Tural Vəliyev, 15/02/09
Əgər biz keçmiş maliyyə böhranlarına nəzər salsaq, günahlandırmaq üçün müəyyən səbəblər tapa bilərik. Asiya valyutasının böhranında hec fondlarının (infliyasiyadan sığorta) bəzi sindikatları və Beynəlxalq Valyuta Fondunun süni güzəşt müqavilələri ittiham olunurdu. İnternet şişirtmələrinə görə Nyu York Fond Birjasının analitikləri günahkar sayılırdı. Amma indiki maliyyə böhranında ayrıca bir tərəfi, böhrana öz açıq təsirini göstərmiş bir ölkəni və ya əvvəlki böhrandan fərqlənən başqa mühüm amilləri günahlandırmaq çətindir. Ümumi olaraq, biz maliyyə yüksəlişi və böhran dövrünü aşağıdakı ardıcıllıqla beş mərhələyə ayıra bilərik:
Yerdəyişmə mərhələsi – texniki tərəqqi, bazarda dəyişiklik bəzi bazar iştirakçılarına yeni imkanlar yaradır.
Eyforiya – Sürətlə yüksələn inkişaf səhm qiymətlərində və gələcəklə bağlı nəzərdə tutulan müəyyən qiymətlərdə artıma aparır.
Maniya –ucuz kredit şəraiti ‘sürü məntiqi’ yaradır (sürü uzvləri öndə gedəni təqib edirlər) və hamı qeyri-rasional olaraq bir-birini təqib edir
Fəlakət – daxildəki iştirakçılar başa düşür ki, aktivlərin qiyməti və mənfəətlər həddindən artıq şişirdilmişdir və bazarı tərk etməyə başlayırlar.
Qəflətən dəyişmə – “Teatr salonunda yanğın” sindromu (əgər teatr salonunda yanğın siqnalı verilərsə, bu hamıda qorxu yaradır va hər kəs eyni anda çıxışa qaçaraq çaxnaşma salır). Beləliklə maliyyə bazarında da eyni sindrom görülməkdədir. Səhm qiymətləri düşdükcə, kreditorlar və borclular arasında qorxu yaranır. Hər kəs çıxış yolu axtarır və “satıcılıq qabiliyyəti” birdən yoxa çıxır.
Bəs “mənəvi risk” nədən maliyyə yüksəlişi və böhranlarında önəmli amil hesab olunur? Mənəvi risk, başqa halda bazarda baş verə biləcək itkilərdən qorunmağa arxalanaraq, yüksək risk altına girməyə imkan açmaqdır. Normal şərtlərdə əmanətçilər, kreditorlar və sərmayədarlar öz seçimləri əsasında risk dərəcəsinə əsaslanaraq, əmanətləri, sərmayələri və kreditləri haqda qərar verirlər. Əksinə, əgər hökumət o qərar qəbul edənləri itki riskindən müdafiə edirsə, bu rasionallıq aşağı düşür.
Real iqtisadiyyatda maliyyənin önəmi danılmazdır. Federal Ehtiyatlar sisteminin rəhbəri Frederik Mişkinin dediyi kimi, maliyyə sistemi iqtisadiyyatın beynidir….əgər kapital yanlış məqsədlə sərf olunarsa və ya axın hərəkəti dayanarsa, iqtisadiyyat səmərəsiz fəaliyyət göstərəcək və iqtisadi artım aşağı olacaq. Bəs maliyyə sistemini belə zəiflədən nədir? Bu yüksəliş və tənəzzülü mənəvi riskmi yaradır?
Son maliyyə böhranları şübhəsiz ki, maliyyə sektorundakı çoxlu itkilər səbəbindən meydana gəlmişdir. Bankların qeyri-maliyyə sənaye sahələrindən fərqi odur ki, onlardan birinin çökməsi bütün başqa bölmələrdə və geniş şəkildə iqtisadiyyatda dağılma təsiri göstərir. Beləliklə, maliyyə sahəsində sabitlik mühüm amildir və ona görə hökumətlər bu gün öz trilyon dollarları ilə iqtisadi çətinlikdən çıxıb qeyri-sabitliyin qarşısını almağa çalışırlar. Amma bu yüksək risk götürənləri (kreditorlar, debitorlar və sərmayədarlar) o mülahizə ilə dəstəkləmək deyilmi ki, dövlət uğursuzluğa düçar olan qurumun həll olunmaz probleminin həllinə, məhz o çox böyük qurum olduğu üçün müdaxilə edəcək? Cavab “bəli”dir, mənəvi risk problem yaradır və bu, maliyyə qeyri-sabitliyinin gerçək fundamental şərtlərindən biridir. Mənəvi risk dağıdıcılıq qabiliyyəti ilə təkamül prosesinə mane olur. Hər bir sarsıntı itkilərlə nəticələnməlidir. Bunun qarşısını almaq ehtimalı yoxdur və o, aradan qaldırıla da bilməz. Bu, qlobal kapitalizmin təbiətidirsə, məsələ dəyişikliyə ehtiyac duyan bazarlarda deyil, o bazarlara bizim reaksiyamızdadır. Biz öz evristik insani təbiətimizi dəyişə və ya öz gələcəyimizdən xəbər verə bilmərik. Amma biz hamımız qısamüddətli yüksəliş və tənəzzül əvəzinə, uzunmüddətli, sabit fəaliyyətə əsaslanan uğurlu maliyyə qurumları tərəfindən bazardakı ən zəiflərin sıradan çıxarılmasına imkan yaradılmasını bacararıq. Jozef Şumpeterin də 70 il bundan əvvəl dediyi kimi, "yaşamaq üçün yararsız şirkətlər" aradan çıxmalıdır.