Akvarium

Səadət Cahangir, 13/12/08

Saatlarla akvariumdakı balıqları seyr edən adam nə düşünər?. Eh... qarmaqarışıq şeylər...

Nə vaxtdan burada oturduğumu unutmuşam. Əlvan pulcuqları qızıl kimi parıldayan balıqların rəqsinə tamaşa edirəm. Kiçik akvariumun o başından bu başına süzürlər, hərdən suyun üzünə qalxıb yenidən dərinə baş vururlar. Dərinə deyəndə ki... Sanki okeanda üzürmüşlər. Quruca adları balıq... Yazıqlar bu dünyaya ucsuz-bucaqsız dənizlərin nə olduğunu bilmədən gəldilər, elə bilmədən də qısa ömürlərini bu şüşə qutuda başa vurub gedəcəklər.

İnsan tayfası ki var, belə şeylərin əsiridir. Gücü yetən zəif varlıqları qəfəsə qapadıb onun əsirliyindən zövq alar. Bu mənəmlik, hakimlik, qabalıq ehtirası ilə insanlıqdan çıxdığını, başqa bir canlıya çevrildiyini belə fərq etməz. Yalan nə deyim, həyatım boyunca azadlıqdan zövq alan çox adam görmədim...

Bütün balıqlar bir yana... Bayaqdan fikrim qalıb yoldaşlarından ayrılıb, yaşıl yosunların arasında gizlənən tək balıqda. Nə müddətdir burnunu akvariumun soyuq şüşəsinə dayayıb gözlərimin içinə baxır. Yanından quyruq çalıb ötən yoldaşlarını görmür sanki. “Dərdin nədir, sən də yalnızsan?”-deyə səssizcə soruşuram. Cavab verəcək halımı var?..

Bir xeyli keçir. Eləcə durub, yerindən tərpənmir ki, tərpənmir. “Ölmüş olmasın”?-təlaşlanıram. Yox, gözlərini oynadır. Birdən ürəyim elə sıxılır ki, bu dar akvariumda boğulduğunu, nəfəsi kəsildiyini düşündüyüm balaca, yalnız balığı alıb gecə yarısı dənizə yollanmaq keçir içimdən. Bəlkə bu soyuq payız gecəsinin səssizliyində onu sahilə çırpılıb qəlpə-qəlpə ətrafa səpələnən dalğalara təslim etməklə özümü də sıxıntıdan xilas etmiş olaram...

Amma böyük balıqlar kiçikləri yeyirmiş... Lənət şeytana. Bu ifadə hardan yadıma düşdü. Siyasətçilər çox sevərlər bu deyimi. Hə... bir də görərsiniz qırx ilin bir başında aranızdan qalaq-qalaq kitab oxumuş, dürüst biri çıxıb ətrafında yaxşılığa doğru nəyisə dəyişmək, normal bir düzən yaratmaq üçün nəsə etməyə qalxar. Ətrafına xeyli tərəfdar toplayıb bir xeyli iş görər. Amma sonu nə olar? İşin tamamına yaxın hardansa buynuzlarını içinə vermiş bir yırtıcı çıxıb o idealisti aldadıb taxtından salar, oturar yerində. Xülasə, yaxın keçmişimizdə hamımızın şahidi olduğumuz hadisə...

Bunu düşününcə, göz açdığı gündən balaca akvariumdan başqa heç nə görməmiş balığı o çılğın dənizin dalğalarına buraxmaq fikrindən də vaz keçirəm. Yazıq balıqcığazın o dəli dalğalara qarşı üzməyə taqəti hardan.. Nə dəniz onu tanıyır, nə o dənizi, biçarə bir anın içində yolunu-izini itirib batar bu suların dərinliyində... Mənim də ən böyük qorxumdu dənizdə boğulmaq...

Balığın muncuq gözlərinə baxa-baxa “dostum, bağışla, edəcəyim bir şey yox, sən yoluna, mən yoluma... hər kəs öz yalnızlığının akvariumuna...”-pıçıldayıram.  

