tərəfindən çap edilib. Azadliqciragi.org (http://www.azadliqciragi.org)
Asiyanın başqa bir möcüzəsi

Böyük sürətlə inkişaf edən Vyetnamda bazar münasibətləri üçün fəaliyyət meydanı açılmışdır. Bu, onun siyasətinə də liberallıq gətirəcək.

Lap elə bu yaxınlara qədər mətbuatda “Vyetnamlı” sözü hökmən “Qayıq adamları” ifadəsi ilə müşayiәt olunurdu. Sayqonun süqutundan iyirmi il sonra “Vyetnamlı” deyərkən göz önünə öz vətənində üzləşdiyi təzyiq və səfalətdən baş götürərək qonşu dövlətlərin sahillərinə atılan his-pas içində əziyyət çəkən qaçqın axını gəlirdi. O vaxtdan bəri hər şey necə də dəyişmişdir. Bu gün keçmiş qaçqınlar yenidən formalaşmış Vyetnamda öz karyeralarını qurmaq və biznes fəaliyyətinə başlamaq üçün öz vətənlərinə dönürlər. İndi illik artımı son on ildə orta hesabla 7.5% təşkil edən bu ölkə Asiyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Öz artım tempi ilə Çindən geri qalmasına baxmayaraq, bu həftə bizim tərəfimizdən hazırlanmış hesabat göstərir ki, Vyetnam yoxsulluğun azaldılması istiqamətində öz nəhəng şimal qonşusundan daha əhəmiyyətli tәrәqqiyә malik olmuşdur. Bu il ölkənin ikirəqəmli inflyasiya böhranına qarşı apardığı və durğun ticarət balansındakı kəsirlərlə mübarizə nəticəsində, hökumətin 9% əmsallı artıma bəslədiyi ilkin ümidlər ola bilsin ki, təsirə məruz qalmış olsun. Lakin uzunmüddətli perspektivlər ümidverici görünür.

Yoxsulluqdan silkinərək çıxmaq

image alt text...Vyetnamın şəhərləri gözoxşayan və izdihamlı olsa da, onun hələ də 85 milyon əhalisinin yaşadığı kənd yerlərində vəziyyət rəsmi göstәricilәrә əsasən, daha varlı olan Tailandın kənd yerlərindəki inkişaf tempindən azacıq geri qalır. Bir vaxtlar aclığın məngənəsində qalmış bu ölkə, indi dünyanın kənd təsərrüfatı mallarının ən iri ixracatçılarından birinə çevrilmişdir. Bir vaxtlar Asiyanın ikinci varlı ölkəsi sayılan, bəxti fələkdən dönmüş Filippin bu yaxınlarda Vyetnama üz tutaraq, ona milyonlarla ac vətəndaşı üçün düyü satmağı təvəqqe etmişdir. Vyetnamın sosial və iqtisadi tərəqqisi Dünya Bankı kimi çoxtəmayüllü institutların canlı nümunəsinə çevirmişdir. Bura dünyanın çoxmillətli şirkətləri və turist firmaları üçün ən sürətlə inkişaf edən məkanlardan birinə çevrilmişdir. Bu, inkişaf etməkdə olan diplomatik bir qüvvədir: hal-hazırda müvəqqəti yer hüququna malik olsa da, o, iyul ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Vyetnamın yeni əldə etdiyi nüfuzu ilə həm bir nümunə olaraq, həm də fəal diplomatiya nümayiş etdirməklə nail ola biləcəyi çox şey vardır. Keçid dövründə olan digər ölkələr köhnə düşmənçiliyi bir kənara qoymaq, öz qapılarını dünyaya açmaq və məhv olmuş iqtisadiyyatını bərpa etmək üçün onun məsləhətindən faydalana bilərlər. Vyetnam Şimali Koreya və Myanmarın yaxın dostu kimi, onları özləri-özlərini saldıqları qaranlıq məkandan çıxarmaq üçün yardımçı ola bilər. Azad ticarətə üz tutaraq yoxsulluqdan qaçmağa müvəffəq olmuş bir ölkə kimi, Vyetnam inkişaf etməkdə olan ölkələri Dohada dünya ticarət danışıqlarında daha konstruktiv mövqe tutmağa stimullaşdıra bilər (və daha zəngin ölkələrə eyni cür hərəkət etmək üçün nümunə ola bilər).

Yüksək nailiyyətlər əldə etdiyinə baxmayaraq, Vyetnam bununla kifayətlənmir. O zəngin, yüksək texnologiyalar ölkəsinə çevrilmək üçün əlindən gələni edir və 2020-ci ildə buna müvəffəq olmağı qarşısına məqsəd qoyub. Ötən əsrdə bir neçə düşməninin öyrəndiyi kimi, vyetnamlıların ağlını və cəsarətini lazımnca qiymətləndirmək gərəkdir. Lakin əgər Vyetnam öz istəyinə nail olmaq istəyirsə, o öz tarixindən və çatmaq istədiyi məqsədlərə nail olmuş qonşularından ibrət dərsi alaraq müəyyən nəticələr çıxarmalıdır.

