tərəfindən çap edilib. Azadliqciragi.org (http://www.azadliqciragi.org)
Hər Azərbaycanlının öz ağzı

Əli S. Novruzov, 10/12/08

Uşaqlıq illərimdə televiziyada dəhşətli bir süjet görmüşdüm, mənasını  çox-çox sonralar anladım: bir kolumbiyalı rəssam sağ əlinin barmaqlarını kəsib öz qanı ilə divara etirazlarını yazmışdı. İndi bu hadisənin üzərindən nə qədər çox vaxt keçirsə, bu protest qarşısında bir o qədər də çox baş əyirəm.

Təəssüf ki, Azərbaycan ziyalısından belə protest görmürük. Azərbaycan ziyalısının qadir olduğu maksimum protest Heydər Hüseynov kimi özünə qəsd etməkdir... Heç onu da hamı bacarmır...
Hər bir xalqın danışan dili-ağzı onun ziyalılarıdır. Hətta xalqın öz seçkili nümayəndələrinə inamı qalmayanda belə, o həmişə öz ziyalılarına güvənə bilməlidir. Məhz ziyalılar xalqın arzularını, istəklərini, qorxularını və problemlərini dilə gətirərək ifadə edərlər. Onlar xalqın sözünü danışar və xalqın adından danışarlar.

Lakin Azərbaycanda ziyalılar susur. Özü də Vitasın məşhur mahnısında olduğu kimi “bu qədər ucadan susur”. Pişiyin quyruğunu basdalasan o miyoldayar, ancaq Azərbaycan ziyalısının başını kəssələr də, susar. O, nəinki öz adından və xalqın sözünü danışmır, hətta öz sözlərini deyə bilmir. Doğrudur, Rüstəm bəy kimi yalquzaqlar arada bir səs çıxarırlar, amma gəlin etiraf edək ki, bu səsə cavab olaraq qalxan çaqqal ulaşmaları daha gurultulu, sürəkli və davamlı gurultulu sürəkli olurlar. Bir sözlə, bu cəbhədə tam sakitlikdir.

Bəs həm seçkili təmsilçilikdən, həm də ziyalı təmsilçiliyindən məhrum olan Azərbaycan xalqı nə etməlidir? Cavab çox sadədir – hər bir azərbaycanlının öz ağzı olmalıdır. Heç kəs öz adından danışmağı saxta və lal bütlərə tapşırmamalıdır, o ki, qala öz etirazını... Axı Allah hər kəsə dili-ağzı yalnız yemək yeməyə və su içməyə verməyib. Onun daha vacib təyinatı var, tez-tez unutduğumuz təyinatı – öz adımızdan danışmaq...

2008 Bütün hüquqlar Azadliqciragi.org tərəfindən qorunur.

Əsas URL: http://www.azadliqciragi.org/node/82