Bu fikirlər içində kresloda neçə saat yuxuladığımı bilmirəm. Amma yuxuda balaca balıqla dənizdən dənizə o qədər üzdük ki. Dalğaların üzərində quş kimi atlana-atlana, dərinliklərə baş vura-vura neçə axından keçdik. Bəh-bəh, həyat varmış...Gözəlliyə bax... Hələ üstəlik sonsuzluğa qədər açıqlıq, əl-qolunu oynada-oynada istədiyin səmtə üzdükcə üz...Nə yol tıxacları, nə siyasi kortejlər, nə zəhlətökən polis bağırtıları...Ah, dünyada azadlıqdan gözəl nə var?!

Dərinlikdən qorxulacaq bir şey də yoxmuş əslində. Aaa-zad-lıııqq...!!! Çığırmağımla nəfəsimin tıxanması bir oldu. Balaca balığımla qaranlıq bir tunelin içinə düşdük. Aman, nə tunel, bu, nəhəng bir balığın ağzından mədəsinə gedən yolmuş ki... Bir anda dəniz görünməz oldu, əvvəlcə qaranlığın vahiməsindən ürəyim bulandı, sonra havasızlıq...Boğulmağa başladım, yavaş-yavaş nəfəsim də kəsildi . Tamam, bura qədərmiş...İşə bax, haçansa bütün ölüm ssenarilərini ağlımdan keçirmiş, amma bir balığın qarnında öləcəyimi heç xəyal etməmişəm...  

Kreslodan necə atıldımsa akvariumdakı balıqlar səksəndi. Əlimi boğazıma apardım, sanki həqiqətən boğulurmuşam. Özümə gəlincə xeyli keçdi. “Balaca balıq hanı?” –boylanıb baxıram. Hə... quyruğunu çala-çala yosunların arasından üzüb keçdi. Şükürlər olsun, röyaymış, röyaymış hamısı...  

...Gecənin bu aləmi hardansa musiqi səsi gəlir. Yaxınlıqdakı maşın parkının gözətçi məntəqəsində oxudurlar hər halda, yuxularını qaçırmaq üçün...

Sən gedərkən gözlərimin dolduğunu gördünmü?
Ürəyimin param-parça olduğunu gördünmü?
Sən gedərkən qərənfillər sıralıydı, sıralıydı,
İçlərindən biri var ki, mənim kimi yaralıydı...

Qalxıb ağır-ağır pəncərəyə yaxınlaşıram. Gecə yarıdan keçmiş olar. Bayırda zülmət qaranlıqdı, bu həyətdə küçə işıqlarının ağıllı-başlı işlədiyini heç xatırlamıram. Bayaqkı yuxumu düşünürəm... Həyat da bu yuxu kimi, azad olmaq istədiyin yerdə o qədər ayağına dolaşan, qanına susayan tapılar ki...

Musiqi səsi hələ də gəlir, -
Sən gedərkən baharmıydı, nərgizdə çiçək varmıydı?
İki nəfəs alıb-vermək, yaşamaq bu kadarmıydı?..

Bizim türkülərdəki hüzn da adamın qəlbini yaxıb, külünü göyə sovurar. Sovurar da, amma yenə adamın könlü istər, canı çəkər bu yanğını... Bir yaxın dostum demişdi bunu... Gözəl də demiş ...könül bu, sənə sormaz ki, hökm et görüm necə edərsən...

Nə bilim, bəlkə də mənim ömür boyu içimdə aradığım elə bu türküdəki insandı... heç bir köləliyə boyun əyməzkən, bir həsrətin könüllü əsiri olan insan . Nə qədər acı və gözəl- qəlbən bağlı olduğun könüllü bir məhkumluqda yaşamaq... Yalnız insana xas olan bir şey. Məncə, azadlıq deyilən şey elə bu...