Vyetnam, ölkəni idarə edən kommunistlər kapitalizm, azad bazar və azad ticarətin zəngin olmağın ən düzgün yolu olduğunu qəbul etdikdən sonra uğur qazandı. Bu uğur yolu 1986-cı ildə “doi moi” (yeniləşmə) adlanan liberallaşma proqramı ilə başlangıc götürdü, lakin əsl islahat 20 ildən sonra sıçrayışlı formada başladı. Kollektivləşməyə son qoyuldu, torpaqları becərilmək üçün fermerlərə verildi və kənd təsərüfatı məhsullarının qiymətləri azad oldu. 2000-ci ildə o zamana qədər qəti qadağan edilmiş özəl biznes leqallaşdırıldı və fond birjası yaradıldı. Ticarətin inkişafı yolunda olan maneələr azaldıldı, ixrac və idxalın səviyyəsi yüksəldi ki, Vyetnam indi dünyada ən azad iqtisadiyyatlardan birinə malikdir. Və yəqin ki, geriyə yol yoxdur: dövlət tərəfindən hər hansı təzyiq olarsa, Vyetnamın 2020-ci il üçün zəngin bir ölkə olması məqsədi yalnız xəyal olaraq qalacaq.

Cənubi Koreya, Tayvan və indi Çin kimi Vyetnam da avtoritar rejimdə yoxsulluğa yol verməməyin mümkünlüyünü nümayiş etdirdi. Və dünyanın adam başına düşən gəlirinə görə ən zəngin ölkələrinin əksəriyyətində liberal demokratiya rejiminin olması, əlbəttə ki, təsadüfi deyildir. Siyasi azadlıq özü-özlüyündə bir hüquqdur və onun iqtisadi üstünlüklərə malik olmasını sübut edərək əsaslandırmağa ehtiyac yoxdur. Lakin bu üstünlüklər yenə də mövcuddur. Vyetnamın rəhbərləri artıq başa düşürlər ki, planlaşdırılan iqtisadiyyata uyğun olan üsullarla inkişaf edən bazar iqtisadiyyatını idarə etmək çətindir. Sürətlə inkişaf edən cəmiyyətin bütün çətinliklərini idarə etmək, mal və xidmətlərlə bərabər, fikir azadlığı olan şəraitdə daha asan olardı. Xüsusi ilə vətəndaşlar onların rəylərinin çətin, lakin zəruri iqtisadi qərarlarda nəzərə aldındığını hiss edəndə, bu qərarları reallaşdırmaq daha asan olur.

Ulduz olmaq

Bu günə qədər Kommunist Partiyasının hökumətdə monopoliyasını saxlamağa qərarlı olduğu görünür. O, demokratiya tərəfdarlarını “terrorçu” adlandırır və həbsxanalara salır. Lakin o, Cənubi Koreya ilə Tayvanın təcrübəsinə diqqət yetirməlidir. 80-cı illərin sonuna qədər onlarda da diktatura rejimi mövcud idi. Bu ölkələrin rejimləri yüksələn etirazlarla üzləşərək demokratik rejimlərlə əvəz olundu. Bu gün, baxmayaraq ki, onların apardığı siyasət bir az kobuddur, lakin onlar demək olar ki, Vyetnamın əldə etmək niyyətində olduğu inkişaf edən və texnologiyaya əsaslanan iqtisadiyyata malikdirlər. Vyetnam Kommunist Partiyası daha bir inkişaf edən və yüksək texnologiyalar ölkəsi olan qonşu Sinqapurun keçdiyi yola daha çox maraq göstərir. Sinqapurun kiçikliyinə görə ona istisna kimi yanaşılır. Lakin hətta onun daim hakimiyyətdə olan Xalq Hərəkatı Partiyasının rәqiblәri ilə sərt məhdudiyyətlər çərçivəsində rəqabət aparmağa icazə verilən məhdud demokratiyası Vyetnam üçün yaxşı başlanğıc olardı.

Doğrudur, Vyetnamın demokratiyanın qeyri-sabit qaydada inkişaf etmiş olduğu Filippin və Tailand kimi qonşuları da vardır. Bu, demokratiyanın ön sıralara çatmaq üçün kifayət deyil, zəruri şərt olduğunu nümayiş etdirir. İstiqlaliyyət mübarizəsinin uşaqları olan və öz xalqı üçün ən yaxşı gələcəyi arzulayan Vyetnamın indiki nəslini təmsil edən rəhbərləri onlardan sonra hakimiyyətə kimin gələcəyi barədə düşünmәlidirlәr. Əgər gələcək nəsil indiki rəhbərlər kimi prinsipial olmazsa və daha rüşvətxor və hakimiyyətdən qopulmaz olarsa, o zaman ölkə geriyə doğru gedəcək.

İndiyə qədər birpartiyalı hakimiyyətə qarşı üsyankarlıq əlaməti azdır. Lakin vyetnamlılar geniş iqtisadi və sosial azadlığa öyrəşdikcə, əvvəl-axır bu əlamətlər görünəcək. Axı gözləmək nəyə lazımdır? Ho Chi Minhin varisləri üçün tarixə nəzər salmaq və Vyetnam xalqına stabillik, rifah və nəhayət, əsl azadlıq gətirən yolda rəhbərlik etmək nə gözəl olardı.

Məqalə ilk dəfə The Economist jurnalında çap edilmişdir.

2008 Bütün hüquqlar Azadliqciragi.org tərəfindən qorunur.

Əsas URL: http://www.azadliqciragi.org/node/41