir. Bu gün Təhsil Nazirliyi 20-yə yaxın proqram layihəsi həyata keçirməklə hər il büdcədən milyonlarla dollar vəsait alır. Ancaq bircə İKT proqramının icrasındakı maxinasiyaların timsalında digər vəsaitlərin necə xərcləndiyi barədə təsəvvür yaratmaq çətin deyil.

Təhsillə bağlı layihələrə qoyulan vəsaitlərlə əldə olunmuş nəticələr tərs mütənasiblik yaradır

Yeni məktəb tikintisi və kitab təminatı ilə bağlı proqramlar həyata keçirilir. İKT proqramı da birinci mərhələdə başa çatdı. Ancaq təhsilin göstəriciləri ya yerində sayır, ya da aşağı düşməkdədir. Monitorinqə cəlb edilmiş Gədəbəy və Lənkəranın kompyuterlə təmin olnmuş 7 məktəbinin məzunlarının ali məktəblərə qəbulu ilə bağlı göstəriciləri də biabırçı həddədir. Belə ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytındakı məlumatlara görə, İKT proqramının tətbiq edildiyi son üç ildə 7 məktəbdən birindən ümumiyyətlə  ali məktəblərə qəbul olmayıb, ikisi əvvəlki illərin göstəricilərini nümayiş etdirib, 4 məktəb isə qəbula görə nəticələrdə böyük geriləmələr nümayiş etdirib. Vurğulamaq yerinə düşərdi ki, Gədəbəy və Lənkəranda təhçil sahəsindəki təmir və tikintiyə ayrılan xərclərə görə, adekvat olaraq rayonlarda məktəblərin sinif otaqları 64 min və 60 min dollar civarında dəyərə başa gəlib. Təhsil naziri Misir Mərdanov rəqəmləri sadalayanda bunlara da diqqət yetirməsi gərəkir – 60 min dollarlıq sinif otağında 655 manatlıq kompyuter və sonucda sıfır təhsil göstəricisi. Maraqlıdır, İKT təminatı ilə bağlı  yeni təsdiqlənmiş proqramın sonunda Misir Mərdanov hansı rəqəmləri açıqlayacaq?

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat