tərəfindən çap edilib. Azadliqciragi.org (http://www.azadliqciragi.org)
Diktaturadan xilas yolu söz adamlarını daha çox düşündürür...

Səadət Qabilqızı, 01/07/08

Dünyanın ən böyük yazıçılarından biri - Nobel mükafatçısı Qabriel Qarsia Markesin karyerası jurnalistikadan başlamışdı. O, bir sıra məhşur əsərlərini də məhz qəzetdə xüsusi müxbir işlədiyi illərdən yazırdı. Həmçinin, dünyanın diktatorlar haqqında yazılmış ən möhtəşəm əsərlərindən olan “Patriarxın payızı”nı. Doğulduğu torpaqlarda insanların yüz illərlə diktaturadan əzab çəkdiyini görən yazıçı elə bir tipik obraz yaratmaq istəyirdi ki, yer üzünə gəlib- getmiş bütün diktatorların ümumiləşmiş obrazı olsun...

O, bu əsəri yazıçı dostu Fuantesin Amerika diktatorları haqqında kollektiv kitab yazmaq təklifi əsasında başlamışdı. Belə qərara gəlmişdilər ki, Fuentes -Porfirio Diasın, Markes ötən əsrin Kolumbiya diktatorlarından birinin, Varqas Lyosa -Legianın, Otero Silva- Qomesin və s. obrazlarını yaratsınlar. Onlardan üç nəfər sözünə sadiq qaldı və deyilən diktatorlar haqda roman yazdı.

Markes əsərinə material yığmaq üçün dəridən-qabıqdan çıxırdı. O, Kuba inqilabından sonra ölüm hökmü çıxarılmış Batista generalı diktator Soso Blankanın məhkəməsini diqqətlə izləyirdi. Ölüm hökmü oxunanda yazıçı müttəhimlə üz-üzə oturub ona göz qoyurdu. “Onun sifətində bircə əzələ də tərpənmədi, yalnız azacıq dizləri titrədi. Bu mənim üçün kəşf kimi bir şey oldu, düşündüm ki, çoxdan axtardığım diktator məhz odur...”-yazırdı Markes. Lakin belə deyilmiş...

Migel Otera Qomes haqqında bir kəlmə belə yazmadı, çünki özü dediyi kimi, ona nifrət edirdi. Əksinə, bu diktator Markesin əsəri üçün böyük material oldu. “Mənim yaratdığım diktator obrazında Samosdan da, Truxilyodan da, Frankodan da, Qomesdən də nəsə var. İkihücrəli qəfəsi qoca Samosa ixtira etmişdi-bu qəfəsin bir hücrəsinə yırtıcı heyvanları , o biri hücrəsinə siyasi dustaqları salırdılar. Bununla belə Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O ki qaldı Qomesə, o ayrı aləm idi-elə nadir bir şəxsiyyət idi ki, venesuelalılar özlərini tamahdan saxlaya bilməyib hətta görkəmli bir venesuelalı kimi ona bəraət qazandırmışdılar. Bütün diktatorlardan məni ən çox Qomes maraqlandırırdı və mənim personajım daha çox ona oxşayır ”-deyirdi yazıçı.

Markes hesab edirdi ki, onu unudulmağa qoymayan əsər məhz dünyanın bir nömrəli problemindən bəhs edən “Patriarxın payızı” olacaq. Yazıçı yanılmamışdı, onun düşündüyü doğru çıxdı...

Mənimlə razılaşarsınız ki, diktaturaya əsaslanan cəmiyyətlərdə başlıca problemlərin ağrısını daha çox qəzetçilər çəkir? Baxın, bu tip cəmiyyətlərdə qorxu hissinə qalib gələ bilməyən böyük çoxluq əsasən baş alıb gedən ağlasığmaz qanunsuzluqlara göz yumur. Söz deməyi bacaran, lakin susan bir qrup isə vaxtaşırı jurnalistikanın siyasiləşmə təhlükəsindən danışır. Siyasi hakimiyyətin yaratdığı əsl təhlükədən danışmaq yaddan çıxır. Bu sanki cəmiyyəti uçurum qarşısına aparan bir rejimin qaşısına keçən kiçik bir fədai qrupunu yolu kəsməkdə günahlandırmağa bənzəyir. Necə ki, günümüzdə bəziləri tərəfindən qanunları şəxsi tabeçilik vasitəsinə çevirənlər deyil, bu həqiqətləri yazdığına görə döyülən, həbs olunan jurnalistlərin özləri ittiham hədəfinə çevrilir. Beləliklə, qısa zaman da olsa sakit yaşamaq istəyənlər asanlıqla həqiqi azadlığı şəxsi maraqlarına qurban verirlər.

Markes içində inqilabi ruh olan bir yazıçı idi və onu diktaturaya qarşı çıxmağa vadar edən də bu amildi. Və yaxud məhşur rus jurnalisti Anna Politovskaya qızğın bir vətənpərvər idi və Putin hakimiyyətini ölkədə qurduğu rejimi nifrətlə tənqid etdiyi üçün güllələnmişdi. Bənzər nümunələri bütün dünya ölkələrindən olan qəzetçilərin həyatına aid etmək olar. Demək ki, bütün zamanlarda qələm sahibləri çiyinlərini yalnız özlərinin deyil, həm də başqalarının daşımalı olduğu yükün altına verdikləri üçün riskə məruz qalırlar.

Qabriel Qarsia o zamanlar Kuba inqilabından çox təsirlənmişdi və onun Latın Amerika ədəbiyyatının dünyaya açılmasında mühüm rol oynadığını düşünürdü. Əslində onun düşündükləri bənzər qapalı cəmiyyətlərdə söz azadlığının məhdudlaşmasından əziyyət çəkən insanların düşüncələri ilə üst-üstə düşür. Bəlkə elə belə cəmiyyətlərdə yaşayan ideya adamlarının hər şeyi dəyişəcək bir inqilabi islahat gözləntisi də bununla bağlıdır...

2008 Bütün hüquqlar Azadliqciragi.org tərəfindən qorunur.

Əsas URL: http://www.azadliqciragi.org/node/55