Əli S. Novruzov, 16/11/08
İlf və Petrovun zamanında sovet dissidentləri özləri ruhi xəstəxanalara qaçardılar. “Sovet Rusiyasında dəlixana – normal insanın yaşayacağı yeganə məkandır. Qalan yerlərin hamısı əsl dəlixanadır” – deyərdi “Qızıl buzov”un personajlarından biri. “Nəhayət burada mənim şəxsi azadlığım var. Vicdan azadlığı. Söz azadlığı. Görürsüz? Nə istəyirəm, onu da qışqırıram!” Lakin məzuniyyətdən qayıdan kimi professor Titanuşkinlər bu azadlıqsevər simulyantları dərhal aşkar edib xəstəxanadan qovardılar.
Brejnevin zamanında isə hər şey fərqli idi. O azad səsləri ki, nə Leninin terroru, nə də Stalinin repressiyaları boğa bilməmişdi və Xruşşovun psevdoliberallığı ayıltmışdı, onların sahiblərini zorla ruhi xəstə elan edib dəlixanaya salardılar. Bax, zəmanə belə dəyişmişdi!
Necə ki, o zamankı Sovet cəmiyyətinə, eləcə də indiki Azərbaycan cəmiyyətinə azad demək hələ çox tezdir... Doğrudur, biz sələfimiz olan Sovetlərin bir çox qorxunc təcrübələrindən imtina etmişik, amma bu gün də fərdlərin azadlıqlarını yüzlərlə siyasi, sosial, hüquqi, mədəni və sair qandallar və stereotiplər sıxır. Azadlıq yağlı əppək olub göyə çəkilməsə də, cəmiyyət ona hələ də pişiyin əli çatmayan ətə baxdığı kimi baxır. Ona görə də, bu gün hamı azadlıqdan üz çevirib, hamı ondan küsüb, hamı ona yadlaşıb. Azadlığı söymək indi daha çox insana rahatlıq gətirir, nəinki onu bütün varlığı ilə istəmək. Bir qisim insan azadlığı sərvətə qurban verir, digər qisim ədalətə, üçüncü qisim isə ancaq əmin-amanlıq istəyir. Elə zənn edirlər ki, azadlığı bu nemətlərə qurban vermək olar. Bu nemətlərin gözqamaşdırıcı ilğımı azadlığın daş-kəsəkli yolları və intəhasız bozqırlarından qorxu ilə birləşərək bizi tərs istiqamətə yönəldir.
Beləyik biz – azadlığı ilğımlara və qorxulara qurban veririk. Hətta eqoist də ola bilmirik – öz azadlığımızı qorumağa nə iqtidarımız var, nə həvəsimiz, nə də istəyimiz. Vallah, Qədim Ellada və Romanın qulları da bizdən azad idilər – ən azı onlar sahib olmadıqları azadlığa daim can atardılar. Biz isə Allahın bizə bəxş etdiyi bu neməti fani nemətlərə dəyişirik. Amma unuduruq o həqiqəti ki, Milton Fridmandan bu yana bütün dünya ifadə edə-edə gəlir: sərvəti azadlığa dəyişən cəmiyyət bir gün gələcək ki, hər ikisindən məhrum olacaq; eləcə də ədaləti dəyişən cəmiyyət; eləcə də əmin-amanlığı dəyişən cəmiyyət.
Bəli, düz buyurursunuz – sərvətdən, ədalətdən, əmin-amanlıqdan azadlıq naminə imtina edən ancaq dəli ola bilər. Sözün həqiqi mənasında dəli. Cəmiyyət bu cür şəxslərə “dəli” damğasından başqa nə vura bilər ki? Pozğun bir cəmiyyət bu cür təmizliyə başqa necə reaksiya verə bilər ki?
Lakin azad olmaq üçün dəli olmaq lazımdırsa, onda dəli olmaq kölə ruhlu ağıllı olmaqdan qat-qat şərəflidir. Əgər ağıllı olmaq kölə olmağa bərabərdirsə, mən onda dəli olmağı seçirəm. Ən azı əminliklə deyə biləcəm: “Nəhayət burada mənim şəxsi azadlığım var. Vicdan azadlığı. Söz azadlığı. Görürsüz? Nə istəyirəm, onu da qışqırıram!”