Səadət Cahangir, 20/04/09
Qar yağır... Ağappaq gecənin ortasında bir qaraltı... Külək uğuldayır.. Qaraltı asılı qaldığı boşluqda sahibsiz köynək kimi yellənir...çırpılır. Çaşqın, içi bomboş...yaddaşı donmuş... səslənəcəyi kimsə qalmamış...Gedəcək yer yox... Nəfəssizlik, ölgünlük hiss etdi. Əlini ürəyinə apardı. Nə bir vurğu, nə bir döyüntü...Yoxsa, çoxdandır bu paltarın içində ölüylə dolaşırmış?.. Qaraltısından hürkdü. İçindəki insan nə zaman ölmüşdü? Bunu necə hiss etməmişdi?.. Hiss edə bilməzdi ki...Çünki hissləri daha əvvəl ölmüşdü. Böyük ölüm içindəki işıqları söndürməyə başladığı andan çox çox sonralar gəlmişdi...
İndi bu şaxtalı havada ağır-ağır addımlayır...Hara getdiyini özü də bilmirdi. Ağacları salxım-salxım qar tutmuş parka yetişdi. Dayanıb bir çinara söykəndi. Baxdı, baxdı... Bu yer ona nəsə deyirmi? Yaddaşını geri çevirməyə çalışdı. Təkrarladı, təkrarladı...Bir qramafon valını başa çevirirmiş kimi... Oldu...xatırladı... Həmin yerdir... yox yanılmırdı, o parkdı ki, var...Bir quşbaşı qar yağan axşam... ağappaq “çiçəkləmiş” ağacların dövrəsini qoşa dolaşdılar. Söhbətləşə-söhbətləşə bu çinarın yanında dayandılar. “Qarın bu qədər qədər gözəlliyi nədəndir, bilirsən?”–deyə soruşdu . “Yox”-dedi. “Çünki mələklər yer üzünə enir”. Gülümsəyərək, bir qarşısındakı məsum üzün təmizliyinə, bir də qarla ətrafa qonan gözəlliyin içində cığır açan qoşa ayaq izlərinə baxdı. Anın bir ömrə dəyən səadəti!.. İçi sızıldadı. Yaddaşına yenidən qaranlıq çökdü. Ha çalışdısa... Qarın üzərində ayrılıb uzaqlaşan ayaq izlərindən başqa bir şey xatırlaya bilmədi. O gözəl an bitdi...illər öncə öz mənəmliyi üzündən “uf” demədən bitirdiyi kimi. Bu illər boyunca ömür dəftərindən bütün gözəl səhifələri beləcə öz əliylə cırıb atmışdı...O səhifələrin sayı birmi, beşmi..?
Külək güclənmişdi. Soyuq iliyinə işləyirdi. Addım atmağa taqəti qalmamışdı. Ağacların altında bir skamya gördü. Özünü güclə ona yetirdi. Üstünə qalaqlanmış qarı təmizləyəcək halı yoxdu. Oturdu.
Bağın ortasında uşaqların düzəltdiyi Qar adamla üz-üzə dayanmışdı. Nə qədər canlıdır, qaşı-gözü, ağzı, burnu da yerində... “Yoxsa mən... ölümümdən də xəbərim yox”- deyə acı-acı düşündü. Bir zamanlar o da belə Qar adamlar düzəldərdi...Öldürməyi öyrənməmişdən çox əvvəllər. Uşaqlıq illərində... saatlarla onun üzərində rəssam kimi işlərdi. Sonra donmuş əllərini ağzında üfürə-üfürə evə cumar... isti sobanın yanında pişik kimi çökərdi. Canı isinəndən sonra anasının bişirdiyi ləzzətli yeməkləri qaynar-qaynar ötürər..təzədən “iş başına” qayıdardı. Bu, onun həyatında insanlıq adına gördüyü yeganə təmiz işdi bəlkə də... Dediyi kimi, o hər zaman “təmiz” işləməyi sevərdi. Amma bu “təmiz”sözü ilə ən kirli işlərinin ustalıqla başa çatdırılmasına işarə edərdi. O “təmizliklə” həyatını parçaladığı, məhv etdiyi adamların sayını belə itirmişdi...Siyasət adına qalxdığı səhnədə oynamadığı rol, taxmadığı maska, etmədiyi pislik qalmamışdı. “Baş qoyduğu əqidə yolunda” ən yaxın adamlarını, dostlarını belə satmışdı...
“Mən nə məxluqmuşam...”-pıçıldadı öz-özünə. Şüuru aydınlandı... On beş il əvvəl uzaq səfərdə ikən...Bir qaranlıq gecə evində yanıb külə dönən ailəsini xatırladı. Kim törətmişdi o partlayışı, günahkar kim idi?.. Bundan betər pisliklər etdiyi adamlardan biri, təbii. Amma hansı, onların sayı-hesabı varmı? Bəlkə sifariş aldığı günün ertəsi “intihar”la aradan götürdüyü iş adamının yaxınları... Bəlkə məsələsini “maşın qəzasında” çürütdüyü rəisin adamları... Bəlkə məktəbli uşağını oğurladıb, bütün çirkli sənədlərini imzalatdırmaqla həbsə göndərdiyi bank sahibinin qohumları...“Günahkar axtarana bax! İllər boyu öz uşaqlarımın qatili olduğumu etiraf etməyə belə cəsarətim çatmadı. Mən bir miskin qatiləm. Nədən etdim bunları, nədən?”-deyə bağırdı. Ətrafda ölü sükut, onu eşidəcək kimsə yoxdu...Vahiməsi qan donduran o boşluq uçurumundan həmin andaca özünü atmaq istədi, amma gücü tükənmiş, əlləri, ayaqları tutulmuşdu... Skamyaya söykənib üzünü göyə tutdu. Uşaqlıqda evin damında uzanıb ulduzları saydığı kimi...
Səhər açılmışdı... Məktəb uşaqları bağın ortasındakı Qar adamı görüb yüyürdülər. Bura baxınnn!!! Birdən gözləri skamyada oturmuş ikinci Qar adama sataşdı. Yaxınlaşıb toxununca o, buz bağlamış kötük kimi yerə çırpıldı. “Aaaa, bu Qar adam deyil ki!..”-çığırıb kənara qaçdılar.